Pyotr Çaykovski

XIX əsrin ən görkəmli dahi bəstəkarı P. İ. Çaykovski öz yaradıcılığında müasir həyatı hərtərəfli təsvir etmək qabiliyyətinə malik olmuşdur. Dövrünün səciyyəvi obrazları onun yaradıcılığında öz əksini tapmışdır. Bəstəkarın əsərləri bütün dünyada böyük rəğbət qazanaraq həyatın konkret məzmununu ümumi bəşəriyyət zirvəsinə qaldırmışdır.
Çaykovski psixoloji aləm ilə bağlı olaraq yaradıcılığında insanın daxili aləminin təsvirinə üstünlük verir. O, böyük psixoloq idi.Onun yaradıcılığının mərkəzini fəlsəfi psixoloji problemlər tutur. Çaykovski daima öz qəhrəmanlarını onu əhatə edən mühitlə qarşı – qarşıya qoyaraq toqquşdurur. O da, dövrünün bir sıra nümayəndələri kimi rus xalqının həyatında olan faciənin səbəbini axıradək dərk edə bilmirdi. Ona görə də bu mühiti böyük həyəcanlıqla keçirirdi. Çaykovski yaradıcılığında bədbinlik, pessimizm əlaməti yoxdur. Onun faciələrində belə ən faciəvi obrazlar ruh düşkünlüyündən çox uzaqdır.
Çaykovski yaradıcılığında insanın faciələrə məhkum olması müəllifin fərdi protestini doğurur. Onun qəhrəmanları həyata inanır və mübarizə aparır.
Bəstəkarın dünya görüşü materialist xasiyyət daşıyır. O, incəsənətin məzmunca zəngin olmasını təkcə yaradıcılıq sahəsində yox, hə də ifaçılıq sənətində də tələb edirdi. Real aləm onun operalarında özünü büruzə verir. O, operalarında elə məzmun axtarırdı ki, həmin əsərin personajları bəstəkarın özünə yaxın və anlayışlı dərəcədə olsun. Çaykovski incəsənəti yeni məzmun və yeni forma ilə zənginləşdirir. O, öz yaradıcılığında xalqının arzu və istəklərini təmsil etməyə çalışırdı. Çaykovskinin realist, estetik nəzəriyyələri onun yaradıcılıq prinsipində öz əksini tapır. Həyatın ən mürəkkəb cəhətləri ilə bu obrazların verilməsi dramatik obrazların inkişafını yaradır. Bəstəkarın bu yaradıcılıq səyi onun opera və simfoniyalarında öz əksini tapır.
Pyotr İliç Çaykovski 1840 – cı ildə Votkinsk şəhərində anadan olmuşdur. 10 yaşında ikən onu Peterburqa oxumağa aparırlar. Peterburqda o, teatr ilə, həmçinin M.İ. Qlinka, C.Rossini, K.M.Veberin operaları ilə, rus və xarici bəstəkarların simfonik yaradıcılıqları ilə tanış olur.
1862 – ci ildə Çaykovski Peterburqda yeni açılmış ilk rus konservatoriyasına daxil olur və 1865 – ci ildə konservatoriyanı gümüş medalla bitirir. Sonra isə Moskvada yaşayaraq yaradıcılığını inkişaf etdirir. O, “Qüdrətli dəstə” bəstəkarları ilə sıx əlaqə saxlayır. Onun musiqisi meladiya cəhətdən çox zəngindir. Bəstəkarın yaradıcılığında opera əsas yer tutur. O, hesab edirdi ki, opera musiqi əsərinin ən demokratik formasıdır.
Simfonik musiqi sahəsində Çaykovski yeni növlü simfonizm yaratmışdır: simfoniya – drama, simfoniya – faciə, simfoniya – poema janrını inkişaf etdirmişdir. O, həmçinin rus balet janrının da banisidir.
1877 – ci ildə əsəbilik xəstəliyi keçirən Çaykovski xaricə gedir. Xaricdə olarkən “Yevgeni Onegin” operasını və dördüncü simfoniyasını tamamlayır.
Çaykovski simfonik konsertlərdə, opera tamaşalarında drijor kimi çıxış edərək böyük müvəffəqiyyət qazanmışdır. Xüsusilə Praqada bəstəkar böyük rəğbətlə qarşılanmışdır. “Orlean qızı”, “Mazepa”, “Qaratoxmaq qadın”, “İolanta” operaları, “Manfred”, V və VI simfoniyaları, “İtalyan kapriççiosu”, “Yatmış gözəl”, “Şelkunçik” baletləri, bir sıra romans və kamera instrumenta əsərlər – bəstəkarın tam kamil döründə yazılmış əsərlərdir.
P. İ. Çaykovski 1893 – cü ildə ağır xəstəlikdən sonra vəfat etmişdir.


