Koko Şanel

Koko Şanel Samyur adlı kiçik əyalət şəhərində anadan olub. Anası gəzməyi sevən atasının axtarışına çıxanda yolda onu sancılar tutub və qızı yaxınlıqdakı monastrların birində doğmalı olub. Doğuşu qəbul edən monax qadın uşağa Qabriel adını verib. Avara ata peyda olub, qızına gözünün ucuyla baxıb və çıxıb gedib. Qabrielin anası bronxitdən öləndə qızın 12 yaşı vardı. Tək qalmış ata oğlanlarını qohumlarına verib Qabrieli iki bacısıyla Obazin monastrına göndərir. Atası yetimxanada olarkən bir dəfə də yanına gəlməmişdi.
Həmişə qaşqabaqlı, hirsli gəzən Qabriel dərslərində uğur qazanmadı.Burda tikməyi də öyrədirdilər, Qabriel hamıdan pis tikirdi. Gələcəyin dəb kraliçası üçün kökləmək, yamaq atmaq çox maraqsız gəlirdi. Amma monastrdan çıxan kimi o, hazır paltan dükanında dərzi işini asanlıqla tapa bildi. Yaxınlıqdakı kavaleriya qarnizonu olduğundan onun tezliklə xeyli pərəstişkarı əmələ gəlmişdi. Onu tez-tez şəhərdə yeganə kafeşantan \«Rotonda\»ya dəvət edirdilər. Bir dəfə növbəti müğənnidən sonra Şanel  zarafatla \«Belə mən də oxuyaram\» demişdi. Zabitlər bunu əla ideya sayıb ona səhnəyə çıxmağa imkan yaratdılar. Gözəgəlimli xanımın repertuarındə cəmi 2 mahnı vardı: «Ko Ko Ri Ko!\» və «Trokaderoda Kokonu kim görüb?». Fransızcadan tərcümədə «cücə» bildirən bu söz tezliklə onun adına, sonra isə məşhur firmanın embleminə çevrildi.
Ağ kameliya çiçəyi
İçib keflənmiş əsgərlər onu səhnəyə \«Koko!\» deyə çığırıb çağırırdılar. Amma dinləyicilər arasında aristokratlar da vardı. Parça sülaləsinin varisi olan Etyen Balsan Koko ilə maraqlandı. Eşitməyə bəndmiş kimi Koko utancaqlıq göstərmədən Paris ətrafındakı malikanəyə köçmək təklifini də qəbul elədi. Balsan atları və qadınları dünyada hər şeydən artıq sevirdi. Saxladığı qadınların sayı da atlarının sayından az deyildi. Amma Koko həm də onun dostu oldu, çünki at sürməyi çox sevərdi.
Koko şlyapa tikilişi ilə məşğul olmağı planlaşdıranda Balsan Qabrielə şəhərdəki subayçılıq elədiyi mənzilini verdi. Bu, Kokonun ilk emalatxanasıydı. Zövqü, ağlı və bacarığı yerində olan cavan qadın məşuqunun pullarını düzgün xərcləyə bildi. Əvvəl o, Mulendə kiçik şlyapa emalatxanası açdı. Öz rəfiqələriylə \«axmaq işlərdən çıxdığı\» mənzilini Kokoya emalatxana kimi verəndə Etyenin bütün məşuqələri Şanelin ilk alıcıları oldu. İndi Şanel artıq işgüzar qadındır. Keçmiş həyatından isə o, yalnız kurtizankaların simvolu sayılan kameliya gülünü saxladı. Ağ ipək kameliyə çiçəyinin sinədə gəzdirilməsi az keçməmiş dəbdəbəli aksessuara çevrildi.
Onlar birlikdə 3 il keçirəcək və Etyen Kokoya evlənməyən kişilərdən birincisi olacaq.
Yeganə sevgisi
Tezliklə Balsanın yerini \«Boy\» ləqəbli pleybol Artur Keypel tutdu. Onlar Ruayoda tanış olmuşdular. Buna ilk baxışdan sevgi də demək olardı. Artur Şanelin ən böyük və deyəsən yeganə sevgisi oldu. Artur Kokonun bütün ideyalarına maddi dəstək verirdi. Parisdə rü Kambon küçəsindəki məşhur salanundan sonra 3 il keçmiş Dovildə ilk filial, sonra məşhur kurort Biarritsdə əsil Moda Evi əmələ gəldi. Sonradan Koko ətraf evləri alıb qataraq Şanel adlı yüksək moda imperiyasını yarada bildi.
