Antik dünyada kişi və qadının statusu - Ellinizm dövründə qadın emansipasiyası

Qədim Yunanıstanda qadınların vəziyyəti bütölüklə yunan tarixinin müxtəlif mərhələləri ilə bağlıdır. Yunan tarixini beş pərdəli dram ilə müqayisə etmək olar. Birinci pərdə – egey mədəniyyətidir, bu, b.e qədər III-II minilliyi əhatə edir. İkinci akt – yunan şəhər dövlətlərinin Afinanın və Spartanın ümumi yüksəlişi ilə əlamətdar olmuş və b.e.-a qədər 480-ci ilə kimi davam etmişdir. Üçüncü pərdə – qızıl (Perikl) dövrüdür. Dördüncü pərdə azadlığın itirilməsi, tənəzzül dövrü idi. (e.ə. 399-322-ci illər) Axırıncı – beşinci pərdə – Böyük İsgəndərin ölümündən sonra ellinizm dövri idi. Bu – möhtəşəm «xarici» çiçəklənmə dövri idi, bu dövrün təsiri bütün dünyaya idi. Böyük İsgəndərin qələbəlik yürüşlərinin əsl nəticəsi və buradan başlayan «ellin baharı» bütün dünya tarixində tufan qoparmışdı, bu tufan bütün köhnəliyi, öz dövrünü keçirmiş hər nə vardısa, hamısını süpürüb atdı və müxtəlif qitələrdə yaşayan xalqları, mədəniyyətləri birbirinə bağladı. Bunun müqabilində fikirlərin, dinlərin bütün sahələrində yeni baxışlar özünə yol tapdı; bu həm də qadının ictimai vəziyyətinə də təsir etdi.
Xalqların əhəmiyyətli assimilyasiyası çoxlu qarışıq nigahların yaranması ilə müşahidə edilirdi. Bunu Ulrix Vilken özünün «Papirologiyanın müntəxəbatı əsərində də yaxşı göstərmişdir. Onun tədqiq etdiyi papirusların birində Makedoniyalı Mahatas və onun arvadı Aziya barədə bəhs edilir. Onlar, b.e əvvəl 250-ci illərdə Fayumda müasir Nahirədən cənubda yaşamışdılar. Ər yunan allahlarına sadiq qalsa da o, öz arvadına bundan sonra da Suriya ilahəsi Kibelaya sitayiş etməyə icazə verirdi. Onların uşaqları kompromisə getməyə meylli idilər. Onlar həm Zevsə, həm də Kibeloya dua edirdilər. Digər papirusdan belə aydın olurdu ki, makedoniyalılar öz yunan olmayan arvadlarına yunan olmayan allahlara dua etməyə icazə verməkdən əlavə bəzən, özləri də onlarla bərabər dua edirdilər.
Ellinizmin coğrafi həddləri genişləndirdi, eyni zamanda insan təxəyyülü də genişlənmişdi. Həyat haqqında yeni humanist görüşlər əmələ gəlməyə başladı.Böyük Makedoniyalı İsgəndərin müasiri yunan dramaturqu Menandr (b.e. qədər 342-291-ci illər ətrafında) ellinistik humanizmi prinsipini etik monoteizm ruhunda ifadə etmişdir: «Allah hamı üçün birdir, azad insanlar üçün də, qullar üçün də».
Digər yerdə demişdir: «heç bir insan mənim üçün özgə deyildir, belə ki, anadan gəlmə bütün insanlar bərabərdir». Başqa bir çox məşhur ifadə də Menandra aiddir: «insan insan olanda, o necə də gözəl məxluqdur». İnsan təbiəti, insanın sivil mahiyyəti «homohumanus» (latıncadan tərcüməsi «insani insan» – dır) idealının əsasındadır. Menandr bu anlayış, bərabər hüquqla həm qadınları, həm də qulları daxil etmişdir. İnsan davranışı, ehtirasları və bədbəxtliyinin kəskin müşahidəçisi olmaqla, dramaturq, iltifatla insanın zəifliyini tənqid edir, qadınlara münasibətdə dərin anlamanı üzə çıxarır.
Menandrın müasiri Kitionlu Zenon (b.e. qədər 336-264-cü illər ətrafında) stoiklərin elmi baxışlarına uyğun olaraq göstərir ki, insanın etik həyatı təbiətin və idrakın bütün ümumi qanunlarına tabedir; bu qadın və ya kişidirsə, azad və ya quldursa, yunan və ya barbardırsa – bütün bu adamların mənəvi bərabərliyindən danışmağa imkan verir. Həqiqət, stoiklərə görə, mühakimənin xüsusiyətidir, o, insan biliyinin gərçekliyə uyğunluğu deməkdir. Bu həqiqət bütün adamların bərabərliyini təsdiq edir.
