Opera nədir?

«Opera» italyan dilində "əsər" deməkdir. Opera söz və musiqinin, oxuma və səhnə hadisələrinin, vokal və instrumental ifanın vəhdətindən yaranmışdır. Başqa sözlə desək, opera poeziyanın, dramatik teatrın, rəngkarlığın, plastikanın, vokal və instrumental musiqinin sintezindən ibarətdir. Onun əsas mövzusunu xeyirlə şərin, işıqla qaranlığın, məhəbbətlə nifrətin mübarizəsi təşkil edir. Opera musiqiyə söykənən dram, yaxud komediyadır. Operada dramatik mətnlər müğənnilərin oxuması ilə təqdim olunur. Bu, həmişə orkestrin müşayiətilə baş verir.

İlk operanın vətəni İtaliyadır. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı «Orfey» operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına «musiqili faciə» deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər «oxumaqla gedən pyes» adlanırdı, Rusiyada operaya «səslə oxumaq dramı» adı verilmişdi.

Sonralar hər yerdə «opera» adlanan bu əsərlər janr və üslub xüsusiyyətlərinə görə «komik opera», «ciddi opera», «opera-buffa», «böyük opera», «lirik opera», «romantik opera» növlərinə ayrılmışdır. Bəzi bəstəkarlar, məsələn, məşhur italyan bəstəkarı Cakoma Puççini öz operalarını «melodram» adlandırırdı. Müasir operanı saxta incəsənət növü sayan alman bəstəkarı Rixard Vaqner özünün yetkin əsərlərinə «təntənəli səhnə tamaşaları», yaxud «təntənəli misteriya» deməyi lazım bilmişdi.

Opera aristokrat əyləncəsi olaraq yaranmış, sonralar geniş tamaşaçı kütləsinin əyləncə obyektinə çevrilmişdir. İlk opera teatrı 1673-cü ildə, yəni, bu janrın meydana gəldiyi vaxtdan təqribən qırx il sonra İtaliyanın Venesiya şəhərində açılmışdır. Sonralar bütün Avropaya sürətlə yayılmışdır. XIX əsrdə və XX əsrin başlanğıcında opera öz inkişafının yüksək zirvəsinə qalxmışdır. «Dafniya» adlı ilk operanı 1597-ci ildə italyan bəstəkarı və müğənnisi Cakopo Peri yazmışdır. Cakopo Periyə elə gəlirdi ki, onun yaşadığı dövrün incəsənət əsərləri yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Və buna görə də özünün başa düşdüyü tərzdə yunan tragediyası yaratmaq istəyində bulunmuşdu. Nəticədə meydana gəlmiş «Dafniya» yunanların yaradıcılığı nümunəsinə az oxşar bir əsəri xatırladırdı. «Dafniya» hazırda opera adlanan formada ilk əsər sayılır. Buna baxmayaraq, yeni bədii formanın ilk yaradıcısı italyan bəstəkarı Klaudio Covanni Antonio Monteverdi (1567-1643) hesab olunur. Onun «Orfey» operası indi də oynanılır.



Venesiyada kütləvi tamaşalar qoyulan dövrdən sonrakı 65 il ərzində 7 teatr meydana gəlmiş və həmin teatrlar üçün 40-a qədər bəstəkar 357 opera yazmışdır. Almaniyada ilk opera 1627-ci ildə, Fransada 1647-ci ildə, İngiltərədə 1689-cu ildə, İspaniyada XVIII yüzilliyin başlanğıcında təşəkkül tapmışdır. Məlum olduğu kimi, Üzeyir bəy Hacıbəylinin Şərq aləmində ilk operası sayılan «Leyli və Məcnun» monumental əsəri 1908-ci ildə Bakıda tamaşaya qoyulmuşdur.

Opera mövcud olduğu dövrdən bəri digər musiqi janrlarına güclü təsir göstərmişdir. Simfonik əsərlər XVIII əsr italyan operalarına yazılmış instrumental müqəddimədən yaranmışdır.
Opera kollektivlərinin tərkibi solistlərdən, xordan, orkestrdən ibarət olur. Bəzi Avropa opera teatrlarında orkestrə orqan da daxil edilir.

