Min bir gecə baleti və ya min illərə sığmayan sənət dünyası

  • Musiqi
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs gətirib. Dünyaca məşhur sənətkarın irsi hər zaman diqqətdədir və tədqiq olunur.
Zəmanəmizin görkəmli bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Onun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın müxtəlif ölkələrində geniş tanınıb, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanıb.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.
Fikrət Əmirov
Onun diplom işi «Ulduz” operası olub. Sonra „Nizaminin xatirəsinə” simfoniyasını, “Şur” və „Kürd ovşarı” simfonik muğamlarını, “Sevil” operasını yazıb. 1942-1945-ci illərdə Fikrət Əmirov filarmoniya orkestrinin bədii rəhbəri və Gəncə musiqi məktəbinin direktoru, 1946-1947-ci illərdə Bakı simfonik orkestrinin rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, SSRİ Bəstəkarlar İttifaqının Azərbaycan bölməsinin katibi olub.
1958-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun III kursunu bitirərkən not müəllimim, respublikanın Xalq artisti Əliağa Quliyev mənə, işləmək istəyirsənmi, təklifini etdikdə minnətdarlıqla razı oldum. Əliağa müəllim Opera və Balet Teatrının simfonik orkestrində işləyirdi. Görkəmli tarzən Qurban Pirimovun pensiyaya çıxması ilə əlaqədar olaraq Əliağa müəllimi muğam operalarını müşayiət etmək üçün solist vəzifəsinə təyin etmişdilər. Bəhram Mənsurov da solist işləyirdi. Mən simfonik orkestrdə Əliağa müəllimi əvəz etməli oldum. Fikrət Əmirov operanın direktoru idi. Əliağa müəllimin təqdimatı ilə onun qəbuluna getdim. İş otağında məni çox səmimi qarşıladı. Ətraflı söhbətdən sonra razılığını bildirdi. Yay tətillərində qalıb, tamaşa əsərlərinin partiyalarını yaxşı-yaxşı hazırlamağımı tövsiyə etdi.
Fikrət Əmirovun bibim oğlu, tibb elmləri namizədi Əvəz Əzimovla yaxın dostluq əlaqələri vardı. Həmin ilin yayında Şuşada istirahət edərkən Fikrət Əmirov, həyat yoldaşı Aida xanım bibim oğlu ilə bizə qonaq gəlmişdilər. Tut yığıb gətirib, məcməyidə masanın üstünə qoyanda bibim oğlu dedi ki, bu da sizin işçinizdir. Fikrət müəllim dedi ki, hə, təzə işə götürmüşəm.
1967-ci ildə ailə qurarkən məlum oldu ki, Fikrət Əmirov qaynatamın dayısı oğludur. 1968-ci ildə toy mərasimində Fikrət Əmirov həyat yoldaşı Aida xanımla iştirak edirdilər. O vaxtlar şadlıq sarayları Bakıda yenicə istifadəyə verilirdi. 350 nəfərlik salon tamam dolmuşdu. Şuşadan, Ağdamdan və Gəncədən qohumlar, dostlaq dəvət olunmuşdu. O dövrün qaydasına görə muğam üçlüyü və instrumental rəqs qrupu iştirak edirdilər. Muğam üçlüyünə İslam Rzayev, Həbib Bayramov və kamançaçalan Tələt Bakıxanov, rəqs qrupuna isə məşhur klarnetçalan Ələkbər Əsgərov, qarmon və nağaraçalanlar daxil idilər. Emin Sabitoğlunun „Çay“ mahnısının dəbdə olan vaxtları idi. İslam Rzayev oxuyarkən bütün salon xorla „Çay, çay,çay“ nəqarətini tuturdu.
Toyun qızğın bir çağında Fikrət müəllim Ələkbərə „Şalaxo“ rəqsini çalmağı sifariş etdi. Ə.Əsgərov „Şalaxo“ rəqsinin ən mahir ifaçısı sayılırdı. Fikrət müəllim olduqca coşğun və gənclik ehtirası ilə çox gözəl rəqs etdi və bitirdikdən sonra səhnəyə qalxaraq Ələkbəri bağrına basdı.
