Homoseksual kralın aşiq olduğu bəstəkar

Alman opera bəstəkarı, musiqi nəzəriyyəçisi və yazıçısı, teatr direktoru Riçard Vagner… O, inkişaf etdirdiyi birləşmiş sənət əsəri anlayışı “Gesamtkunstverk” ilə musiqi dünyasına təsir etməyi bacardı. Həm musiqi və dram mövzusundakı yenilikləri, həm də yəhudi əleyhinə olan fikirlərinə görə, XX əsrin ən çox müzakirə olunan musiqiçisidir.
Riçard Vagner
22 may 1813-cü ildə Almaniyanın Leipzig şəhərində doğulan Vagner polis məmuru Fredrik Vilhelm və İohanna Vagnerin 9 uşağından ən kiçiyidir. Hələ 6 aylıq olarkən atasını itirən Vagnerin anası 9 ay sonra ailə dostu olan rəssam, rejissor və yazıçı Lüdviq Geyer ilə evləndi. Onlar evləndikdən sonra ailə Drezdenə köçdü.
Vagner kiçik yaşlarından teatra maraq duymağa başlayır. Digər qardaşları da sənət olaraq aktyorluq və müğənniliyi seçmişdi. Onun ilk yaradıcılıq işi 15 yaşında yazdığı «Leubald and Adelaide» adlı opera mətni olur. Veberin bir operasını və Bethovenin bir simfoniyasını dinlədikdən sonra isə musiqiyə bağlılığı üzə çıxır. Leipzig Universitetində oxuyan Vagner eyni zamanda sinaqoqda xor şefindən musiqi dərsi alır.
1832-ci ildə ilk əsəri «Do Major Senfoni»ni bəstələdikdən sonra əsər Leipzig və Praqada səsləndirildi və bəyənildi.
1833-cü ildən etibarən müxtəlif teatr qruplarında orkestr şefi olaraq çalışdı. 1834-cü ildə «Die Feen” (“Pərilər») operasının musiqisini və mətnini yazsa da, bu əsər onun həyatda olduğu müddətdə heç vaxt səsləndirilmədi. Şekspirin “Qisasa qisas” oyunundan hazırladığı «Das Liebesverbot»(“Qadağan olunmuş sevgi”) adlı ikinci operası isə 1836-cı ildə Maqdeburqda səhnəyə qoyulub.
1836-cı ildə müğənni Minna Planer ilə ailə həyatı qurur. O, həyat yoldaşını evliliyə razı salmaq üçün iki il əziyyət çəkir. Bu evlilik qısa müddət sonra Vagnerin xəyanəti ilə üzləşsə də, 1866-cı ilə qədər formal olaraq davam edir. Evləndiyi il Konigsberg Teatrında musiqi direktoru olsa da qısa müddət sonra oradan ayrılıb Riqada eyni vəzifədə çalışır. Burada “Rienzi” operasını bəstələməyə başlayır.
1839-cu ildə borclu olduğu adamlardan qaçmaq üçün Londona gedir. Bir müddət Londonda yaşayan bəstəkar Parisdə daha yaxşı olacağını düşünərək ora gedir. Bu müddətdə o bir çox sənətkarlarla tanış olur. Yoxsulluq içində keçən Paris günlərində “Rienzi”ni tamamlayır və “Uçan hollandiyalı” operasını yazmağa başlayır.
1842-ci ildə Drezden Teatrı “Rienzi”ni səhnələşdirmək qərarını verdikdən sonra Parisdən ayrılaraq həmin şəhərə gedir. Əsər 6 saat davam edən çox uzun opera olmağına baxmayaraq, tamaşaçıların ürəyində yer tutmağı bacardı. Beləcə “Rienzi” operası Vagnerin Almaniyada adını tanıdan ilk əsər olur.
1843-cü ildə “Uçan hollandiyalı” da həmin şəhərdə səhnələşdirilir. Bundan sonra Vagner Drezdendəki krallıq orkestrində dirijorluğa başlayır. Bəstəkarın romantik operası “Tannhauser” 1845-ci ildə Drezdendə səhnəyə qoyulur. Amma ənənəvi formalardan çox fərqləndiyi üçün tənqid edildi.
Vagnerin inqilabi-siyasi fəaliyyətə görə İsveçrəyə sürgün olunmasından sonra karyerasında yeni dövr başlayır.
 
