Üzeyir Hacıbəyov

Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulmuş, valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır.
Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.

Üzeyir Hacıbəyov,Uzeyir Hajibeyov,Üzeyir Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə «Səadət» məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində «Hesab Məsələləri» və «Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti»ni nəşr etdirmişdir. Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, «Kaspi», «Həyat», "İrşad", «Tərəqqi», «Həqiqət», "İqbal", «Yeni İqbal» qəzetlərində və «Molla Nəsrəddin» jurnalında «Ordan-burdan», «O yan-bu yan» və s. başlıqlar altında "Ü", «Filankəs», «Behmankəs» və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən «Leyli və Məcnun» operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), «Rüstəm və Söhrab» (1910), "Şah Abbas və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), «Harun və Leyla» (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, «Leyli və Məcnun»dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və Arvad" (1909, ilk tamaşası: 1910), «O Olmasın, bu Olsun» (1910, ilk tamaşası: 1911), «Arşın Mal Alan» (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır.

Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, «Arşın Mal Alan» musiqili komediyasını məhz burada yaratmışdır. Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini — Azərbaycan Dövlət Türk Musiqi Məktəbini (sonralar texnikum) təşkil etmişdir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır.
O, 1927-ci ildə Müslüm Maqomayev ilə birgə ilk «Azərbaycan Türk El Nəğmələri» məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestri təşkil etmişdir. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan «Koroğlu» operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. O, «Koroğlu» operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.

Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

Hacıbəyovun «Arşın Mal Alan» musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir. Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

Musiqili Komediyalar
  • 1909 — Ər və Arvad. 3 pərdədə. Librettosu Hacıbəyovundur. İlk tamaşa 1910 il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.
  • 1910 — 0 olmasın, Bu Olsun. 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915-ci ildə yazılmışdır). Librettosu H.-undur. İlk tamaşa 1911 il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur.
  • 1913 — Arşın Mal Alan. 4 pərdədə. Librettosu H.-undur. İlk tamaşa 1913 il oktyabrın 25-də (noyabrın 7-də) Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.

İnstrumental Müşayiətli Xor Əsərləri
  • 1919 — Azərbaycan. Xor və ork. üçün. Sözləri Əhməd Cavadındır. Milli marş. Xor və ork. üçün. Sözləri Hacıbəyovundur.
  • 1930 — Himn. Xor və simf. ork. üçün. Sözləri Hacıbəyovundur.
  • 1934 — Kantata. M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simf. ork. üçün. Qızıl əsgər marşı. Solist, xor və fp. üçün. Sözləri Məmməd Səid Ordubadinindir.
  • 1936 — Azərbaycan xalq mahnılarının xor üçün işləmələri. Xalq çalğı alətləri ansamblı və ya fp.-nın müşayiəti ilə xor üçün («Ay Bəri Bax», «Gedək Gəzək Bağçada», «Aman Nənə», «Nə Gözəldir», «Lolo», «Sən Gözəl», «Ləlli»). Süvari Marşı. Xor və fp. üçün.
  • Piyadalar Marşı. Xor və fp. üçün.
  • 1938 — Kantata. Solist, xor, simf. ork. və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir. Ölməz sənətkar. Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə. Xor və fp. üçün. Sözləri H. Natiqindir.
  • 1939 — Kantata. Solist, xor, simf. ork. və rəqs qrupu üçün.
  • 1942 — «Vətən və cəbhə» kantatası. Solist, xor, simf. ork. və rəqs qrupu üçün. Sözləri H.-dur. «Ey Vətən». Xor və fp. üçün. Sözləri Səməd Vurğunundur.
  • 1945 — Azərbaycan SSR Dövlət himni. Xor və simf. ork. üçün. Sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir. o Qələbə himni, Zəfər himni. Xor və simf. ork. üçün. Sözləri Səməd Vurğunundur. o Stalinə Salam. Xor və simf. ork. üçün. Sözləri Süleyman Rüstəmindir. *
  • 1947 — Kantata. Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simf. ork. üçün. Sözləri Süleyman Rüstəmindir.
  • Orkestr Əsərləri
  • 1928—1933 — Kolxoz Çöllərində. Xalq çalğı alətləri ork. üçün. Arazbarı. Simf. ork. üçün. o Təntənəli Marş. Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simf. ork. üçün. o Fantaziya № 1. Xalq çalğı alətləri ork. üçün. o Fantaziya № 2. Xalq çalğı alətləri ork. üçün.
  • 1941 — Cəngi. Xalq çalğı alətləri ork. üçün.

Kamera-İnstrumental Əsərləri
  • 1925—1945 — Aşıqsayağı. Skripka, violonçel və fp. üçün. Uşaq albomu. Fp. üçün.
  • Sonatina. Fp. üçün.
  • Uşaq pyesləri. Fp. üçün.
  • Xoreoqrafik Miniatürlər
  • 1919 — Azərbaycan. Qaytağı (Dağıstan).
Romans-Qəzəllər
  • 1941 — Sənsiz. Səs və fp. üçün. Sözləri Nizaminindir (Azərb. dilinə tərcüməsi Cəfər Xəndanındır).
  • 1943 — Sevgili canan. Səs və fp. üçün. Sözləri Nizaminindir (Azərb. dilinə tərcüməsi Mirvarid Dilbazinindir).
Mahnılar
  • 1918 — Çırpınırdı Qara dəniz. Səs və fp. üçün. Sözləri Əhməd Cavadındır.  1927 — Yetim Quzu. Səs və fp. üçün. Sözlərinin müəllifi mə'lum deyil. Bir quş düşdü havadan. Səs və fp. üçün. Sözlərinin müəllifi mə'lum deyil.
  • 1930 — Qaragöz. Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir.
  • 1932 — Komsomolçu Qız. Səs və fp. üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir.
  • 1933—1934 — Süvari Mahnısı. Səs və fp. üçün. Sözləri H. Natiqindir. Pilotlar. Səs və fp. üçün. Sözləri M. Seyidzadənindir. o Bayram Günü. Səs və fp. üçün. Sözləri M. Seyidzadənindir.
  • 1941 — Çağırış. Səs və fp. üçün. Sözləri S. Əliyevanındır. İlk variantı «Mazut» adı ilə 30-cu illərdə yazılmışdır.
  • o Şəfqət Bacısı. Səs və fp. üçün. Sözləri Səməd Vurğunundur.
  • 1942 — Vətən Ordusu. Səs və fp üçün. Sözləri Səməd Vurğunundur. o Yaxşı Yol. Səs və fp üçün. Sözləri Süleyman Rüstəmindir. o Ananın Oğluna Nəsihəti. Səs və fp. üçün. Sözləri aşıq M. Bayramovundur. o Döyüşçülər marşı. Səs və fp. üçün. Sözləri Səməd Vurğunundur.





 

0 şərh