Çaykovskinin simfonik yaradıcılığını onun 6 simfoniyası (1866 — 1893), Şekspirin əsəri əsasında yazdığı “Romeo və Cülyetta” uvertürası (1869), “Qarışqa” (1873), “Françesko da Rimini” (1876), “Manfred” simfoniyası (1855), “Hamlet” fantaziyası (1888) təşkil edir.
Çaykovskinin İtaliya səfərinin təəssüratı ilə yazılmış “İtalyan kapriççiosu” geniş şöhrət qazanmışdır.
Bəstəkar konsert janrı sahəsində də geniş şöhrət qazanmışdır. Fortepiano ilə simfonik orkestr üçün üç konsert, violençel ilə orkestr üçün “Rokoko” mövzusunda variasiyalar, skripka ilə simfonik orkestr üçün konsert yazmışdır.
Opera janrı sahəsində Çaykovski böyük həvəslə işləmişdir. Hələ gənc yaşlarından o, teatra böyük maraq göstərmişdir. “Sərkərdə” (1868), “Undina” (1869). “Dəmirçi Vakula” (1874), “Yevgeni Onegin” (1877 — 1878), “Orlean qızı” (1879), “Mazepa” (1883), “Qaratoxmaq qadın” (1890) operaları məşhurdur. Onun son operası olan “İolanta” 1891 – ci ildə yazılmışdır.
Çaykovskini cəlb edən səhnə əsərlərindən biri də balet idi. Bəstəkarın balet musiqisində simfonik pantomima elementləri geniş inkişaf etmişdir.Onun ilk baleti “Qu gölü” 1876 – cı ildə yazılmışdır. Sonra o, “Yatmış gözəl” (1889) və “Şelkunçik” (1891) baletlərini yazmışdır.
Üç simli kvartet, skripka, violonçel və fortepiano üçün trio, “Florensiya xatirələri” simli sekstet onun kamera instrumental yaradıcılığını təşkil edir.
Bəstəkar həmçinin fortepiano üçün “İlin fəsilləri”, “Uşaq albomu”, “Yumoresko”və s. müəllifidir.
Vokal musiqisi Çaykovski yaradıcılığının əsas sahəsini təşkil edir. Onun “Ürəyimi apar”, “Günmü hökm sürür”, “Bu tezliklə unutmaq”, “Təkcə bir kəlmə”və bir çox romansları məşhurdur.
Bu romanslarda geniş, ehtiraslı hisslərə təsadüf edilir. Onun digər “Sizi alqışlayıram, meşələr”, “Təmtəraqlı balda”, “Biz səninlə əyləşmişik” romanslarında ifadəli poetik obraz nəzərə çarpır. Çaykovskinin romanslarında fortepianonun müşayəti eyni zamanda vokal partiyası üçün rəngarəng fon yaradaraq ifadəliliyi artırır.
Çaykovski yaradıcılığının musiqi sənətinin inkişafında, sənətkarların yetişməsində böyük rolu olmuşdur.


2 şərh

burla xatun
Videoda verilən Nutracker Şelkunçik baletidir.
Türkəl
Bəzi tarixçilər Çaykovskinin ölümünün intihar nəticəsində baş verdiyini qey edirlər. Guya o, homoseksual olması sirrinin üstünün açılmasından qorxaraq özünü öldürüb.