Sürgünlük həyatı 1862-ci ilədək davam edən Vagner İsveçrədə “Der Ring der Nibelungen” (“Nibelungen Üzüyü”) operasını yazır. Bu əsər 4 ayrı operadan ibarətdir.
Bəstəkar ipək taciri Otto Vesendok və həyat yoldaşı Mathilda ilə tanış olur. Otto Vesendok Zürix yaxınlığındakı villanın bağçasında kiçik evi Vagnerlə həyat yoldaşı Minnaya kirayəyə verir. Amma o, bununla Vagnerlə həyat yoldaşı Mathilda arasında sevgi münasibətinin yaranmasına kömək etmiş olduğunun fərqində deyildi. Bu sevgi Vagnerə yeni əsərlər yaratmaq üçün ilham verirdi. Bunun nəticəsində Vagner operalarının ən uzunu və çətini olan “Tristan və İsolde”ni (1857-1859) yazır. Əsər 1865-ci ildə Münixdə Bavyera kralının hüzurunda səhnəyə qoyulur.
Vagner taxta yeni çıxan Bavyera kralı II Lüdviq tərəfindən dəvət edilən kimi o, Almaniyaya gedir. Kralın dəstəyi ilə maddi sıxıntılardan xilas olandan sonra yeganə komik operası olan «Die meistersinger von Nürnberg»i (“Nürnbergin məşhur müğənniləri”) bəstələyir və əsər Münixdə səhnəyə qoyulur. Bavyera parlamenti isə ölkənin pulunun bəstəkara sərf edilməsini tənqid edirdi. Bir yandan da onun Franz Lisztin evli qızı Kosima ilə yaşadığı sevgi macəraları müzakirə olunurdu.
1866-cı ildə həyat yoldaşından ayrılan Vagner bir il sonra Lizstin qızı Kosima ilə evləndiyi zaman cütlüyün iki uşağı var idi. O, orkestr əsəri olan «Siegfried İdyll»i Kosima üçün bəstələyib.
1869-1870-ci illərdə üzük operalarından ikisi Lizst tərəfindən səhnəyə qoyuldu. Bu müddətdə əsərin bütövlükdə səhnələşdirilməsi üçün opera binası axtarılırdı. Ümidsizliyə qapıldığı anda kral II Lüdviq ona dəstək verir. Deyilənlərə görə, homoseksual olan kral Vagnerə və onun musiqisinə duyduğu böyük sevgini sübut etmək üçün opera binasının qurulmasına kömək etməyi təklif edir. Kralın sevgisindən xəbərdar olan Vagner köməyi qəbul edir. Opera binası 1874-cü ildə Bayreutda birləşmiş sənət əsəri (musiqi, şeir, vizual sənətlər, rəqs kimi bütün sənətlərin operada birləşdirilməsi) anlayışına uyğun olaraq inşa edildi. Opera binası inşa olunan zaman Vagner layihənin rəsmlərinə kömək edir.
1876-cı ildə ilk sənət festivalında ümumilikdə 18 saat davam edən “Nibelungen üzüyü” əsəri səhnələşdirilir.
1877-ci ildə “Parsifal” operasını yazmağa başlayan Vagner, «saf irq» mövzusundakı polemika yaradan yazılarının nəşrinə davam edir. “Parsifal” əsəri 1882-ci ildə Bayreutda səhnəyə qoyuldu.
Çox istifadə edilən bir aforizm var: "İtalyanlar musiqidən eşqdə istifadə edir, fransızlar cəmiyyətdə, almanlar isə elmdə". Vagner bu ifadəni belə dəyişib: “İtalyanlar müğənnidir, fransızlar virtuoz, almanlar isə bəstəkar!"
Vagner 1883-cü il, 13 fevralda 69 yaşında Venesiyada ürək tutmasından vəfat edib. O, Bayreutdakı villasının bağçasında öz adına hazırladığı məzarda dəfn edilib.
Həyatı boyu sərt və eqoist olan Vagner xarakteri ilə hamını özündən uzaqlaşdırırdı. Vagner alman filosofu, şair və bəstəkarı Fridrix Nitsşe ilə yaxın dost, sonralar isə düşmən olub. Nitsşe bir zamanlar Vagnerin həm özünə, həm sənətinə heyran idi. Sonralar isə Nitsşenin Vagnerin həyat yoldaşı Kosimaya aşiq olması ilə bu heyranlıq sona çatdı. Heç kim Nitsşenin gözündə Vagner kimi yüksəlib və onun kimi alçalmayıb.
Vagner tarixdə gözəl əsərlər yaradan pis xarakterli biri kimi qalıb. O, həyatı boyunca yalnız özünü düşünən, xoş münasibətdə olan insanlardan yalnız öz xeyri üçün istifadə etməyə çalışan xudbin insan kimi xarakterizə olunur.
 
 
Mənbə: kulis.az
 

0 şərh