Muğam sənətinin bülbülü

Əsl adı Əbdülbaqi olub. Gözəl səsi, mahir ifası ona Bülbülcan adını qazandırıb. 1841-ci ildə Azərbaycanın ən gözəl yerlərindən birində — Şuşa şəhərində dünyaya gələn Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalovun da həyat yolunu “Qafqaz konservatoriyası” adlanan bu şəhərin musiqi mühiti müəyyənləşdirib. İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində alıb. Məktəbi bitirdikdən sonra tarzən Sadıqcanla birlikdə Qarabağ, Şəki, Şirvan və Gəncə məclislərində, el şənliklərində çıxış edib.
Xan qızı Natəvanın bağında qurulan məclislərdə, 1873-cü il 18 avqustda onun Şuşaya su çəkdirməsi  münasibətilə təşkil olunan şənlikdə Əbdülbaqi də iştirak edib.Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov
Bu gözəl səsli, yaraşıqlı xanəndə cavan yaşından Qafqazda və İranda bir çox məclislərdə iştirak edib. Musiqişünas Mahmud ağanın dəvətilə dəfələrlə Şamaxı şəhərinə gedərək orada təşkil olunan musiqi müsabiqələrində birincilik qazanıb.
1875-ci ilin əvvəllərində Əbdülbaqi Tiflis şəhərinə köçüb. Otuz il orada yaşayıb, fəaliyyət göstərib. Tiflisdə elə ilk dəfə böyük tarzən Sadıqcanın müşayiəti ilə çıxışı Əbdülbaqini tanıdıb, bütün Gürcüstanda məşhurlaşıb. Az vaxtda elə məşhurlaşıb ki, ona “Bülbülcan” deyiblər.
Gürcü dilini öyrənib. Azərbaycan muğamlarını həm də bu dildə ifa edib. Gürcü dilindən başqa ləzgi, kumık dillərini də bilib, bu dillərdə də mahnılar oxuyub.
O illərdə Zaqafqaziyanın mədəniyyət mərkəzi sayılan Tiflisdə xeyriyyə məqsədilə tez-tez konsertlər verilirdi. Həmin konsertlərdə yerli xanəndələrlə birlikdə məşhur rus, italyan müğənniləri və musiqiçiləri də çıxış ediblər. Bülbülcan da bu konsertlərdə oxuyub. O, tarzən Sadıq ilə birlikdə Tiflisdə yaşayan yoxsul müsəlmanların xeyrinə təşkil olunan konsertlərdə də iştirak edib.
Tiflisdə əksər yüksəksəviyyəli məclisə Bülbülcan və onun  altı nəfərdən ibarət dəstəsi dəvət olunub. Tiflisdə teatr tamaşaları fasilələrində və konsertlərdə, müxtəlif məclislərdə oxuyub.
O dövrdə çıxan gürcü və rus dilindəki qəzetlər Bülbülcan haqqında maraqlı məqalələr dərc ediblər. Tiflisdə nəşr olunan “Ziya” qəzeti belə elan verib: “Bu yaxın vaxtda füqəra və misginlərdən ötrü Tiflisdə bina olunan İran xəstəxanasının sərmayəsinə qüvvət və mənfəət vermək qəsdilə həmin ayın 8-də Tiflisin teatr imarətində ibrətnüma və fərəh-əfza, növbənöv görməli və eşitməli tamaşalar olacaqdır. Avropa və Şərq nəğmələrində xoşavaz xanəndələr vasitəsilə muğamat musiqi icra olunacaqdır və Tiflis əhlinin dildadəsi olan xanəndə və sazəndələrdən Əbdülbaqi və Sadıq dəxi hazır olacaqdır. Əvvəliminci dəfədir ki, Tiflis və İran müsəlmanları bu gün (bunun kimi) baisi-fəxr (fəxr eləməli) və tərəqqi olan payəyə (pilləyə) qədəm qoyacaqlar”.
“Qafqaz” qəzetində yazmışdı: “Bu gün 22 iyun 1886-cı ildə Arsurini teatrının binasında həvəskarlar tərəfindən tatar dilində M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası oynanılacaq. Tamaşanın fasilələrində Əbdülbaqinin sazəndə dəstəsi çalacaqdır”.
