Pyotr Çaykovski

«Mən musiqimin geniş yayılmasını, onu sevən, onda təsəlli və dayaq tapan insanların sayca çoxalmasını bütün varlığımla arzu edərdim», — Çaykovskinin bu niyyəti artıq bəstəkarın sağlığında reallaşmağa başladı. Çaykovski bir bəstəkar və dirijor kimi doğma vətəni Rusiyadan uzaqlarda — Almaniya, Fransa, İtaliya, Çexiya və ABŞ-da belə böyük şöhrət qazanmışdı. O, Kembric Universitetinin fəxri doktoru adına layiq görülmüşdü. Bu gün də Çaykovski dünyada ən çox tanınan və sevilən rus bəstəkarlarından biridir. Onun opera və baletləri ən nüfuzlu opera teatrlarında tamaşaya qoyulur, simfoniyaları, fortepiano və kamera əsərləri, romansları müxtəlif ölkələrin konsert salonlarında ifa olunur.

Çaykovski musiqisinin cazibədarlığının, qeyri-adi populyarlığının sirri onun yüksək səmimiyyətində, insan qəlbinin ən incə tellərinə toxunmasındadır. Çaykovski üslubunun daha bir məziyyəti onun zəngin, gözəl melodizmidir. Dünya musiqisində melodiklik baxımından ən istedadlı bəstəkarlar sırasında Mosart, Verdi, Şopenlə bərabər, heç şübhəsiz, Çaykovski də vardır. Çaykovski irsinin ən mühüm sahələrindən biri onun simfonik musiqisidir. Məşhur 4-cü, 5-ci və 6-cı simfoniyalarında Çaykovski Bethoven ənənələrini davam etdirərək ali varlıq olan insanın mürəkkəb problemlərinə müraciət edir, onların dramatik şərhinə nail olur. Bəstəkarın «Romeo və Cülyetta» uvertüra-fantaziyası isə ülvi məhəbbət hissini tərənnüm edən ən gözəl sənət nümunələrindən biridir. Pyotr Çaykovski (Ağabala)Çaykovskinin operaları sırasında A.Puşkinin süjetləri əsasında bəstələdiyi «Yevgeni Onegin» və «Qaratoxmaq qadın» əsərləri xüsusilə fərqlənir. «Sonalar gölü'', „Yatmış gözəl“ və „Şelkunçik“ baletləri isə balet janrının inkişafı tarixində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Bu baletlərin üçü də nağıl süjetləri əsasında yazılmışdır.
Çaykovski uşaqlar üçün çoxlu əsərlər bəstələmişdir. Onun „İlin fəsilləri“ silsiləsinə daxil olan on iki pyesini sənətə təzəcə qədəm qoymuş ifaçılar həvəslə çalırlar. Bəstəkarın „Uşaq albomu“ da gənc musiqiçilərçün nəzərdə tutulmuşdur və dünya musiqisində bu qəbildən yazılmış əsərlər içərisində ən yaxşı nümunələrdəndir.
İllər keçdikcə Çaykovski musiqisinin təsir gücü, onun insan qəlbinin ən gizli nöqtələrinə nüfuzetmə dərəcəsi nəinki azalır, əksinə, daha da artır. Mstislav Rostropoviçin idarəsi ilə Vaşinqtonda simfonik orkestr açıq havada ABŞ-ın müstəqillik günü münasibətilə Çaykovskinin „1812-ci il“ uvertürasını ifa etmişdir. 300 mindən artıq dinləyici bu əsəri böyük maraqla və minnətdarlıq hissi ilə dinləmişdir. Rusiyada Çaykovski adına ifaçıların çox nüfuzlu beynəlxalq müsabiqəsi keçirilir. Dünyanın ən şərəfli musiqi tədris ocaqlarından biri — Moskva Konservatoriyasına Çaykovskinin adı verilmişdir.
Bu əsərlərlə tanış olun:

  1. »Şelkunçik" baleti
  2. «Sonalar gölü» baleti: Vals; «Balaca sonaların rəqsi»; İspan rəqsi; Neapolitan rəqsi
  3. «Yatmış gözəl» baleti: «Yasəmən pərisinin rəqsi»; Vals; «Qırmızı papaq və canavar»; Adajio
  4. «Romeo və Cülyetta» uvertüra-fantaziyası »/ Fortepiano və orkestr üçün 1 N-li konsert
  5. "İlin fəsilləri"/ «Uşaq albomu»
  6. «Yevgeni Onegin» operasi: Giriş; Vals; Lenskinin ariyası (2-ci pərdə)
  7. "İolanta" operasi: Vodemonun romansı

Mənbə Ayna uşaq ensiklopediyası; MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

1 şərh

HTML
Çaykovskinin musiqilərini pulsuz yükləmək üçün bura daxil olun.
spb.ru — burda mahnıların sayı daha çoxdur,amma yükləmək pulsuz olsa da, bir qədər uzun vaxt aparacaq.