Robert Şuman

Robert ŞumanDahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur, Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik və bəzi digər musiqiçilərlə birlikdə “Yeni musiqi qəzeti” təsis edir, 10 il ərzində bu qəzetin həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur. Şopenin istedadını dünyaya açan, Bramsdan yeni parlayan ulduz kimi danışan da məhz Şumandır. O, öz məqalələrində musiqi sahəsində mütərəqqi olan hər şeyi qızğın müdafiə edir.

1840-cı ildə bəstəkar bir sıra mahnılar, o cümlədən Şamissonun sözlərinə “Qadın məhəbbəti və həyatı” və Heynenin sözlərinə “Şairin məhəbbəti” kimi şedevr əsərlər, habelə bir neçə iri həcmli əsər yaradır. 1843-cü il dekabrın 4-də müəllifin dirijorluğu ilə ilk dəfə ifa olunan “Ray və Peri” oratoriyası böyük müvəffəqiyyət qazanır. Bir həftə sonra təkrar konsert təşkil olunur.

1844-cü ildə Şuman həkimlərin məsləhəti ilə Drezdenə köçür. Elə həmin il ömür-gün yoldaşını Rusiyaya konsert səfərində müşayiət edir. Robert Şumanın əsərləri Klara Şumanın ifasında böyük zəfər qazanır. Drezdenə qayıdan bəstəkar yeni-yeni əsərlər yaratmağa davam edir. Lakin vaxtsız ölüm əsərlərinin davamının yazılmasına imkan vermir.

Bəstəkar R.Şuman 1856-cı il iyulun 29-da Bonn şəhərinin yaxınlığında, Endenihada vəfat edir. Bəstəkarın özündən sonra qoyub getdiyi fortepiano üçün “Kəpənəklər”, “Karnaval”, “Fantastik pyeslər”, “Novellettalar”, “Simfonik etüdlər” kimi fortepiano üçün silsilə əsərlərin, 4 simfoniyanın, fortepiano, skripka və violonçel üçün konsertlərin, təqribən 120 vokal ansamblın, 200-dən yuxarı mahnı və romansın və çoxlu sayda başqa əsərlərin adlarını sadalamaq olar.

0 şərh