Qadının vəziyyətinin dəyişməsi nigaha yeni münasibəti yaratdı. Makedoniyalı İsgəndərin tərbiyəçisi Aristotel (b.e. qədər 384-322-ci illər) etik normaların dürüst ifadəsini verərkən, qadına və nigaha baxışın dəyişməsini vacib hesab etmişdir. Ngiah yalnız nəsil artırılması deyil, ümumi məsələlərin icrası üçün iki nəfərin ittifaqı deməkdir. Onların vəzifələri bölünmüşdür, hərəsinin öz işi vardır, hər ikisi biri-birinə kömək edir, bu zaman hər tərəf bütövün yaranması üçün özünün bacardığını verir, hər iki tərəf bu ittifaqdan mənfəət və həzz alır. Nigahın mənəvi əsası vardır. Əgər hər iki tərəf, ər və arvad, mənəvi cəhətdən təmizdirlərsə, onların mahiyyəti nə qədər müxtəlif olarsa da, hər ikisinin öz yaxşı cəhəti olur.
Aristotel hesab edirdi ki, mənəviyyatın təmiz olması üçün insan mütləq allahlara ehtiramla yanaşmalı, valideynlərə hörmət etməli, dostluqda və nigahda sədaqətli olmalıdır.
Ondan sonra yaşayıb yaradan filosof və yazıçı Plutarx (e.ə.46-120-ci illər) evlənəndən sonra kənarda adamı olduğuna görə nigahdan imtina edən və yaxud da nigahda olaraq «sevmək, sevilmək üçün ciddi düşünməyən» kişiləri ittiham edirdi. Nigahda biri-birinə qarşılıqlı meyl olmalıdır. Bunun əhəmiyyəti böyükdür. Plutarx belə nəticəyə gəlmişdir: «Nigahda sevgi, sevimli olmaqdan daha böyük səadətdir».
Sofist Pikostrat nigah barədə yeni anlayışı belə səciyyələndirir: «Kişi özünün sirrləri barədə arvadından başqa heç kimlə danışmır, və arvadı ilə o, özü-özü ilə də danışdığı kimi danışır, çünki onların qəlbi birdir».
Ümumi ruhi təmizlənmə qadının tədricən azad olmasına şərait yaratdı. Bizim əzamızdan 300 il əvvəl ellinizm dövründə qadın emansipasiyası qədim dövrün görmədiyi və xristianlıq dövrü cəmiyyətinin helə uzun müddət çata bilməyəcəyi səviyyəyə çata bilmişdir. Qadın ciddi təcrid edilmiş ev aləmindən azad olaraq, artıq təhsil almağa imkan tapmışdı.
O vaxta qədər yalnız kişilərin məşqul olduğu fəlsəfə ilə indi qadınlar da məşğul olmağa başlamışdılar. Savadlı tələbə qızlar indi tez-tez həm universitetlərdə, həm də küçələrdə, bazarlarda çıxış edən müəllimlərin yanında görünürdülər.
Qədim Akademiya, Əflatunun ideyalarını Pifaqor elementləri ilə bağlamışdı. Pifaqorçuların məktəbi çox qapalı dini birlik olmaqla, digər akademiyalardan ciddi adətləri, qaydaları ilə seçilərək, buraya bir çox qadını cəlb edə bilmişdi. Pifaqorcu Fintiy öyrədirdi. «Həm kişiyə, həm də qadına qorxmazlıq, ağıl, ədalətli olmaq xasdır, lakin bu və ya başqa cömərdlikdə ad qazanmaq üçün kişi təlim keçməli, digərlərində qadın daha çox təlim keçməlidir». Fintiy qadınları təvazökar və fərasətli olmağa, bəzək – düzəksiz geyinməyə dəvət edirdi. Pifaqorcu qadın Feano yeni, azad əhval – ruhiyyəni ifadə edirdi.
Əflatundan sonra o, hər iki cins üçün vahid əxlaq qaydaları ölçüsünü müəyyən etmişdi. Axı, Əflatuna görə, pis adamın qəlbi təmiz olmur, yaxşı adamların qəlbi təmiz olur. Nə insan, nə Allah, təmiz olmayandan, heç nə qəbul etməməlidir».
Sonuncu Pifaqorçu Qipatiya idi (b.e 370-915-ci illər). O, riyaziyyatçı Feon Aleksandriskinin qızı idi və məktəbə rəhbərlik edirdi. O, şagirdlərə riyaziyyatı, fəlsəfəni öyrədirdi, kitablar yazırdı, təəssüf ki, bu kitablar bizə çatmamışdır. Fanatik xristianlar onu öldürmüş, məktəbi isə yandırmışdılar.
Təhsil almaq imkanına malik olduqlarına görə ellin dövrünün qadınlarının özünüqiymətləndirmə meyyarı dəyişilmişdi. Onlar artıq yeniləşmiş və yaranan bütün yeniliklərə çox marağı olan cəmiyyətdə böyüyürdülər. Onlar bəzən hakimiyyət uğrunda siyasi mübarizəyə də qoşulurdular. Lakin emansipasiyaya doğru həddən artıq tələsmək, həddən çox şöhrətpərəstlik, müvəffəqiyyət qazanmağa can atmaq – bütün bunlar dağıdıcı qüvvələr üçün yol açırdı. O dövrün taclı qadınlarından bəziləri faydalı fəaliyyət göstərsə də, digərləri öz ehtirasları naminə ölkəsinin əmin-amanlığını qurban verirdilər.
