Zəngin mədəniyyətin bənzərsiz nümunəsi...

  • Musiqi
Azərbaycan muğamlarının yaşı bilinmir. Bilinən odur ki, azərbaycanlılar hər zaman muğam dinləməkdən zövq alıblar. «Rast”, „Şur”, “Humayun”, „Çahargah”, “Segah”, „Bayatı-Şiraz” və digər muğamlar xalq arasından çıxan xanəndələrin ifasında pərvazlanaraq könülləri fəth edib.
Muğamların aşa bilmədiyi sərhəd yoxdur...
Muğamlarımızın heyranı yalnız özümüz deyilik. Xalqımızın milli-mənəvi zənginliklərini təcəssüm etdirən muğamlarımız dilindən, dinindən, irqindən asılı olmayaraq, hər bir musiqisevər, həssas, duyğulu insanın qəlbinə yol tapa bilir. Bu səbəbdən muğamları yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, bütün dünyada sevir, bəşəriyyətin mənəvi irsinin bənzərsiz nümunələrindən hesab edirlər.
Zəngin mədəniyyətin bənzərsiz nümunəsi
Dünya mədəniyyətində onun öz yeri var. 1971-ci ildə UNESKO 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına „Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” valını da daxil edib. 1975-ci ildə isə UNESKO tərəfindən Azərbaycan muğamları „Musiqi mənbələri” seriyasında təqdim olunub.
ABŞ Milli Kosmik Agentliyi 1977-ci ildə Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini peyklə kosmosa göndərib.
2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qərar qəbul olunub. Həmin qərara əsasən, 26 avqust Beynəlxalq Azərbaycan Muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd edilir.
Muğam sənətinin inkişafına diqqət və qayğı...
Keçdiyi böyük tarixi yolda Azərbaycan muğamlarının sıxıntıları da az olmayıb. Müxtəlif dönəmlərdə muğam sənətini gözdən salmaq, xalqın yaddaşından silmək istəyənlər olub. Sovet hakimiyyəti dövründə, xüsusilə 1930-cu ildən 1970-ci ilədək muğam sənətinin bəsit, primitiv olduğunu iddia edənlər tapılıb. Ancaq milli kimliyini ifadə edən dəyərləri yaşatmaq qüdrətində olanlar muğam sənətini qorumağı bacarıblar. Çünki bu sənətə sevgi Azərbaycan xalqının ruhundadır.
Bu gün Azərbaycan muğam sənəti dünyada da, vətənimizdə də layiq olduğu qiyməti alır, dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Regionlarda da muğam mərkəzləri açılıb. Bu işlərə dəstək verən Heydər Əliyev Fondu təqdirəlayiq layihələr həyata keçirir. Fond tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr, beynəlxalq festivallar təşkil edilir. Muğamın qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə Heydər Əliyev Fondu “Muğam televiziya müsabiqəsi” keçirir. 2005-ci ildə Birinci muğam müsabiqəsi görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə təşkil olunub. Sonrakı illərdə — 2007, 2009, 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə də muğam müsabiqələri keçirilib. Müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılıb.
2008-ci ildə Heydər Əliyev Fondunun Azərbaycan muğamına həsr edilən daha bir nəşri — »Azərbaycanın muğam ensiklopediyası” (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində işıq üzü görüb.
Fond tərəfindən «Azərbaycan muğamları” layihəsi çərçivəsində „Qarabağ xanəndələri” musiqi albomu nəfis şəkildə nəşr edilib.
Muğam müsabiqələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir. Azərbaycan muğamının təbliğinə və inkişafına böyük diqqət və qayğı göstərən Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən biri olan muğam, muğam sənəti bizim milli sərvətimizdir: “Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik — bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır. Odur ki, desəm muğam gözəlliyin və məhəbbətin rəmzidir — səhv etmərəm”.
Tarixdən gələn sevgi...