Qabriel bir neçə ilə bütün arzularına çatdı: o, varlı, məşhur və müstəqil idi. Amma onun sevgili Arturunun evlənmə məqamı gəlmişdi. Koko adlı modistka ona arvad olmağa yaramırdı. Koko onun öz dairəsindən olan qızla evlənməsini də bağışladı. Hətta sevgilisinin arvadına gəlinlik paltarını da özü tikdi. Amma Artur Koko ilə də ayrılmaq fikrində deyildi. Artur avtomobil qəzasına düşəndə o heç ağlaya da bilmədi. 3 saat yolu səssiz dəf edəndən sonra qəza yerində Koko maşının başına fırlanaraq əllərini ona sürtürdü. Sonra yerə çöküb arxası yola tərəf çöməlib bir neçə saat durmadan ağladı…
Sonra günlərlə, həftələr və aylarla villasından çıxmırdı ki, gözyaşlarını görən olmasın. Artur vəfat edəndən sonra Paris bogemasına qayıdan Koko tez-tez pianoçu rəfiqəsiylə görünəndə onun biseksuallığı barədə şaiyələr gəzməyə başladı. Arturun ölümündən sonra yaranmış vakant yeri 2-ci Aleksandrın nəvəsi və 2-ci Nikolayın kuzeni böyük knyaz Dmitri Romanov tutdu. Dmitrini Rasputinin ölümünə qəsddə günahkar bilib ölkədən sürgün eləmişdilər. Onlar Venesiyada tanış olmuşdular. Onun 26, Kokonun 37 yaşı vardı. Bütün rus emiqrantları kimi, Dmitri də imkansız idi. Milyonçu Şanel onu hamiliyə götürəndə bunu o qədər nəzakətlə elədi ki, Dmirti özünü təhqir edilmiş saymadı. Bir ildən sonra onlar sakitcə və dramsız aralandılar.
Koko Şanel (Coco Chanel)
Səhərlər barama, axşamlar kəpənək
Kişiləri Şanelin təbiiliyi, incəliyi, və həmişə super eleqant olması cəlb eləyirdi. Janna Dark stilində qırxılmış saç düzümü, səliqəli bədən quruluşu, al qırmızıya boyanmış dodaqlar, mujketyor əlcəkləri, bahalı corablar və əlbəttə ki, siqara. O öz cazibəsinin sirrlərini məmnuniyyətlə bölüşürdü: \«Səhərlər barama, axşamlar kəpənək kimi olun. Çünki barama qədər komfortlu, gecələr qanadlarını sevgiyə açan kəpənək qədər cəzedici bir şey yoxdur…\»
Şanel camaat arasına ilk dəfə şalvar geyib çıxmağa ürək eləyib. O, qadınların korsetini əynindən çıxardı. O, qadınlara qara rəngi bəxş elədi və onların saçını qısa kəsdirdi. Opera teatrına ilk dəfə saçı kəsik gələn gecə tamaşaçılar səhnəyə yox, ona baxırdı. Amma sabahı gün şəhərdə qısa saçlı və Şanel kimi saçına gül taxmış qadınlar əmələ gəlməyə başladı.
Həyatı çoxlu əfsanələrlə bəzənmiş Qabriel tənhalığı, təmiz havanı, rahat idman geyimini, itləri və balıqçılığı sevirdi. Avaralanmağı və gərgin işi eyni dərəcədə sevərdi. Koko nazlı olduğu qədər də sözü üzə deyən və kəskin də ola bilirdi. Adətən qayçısını boynunda gəzdirərdi. Bir dəfə Jivanşinin kostyumlarından birini öz manekenlərinin əynində görəndə yaxınlaşıb boynunda gəzdirdiyi qayçı ilə paltarı parçalamışdı. Sonra hərəkətindən razı qalıb \«indi kostyum daha yaxşı görünür\» demişdi. Arabir söyüş söyməyi də vardı.