Ellin dövrünün ən gözəl xanımlarından iki, ən parlaq xanımı göstərmək olar. İlk Ptolomey çariçalarından olan Arsinoy (b.e. qədər 316-270-ci illər) xüsusi seçilir. O, 38 yaşında özündən 8 yaş kiçik qardaşı II Ptolomeyə ərə getmişdir. Məhz Arsinoy özü kiçik qardaşını nigaha məcbur etmişdi, bununla o, cəmiyyət üçün vacib sayılan insestə qarşı etinasızlığını bildirmişdi. Saray şairi Feokrit mədh etmə mahnısında bu əlaqəni qardaş və bacı olan Zevs və Geranın nigahına oxşatdı, o, bunu yalnız allahlara nəsib ola bilən istisna adlandırdı. Arsinoy eyni zamanda frakiyalıların, makedoniyalıların və misirlilərin çariçası olmuşdur.
II Ptolomey Filaldef böyük sərkərdə olmasa da, dövlət xadimi idi. Ölkəsinin iqtisadi inkişafını təmin etməklə, onun rifah halını qaldırdı, əvvəllər ölkə belə iqtisadi yüksəliş görməmişdi. O, elmə, incəsənətə və mədəniyyətə himayədarlıq edərək, öz paytaxtı İskəndəriyyəni antik dünyanın ən mühüm mərkəzlərindən birinə çevirdi. II Arsinoya dövlət işlərinin çoxunu öz üzərinə götürərək faktiki olaraq əri ilə birgə hakimlik edirdi. Onun köməkliyi ilə, həmçinin onun sayəsində əhəmiyyətli mədəni tədbirlər həyata keçirildi. Beləliklə, İskəndəriyyədə dövlət hesabına Museyonun əsası qoyulmuşdur. Bu özünəməxsus bir tədqiqat institutu idi, burada o dövr üçün ən müasir şəraitdə poeziya, fəlsəfə, astronomiya, riyaziyyat, botanika və zoologiya ilə məşqul olurdular. Məhz Arsinoya dövrünün ən ağıllı adamlarını Museyona cəlb etmiş və orada alimlərlə, şairlərlə, diskkussiyalar aparırdı. Geniş kitabxana üçün bütün yunan klassiklərinin əsərlərinin siyahısı tutulmuş, xarici kitablar, o cümlədən İncil yunan dilinə tərcümə edilmişdi.
II Ptolomey dini dəyişiklikləri həyata keçirməyə cəhd edərək, qərbi və şərqi dini etiqadlardan universal din yaratmışdı. Arsinoyanın ölümündən sonra o, Arsinoyanı allahların qisminə aid etmişdi. O, Arsinoyanı «Thea Philadelphos» adlandırmışdı, bu isə «qardaş sevən ilahə» deməkdir. Sonralar o, belə bir anlayış da işlətmişdi: «Thea Adelpho» – «Allahlar – bacı və qardaş». Beləliklə ölmüş çariça və onun diri qardaşı-əri bir büt kimi birləşmişlər. Bu barədə alman tarixçisi Şubart qeyd etmişdir: «Ellin üçün polis-şəhər-dövlət onun dini görüşləri ilə necə bağlı idisə, indi yeni dövlət forması olan çarlıq üçün yeni dini əsas tələb olunurdu, bu yalnız çarın allahlığı barədə təsəvvür ola bilərdi».
II Ptolomeyin hakimiyyətinin teokratik forması barədə ideyası onun arvadı və bacısının təsiri altında formalaşmışdı. Arsinoyanın baş ibadətgahı Fayum vilayətinin paytaxtında yerləşirdi, həmin yerin qurudulması üçün nəhəng meliorasiya işləri aparıldı. Nə vaxtsa burada bataqlıq idi və qamışlıqda timsahlar qaynaşırdı, ona görə də yunanlar Fayumun paytaxtını Timsahpolis – timsahlar şəhəri adlandırmışlar. II Ptolomey onu bağ şəhərə çevirmişdi və adını dəyişərək Arsinoya qoymuşdu.
Bəzi tarixçilər Arsinoyanı «dövrün ən görkəmli qadını» adlandırmışdı. Digərləri isə onu xüsusi ilə həyatının ilk dövrlərində öz hakimiyyətçilik atəşini söndürmək üçün hər bir intriqaya gedən şöhrətpərəst bir qadın kimi təsvir edirlər.
Arsinoya dövründə ellinizm, ümumdünya tarixi hadisə kimi siyasi, sosial-iqtisadi və mədəni dairələrdə ən yüksək zirvəsinə çatmışdı. Sonralar öz aralarında olan rəqabətə və daxili pozğunluqlara görə ellin dövlətinin süqutu başlandı: Roma istilaları ellinizmə son qoydu.

0 şərh