Təəssüflər olsun ki, sivil dünya musiqisinin ən yüksək zirvəsi sayılan klassik opera musiqisinə (o cümlədən «Toska» operasına) cəmiyyətimizdə biganəlik hallarına həddindən çox təsadüf edilir. Hətta tanıdığımız bəzi mədəni adamlar da klassik musiqini qiymətləndirmələrinə və sevmələrinə baxmayaraq, operanı sevmirlər və dahi bəstəkarların yaratdıqları bu gözəl əsərlərə biganəlik nümayiş etdirirlər. Bunun səbəblərindən biri bəlkə də bazar şouları ilə dolu olan telekanallarda dünya və o cümlədən də Azərbaycan bəstəkarlarının şah əsərlərinin təbliğinə tamamilə diqqət ayrılmamasıdır. Hətta telekanalların aparıcı telejurnalistlərinin arasında da opera biliciləri çox azdır. Bir dəfə telekanallardan birinin aparıcısı Müslüm Maqomayevin "Şah İsmayıl" operasını "Şah İsmayıl Xətai" adı ilə təqdim etdi. Bu yanlışlığın səbəbini soruşanda bildirdi ki, həmin adı hansısa musiqişünasın yazısından götürüb. Xeyli danışıqdan sonra jurnalistə anlada bildim ki, Müslüm bəyin Ərəbistan torpağına sevgili axtarışı üçün getmiş qəhrəmanı dastan personajıdır.

Onu Azərbaycanın dahi şairi, böyük dövlət xadimi Şah İsmayıl Xətai ilə dəyişik salmaq olmaz. Müslüm Maqomayevin bu yaxınlarda təntənə ilə keçirilmiş anım günündə televerilişlərdə görkəmli sənət xadiminin «o, opera xanəndəsi idi» deməsi həmin şəxsin də opera ilə tamamilə yaxın olmadığını göstərdi. O, rus dilində işlədilən «opernıy pevets» ifadəsini «opera müğənnisi», kimi yox, «opera xanəndəsi» kimi işlətmişdi. «Xanəndə» muğam ifaçısına deyilir, opera müğənnisinə yox! Bu, əlbəttə ki, xoşagəlməz haldır. Telekanallarda vaxtaşırı operalardan söz açmaq və operanın nə olduğunu xırdalamaq vaxtı çoxdan çatmışdır. Acınacaqlı olsa da, qeyd etməliyik ki, hətta özlərini opera xiridarı kimi göstərməyə çalışanların bir çoxu opera səslərini də qarışıq salırlar.



Tenor səslər üçün yazılmış partiyaları bas, yaxud bariton partiyaları adlandırırlar. İstedadlı jurnalistlərimizdən biri soruşanda ki, Bülbülün səsi basdır, ya baritondur, məni dəhşət bürüdü. Ona görə də səslər haqqında məlumat verməyi vacib sayırıq. Klassik operalarda aparıcı müğənniləri onların səs diapazonundan aslı olaraq soprano (lirik soprano, lirik-dramatik soprano, metso-soprano, dramatik soprano, koloratur soprano, dramatik koloratur soprano, kontralto) qadın səslilərə və kontrtenor, tenor (lirik tenor, lirik-dramatik tenor, dramatik tenor), bariton (bas-bariton), bas kişi səslilərə ayırırlar.

Koloratur soprano ən zil və çevik qadın səsinə deyilir. Diapazonu «fa» birinci oktava-«fa», üçüncü oktavadır. Bu səs çox çevik və kövrəkdir, melizmlərlə, bülbül cəh-cəhini xatırladan ruladalarla («rulada» fransız dilində «irəli və geri» deməkdir) zəngindir. Məşhur Avstriya bəstəkarı İohan Ştrausun «Vyana meşəsinin nağılı»nda valsın atın nallarının ritmləri altında necə yarandığını və bəstəkarın sevdiyi qadının onu necə oxuduğunu eşidənlər əsl koloratur sopranonun nə olduğunu bilərlər (həmin mövzu sovet-alman müharibəsindən qabaqkı illərdə çəkilmiş eyniadlı filmdə işıqlandırılmışdı). Bu səs üçün opera partiyaları: Motsartın «Sehrli fleyta» operasında Gecə şahzadəsi, Offenbaxın «Qofmanın nağılları»nda Kukla, Rimski-Korsakovun «Qar qız»ında Qar qız.

