Aleksandr Qlazunov

Onun yaradıcılığında lirik, epik, dramatik obrazlar özünəməxsus şəkildə uzlaşır. Qlazunovun yaradıcılıq irsi çoxşaxəlidir: buraya operadan başqa bütün janrlar daxildir. Qlazunov 3 baletin, 7 kvartetin, 2 suitanın, müxtəlif alətlər üçün pyeslərin, fortepiano sonatalarının, variasiaların, dram tamaşalarına musiqinin müəllifidir.
A.K.Qlazunov 1865-ci ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini Qlazunov evdə alır. Əvvəl məşhur pianist Yelenkovskidən təhsil alan bəstəkar, sonralar Balakirev və Rimski-Korsakovdan bəstəkarlıq texnikasının sirlərini öyrənir. 1882-ci ildə Qlazunovun 1-ci simfoniyası səslənir. 1884-cü ildən xarici səfərlərə gedir. 80-ci illərin sonunda o artıq bir sıra əsərlərin müəllifi idi.
Bunlardan kvartet, “Qəhramanın xatirəsinə” simfonik eleqiya əsərini, 3-cü simfoniya, “Stepka Razin”, “Dəniz” simfonik poemalarını misal göstərmək olar. 90-cı illər Qlazunovun yetkinlik çağıdır. Onun ən görkəmli əsərləri 4-8-ci simfoniyaları, 3 baleti, skripka üçün konserti, 4 və 5-ci kvarteti bu dövrdə yazılmışdır. 20-ci əsrin ilk illərində Qlazunov özünün məşhur “Orta əsrlərdə” adlı simfonik suitasını yazır.
1905-1907-ci illərdə Qlazunov inqilabçı tələbələrin tərəfini tutur və öz demokratik fikirlərinə görə Konservatoriyanın direktoru seçilir. Bu fəaliyyəti onu yaradıcılıqdan uzaqlaşdırır. Bu illərin bəhrəsi yalnız 6 kvartet, fortepiano üçün prelüd və fuqa və bir neçə kiçik əsərlər olur. 1928-ci ildə Vyana şəhərinə gedən Qlazunov burada xəstələnir və ömrünün sonunadək burada qalmalı olur. Bu illərdə violonçel üçün konsert-ballada, 7 kvartet, saksafon üçün konsert yaradır. Ömrünün sonunadək vətən həsrəti ilə yaşayan Qlazunov 1936-cı ildə Parisdə vəfat edir.
0 şərh