Armani vs Versace

Armani modelyerlərin kralı sayılırdı, əbəs deyil ki, nüfuzlu jurnal “Time” 1982-ci ildə Armaninin portretini üz qabığında yerləşdirmiş və belə bir sərlövhə dərc etmişdi: “Dahiyanə Corco Stili”.
Xeyli keçmiş Armaninin rəqibi meydana çıxdı və bu rəqabət Armaninin dincliyini əlindən aldı. Olimpi onunla bölüşən rəqibi kasıb zövqlü, özündən tez çıxan və işinin xatirinə hər şeyi məhv etməyə hazır insan idi. Dünya haqsızlıq üzərində qurulub. Armanini şöhrətə aparan yol asan olmayıb, rəqibi isə bu zirvəyə çox tez və rahatlıqla çatıb.

Varlı ailədən deyil: atası yerli faşist administrasiyasındı işləyirdi, qazancı az idi, anası isə evdar qadın idi. Üç uşağının paltarlarını özü tikir və hər zaman yarıhərbi üsluba üstünlük verirdi: tikdiyi gödəkcələr, xoşagələn kiçik kəmərlər xaki rəngdə olurdu - bəlkə Armanidə hərbçiliyə meyli elə buradan qaynaqlanır?
Müharibədən sonrakı illərdə dəbdəbə barədə az adam düşünərdi. Bombardmanlar və döyüşlər ölkəni viran qoymuşdu, qadınlar köhnə paltarların formasını dəyişib geyinirdi. Onların ailəsi də çətinliklərlə üzləşdi: hökumət atasının Mussoliniyə xidmət göstərdiyindən xəbər tutdu və Uqo Armani həbs olundu. Hər şənbə günü Armani, anası, böyük qardaşı və bacısı ona baş çəkməyə gedirdi. Atasının dəmir barmaqlıqlar arasından onlara sarı uzanan əlləri əbədi olaraq Armaninin yaddaşına həkk oldu.
Xeyli sonra atası həbsdən azad olundu və ailə Milana, onlar üçün yad və böyük şəhərə darısqal evə köçdü. Armaninin tibb institutuna daxil oldu. Lakin anatomik teatrda meyitləri görəndə az qala huşunu itirdi. Orduda xidmət etdi, tərxis olunandan sonra iş tapmadı. Həkim işləmək istəmirdi.
Corco Armani müstəqil şəkildə rəssamlıq öyrəndi, amma modelyer olacağı ağlına da gəlməzdi; anası paltar tikəndə Armani iynəni əlinə almazdı.

Rəqibi Covanni Versaçe isə modaya Armanidən xeyli sonra gəldi. Artıq 70-ci illərdə Parisdə “italiyalı modellyer” sözünə istehza etmirdilər. Versaçenin atası kömür alverçisi idi, yaxşı qazancı vardı. Onların ailəsi ehtiyac nə olduğunu bilmirdi: ailənin bankda mükəmməl hesabı, şəhər kənarında böyük malikanəsi, özəl məktəbi vardı - bir sözlə, bu adam anadan xoşbəxt doğulmuşdu. Versaçenin anasının Roco-di-Kalabriyada iki kiçik butiki (butik - dəbdə olan əşyalar satılan mağaza - red.) vardı, balaca Versaçe daim anasının həndəvərində dolaşırdı - tikməyi Versaçe uşaqlıqdan bacarırdı. Məktəbdə pis oxuyan şagirdlərdən idi, universitetə barədə heç düşünmürdü, yerölçən olmağa cəhd etdi, amma burada da uğur qazana bilmədi.

Versaçe bayer oldu: anasının butikləri üçün lazım olan şeyləri aldıqca Versaçe öz əlaqələrini də genişləndirirdi. Nəhayət, modelyer olmağı qərara aldıqdan sonra Versaçe Milana gəldi. Burada o, kimlərə müraciət edəcəyini bilirdi. Armani isə əvvəlcə “La Rinoscente” ticarət evinin mətbuat mərkəzində işə düzəldi. O, reklam stendləri tərtib edir, mətbuatla, fotoqraflarla işləyir, əlaqələr yaradırdı, sonda bu insanlar onun duyumuna və zövqünə inandı.