Azərbaycan qadın vokalçıları arasında bu səsə malik ifaçı, demək olar ki, yoxdur. Əvvəlki zamanlarda Milli operamızın yeganə koloratur sopranosu Elmira Axundova olmuşdur. Onun ifasında «Sevilya bərbəri» operasında Rozinanın partiyalarının lent yazısı, yəqin ki, Teleradio şirkətinin saxlancında qalır. Koloratur-soprano səsi ilə ifa edilən opera partiyaları Motsartın «Sehrli fleyta» operasında Gecə şahzadəsi, C.Offenbaxın «Qofmanın nağılları» operasında Kukla, Rimski-Korsakovun «Qar qız» operasında Qar qızdır.

Azərbaycanın opera səhnəsində uzun illərdən bəri xalis koloratura olmadığına görə bəstəkarlarımızın operalarında həmin səs üçün partiya nəzərdə tutulmamışdır.
Lirik soprano (diapazonu: «do» birinci oktava-«do», «re» üçüncü oktava) yumşaqlığı, ahəngdarlığı ilə xarakterizə olunur. Bütün diapazonda parlaqlıqla səslənir. Opera partiyaları: Cüzeppe Verdinin «Traviata» operasında Violetta, Pyotr Çaykovskinin "İolanta" operasında İolanta, Şarl Qunonun «Faust» operasında Marqarita, Üzeyir Hacıbəylinin «Arşın mal alan» komik operasında Gülçöhrə, Fikrət Əmirovun «Sevil» operasında Sevil və s. Azərbaycan opera səhnəsinin müasir qadın ifaçılarından İlahə Əfəndiyevanın, Fəridə Məmmədovanın, Gülnaz İsmayılovanın, Natəvan İsmayılovanın, İnarə Babayevanın səsləri lirik sopranodur.

Lirik-dramatik soprano çoxhəcmli, ifadəli, zəngin çalarlı və qulağayatımlı səsdir. Opera partiyaları: «Yevgeni Onegin»də Tatyana, «Norma» operasında Norma, «Aida» operasında Aida və s.
Mariya Kallass, Firəngiz Əhmədova, Fatma Muxtarova həmin səsin parlaq nümayəndələri olmuşlar.

Müasir ifaçılardan Qərinə Kərimovanın geniş diapazonlu, güclü, həcmli və gözəl tembrli səsi çox dəyərli sayılan dramatik sopranodur. O, C.Verdinin «Aida», Üzeyir Hacıbəylinin «Koroğlu», Puççininin "Çio-Çio-san", Fikrət Əmirovun «Sevil» operalarında baş qadın rollarının öhdəsindən bacarıqla gəlir.



Metso-soprano soprano və kontralto səslər arasında orta mövqe tutur. Unudulmaz Zəhra Rəhimovanın səsi böyük diapazonlu metso-soprano idi. Üzeyir bəy Hacıbəylinin tamamlanmamış «Firuzə» operasından Firuzənin ariyasını Zəhra Rəhimova kimi böyük şövqlə oxuyan olmamışdır. Respublikanın əməkdar artisti Fidan Hacıyevanın dolğun metso-soprano səsi çox sirayətedicidir. Səs tembrinin səciyyəviliyi Fidanı dərhal tanıdır. O, Corc Bizenin «Karmen» operasında Karmen, Cüzeppe Verdinin «Trubadur» operasında qaraçı qadın Azuçena, «Aida» operasında fironun qızı Amneris partiyalarını səsinin əsrarəngizliyi ilə uğurla yaradır. Azərbaycan opera teatrının gənc solisti Səbinə Əsədovanın metso-soprano səsi də öz qaltanlığı və məxməriliyi ilə dinləyicini məftun qoyur.

Koloratur metso-soprano çox nadir səsdir. Bu səsə gözlənilməz çevik gedişlər etmək xas olduğu üçün ifaçının çox mürəkkəb passaclar, fiorituralar (avropasayağı zəngulələr) və ruladalar (melodiyada mahiranə gedişlər) nümayiş etdirməsinə imkan verir. İtalyan müğənnisi Seçilia Bartoli bu səsinin sayəsində dünyada məşhurdur. O, Motsartın «Don Juan», Rossininin «Sevilya bərbəri» və Donisettinin «Məhəbbət şərbəti» operalarında koloratur soprano üçün yazılmış partiyaları müvəffəqiyyətlə ifa edir.

Kontralto ən aşağı məxməri tembrli ürəyəyatımlı köks səsidir. Azərbaycan opera səhnəsində kontralto tembrli səs yoxdur.