Gəncədə yaşayarkən Fikrət müəllim bacısı Yaxşı xanımla rəqs dərnəyinə getmişdilər. Pionerlər sarayının ansamblında Fikrət müəllim tar çalar, Yaxşı xanım da oxuyarmış. Qardaşım Tariyel (fizika-riyaziyyat elmləri namizədi, Neft Akademiyasının dosentidir) Üzeyir Hacıbəyovun „Sənsiz“, „Sevgili canan“romans-qəzəllərini və Fikrət müəllimin „Gülərəm-gülsən“ mahnısını çox məharətlə ifa etdi və Fikrət müəllim onu yanına çağırıb, — belə gözəl səsin var, bəs niyə Konservatoriyaya getmirsən, dedi. „Bülbül yadıma düşdü“ demişdi. Onu da qeyd edim ki, bu mahnının orta hissəsi çox çətindir və zil registrə düşür. Bu səbəbdəndir ki, müğənnilərimiz bu mahnını oxumağa cürət etmirlər. Öz tonlarında oxunan bu mahnını qardaşım çox gözəl ifa etdi.
Qaynatamla birlikdə onun Hüsü Hacıyev küçəsindəki və yenicə aldığı dəniz kənarındakı evində də qonaq olmuşuq. Sumqayıtda musiqi texnikumunun açılmasının əsas səbəbkarı Fikrət Əmirov olmuşdur.
Onun həyat yolu heç də hamar olmamış və sarsıntılara məruz qalmışdır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündən sonra bir çox görkəmli sənətkarlarımıza SSRİ Xalq artisti fəxri adı verilsə də, ona qarşı haqsızlıq edilmişdi. „Sevil“ operasına görə Rəşid Behbudov və Firəngiz Əhmədova bu fəxri adı alsalar da əsərin müəllifi unudulmuşdu. Hansı ki, dekada „Sevil“ operası ilə başlayaraq çox böyük triumfla qarşılanmışdı. Yalnız 1965-ci ildə bu ədalətsizlik aradan qaldırılaraq, F.Əmirova SSRİ Xalq artisti fəxri adı verildi.
XX əsrdə Azərbaycan musiqisində üç əbədiyaşar opera əsəri meydana gəlmişdir ki, bunlardan birincisi „Leyli və Məcnun“, ikincisi „Koroğlu“, üçüncüsü isə „Sevil“ operalarıdır.
Onun müasir üslubda geyinməsi də diqqəti cəlb edirdi. Atası Məşədi Cəmilin şəkillərində onun nə qədər yüksək geyim mədəniyyətinə malik olduğu aydın nəzərə çarpır. Məşədi Cəmil məşhur tarzən, xanəndə və bəstəkar olmazdan əvvəl, doğma şəhəri Şuşada çox tanınmış bir dərzi kimi də ad çıxarmışdı. Məşədi Cəmil öz geyimlərini və həyat yoldaşı Dürdanə xanımın paltarlarını da özü tikərmiş. Məşədi Cəmil həm də tar, kamança, skripka, piano, kanon, ud və s. musiqi alətlərində çalarmış. Onun tarda ən çox solo çaldığı „Şur“ muğamı olmuşdur. F.Əmirovun ilk simfonik muğamı „Şur“la başlaması da təsadüfi olmamışdır. O, özü də „Şur“u tarda çalmağı çox sevərdi. İngiltərə səfərində tarı da özü ilə apararaq London televiziyasında çıxış etmişdir. Fikrət Əmirov canı və qanı ilə öz xalqının adət və ənənələrinə, milli köklərinə, muğamlarına, folkloruna, aşıq sənətinə olduqca bağlı bir sənətkar idi. Evdə əlində həmişə təsbeh olardı. Dünyanın müxtəlif ölkələrindən gətirdiyi suvenirlər və hədiyyələr qonaq otağına xüsusi yaraşıq verirdi. Məşhur türk bəstəkarı Adnan Sayqın, İran bəstəkarı Heşmet Səncəri və məşhur sovet drijoru Yevgeni Rojdestvenski ilə sıx dostluq əlaqələri saxlayırdı. XX əsrin dahi bəstəkarı Dimitri Şostakoviç Fikrət Əmirovun istedadına və sənətkarlığına çox yüksək qiymət vermişdir.
Geniş musiqi ictimaiyyətimiz bəlkə də bilmir ki, Fikrət Əmirov „Şeyx Sənan“ operasını da bitirmişdi, lakin tamaşaya təqdim etmirdi. Belə hesab edirdi ki, Opera Teatrının indiki səviyyəsi buna imkan vermir. Son əsəri olan „Nizami“ baletinin orkestrovkasını başa çatdırmadan vəfat etdi. Bəstəkar Musa Mirzəyev bu əsərin orkestrovkasını başa çatdırdı.
F.Əmirov Azərbaycan musiqi mədəniyyəti tarixinə Üzeyir Hacıbəyov ənənələrinin ən layiqli davamçısı, simfonik muğam janrının — Şərq simfonizminin yaradıcısı kimi daxil olmuşdur.
 
 
Mənbə: adalet.az
 

0 şərh