Corco Armanini klassik kostyum cəngavəri hesab edirdilər, bu əbəs deyildi. Armani bu dəbi məhv etməyə çalışmayıb, onun məqsədi tədrici inkişaf olub. Yenidən dirçəlməsi, canlanması üçün klassikliyin dəyişilməsi lazımdır. Armani kişi kostyumlarını cəngavərlərin polad geyiminə bənzədən elementlərdən azad etdi. Bu elementlərə qoyma çiyinliklər, içi pambıqla, yaxud at tükü ilə doldurulmuş yaxalıqlar aiddir. Onun fikrincə, belə elemetntlər istənilən kişini bütə oxşadır!
Geyimin parçası axmalıdır, sərbəst sallanmalıdır - bu həm parad, həm də ofisə geymək üçün yararlı olan yüngül, gündəlik paltarlara aiddir. Yüngül kaşemir sviterlər kimi onları da rahat şəklə salmaq vacibdir. Belə olduqda kostyum parçası zərif görünür, biçimi də dəyişir. Armani parçalar üzərində eksperimentlər aparır, fasonlarıı dəyişirdi. Onun modelləri, ilk növbədə azad sənət adamları - rəssamlar, artistlər jurnalistlərin, daha sonra geniş ictimaiyyətin diqqətini cəlb etdi. Bu işdə əlbəttə ki, qızğın məqalələr də öz rolunu oynadı.
Cəmi bir neçə tutqun çalar, boz və palıdı rənglərin əlavə tonlarından istifadə etməklə Armani bənzərsiz yenilik yaratdı. Jurnalistlər ona təriflər yağdırırdı. Armaninin adı Fransa, İngiltərə, daha sonra Birləşmiş Ştatlarda dolaşdı. Əvvəllər mayka və futbolkalar və formasız pencəkləri bəyənən Hollivud ulduzları indi Armaninin modellərinə üstünlük verirdi.

Xeyli keçmiş Versaçe də rəqabətə qoşuldu və bundan sonra hər şey başqa məcraya düşdü. Versaçe nəinki fərqli moda yaratdı, o, Armaninin modellərini tamamilə alt-üst etdi. Bundan başqa, Versaçe elə yaramaz toxluqda yaşayırdı ki, ona baxanda Armani özünü kələm və noxud həlimindən ibarət pəhriz saxlayan tərki-dünya bir rahib sanırdı. Qadın geyimləri məhz Armaninin modellərində zəriflik və ahəngdarlıq kəsb etdi. Armani modası xanımlara kraliça görkəmi verirdi, bu modellər gündəlik, yaxud iş yerinə geyinmək üçün də əlverişli idi.

Canni Versaçe isə uyğun gələn, yaxud gəlməyən rəng tonlarını birləşdirir və heç bir ölçüyə sığmayan rəng çalarlarını modellərinə qatırdı. Bununla belə həmin paltarı Liz Herli “Oskar” mükafatı alarkən təntənəli mərasimə geyindi. Və nəhayət, çəhrayı, qırmızı, mavi və müxtəlif rəngdə kişi kostyumları şöhrətin zövqsüzlük təntənəsinə çevrildi - Versaçenin dostu, musiqiçi Elton Con onlarca belə kostyum alırdı. Adamlar arasında belə fikirlər də dolaşırdı: Elton Con evində güzgü saxlamır ki, özünə baxanda depressiyaya düşməsin.
Versaçenin fanatları arasında layiqli adamlar da az deyildi. Şahzadə Diana onun modellərinin pərəstişkarı idi. Corco Versaçe ilə Armani arasında Hollivud ulduzları uğrunda əsl müharibə gediridi.; Versaçe ondan Liz Herli, Sindi Krouford, Silvestr Stallone, Ceyn Fondanı aldı. Armani Kevin Kostner, Codi Foster, Anjelika Hyüston və Tom Henkslə qaldı. Üstəlik, Erik Kleptonu da Cannidən alıb öz tərəfinə çəkdi. Hollivudda hər görüş, hər şou onların qarşıdurması, bir-birini inkar edən iki üslubun mübarizəsinə çevrilirdi.