Tenorlar da lirik, lirik-dramatik, dramatik tenor səslərə ayrılır.
Lirik tenor çox mülayim tembrli və geniş diapazonlu çevik səsdir. Azərbaycan opera teatrı səhnəsində vaxtilə ən tanınmış lirik tenor Hüseynağa Hacıbababəyov olmuşdur. Onun ifasında Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah İsmayıl tamaşaçıların yüksək istəyini qazanmışdı. Hüseynağa Hacıbababəyov tamaşa zamanı oxunan muğam parçalarının mahir ifaçısi sayılırdı. Sonralar Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil almış H.Hacıbababəyov bir vokalçı kimi Rossininin «Sevilya bərbəri» operasında qraf Almavivanın partiyasını müvəffəqiyyətlə oxumuşdu. O, Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» komik operasında tacir Əskər obrazının mahir yaradıcısı idi. Sonrakı dövrdə Rauf Atakişiyev bir lirik tenor kimi parlamışdı. Onun «Sevilya bərbəri»ndəki qraf Almaviva, Fikrət Əmirovun «Sevil» operasında Balaş, italyan bəstəkarı Qaetano Donisettinin «Məhəbbət şərbəti» operasında Nemorino, P.Çaykovskinin «Yevgeni Onegin» operasında Lenski, Şarl Qunonun «Faust» operasında Faust, Süleyman Ələsgərovun «Bahadur və Sona» operasında Bahadur partiyaları ifaçılıq zirvəsi sayıla bilər.

Böyük sənətkar Rəşid Behbudovun da səsi lirik tenor idi. Dünya estradasının kumiri sayılan bu unudulmaz sənətçi Fikrət Əmirovun «Sevil» operasında Balaş partiyasının bənzərsiz ifaçısı kimi xatirələrdə silinməz izlər qoymuşdur.

Azər Zeynalovun da səsi lirik tenor xarakterli səsdir. Azərbaycan bəstəkarlarının mahnılarının, neopalitan mahnılarının, ən başlıcası isə Azərbaycan xalq mahnılarının mahir ifaçısı kimi sevilən Azər Zeynalov opera solisti kimi də cazibədardır. Onun ifasında Fikrət Əmirovun «Sevil» operasında Balaş, Cüzeppe Verdinin «Traviata» operasında Alfred, Rujero Leonkavallonun «Məzhəkəçilər» (Opera Teatrımızın afişalarında səhv olaraq «Payatsı» yazılır) operasında Kanio, Üzeyir bəy Hacıbəylinin «Arşın mal alan» komik operasında tacir Əskər və «Məşədi İbad» operettasında Məşədi İbad bənzərsizliyi ilə seçilir.

Həsən Enami də lirik tenor xarakterli səsi ilə F.Əmirovun «Sevil» operasında Balaş, Cüzeppe Verdinin «Riqoletto» operasında Mantuyalı hersoq partiyalarının öhdəsindən layiqincə gəlir.

Azərbaycan opera teatrının solisti Samir Cəfərov da oxumaq texnikasını Qalina Vişnevskayadan, Xose Krrerasdan mənimsəmiş istedadlı və geniş səs imkanlı lirik tenordur. O, «Koroğlu» operasında Koroğlunun, «Traviata» operasında Alfredin partiyalarının öhdəsindən layiqincə gəlir.

Lirik-dramatik tenor geniş diapazonlu çox qalın səsdir. Bülbül Məmmədovun səsi lirik-dramatik tenor idi. Üzeyir bəy Hacıbəyli «Koroğlu» operasında Koroğlu partiyasını Bülbülün səsi üçün yazmışdı. Bülbül Əfrasiyab Bədəlbəylinin «Nizami» operasında Nizaminin vokal baxımından çox çətin partiyasını öz səsinin çevikliyi, zilliyi və oynaqlığı sayəsində hədsiz dərəcədə gözəl oxuyurdu. Bübüldən sonra heç bir opera müğənnisi bu partiyanı oxumağa cürət etməmişdi. Dünyanın opera səhnələrində Alfred («Traviata»), Hersoq («Riqoletto») partiyalarını məhz lirik-dramatik tenorlar ifa edirlər.

