Jorj Bize

1875-ci ilin martında Parisdə tanınmış fransız bəstəkarı Jorj Bizenin ispan yazıçısı Prosper Merimenin novellası əsasında yaratdığı «Karmen» operasının ilk tamaşası göstərilir. Premyeradan dərhal sonra əsər ətrafında qalmaqallar qopur. «Opera bizim mənəviyyatımızı pozur», — deyə əksər tənqidçilər əsərin baş qəhrəmanı Karmenin azadsevər xasiyyətini, onun cəmiyyətin qayda-qanunlarına etinasızlığını yolverilməz, qeyri-tərbiyəvi bir hal kimi qiymətləndirirlər. Operanın ispan milli folklorundan bəhrələnmiş, canlı, səmimi musiqisi isə sadə, hətta kobud elan olunur. «Opera həyatı olduğu kimi təsvir edir» — Bizeni müdafiə edən qüvvələrin bu şüarı əsər barədə mənfi rəyləri dəyişdirə bilmir və nəticədə «Karmen» səhnədən çıxarılır. Bu zərbəyə tab gətirməyən 36 yaşlı bəstəkar premyeradan üç ay sonra vəfat edir. «Karmen» isə tezliklə nəinki bəraət qazanır, hətta Avropanın ən möhtəşəm opera teatrlarında tamaşaya qoyulur və dünyanın ən məşhur operaları sırasına daxil olur. «Karmen»in Vyanadakı tamaşasını hazırlayarkən Bizenin dostu E.Giro operanın ilk variantındakı danışıq epizodlarını «musiqiləşdirir» və bununla da əsərin yeni, bu gün tamaşa edib dinlədiyimiz redaksiyasım yaradır.
«Karmen» Bizenin yaradıcılıq yolunun məntiqi nəticəsi idi. Bəstəkar «Karmen»dən əvvəl də "İnciaxtaranlar", «Pert gözəli», «Cəmilə» operaları, fransız yazıçısı Alfons Dodenin «Arleli qadın» dramına yazdığı musiqisi ilə artıq kifayət qədər tanınmışdı. Bize həmçinin bir sıra xor, fortepiano və simfonik əsərlərin müəllifı kimi də musiqisəvərlərin geniş rəğbətini qazanmışdı. Lakin «Karmen» səviyyəsi, «Karmen» zirvəsi əlçatmaz qalmışdır. Təxminən yüz il sonra görkəmli rus bəstəkarı Rodion Şedrin Bize operasının mövzuları əsasında özünün «Karmen-süita» simfonik əsərini yaratmışdır. Həmin əsər Moskvanın Böyük Teatrında gözəl balet tamaşasının hazırlanmasına təkan vermişdir.
Bu əsərlərlə tanış olun:
  • «Karmen» operasi: uvertüra,
  • Xabanera;
  • Seqidilya;
  • Karmenin mahnısı (1-ci pərdə);
  • Eskamilyonun kupletləri;
  • Xozenin ariyası (2-ci pərdə);
  • «Ole»
 
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova
 
loading...

0 şərh