Süleyman Ələsgərov

Respublikanın Xalq Artisti S.Ələsgərov tanınmış bəstəkar, musiqi ictimai xadimi olmuşdur. Ələsgərovun zəngin yaradıcılıq irsi cox genişdir. Müxtəlif janrlara müraciət edən bəstəkarın yaradıcılıq irsinə simfonik, kamera-instrumental əsərlər, kantatalar, romanslar daxildir. Bəstəkarın musiqisinə optimizm, səmimilik xasdır. Müasir dövrün aktual məsələlərinin, insanların arzu və istəklərinin, təbiət lövhələrinin tərənnümü Ələsgərovun yaradıcılıgının əsas qayəsini təşkil edir. 1924-cü ildə Şuşada dünyaya göz açan bəstəkar ilk təhsilini də Şuşa musiqi məktəbində tar sinfində almışdır. Musiqiyə olan hədsiz həvəsi onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. Məşhur pedaqoq Zeydmanın sinfini fərqlənmə diplomu ilə bitirən Ələsgərov 1948-49-cu illərdə Bakı orta ixtisas musiqi məktəbinə rəhbərlik edir. Böyük Vətən müharibəsi illərində o,əsl vətəndaş kimi öz qələmini süngüyə çevirir və milli qəhrəmanlarımızın şücaətini tərənnüm edən H.Aslanovun xatirəsinə həsr olunmuş simfonik poemanı, «Məhəbbət gülü» musiqili komediyasını, skripka, fortepiano və violonçel üçün trionu, «Gözlə­yirəm», «Xatirə», «Gözlə məni» mahnılarını və s. əsərlərini bəstələyir.
Bəstəkarın tələbəlik illərində yazdığı violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili konsert, «Vətən» simfoniyası artıq yüksək professionallıqdan xəbər verirdi.
S.Ələsgərovun yaradıcılığında musiqili komediyalar müstəsna yer tutur. Onun «Milyonçunun dilənçi oğlu» komediyası, «Ulduz» operettası yaranan gündən dinləyicilərin böyük məhəbbətini qazanmışdır. .
S.Ələsgərov «Bahadır və Sona» adlı operanın (1962) müəllifidir.
Bəstəkarın yaradıcılığında kantata və poema janrı «Oktyabra salam», «Və­tənə eşq olsun», «Bahar təranələri», «Bir bayraq altında» kantataları, "Çingız İldırım" vokal poeması da üstünlük təşkil edir.
S.Ələsgərov xalq çalğı alətləri orkestrinin repertuarını zənginləşdirən çoxlu sayda əsərlər yazmışdır. «Sözsüz mahnılar» pyeslər məcmuəsi, iki  konsert buna misaldır. Bu konsertlər bu gün də gənc ifaçıların tədris repertuarında mühüm yer tutur.
Bəstəkar mahnı janrında yazdığı əsərlərdən əmək qəhrəmanlarına həsr etdiyi «Neftçi qız», «Xəzər neftçisi», «Pambıqçılar» mahnılarını göstərmək olar. Şərqin dahi filosof şairləri Nizami Gəncəvinin «Sərvi xuramanım mənim», Məhəmməd Füzulinin «Vətə­nim­dir», İmadəddin Nəsiminin «Neylərəm» şeirlərinə yazdığı romanslar isə bu janrın ən önəmli nümunələrindəndir.
S.Ələsgərov bəstəkar olmaqla yanaşı, həm də çox gözəl pedaqoq idi. O, 1957-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri, sonra isə Şuşa filialının direktoru vəzifəsində çalışmışdır.
Tələbələrin tədris repertuarında olan boşluğu aradan qaldırmaq üçün bəstəkar qanun və xalq çalğı alətləri orkestri üçün «Aşıqvari», «Tarantella», balaban və orkestr üçün «Xəyala dalarkən» adlı pyeslərini yazmışdır.
Bəstəkarin səmimiliyi, həddən ziyadə qayğıkeşliyi onu insanpərvərlik rəmzinə çevirmiş və onu böyük ürəyə malik şəxsiyyət kimi xatirələrə həkk etmişdir.
 
Mənbə: azteatr.musigi-dunya.az

0 şərh