Cahangir Cahangirov

  • Musiqi
Cahangir Cahangirov Ü.Hacıbəyli ənənlərini davam etdirən görkəmli bəstəkarlarımızdandır. Onun yaradıcılığının formalaşması 40-cı illərin sonuna təsadüf edir. Zəngin xalq musiqi yaradıcılığına, milli musiqinin nailiyyətlərinə, həmçinin rus klassikasının ənənələrinə əsaslanan C.Cahangirov dünya musiqi mədəniyyətinin müsbət cəhətlərini öz yaradıcılığında ifadə etmişdir.
Çoxşaxəli yaradıcılıq irsinə malik sənətkar «Azad» operasının, külli miqdarda xor, vokal instrumental əsərlərin, kütləvi mahnıların, dram tamaşalarına musiqinin müəllifidir.
Lakin müxtəlif janrlara müraciət etməsinə baxmarayaraq, C.Cahangirov yaradıcılığının əsas sahəsini xor üçün yazılmış əsərlər, vokal simfonik musiqi və kütləvi mahnılar təşkil edir. Onun xor əsərləri milli xor mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
1921-ci ildə neftçi ailəsində anadan olan C.Cahangirov uşaqlıqdan musiqiyə, teatra böyük həvəs göstərir, dərnəklərdə iştirak edir. 1937-ci ildə musiqi texnikumuna qəbul olan bəstəkar, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi şöbəsində təhsilini davam etdirir. Eyni zamanda o, Ü.Hacıbəylinin rəhbərlik etdiyi Azərbaycan Dövlət mahnı və rəqs ansamblının xor qrupuna, sonrakı illərdə isə uzun müddət Azərbaycan televiziyası və radiosunun xor kollektivinə rəhbərlik edir. Onun ilk əsərlərinin də bu xor üçün yazılması təsadüfi deyildi. Bəstəkar öz bəstələrilə yanaşı, həm də xalq mahnılarını da xor üçün işləyirdi.
Bu dövrə məxsus olan əsərlərdən «Arazın o tayında» vokal simfonik poemasını (söz. M.Qülqünün və Ə.Tudənindir), 12 hissədən ibarət «Dostluq mahnısı» kompozisiyasını, «Azad» və «Xanəndənin taleyi» operalarının xor nömrələrini, «Füzuli», «Nəsimi», «Aşıq Alı» kantatalarını, «Sabir oratoriyası»nı, S.Ələsgərovla birlikdə yazdığı onlarca xor miniatürlərini göstərmək olar.
C.Cahangirovun «Azad» və «Xanəndənin taleyi» adlı hər iki operası onun Ü.Hacıbəyli ənənələrini bilavasitə davam etdirməsinə dəlalət edir.
«Xanəndənin taleyi» operası inqilabdan əvvəl yaşamış və o dövrdə çox məşhur olan xanəndə Seyyid Mirbabayevin acınacaqlı tale qismətindən bəhs edir.

C.Cahangirov öz yaradıcılığında iri həcmli əsərlərlə yanaşı mahnı janrında yazılmış əsərlərə mühüm yer vermişdir. Burada həm lirik səpgili mahnılara, həm müasir gənclərin gələcəyə inamını artıran, onların xoş əhval – ruhiyyəsini ifadə edən mahnılara, həm də kino ekranlarından, teatr tamaşalarından ayaq alıb xalq içərisində məşhurlaşan mahnılara rast gəlmək olar. Bu mənada «Ana», «Aylı gecələr», «Bakı», «Dan ulduzu, bir də mən», «Ay qız», «Alagöz» mahnıları, «Yenilməz batalyon» filmindən «Teymurun mahnısı», «Koroğlu» filmindən «Xanəndə qızın mahnısı», «Dəli kür» və «Bayatılar» mahnıları, Nizami Gəncəvinin yubileyi münasibətilə onun sözlərinə yazılmış «Gül camalın» romansı və xor üçün «Qəzəl» əsəri, İ.Nəsiminin 600 illik yubileyilə əlaqədar yazılmış "Ənəlhəq" mahnı – romansı,M. Füzulinin sözlərinə yazılmış «Eşitməzdim» qəzəl — romansı milli musiqi sərvətimizin ən nadir incilərindəndir.
Bəstəkarın 60 – 70-ci illərdə yazdığı əsərləri onun yaradıcılığının şah əsərləri sayıla bilər. Bu, «Məhsul», «Bahar gəlir» suitaları, «Hind gözəli» tamaşasına, «Koroğlu» filminə yazdığı musiqi, xalq çalğı alətləri üçün yazılmış «Qahirə eskizləri» əsəri, iran şairəsi Seyminin mətninə əsaslanan səs və simfonik orkestr üçün yazılmış «Ballada» əsəri, bir hissəli «Sabir» oratoriyası, «Simfonik» poema (1972), «Simfonik qravür­lər» (1977), «Təzə nişanlı» operattası və külli miqdarda digər əsərlərdir ki, bəstəkarı dinləyicilərə sevdirir və gənc bəstəkarlara örnək olmaqda davam edir.
 
Mənbə: azteatr.musigi-dunya.az
 

0 şərh