Armani düşünürdü ki, Versaçenin modellərinin əsasını şəhərdə küçələri dolaşan ləyaqətsiz qadınların paltarları təşkil edir. Çılpaq bədənlər və gen yubkalar, dərin dekoltelər - bütün bunlar nəzəri cəlb etməyi, seksuallığı gücləndirməyi nəzərdə tutan elementlər idi. Nə deməli, bəzən “Versaçe” yubkaları o qədər qısa olurdu ki, zalda oturan tamaşaçı maneken qızların alt paltarları müşahidə edə bilirdi. Hətta bir dəfə fotoqraf Klaudio Şifferi belə vəziyyətdə çəkmişdi. Naomi Kempbellin isə yubkasının altından heç nə geymədiyi məlum olmuşdu. Əlbəttə zal belələrini alqışlayacaq…
İkisi də qeyri-adi həyat sürürdü. Uşaqlıqda Armani qəşəng bir məktəbli qıza vurulmuşdu, amma bu vurğunluğun ömrü qısa oldu: velosiped sürən qız hərbi maşınla toqquşdu. Bu hadisə Armaninin həyatında ən dəhşətli xatirəyə çevrildi. Daha sonra Milanda tibbi təhsil alarkən Barbi gəlinciyinə oxşayan sarışın bir qızla dostlaşdı. İllər keçsə də dostları Armaninin o qıza necə göstərişlər verdiyini xatırlayır: “Saçını dara”, “Yubkanı düzəlt"…
Yəni Armani elə o vaxtlar da perfeksionist (hər şeydə ideallıq, mükəmməllik axtaran - red.) idi və həmin qıza münasibətdə də buna önəm verirdi. Daha sonra Serco ilə dostlaşdı. Sonda ayrılsalar da onlar birgə işləyirdilər. Qaleotti QİÇS-dən dünyasını dəyişəndə Armani dərddən az qala dəli olacaqdı. Armani indiyədək Serconun şəklinj yazı stolunda saxlayır, könlündəki bu yara hələ də sağalmırdı. Armani şəxsi hisslərini başqalarına bildirmirdi, ictimaiyyət bunu ancaq duya bilərdi.

Canni Versaçe isə tamam başqa adam idi. Bu adamın mehriban ailəsi vardı, belə ailələr İtaliyanın cənubunda yaşayanlara xas olur. Ata - ailənin patriarxı idi, Canni - yaradıcı, böyük qardaşı Santo - firmanın işlərini idarə edir, sevimli bacısı Donatella şirkətin reklam işləri ilə məşğul olur, şəxsi kolleksiyalarını yaradırdı. Hamısını birləşdirən nəslin mələyi, anasının xatirəsi idi. Milad bayramlarında ailə bir yerə cəm olur, bir-birini başa düşürdü.

Hər şey çox gözəl idi, amma gözlənilmədən Donatella qardaşının çoxdankı sevgilisi Pol Beki əlindən aldı. Onlar evləndilər, Donatellanın övladları dünyaya göz açdı. Artıq ailə Milad bayramını yeni tərkibdə qeyd edirdi. Bu mövzuda çox söz-söhbət yayılsa da, Canni hər şeyi olduğu kimi qəbul edir, Donatella ilə Polun qızı Alleqranı öz balası kimi sevirdi. Hətta deyilənlərə görə, bütün varidatını onun adına vəsiyyət etmişdi.
Armani ehtiyatlı adam idi, xoşagəlməz hadisələrdən qaçırdı. Bir ideya onu özündən çıxartdı: Versaçe ailəsi Milad bayramını qeyd edir, Versaçe yolkaya yaxın oturub, onun şərəfinə tostlar söylənir, keçmiş xatirələri yada salır, uşaqların başını tumarlayır - yaxşı, bəs görəsən bu ailə başqa nə barədə düşünür?

Corco Armani ev almağı xoşlayırdı, bu onun zəif cəhəti idi. Via Borqonuovo -21-də ev, Via Borqonuovo - 11-də - “Orsini” sarayı, Nyu-Yorkda, Parisdə - imarətləri, Pyaçensidə - “Rivarva” villası ona məxsus idi. Bununla belə, Armani bu kolleksiyaları ilə kifayətlənmək niyyətində deyildi və bu kolleksiyasındakı yeniliklərin hamısı onun zövqüncə yaradılmışdı. Yalnız bir neçə otağı keçmiş sahiblərinə ehtiram əlaməti olaraq olduğu kimi saxlamışdı.

Bütün qəzetlər və TV kanalları xəbər yaydı: Versaçe - 5-ci avenyuda moda mağazası açacaq, mağazanın açılışına 750 adam dəvət olunub, royal arxasında Elton Con və Bon Covi olacaq. “New York Times” qəzeti “Cah-cəlal knyazı - Lorenso de Versaçe” məqaləsini ona həsr etdi. Məqalə Versaçeni Lorenso Mediçi ilə müqayisə edirdi.
Həmişəki kimi Versaçe yanında cangüdən saxlamırdı. Odur ki Mayami-Biçdə baş verən hadisə barədə eşidəndə Armani təəccüblənmədi.