Azərbaycanda muğam sənətinə sevgi, heyranlıq hər zaman olub. Muğam ifaçılarına hörmət və ehtiram göstəriblər. Texnikanın inkişaf etmədiyi, xanəndələrin möhtəşəm ifalarının lentə alınması, gələcək nəsillər üçün qorunması mümkün olmadığı dövrlərdə xalq öz böyük sənətkarlarını yaddaşlarda saxlayıb. Onların adları dildən-dilə keçib, ifa tərzləri, sənət yolları özlərindən sonra gələn xanəndələrin yaradıcılığında davam və inkişaf etdirilib.
Şöhrətlə, ən əsası isə xalqın sevgisi ilə mükafatlandırılan sənətkarlarımızdan biri də Keçəçioğlu Məhəmməddir. O, 1864-cü il iyunun 18-də Şuşada dünyaya gəlib. Atası Məşədi Xəlil tanınmış keçə ustası idi. Məhəmməd atasından keçəçilik sənətini öyrənsə də, gözəl səsi, bənzərsiz ifası onu xanəndə kimi tanıdıb. Firudin Şuşinskinin yazdığına görə, bir gün musiqişünas Xarrat Qulu keçəçi dükanının yanından keçərkən ortaboylu, qırmızıyanaq bir gəncin keçə təmizləyə-təmizləyə zümzümə etdiyini eşidib: „O, gəncin kim olduğunu öyrəndikdən sonra onu öz məktəbinə dəvət edir. Məhəmməd burada Xarrat Quludan və məşhur xanəndə Məşədi İsidən xalq musiqisini mükəmməl surətdə öyrənir. Keçəçi oğlu hələ gənc ikən Şuşanın “Şəmilin bağı”, „Çanaxqala” və “Səkili bulaq” kimi səfalı yerlərində qurulan məclislərdə oxumuşdur”.
Keçəçioğlu Məhəmməd Şuşada, „Xandəmirovun teatrında” yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə təşkil edilən teatr tamaşaları və musiqili səhnəciklərdə də iştirak edib, tamaşaçıların rəğbətini qazanıb.
Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biri kimi tanınan Keçəçioğlu Məhəmməd Bakı tamaşaçıları qarşısında ilk dəfə 1902-ci ildə çıxış edib. “Şüştər” muğamını elə böyük ustalıqla oxuyub ki, uzun müddət unudulmayıb. O günlərdə „Kaspi” qəzetində bu barədə yazılıb: “Xanəndə Məhəmməd „Şüştər” muğamını incə bir səslə və ürəkdən elə gözəl oxudu ki, dinləyicilərin məhəbbətini daha çox qazandı”. Konsertdə Füzulinin “Leyli və Məcnun” poemasından bir parça da göstərilib. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmmədin deyişmələrinin qazandığı böyük uğur mətbuat səhifəsində belə əksini tapıb: „İfaçılar kostyum geymişdilərsə də oynamır, yalnız oxuyurdular, gözəl oxuyurdular”.
Həmin konsertdən sonra Keçəçioğlu Məhəmməd Bakının mədəni həyatına maraq göstərib. 1904-cü ilin əvvəllərində o, Bakıya köçüb. Məşhur tarzənlər Məşədi Zeynal, Mərdi Canıbəyov, sonralar isə Qurban Pirimovun müşayiəti ilə oxuyub.
Klassik muğamlar, təsnif və xalq mahnıları onun repertuarında əsas yer tutub. “Nəva”, „Mahur”, “Bayatı-Qacar” muğamlarının ifası xüsusi ilə məşhur olub.
Keçəçioğlu Məhəmmədin ifasında „Heyratı”, “Rahab”, „Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi”, „Dəşti”, “Çoban bayatı”sı muğamları, „Getdi, gəlmədi”, “Gülə-gülə”, „Axşam oldu”, “Xuraman” təsnif və mahnıları vala yazılıb.
O, təkcə xanəndəlik etməyib. Pedaqoji fəaliyyətlə də məşğul olub. Keçəçioğlu Məhəmməd 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilib. Konservatoriyada Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski ilə birlikdə gənc xanəndələr yetişdirib.
Muğam sənəti böyük bir yola bənzəyir. Ancaq bu yolda hər bir sənətkar öz cığırını açır. Onlardan birini — Keçəçioğlu Məhəmmədi xatırladıq. Muğam sənəti Azərbaycanın istedadlı xanəndələrinin ifası ilə yaşayıb və inkişaf etməkdədir. Seyid Şuşinski, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, İslam Rzayev, Hacıbaba Hüseynov, Rübabə Muradova, Yavər Kələntərli, Əbülfət Əliyev, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov və başqa xanəndələr muğam sənətimizi ustad sənətkarlardan öyrənərək bənzərsiz səsləri, ifaları ilə ona yeni çalarlar əlavə ediblər.
 

Müəllif: Zöhrə FƏRƏCOVA,
Mənbə: azerbaijan-news.az
 

0 şərh