Raxmaninov Sergey

Bəstəkar, pianoçu, dirijor Sergey Vasilyeviç Raxmaninov rus klassik musiqisinin ən görkəmli nümayəndələrindən biridir. O, 1873-cü il martın 20-də Rusiyanın Novqorod quberniyasında zadəgan ailəsində anadan olub.

Raxmaninov musiqiçi ailəsində böyüyüb. Onun babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Dahi bəstəkarın atası Vasili Arkadeviç Raxmaninov müstəsna musiqi bacarığına malik idi. Gələcək bəstəkarın fortepiano üzrə dərslərindən ilk müəllimi anası olub. Rahmaninov xatirələrində o zaman musiqi dərslərindən xoşa gəlmədiyini deyir. Lakin 4 yaşı olarkən o, artıq babası ilə birgə fortepianoda dörd əlli ifa edə bilirdi.

Gələcək bəstəkar 8 yaşında ailəsi ilə birgə Peterburqa köçür. Həmin vaxta qədər Raxmaninovun musiqi qabiliyyətləri yetəri qədər hiss olunurdu. 1882-ci ildə onu Peterburq Konservatoriyasının aşağı yaş fortepiano sinfinə qəbul edirlər.

Qeyri-adi musiqi duyumu və yaddaşı olan Raxmaninov 18 yaşında fortepiano sinfi üzrə məşğələləri uğurla başa vurur. Bir il sonra, 1892-ci ildə Moskva Konservatoriyasını bitirəndən sonra o, ifaçılıq və bəstəkarlıq fəaliyyətinə görə böyük qızıl medalla təltif edilir.

Raxmaninov buraxılış imtahanı üçün cəmi 17 günə bəslədiyi bir aktlı «Aleko» (Puşkinin «Qaraçılar» poeması üzrə) operasını təqdim edir. İmtahanda iştirak edən Çaykovski bu əsərə görə ona üç üstəgəllə «beş» verir. Bir ildən sonra 19 yaşlı bəstəkarın operası Böyük Teatrda səhnəyə qoyulur.

Konservatoriyanı bitirəndən sonra Raxmaninov aralarında «Sıldırım» simfonik fantaziyası, iki fortepiano üçün süita, «Musiqi anları», prelüdiya do-diyez minor, «Yanımda oxuma ey gözəl», «Sirli gecənin susqunluğu», «Adacıq» və «Yaz suları» romanslarını və bir sıra başqa əsərlər bəstələyir.

Sevimli müəllimi Çaykovskinin ölümünə Raxmaninov fortepiano, skripka və violonçel üçün «Dahi sənətkarın xatirəsinə» hüznlü triosunu yazır. 

1897-1898-ci illərdə Raxmaninov Savva Momontovun Moskva Xüsusi Rus Operasındakı tamaşalara dirijorluq edir, bununla da, onun beynəlxalq ifaçılıq karyerası başlayır. Raxmaninovun xarici ölkələrdə ilk çıxışı 1899-cu ildə Londonda baş tutur. 1900-cu ildə o, İtaliyada çıxış edir, 1898-1900-cu illərdə dəfələrlə Fyodor Şalyapinlə bir ansamblda iştirak edir. Raxmaninov 1904-1906-cı illərdə Böyük Teatrda dirijor işləyir.

1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verir. Bir çox yaradıcı insanlar kimi, Raxmaninov siyasətdən, dövlət çevrilişlərindən uzaq adam idi. O, vətən üçün narahatçılıq keçirsə də, 47 yaşında onu birdəfəlik tərk etmək məcburiyyətində qalır. Raxmaninov əvvəlcə Danimarkada yaşayır və burada çoxsaylı konsertlərlə çıxış edir. 1918-ci ildə Amerikaya köçür. Rod-Aylend ştatındakı Providens şəhərciyində baş tutan ilk konserti ilə Raxmaninov 25 il fasiləsiz davam edən musiqi fəaliyyətinə başlayır. Sergey Raxmaninov Amerikada indiyə qədər çıxış edən xarici ifaçılar arasında görünməmiş uğur qazanır.



Mühacirət zamanı Raxmaninov dirijorluq fəaliyyətini demək olar ki, dayandırır və öz əsərləri çalınarkən çox nadir hallarda dirijor pultu arxasına keçir. O, Boston simfonik orkestrinin, sonradan isə Sinsinnati şəhər orkestrinin rəhbəri postuna dəvət olunsa da, bundan imtina edir.

İkinci Dünya müharibəsi illərində Raxmaninov ABŞ-da təşkil etdiyi bir neçə konsertdən yığılan pul vəsaitini Sovet Ordusunun fonduna köçürür. Raxmaninovun musiqi irsində 80-dən çox romans, konsert, simfoniya, prelüdiya, etüd, opera yer alır. Sergey Raxmaninov Nyu-York yaxınlığındakı Kensiko rus qəbiristanlığında dəfn edilib.

azertag.az

0 şərh