1997-ci ilin 15 iyul günündə Versaçe Mayami-Biçdəki “Kaza-Kazuarina” villasından çıxır, qəzet almaq üçün yaxınlıqda yerləşən kafeyə yanaşır. Armani ağlına sığışdıra bilmirdi: “çıxıb!” “təkcə!” “qəzet almaq üçün!”. Həmin vaxt dostu d’Amiko və onların ümumi tennis məşqçisi də kafenin yeməkxanasında kofe içirmiş. Qəfildən eşidilən güllə səslərinə bayıra atılan dostlar Versaçeni qan içində pillələrin üzərində yıxılıb- qalmış vəziyyətdə tapırlar. Bir az aralıda bir nəfər dostların nəzərini cəlb edir. Məşqçi cəld onun üstünə atılır, amma həmin adam əlindəki tapança ilə onu hədəlyib sakitcə maşınına tərəf gedir. Az bir zaman ərzində qatilin şəxsiyyəti müəyyənləşir: bu, silsilə qətllər törətməkdə məşhur olan 27 - yaşlı Endrü Fillip Kyunenen idi.
Kyunenen Mayami-Biçə Minneapolisdən gəlmişdi. Orada o, iki sevgilisini öldürdükdən sonra birinin maşınına minib Çikaqoya gəlib və burada 75 - yaşlı milyonçu Li Miqlini qətlə yetirmişdi. Nəhayət, bundan sonra Liqlinin “Leksus"una minib Nyu-Cersiyə yollanmışdı. Burada Kyunenen qəbiristanlıq gözətçisi Uilyam Rizi öldürmüşdü. Növbəti qurban Versaçe olmalıydı: Kyunenen tarixə düşmək istəyirdi. Versaçenin dəfninin ertəsi günü Mayami-Biçdə lövbər salmış gəminin kayutunda Kyunenen özünə qəsd etdi. Əvvəlcə qatil sanki qeybə çəkildi, amma Federal Axtarış Bürosü qarış-qarış arayaraq, qatilin izinə düşdü.

Asta addımlarla keçmiş rəqibinin tabutuna yaxınlaşan Armani düşünürdü ki, bu hadisə nə vaxtsa baş verməliydi. Versaçeni tale məhv etdi - belə hadisə taleyinə meydan oxuyan hər kəsin başına gələ bilər.
Corco Armani çox kitab oxumamışdı, amma qədim yunanların alın yazısı barədə dedikləri yadında idi - böyük müvəffəqiyyətlər böyük bəlalara aparır, daim qalib gəlmək və öz uğurlarını nümayiş etdirmək olmaz. Əgər başqa cür yaşaya bilmirsənsə, cangüdən saxla, küçəyə tək çıxma. İnsanlarla münasibətdə sərhəd saxla. Xoşbəxt olduğunu yaxşı düşünülmüş maska arxasında gizlət…
Armani yeriyir, özündən asılı olmayaraq addımlarını yavaşıdır, düşünürdü ki, aralarındakı rəqabət onun həyatındakı boşluğu doldururdu; bəzən özündən çıxan vaxtlar da olurdu, amma bunun özündə də bir gözəllik vardı. O, rəqibinə üstün gəlmək üçün onun qalib gələ bilməyəcəyi bir şey tapmaq istəyirdi. Bəs indi kim onu narahat edəcək?
Sabah səhər yenə saat 6-da yuxudan oyanacaq, axşamdan keçənə qədər ofisdə olacaq, sonra televizora baxmaq və yatmaq üçün evinə qayıdacaq - yenə, sonra yenə, ildən ilə belə davam edəcək - onun üçün işıq sönənə qədər. Hər kəs cəhənnəmi özü yaradır. Endrü Fillip Kyunenen Armanidəki son güclü hissi məhv etdi, bu onu dünyaya bağlayan yeganə hiss idi. İndi onun nifrət etməli adamı yox idi, demək, yaşamağa dəyməzdi.

Tabutun yanında dayanan keşiş Corco Armaninin gözlərində işartıyan yaşları sezdi və özlüyündə düşündü ki, bu iki modelyer arasında ədavət olduğu barədə car çəkənlər, həmişə olduğu kimi, hər şeyi şişirdirmişlər.

5 şərh

Aysel218
MARAQLİDİ TESEKKURLER
Bakinets
Əvvəl yazını oxuyun,sonra deyin ki maraqlıdır ya yox.4 dəqiqəyə o boyda yazını necə oxuduz?
Xrizoberil
))) oxuya bilməz ki, 4 dəqiqəyə?
Aysel218
siz ne bilirsiz men o yazini oxumadim? versaceye qeder oxudum ve tez serh yazdimki ilk serh mennen olsun))) bu insanlar haqqinda az coxx melumatim var idi- maraqsiz olmaya bilmez--
ama menim yazilarima serh yazan yoxdu(((
Tunzale93
ABŞ prezidentlərindən biri olan Con Kennedi 20 dəqiqəyə 4 qəzet oxuya bilirdi.