Zülfüqar Hacıbəyli

  • Musiqi
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı «böyük qardaş» rolu haqda sənədlər, söhbətlər, xatiratlar çoxdur. Xüsusən də onun öz əsərləri danışır bu barədə. Professional musiqimizin banisi Üzeyir Hacıbəyli, böyük bəstəkar və dirijor Müslüm Maqomayev, əfsanəvi səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənət fədailəri sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri var.
Zülfüqar Hacıbəyli
Düşüncələri, əsərləri...
Hələ uşaqkən öz ailəsi və Şuşanın mədəni mühiti tərəfindən ona aşılanmış sənət duyğuları Zülfüqarda özünü musiqiyə həsr etmək istəyi yaratmışdı. Eşitdiyi el nəğmələri, xalq mahnıları onun özüylə bərabər böyüyür, sənət əsərlərinə çevrilirdi. Bəzən də not yaradıcılığına ara verib, düşüncələrini mətbu yazılarla bəyan edirdi. Məsələn, fərdi zövqlə ictimai-milli zövq arasındakı ziddiyyət Zülfüqar Hacıbəyli qələmində belə şərh olunurdu: «1908-ci ildən bəri — yəni «Leyli və Məcnun» adlı ilk Azərbaycan operasının meydana çıxmasından başlayaraq xalqımız ümumən Yaxın Şərq üçün yeni olan bu sənət «dilinə» də yiyələnir, tamaşalarda fəal iştirak edir. Əlbəttə, bu yeni zövqə qarşı xalqda antipatiya yaratmaq heç də yaxşı, inkişaflı gələcək vəd etmir. Bunları yazmağa məni vadar edən odur ki, ilk Azərbaycan operası səhnəyə qoyularkən Nikolay istibdadı dövründə bəslənmiş, böyümüş, tərbiyələnmiş, milli hissini unutmuş bəzi Azərbaycan ziyalıları bu cür yenilik başlanğıcına təhqiranə nəzər ilə baxmağa bünövrə qoydular...»
Dərin milli düşüncə sahibi olan Zülfüqar Hacıbəyli həmin dırnaqarası ziyalıların nihilist fikirlərindən çəkinməyərək, bir-birinin ardınca maraqlı operettalar, opera, kompozisiya və digər janrlı əsərlər yaradır. Özündən kiçik qardaşı Üzeyir bəyin «O olmasın, bu olsun», «Arşın mal alan» kimi dahiyanə operettaları ilə birgə Azərbaycan tamaşaçısı Zülfüqar bəyin «Evliykən subay», «Məşədi Xudu», «Əlli yaşında cavan» (1910) və başqa operettalarını da çox maraqla qarşılayır, alqışlayırdı. «Kənd qızı», «Əsgər nəğməsi» və s. mahnıları dövrün dillər əzbəri idi. Bu əsərlər də Azərbaycan professional bəstəkar yaradıcılığının ilk nümunələri sırasında idi.
Zülfüqar Hacıbəyli yaradıcılığının əhəmiyyəti həm də qədim Azərbaycan musiqi ənənələrinin yenilənmə, zənginləşmə və inkişafı prosesini sürətləndirməsində idi. Onun fortepiano ilə simfonik orkestr üçün yazdığı «Azərbaycan qadınının rəqsi», bəstəkar Zakir Bağırovla birgə işlədiyi «Kantata» uzun illər ictimai zövq meyarı kimi səsləndirilib.
Zülfüqar Hacıbəyovun adı ilk Azərbaycan operasından 7 il sonra — 1915-ci ildə yazdığı «Aşıq Qərib»lə mədəniyyət tariximizə gözəl bir opera müəllifi kimi də düşür. Bütün bunlar — bu təvazökar, məhsuldar, vətənpərvər bəstəkarımızın mədəniyyət aləmindəki xidmətləri, gec də olsa, qiymətləndirilir; 1943-cü ildə Əməkdar incəsənət xadimi fəxri adı, 1946-cı ildə «Şərəf» nişanı ordeni ilə təltif edilir.
 
«Bu dünyaya tezikdim, o dünyaya gecikdim...»
Dırnaq işarəsi içərisində verdiyim bu «sitatı»ı heç kəs heç bir mənbə-məxəzdə axtarmasın — tapılmayacaq. Çünki Zülfüqar Hacıbəyli bu sözləri 1949-cu ildə xəstəxanada müalicə olunarkən 19 yaşlı bir şəfqət bacısına deyib. Həmin şəfqət bacısı isə — sonralar baş həkim işləyərkən — 1989-cu ildə telemüsahibəmiz zamanı bunu mənə danışmışdı.
Zülfüqar Hacıbəyli xəstəxanada olduğu günlərdə tez-tez ona baş çəkən həmin şəfqət bacısı məşhur bəstəkarın maraqlı söhbətlərinə qulaq asar, ona əsərlərini, mahnılarını çox sevdiyini bildirərmiş. Üzeyir bəyin daha məşhur, daha populyar olmasından dolayı, bir gün də Zülfüqar bəyə belə bir sual verir: «Ay Zülfüqar əmi, rəhmətlik Üzeyir bəy Sizdən neçə yaş böyük idi ki?» Mətləbi anlayan Zülfüqar Hacıbəyli «incik» bir rola girib: «Üzeyirin nə həddi vardı ki, yaşca da məndən böyük olaydı? O məndən düz 1 il 5 ay uşaq idi». Bunu deyib hüznlü görkəm alan bəstəkar əlavə edir: «Onunla müqayisədə mən bu dünyaya tezikdim, o dünyaya gecikdim...»
Ovqat şəfası...
Bir gün o şəfqət bacısı Üzeyir bəyin keşməkeşli tale yolu haqda atasının söylədiklərini də Zülfüqar bəyə danışır. «Zəmanə qulaqları» xofundan xısın-xısın danışır. Söyləyir ki: «Zülfüqar əmi, xəbəriniz varmı ki, bir neçə dəfə repressiya qurbanlığından qurtulan Üzeyir bəyi axırıncı dəfə də Məmməd Səid Ordubadi xilas edib?» Özünü heç nədən xəbərsiz kimi göstərən Zülfüqar bəy: «Necə xilas edib?!» — deyə soruşanda şəfqət bacısı fəxarətilə deyir: «Heç nə, Ordubadi yoldaş Bağırova deyib ki, Hacıbəyovu aradan götürsəniz, onda gərək bütün teatrların qapılarından qıfıl asaq. Axı, bütün teatrlarda Hacıbəyovların əsərləri oynanılır!..»
Bu Hacıbəyovlardan biri də Zülfüqar bəy idi...
   
Müəllif:  Tahir Abbaslı

0 şərh