1888-ci ildə III Aleksandrın Qafqaz səfəri zamanı Tiflisin Müctəhid bağında şərəfinə qurulan məclisdə Bülbülcan da çıxış edib. Xanəndənin ifasından vəcdə gələn III Aleksandr çar canişininə tapşırıb ki, xanəndənin at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verilsin. 
1904-cü ildə I Nikolayın qardaşı Knyaz Mixail Romanov Tiflisə səfər edib. “Edem” bağında təşkil olunan ziyafətdə Bülbülcanın gözəl ifasından heyrətlənən knyaz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxarıb xanəndənin barmağına taxıb.
Müzəffərəddin şah 1900-cü ilin mayında Avropaya  səfər edərkən bir neçə gün Tiflisdə qonaq olub. Şahın şərəfinə saray bağında təşkil edilən böyük məclisdə çıxış edən adlı-sanlı xanəndələrdən biri də Əbdülbaği olub. Onun ifasına heyran qalan  Müzəffərəddin şah Bülbülcanı “Şiri-xurşid” ordeni ilə təltif edib.
1905-ci ildə Bülbülcan Şuşaya dönüb. Yetim qalan qardaşı uşaqları Əli və Qəmbəri  böyüdüb.
1920-ci ildə o, Bakıya köçüb. Dahi  Üzeyir bəy Hacıbəyli Bülbülcanı muğam ustası kimi dərs verməyə dəvət edib. O, qısa müddət “Şərq musiqisi kursları”nda (“Şərq konservatoriyası”), 1923-cü ildən isə Azərbaycan Dövlət Türk Misiqi Məktəbində muğamatdan dərs deyib. Qocaman xanəndə müğənnilik fəaliyyətini davam etdirməklə yanaşı, gənc xanəndələr yetişdirib.
İfası, sənətkarlıq məharəti ilə çoxlarına örnək olub. Ondan sənət öyrəniblər. Bülbülcanın yaradıcılığı Cabbar Qaryağdı oğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Vahab bəy, Molla Abbas, Seyid Şuşinski kimi istedadlı xanəndələrə təsir göstərib. Cabbar Qaryağdı oğlu zəngulə vurmağı Bülbülcandan öyrəndiyini söyləyib.
Bülbülcan tarzən Qurban Pirimovla birlikdə 1921-ci ildə Azərbaycan artistlərinin bir qrup təşviqat briqadası ilə respublikanın rayonlarına göndərilib.
Yetmiş illik xanəndəlik fəaliyyətinə və Azərbaycan musiqisinin inkişafı tarixindəki xidmətlərinə görə sənətkar Əmək qəhrəmanı adına layiq görülüb.
Məşhur musiqişünaslar ustad xanəndə Bülbülcanın barəsində xoş sözlər yazıblar. Üzeyir bəy Hacıbəyli məqalələrinin birində Qafqaz millətləri arasında tanınmış və beynəlmiləl truppa düzəltmiş musiqiçilərdən bəhs edərkən onun da adını çəkib: “Tarzən Sadıqların, xanəndə Əbdülbaqilərin adları və sədaları Qafqazın hər bir yerində məşhur olub beynəlmiləl bir mahiyyətdə ad qazanmışlar”.
Cabbar Qaryağdı oğlu “Keçmiş Azərbaycan musiqisi” adlı xatirələrində yazıb: “Xarrat Qulunun şagirdi, bütün Qafqazda məşhur olan xanəndələrdən Əbdülbaqi Zülalov “Zabul” dəstgahını çox təmtəraqla oxuyardı. “Hasar”a keçəndə elə bir səda ilə oxuyardı ki, heç bir kəs bunu bacarmazdı. Çünki “hasar” zəngulə istəyən nəğmədir, Əbdülbaqi isə gözəl zənguləli səsə malik olduğundan bu muğamı layiqincə ifa edərdi”.
Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Əbdülbaqi Zülalov (Bülbülcan) 1927-ci ilin avqustunda Bakıda səksən altı yaşında dünyasını dəyişib.
Bənzərsiz səsi, heyranedici ifası ilə Azərbaycan musiqi sənətinə uzun illər xidmət etmiş, dərindən, bütün incəliklərini bildiyi muğamlarımızı çoxlarına öyrətmiş Bülbülcanın sənət yolu varislərinin yaradıcılığı ilə davam edib. Davamçıları sırasında böyük sənətkarın qızı, nəvəsi və qardaşı uşaqları da olub.

 
Müəllif: Zöhrə FƏRƏCOVA
Mənbə: “Azərbaycan”
 

0 şərh