Dramatik tenor çoxhəcmli, qaltanlı, metal cingiltili, təbiəti etibarilə çox güclü səsdir. Azərbaycan opera səhnəsinin milli ifaçıları arasında bu səsə malik müğənni Yaqub Rzayev olub. Onun ifasında Koroğlunun, Balaşın, Xozenin ariyaları çox təsirləndirici alınırdı.

opera

Sivil dünya ölkələrinin opera səhnələrində Germanın («Qaratoxmaq qadın»), Manrikonun («Trubadur»), Turidunun («Kənd şərəfi»), Kalafın («Turandot») partiyalarını Mario del Monako, Franko Korelli, Plaçido Dominqo kimi çox yüksək zirvəli dramatik tenorlar ifa etmişlər. Təəssüflər olsun ki, Azərbaycanın opera səhnəsində layiqli dramatik tenor yoxdur.

Bariton səslər də lirik, dramatik baritonlara ayrılır. Lirik bariton yüksək, aydın, çevik qalın səsdir. Diapazonu böyük oktavanın «lya» -birinci oktavanın «lya» notudur. Azərbaycan opera səhnəsində Məmmədtağı Bağırov, İdris Ağalarov kimi istedadlı baritonlar oxumuşlar. Hazırda operalardakı aparıcı bariton partiyalarını böyük diapazonlu səsə, oxu texnikasına malik olan Şahlar Quliyev ifa edir.

Bariton Əvəz Abdullayevin Azərbaycan opera səhnəsinə gəlişi də böyük bir uğur kimi qiymətləndirilməlidir. Onun Cüzeppe Verdinin «Riqoletto» operasında ifa etdiyi təlxək Riqoletto partiyası tamaşaçıların böyük rəğbətini qazanmışdır. Əvəz Abdullayevin irəlidə böyük nailiyyətlərə imza atacağını inamla söyləmək olar.

Dramatik bariton məxməri, həcmli, bütün diapazonda güclü səsə deyilir. Dünya səhnələrində Amonasronun («Aida»), Yaqonun («Otello») partiyalarını əsl dramatik baritonlar oxuyurlar.
Bas ən aşağı (bəm) kişi səsidir. Diapazonu böyük oktavanın «do», birinci oktavanın «re», «mi» notlarıdır. Azərbaycanlı ifaçılar arasında bas səsli sənətkar Böyükağa Mustafayev olmuşdur. O, tamaşalarda bas partiyalarını ifa edən yeganə azərbaycanlı idi. Hazırda opera səhnəmizdə tamaşaya qoyulmuş klassik və milli operalarda bas partiyalarını qeyri-adi gur səsli Əli Əsgərov ifa edir. Onu dinləyən tamaşaçılar, xüsusən də xarici qonaqlar Əlinin səsinin möhtəşəmliyindən heyrətə gəlirlər.

Azərbaycanlı dinləyicilər melodiyadan, dərin ideya məzmunundan məhrum olan operaları heç vaxt sevməmişlər. Dahi Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlarının öz doğma xalqının musiqi dilində əsərlər yazmasını, xalqla öz doğma musiqi dilində danışmasını tələb edirdi. Bunun üçün bəstəkarların xalq musiqi dilinin bütün qanunlarını düzgün öyrənmələrinin, aydın bir dildə yaza bilmələrinin vacibliyini xüsusi vurğulayırdı. Xalqın qəlbinə mənəvi qida verə bilməyən bəstəkarın bəstəkar olmadığını deyirdi. Üzeyir Hacıbəyli xalq musiqisinin əsaslarına dərindən bələd olduğuna görə bütün operalarında melodiyalara üstünlük verə bilmişdi. Azərbaycan opera yaradıcılığının haqlı olaraq zirvəsi sayılan «Koroğlu»nu dinləyən hər kəs bütünlüklə melodiyalar aləminə baş vuımuş olur. «Koroğlu»nun musiqi dilinin xalqın musiqi dili ilə doğmalığı onun ölməzliyini təmin etmişdir.

Ustad sənətkar qələminin məhsulu olan klassik operalar həmişəyaşarlıq zirvəsinə qalxmış əsərlərdir. Opera xalqın mədəni səviyyəsinin göstəricisidir. Operanı dinləmək və qavramaq bacarığı aşılanmış şəxs yüksək mədəniyyət sahibi hesab olunur.

Arif HÜSEYNOV
Azərbaycan.- 2009.- 18 oktyabr.- S. 5.
 

0 şərh