Qadın şalvarları

Müasir dövrdə əksər xanımların qarderobunda şalvara rast gəlmək mümkündür. Yəqin ki, bunun da əsas səbəbi şalvarın daha praktik olması, xanımların əksəriyyətinin bu geyimdə özlərini rahat hiss etməsidir. Bəs görəsən bir zamanlar yalnız kişilərin geyindiyi şalvar qadınların qarderobuna necə daxil olub?

Mövzu ilə bağlı bir sıra mənbələrə müraciət edəndə bəlli oldu ki, tarixdə ilk dəfə şalvarı şərq qadınları geyiniblər. Hətta belə deyirlər ki, 3 min il bundan əvvəl şalvarı Assur padşahının həyat yoldaşı Semiramida dəbə salıb. Şalvarların qadın qarderobuna tam şəkildə keçməsi isə XX əsrdə baş verib. Qadın şalvarları hələ qədim türk qadınlarının əsas geyimlərini təşkil edib. Bu da onların köçəri həyat tərzi keçirmələri ilə bağlı olub. Dünya tarixinə türk qadınları döyüşkən, cəsarətli qadınlar kimi daxil olub. Onlar daima at belində olduqlarına görə şalvar türk qadınlarının ən vacib geyimi sayılıb. Ancaq İslam dinində qadının şalvar geyinməsinin günah olub- olmaması bir qədər ziddiyyətlidir. Bəzi din xadimləri ümumiyyətlə qadının şalvar geyinməsinin böyük günah olduğunu deyirlər: “Qadının kişi, kişinin qadın libasında dolaşması ən böyük günahdır”. Digərləri isə şalvarın bədəni daha yaxşı örtdüyü üçün qadınların şalvar geyinməsinin fəzilət olduğunu düşünürlər. Ancaq türk qadınları hələ islamdan çox- çox əvvəllər şalvar geyinməyə başlayıblar. Ərəb ölkələrində isə hər bir şahzadənin qarderobunda mütləq bir-iki dəst ipək şalvar olub.

Nədənsə indiki dövrdə şalvar geyinən müsəlman qadınlarına qarşı olan mənfi fikirlər hələ də mövcuddur. Şalvarın Avropaya aid bir geyim tərzi olduğunu, müsəlman qadının şalvar geyinməsinin məqsədəuyğun olmadığını düşünənlərə maraqlı bir faktı xatırlatmaq istəyirəm. Avropada orta əsr xanımı şalvar geyinsəydi, onu tonqalda yandırardılar. Ona görə də qadınlar uzun donlarda gəzirdilər. Hətta qısa donlar altından belə şalvar geyinmək onların ağır cəzalandırılması ilə nəticələnə bilərdi. Onlar yalnız ballarda bu cür geyinə bilərdilər. İlk dəfə şalvar geyinməyə cəsarət edən avropalı qadın Janna Dark olmuşdu. Bu hərəkətinə görə kilsə onu cəzalandırmışdı. 1809- cu ilə qədər Fransada Napoleon “Qadınların şalvar geyinməsinə qarşı” qanun qoymuşdu. Artıq 1911-ci ildə Paris mağazalarında şarovarlara (türk şalvarları) və ətək- şalvarlara rast gəlmək olardı. Buna baxmayaraq 1931-ci ildə Paris meri aktirisa Marlen Ditrixi şalvar geyindiyi üçün şəhərdən qovdu. Çünki bu qadın küçələrdə şalvarda gəzirdi. Deməli, avropalı qadınların yalnız evdə şalvar geyinmək icazəsi var idi.

1851-ci ildə Londonda feminist Cenkins və onun tərəfdarları donlarını qısa kəsərək, altdan şalvar kimi geyinməyə başlayırlar. Onlar öz etirazlarını şalvar geyinməklə nümayiş etdirir, azadlıqlarını tələb edirdilər. Xanımlar müəyyən müddətdən sonra velosiped sürməyə, idmanla məşğul olmağa başladılar. Şalvar əhəmiyyətli bir geyimə çevrilməyə başladı. XIX əsrin 70- ci illərində Amerikada qadınlar artıq velosiped sürürdülər. Ancaq onlar ətək və ya donlarda velosiped sürməkdə çətinlik çəkirdilər. 20 ildən sonra yəni XIX əsrin 90- cı illərində jurnallarda velosiped sürən xanımlar üçün yeni şalvar modelləri dərc olundu. Bu modellərdə də ətək var idi, ancaq onu lazım olanda yığmaq üçün toqqa da nəzərdə tutulmuşdu. Bir müddət sonra Amerikada xanımlar üçün mavi cinslər dəbə düşməyə başladı. Cins şalvarlar qadın şalvarlarının qələbəsi oldu. Bu şalvarlar qadın və kişi hüquqlarının bərabərləşməsində mühüm rol oynayıb. Əvvəllər qadınlar üçün nəzərdə tutulan şalvarların bağlanma yeri böyürdən olub.

1990-cı illərin sonlarına doğru isə dar şalvarlar modası başlandı. Təxminən 2000-ci ildən qadın şalvarlarının “nabeddini”(bağlanma yeri normadan aşağı olan şalvarlar) deyilən forması dəbə mindi. Hal-hazırda qadın şalvarlarının müxtəlif modelləri geniş yayılıb. Ancaq xanımların nəzərinə çatdırmaq istəyirəm ki, mütəxəssislər həddindən artıq dar və düşük bel şalvarlar geyinməyi məsləhət görmürlər ( xüsusən də qızlara). İndi sizi cazibədar göstərən bu tip şalvarlar gələcəkdə səhhətiniz üçün çox ciddi problemlər yarada bilər. Həkimlər həddindən artıq dar şalvar geyinən xanımların ana olmaq ehtimalının az olduğunu, hətta doğuş zamanı təhlükə ilə qarşılaşmaq qorxusunun gözləndiyini bildirirlər. Ona görə də, əziz xanımlar, şalvar modeli seçərkən təkcə görünüşünüzün gözəl olmasını nəzərə almayın. Elə seçim edin ki, şalvar geyinməyinizin gələcəkdə fəsadlar vermək ehtimalı olmasın.

Mənbə: 525-ci qəzet
Müəllif: Günel MUSAYEVA

2 şərh

bahar

Yazınız çox yaxşıdı.


Şalvarlar qadınlar üçün ən rahat geyimlərdən biridi.Lakin danılmaz faktdır ki,ətəklər qadınları daha gözəl və daha cazibədar göstərir.Ən əsası isə qadının qadın incəliyini özünə qaytarır.

Goonigh

kulekde donun basina qalxmagindansa salvar yaxsidi :)


belediki her ikisi xanimlara cox gozel yarasir