Qədim muğamın fəal təbliğatçısı

  • Musiqi
Bu gün Azərbaycan muğam sənəti özünün qızıl dövrünü yaşayır. Sənətin belə yüksək səviyyədə təbliği və inkişafinda Mehriban xanım Əliyevanın rolu danılmazdır. Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan muğamında yeni inkişaf dönəmi başlayıb. İlk olaraq «Qarabağ xanəndələri” muğam toplusunun çap edilməsi, muğam gecələrinin təşkili və təbii ki, ən böyük layihə olan Muğam Televiziya Müsabiqələrinə start verilməsi böyük işlərdir.
Qədim muğamın fəal təbliğatçısı
2005-ci ildən başlayaraq bugünə qədər 7 Muğam Televiziya Müsabiqəsi keçirilib. Bu müsabiqələr nəticəsində yüzlərlə ifaçını xalqa təqdim etmişik. Heç vaxt bu qədər gənc ifaçı muğam sənətinə gəlməmişdi. Eyni zamanda 5 Beynəlxalq Muğam Festivalı keçirilib. Dünyanın bir çox ölkələrindən ifaçılar Azərbaycana gəliblər. Ölkəmizin bu festivallara, müsabiqələrə evsahibliyi etməsi artıq ənənəyə çevrilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi, Ağcabədidə, Füzulidə Muğam mərkəzləri yaradılıb. Ağdamda tikilən Muğam Mərkəzi isə bu yaxınlarda istifadəyə verilib.
Mərkəzlər haqqında danışarkən muğam sənətimizin müasir dövrə kimi olan tədqiqatçılarını da vurğulamaq istərdik. Unudulmaz musiqişünas Firudin Şuşinski, akademik Rafael Hüseynov muğam sənətimizlə bağlı ən dəyərli tədqiqatların müəllifləri kimi musiqi tariximizə öz töhfələrini veriblər. Bu sırada müasirimiz Rafael Hüseynovla yanaşı, şair-publisist, tədqiqatçı Gülhüseyn Kazımlının adını da qeyd etmək yerinə düşərdi.
Gülhüseyn Kazımlı muğam ifaçılığımızla bağlı bir sıra kitabların müəllifidir. Hələ neçə il əvvəl Xalq artisti, xanəndə Arif Babayev haqqında povest qələmə alan publisist daha sonralar Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi olan Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablar nəşr etdirib. O, həm də görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifidir.
Bizim onunla səmimi yoldaşlığımız var. Bu yoldaşlıq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən və xalqımızın ixtiyarına verilən möhtəşəm Beynəlxalq Muğam Mərkəzindən başlayıb. O, həmin vaxtdan bu mərkəzdə bir çox layihələrin koordinatoru olaraq muğam dünyamızın unudulan adlarını tarixdə yaşatmağa çalışır. 50 ildən çoxdur ki, ədəbiyyat və mədəniyyət sahəsi ilə yaxından maraqlanan Gülhüseyn Kazımlı xanəndələrin yaxın dostudur.
Muğam ifaçılarının xatirə gecələrinin aparıcısı olan G.Kazımlı bu gecələrdə hər bir sənətkara fərdi yanaşaraq tamaşaçının gözü qarşısında onların portretlərini yaratmağa çalışır və buna nail olur. Həmin ifaçılarla bağlı tədqiqatlar aparır, lazım gələrsə, qonşu ölkələrin arxivlərinə belə baş çəkir. Onun özünəməxsus məlumatı ötürmə bacarığı var. Fasiləsiz olaraq 2-3 saat tamaşaçılarla ünsiyyətdə olmaq, sənətkar haqqında informasiya ötürmək həm istedad, həm də səmimiyyət tələb edir ki, mən bunların hər ikisini G.Kazımlıda görmüşəm. Bu bir həqiqətdir ki, tədbir boyu quru rəsmiyyət bəzən tamaşaçını yorur. Gülhüseyn Kazımlının aparıcısı olduğu tədbirlərdə isə tamaşaçılar heç vaxt yorulmurlar. İncə yumor, muğam korifeyləri haqqında heç yerdə rast gəlinməyən məlumatlar Gülhüseyn müəllimin tədbirlərinin əsas qayəsidir.
 
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü olan G.Kazımlı Moskvada İctimai Elmlər Akademiyasını bitirsə də, heç vaxt ədəbiyyat və musiqidən aralı düşməyib. O, „Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), „Mənə inan” (1983), “İnsanın dərki” (1995), „Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və „Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.
Şeirlərinə Azərbaycanın məşhur bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnmişdir. “Vətən sevgisi”, „Qadın əlləri”, “Məhəbbət”, „Əsgər yuxuları” kimi mahnılar hələ də ifaçıların repertuarından çıxmır. Təsadüfi deyil ki, G.Kazımlının sözlərinə bəstələnmiş mahnıları Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa etmişlər.
Bu günlər 70 yaşını qeyd edən Gülhüseyn Kazımlı müxtəlif illərdə məsul dövlət vəzifələrində çalışsa da, həmişə musiqiyə, ədəbiyyata bağlılığı ilə seçilib. Biz Beynəlxalq Muğam Mərkəzində dəfələrlə tədbirlərdə birgə iştirak etmişik. Həmişə də onun poeziyaya və muğama xüsusi münasibəti ilə fərqləndiyinin şahidi olmuşam.
 

Müəllif: Mənsum İBRAHİMOV, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti
Mənbə: azerbaijan-news.az

0 şərh