Koko hersoqinya olmaq istəmədi
45 yaşını adlayandan sonra Koko İngiltərənin ən nüfuzlu və varlı adamı, Vestminster hersoqunun ağlını başından ala bildi. Vurulmuş hersoq həqiqətən də şahlara layiq hədiyyələr eləyirdi: İngiltərə kraliçasında belə olmayan qiymətli zinət əşyaları, Londonda böyük malikanə. Üstəlik, birgə yaşamaqçün o, İton Pleysdə Koko üçün saray kirayələmişdi. Yüzlərlə bağbanlar il boyu Mademuazelin otağını qızılgüllər və orxideyalarla bəzəməli idilər. Bir dəfə isə hersoq zərvərəq iplərdən hörülmüş xalçanı Kokonun ayaqları altına sərmişdi. Bütün Avropanın qeybət elədiyi bu roman bir neçə il sürdü. Amma Koko hersoqinya olmaq istəmədi: \«Hersoqinyalar çoxdur, amma Koko Şanel bir dənədir\». Səbəbi isə çox sadə idi: onun uşağı olmayacaqdı. 3 il nağıldakı kimi yaşayandan sonra hersoq və Koko Şanel artıq neçənci dəfə tənha qaldı…
Şanel kəşfiyyatçı kimi
Onun kubar intriqaları, sevgi macəralarıyla bol olan həyatında elə məqamlar var ki, detektiv yazıçılarıyçün də maraqlı ola bilər. Koko alman baronu Hans Qünter fon Dinklaqeyə vurulanda 56 yaşı vardı. Heç kimin ağlına da gəlmirdi ki, göyçək və bir qədər yüngülbeyin Hans vermaxtın palkovniki və kəşfiyyatçı idi. O, Şellenberqin gizli polisinə işləyirdi. Ola bilərdi ki, \«Kutür cücəsi\»nin geniş tanışları onu Kokonun özündən daha çox cəlb eləyirdi. Onlar hər gün rü Kambondakı dükanda görüşürdülər. Onlar yalnız ingiliscə danışır və adam arasına çıxmağı sevməzdilər. Dedektiv filmlərindəki kimi olan münasibətlərində Şpats onu inandırır ki, ingilislərlə separat danışıqlara getmək lazımdı. Almanlar Kokonun tanışı və dostu Çörçelldən istifadə eləmək fikrindəydilər. Çörçellə görüş alınmadı. Amma Şanel \«Modellhut\» (Dəbli şlyapa) adlanan bu əməliyyatının ikinci raunduna qol qoyur. 1944-cü ilin ərəfəsində o, Berlinə Şellenberqi görməyə gedir… Fransa azad olandan sonra müttəfiqlər rü Kambon küçəsindəki dükanda bir flakon \"Şanel №5\" almaq üçün növbədə itələşəndə Kokonun yaşadığı \«Rits\» otelinə əli silahlı adamlar gəlib Mademuazeli həbs elədilər. Fon Dinqlaqla münasibətləri barədə dindiriləndə o \«Mənim yaşda qadının özündən 15 yaş kiçik məşuqu əmələ gəlirsə, mən onun hansı millətdən olduğunu soruşmuram\» demişdi. Onlar kutürye ilə yumşaq davranıb türmə, ya da könüllü emiqrasiyadan birini seçməyi təklif edirlər. Bəziləri hesab edir ki, Koko ilə ona görə yumşaq davranırlar ki, ingilis baş naziri bu işə qarışmışdı. Çörçel Kokonun məhkəmə qarşısında danışmasını istəmirdi, axı onun çox şeylərdən xəbəri vardı. Ona görə də Koko sevimli Şpatsı qoltuğuna vurub İsveçrəyə getdi. Deyirlər ki, Mademuazel arabir məşuqunu kötəkləyirmiş də. Məşuqunu saxladığı bəs deyilmiş kimi Şellenberq də onu rahat qoymurdu. 6 il həbsdə yatandan sonra o, İsveçrəyə köçüb \«dəbli şlyapa\» adı altında keçmiş əməliyyatın xırdalıqlarını açıqlamaq hədəsiylə Kokonu şantaj eləyirdi. Onun susmasıyçün pul vermək lazım gəlirdi.
\Moda dəbdən düşən bir şeydir"
Şanelin sürgününü şərti saymaq da olardı. Çünki o, yuksək vəzifəlilərin hamiliyindən istifadə edərək arabir Parisə gəlir və dəbin yenilikləriylə tanış olurdu. Bir dəfə o, Kristian Diordan alınmış paltarı geyib güclə nəfəs alaraq bir qadının küçədə yeriməsini görəndən sonra o demişdi: \«Bir baxın, kişinin yaratdığı paltarı geyən qadınlar necə gülünc görünür. Axı onun ömründə bir qadını da olmayıb. O özü də məmnuniyyətlə qadın olardı!\».
«Mən nəyi geyirəmsə, bu də dəbdədir»
Hazırda təbii və adi saydığımız geyimlərin əksəriyyəti dəbin inqilabçısı Şanelin kəşfidir. Şanelə qədər trikotaj parça yalnız alt paltarına yarayırdı. Onun dəbə saldığı əşyalar — kiçik qara paltar, tviddən, ya da cersidən tikilmiş kostyum, bijuteriya, xüsusilə də qadının yaşını örtə bilən mirvari, qısa saç düzümü, gündə qaralmış dəri və əvsanəvi 5 nömrəli Şanel ətri — bütün bunlar üçüncü minillikdə də aktual olaraq qalır. Şanelə qədər qadınlar kilometrlərlə parça və krujevanın altında qalmışdı. Əl-ayağa dolaşan böyük yubkalar, yer süpürən şleflər, daha çox torta bənzəyən iri şlyapalar hamını bezdirmişdi. Bunlar Şanelin özünə heç yaraşmırdı. Şanel qadınlara yeni, gözlənilməz geyimlər təklif elədi. Kişi qarderobundan götürülmüş böyük yaxalıqlı matroska, Jokey manerasında olan gödəkcə. Bu, inqilab idi. Az keçmiş qəzetlər yazırdı: \«Qarderobunda Şaneldən olan heç olmasa bir geyimi olmayan qadın dəbdən çox geri qalıb\». Qadınlar Şanelin təklif elədiyi fəlsəfəni heyranlıqla qəbul elədi: Əla görünməkçün cavan və gözəl olmaq vacib deyil. Ona görə də Şanelin dəbi heç vaxt qocalmır.
1926-cı ildə \«Vogue\» amerika jurnalı universallıq və populyarlığına görə \«balaca qara paltarı\» \«Ford\» avtomobilinə tay bilmişdi. Yarıdairəvi sadə yaxalıq, uzun dar qollar və dizin ortasına qədər (Koko dizləri qadın bədəninin ən kifir hissəsi sayırdı, ona görə də örtməyə çalışırdı) olan düyməsiz, qırçınsız paltar bir vaxtlar Paris dükanlarında satıcı qızların uniformasına bənzəyirdi. Bu paltar barədə söz-söhbət çox olub. Guya vəfat eləmiş sevgilisinə görə matəm geyməyə haqqı çatmadığından Koko bütün qadınları qara rəngə boyamaq fikrindəymiş. Ola bilər… Amma uzun illərdir ki, dünyanın qadınları Dahi Mademuazelin dərdinə şərik çıxmağa hazırdır.
Qadın kimi qoxuyan ətir
Şanel öz 40 ililk yubileyini \"Şanel №5\" ətrini buraxmaqla qeyd elədi. O vaxtlar heç bir modalar evinin öz ətri yoxuydu. Onun sifarişiylə pafümer Ernest Bo iki seriya ətirlər hazırlayır. Koko onların içindən 5 saylı nümunəni seçir. Şanelə qədər ətirlər mürəkkəb qoxulardan ibarət olmurdu və ətirləri qarışdırmaq ədəbsizlik sayılırdı. Şanel bir neçə çiçəyin ətrini birləşdirən ətir təklif eləməklə novator oldu. “Şanel №5” ətirində 80 inqredient iştirak eləyib. Ətrin adını qoymağa gələndə Koko Şanel belə demişdi: \«Mən kolleksiyamı beşinci ayın, beşinci günü təqdim edəcəm. Ona görə də ətirə də həmən sıra sayını vermək lazımdı. Bu beşinci rəqəm mənə uğur gətirəcək\».
Şanel yanılmamışdı…
O vaxtlar rəngli, ya tutqun şüşələrdə, yaxud naxışlı büllur qablarda flakonlar işlədilirdi. Şanel bu ətir üçün şəffaf büllur paralilepiped kimi qab sifariş verir. Ağ etiketdə qara hərflərlə “Çhanel” yazılmış sadə flakon cəmiyyətdə gurultu qopartdı. Bu qab 20-ci əsrin ilk klassik nümunəsi kimi hazırda Nyu-Yorkun Müasir Sənətlər Muzeyində saxlanılır. 1971-ci ilə qədər bu ətir Şanelə15 milyon dollar gəlir gətirdi.
"Çox bahalı geyim qocaldır"
Modaya qayıdanda Şanelin 71 yaşı vardı və onu heç kim tanımırdı. Parisə qayıdan kimi Şanel yeni kolleksiyasının üzərində işləməyə başlayır. İlk təqdimat tam uğursuz oldu. Bəlkə də Paris faşistlərlə ünsiyyətini ona hələ də bağışlamamışdı. Keçmiş şöhrətini qaytarmağa cəmi 3 il lazım gəldi. Koko yenə məşhurluğun zirvəsində və yenə də tək idi. Səhərlər əlində iynə-sap modellərin qarşısında diz üstə, axşamlar podiumda çar kimi o daha 18 il keçirəcəkdi.
Həyatdan eleqant gediş
Qabriel Koko Şanel 88 yaşında dünyasını dəyişəndən bəri onun fəth elədiyi zirvə hələ də boş qalır. Sonuncu kolleksiyasını 87 yaşında ortaya çıxarmışdı. Kambon küçəsindəki dükan hələ də yerindədir.
\«Time\» jurnalının hesablamasına görə, Şanelin vəfatı zamanında onun imperiyası 160 min dollar gəlir gətirirdi. Ölümündən sonra Şanelin şkafındə cəmi üç kostyum tapıldı. Amma özünün dediyi kimi, çox dəbli kostyumlar.


Müəllif: Gülnarə RƏFİQ [email protected]
Moda dahisi-Koko Şanel
Pyer Karden
 

0 şərh