İgid əsgər, möhkəm dayan

  • Musiqi
Deyirlər, əsl mahnıların zamanı  olmur, o doğulur və yaşayır. Aid olduğu xalqın ruhuna hopub dilinin əzbərinə çevrilir. İlk  səngər mahnımız “İgid əsgər möhkəm dayan” qələbəyə səsləyişin himni, zəfər inamlı misralardı. Bu ölümsüz nəğmə vətənimizin ən dar zamanlarında döyüşə yolladığı əsgərinə ünvanladığı ana nəsihəti, ata öyüdüdür. Azadlığın şərbətin  içmiş vətən oğlu bu sözlərdən, sətirlərdən  qüvvət aldı. Xalqımız yumruq olub bu mahnının sözlərini təkrarladı: “İgid əsgər, möhkəm dayan”.
Zəfər musiqiləri
Ya azad ol, ya candan keç…

Azərbaycanın Milli Qəhrəmanı, Naxçıvan torpağının yetişdirdiyi cəsur döyüşçü Yusif Mirzəyevə ithaf olunan “İgid əsgər, möhkəm dayan” müstəqilliyimizlə yaşıddır, 26 ildir ki, yol gəlir.
“İgid əsgər, möhkəm dayan” hərbi himndir. Müstəqillik tariximizdə barıt qoxan, qələbəyə səsləyən mahnıların bünövrə daşıdır. Mənəvi qidadır, bir çağırışdır, səfərbərlikdir. Bir anddır, vətənə onun bütövlüyünə and içmiş  vətən oğlunun bu yoldakı haqlı mübarizəsidir… Və “İgid əsgər, möhkəm dayan” Yusif Mirzəyevdir… Vətəni canı-qanı bahasına qorumağın kitabıdır.

Azadlığın şərbətin iç…

Gəncliyi Qarabağ müharibəsi illərinə təsadüf etmiş insanların hamısı bu mahnıdan heç olmasa bircə bəndi xatırlayıb zümzümə edir. Çünki, bu o illərin mahnısıdır – vətən oğlunun səngərdə sinəsini sipər edib, tarix yaratdığı illərin unudulmayan nəğməsidir.
Milli qəhrəman Yusif Mirzəyevə ithaf olunmuş bu nəğmə üç insanın, qələbə inamından, azadlıq yanğısından yaranıb. Yusif Mirzəyev, bəstəkar Şahin Musaoğlu və ilk ifaçısı diktor Şəmistan Əlizamanlı…
Bəstəkar Şahin Musaoğlu mahnının sözlərini Azərbaycanın birinci batalyonunun Şəhidlər xiyabanında and içib cəbhəyə üz tutmasından sonra qələmə alıb. Elə özü də həkim kimi cəbhəyə üz tutub və Yusif Mirzəyevlə tanışlığı da burda başlayıb. Daha sonra hər iki vətən oğlunun yolu xəstəxanada kəsişir.
1992-ci ilin sonuna yaxın Yusif  xəstələnir. Onu Bakıya xəstəxanaya göndərirlər. Burda isə həkim-bəstəkar Şahin Musaoğlu söhbət əsnasında belə bir şeirin olduğunu və o şeirə mahnı yazmağa başladığını deyir. Kiçik bir zümzümədə milli qəhrəman hələ natamam olan mahnını çox bəyənir. Və elə o vaxt onunla eyni xəstəxanada yatan hərbi diktor Şəmistan Əlizamanlı bəstəni Yusifin çox bəyəndiyi üçün söz verir ki, bu mahnı hazır olan kimi  onun  üçün oxuyacaq.

Getsəm, can əldən gedər, qalsam vətən.

1992-ci ilin dekabr ayının sonu. Yusif həkimlərin təkidinə baxmayaraq yenidən cəbhəyə üz tutur. Deyir ki, bayramda uşaqları-əsgərləri tək qoymaq istəmirəm. İndi onların mənə  daha çox ehtiyacı  var.

Sonuncu gediş…

Cəbhədən gələn zabitlər deyirlər ki, Yusif bu mahnını cəbhədə əsgərlərinə öyrədirmiş. Arada mahnı bəstəkarını tələsdirirmiş ki, tez yazıb göndərin, əsgərlərə oxudacam.

Gecikmiş mahnı….

Yusif Mirzəyevə ithaf olunan “İgid əsgər, möhkəm dayan” isə milli qəhrəmanın ölümündən sonra ərsəyə gəldi.  
1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olur.
Hələ sağlığında döyüşdə şücaətinə görə, sənədləri Milli Qəhrəman adı üçün təqdim edilən Yusif ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü. Yas mərasiminin 40-cı günü Azərbaycan Televiziyasının efirində isə Yusif Mirzəyevə həsr edilmiş filmin sonunda bu mahnı səslənir.
Əqidə və döyüş yoldaşları cəbhə yoldaşlarına verdikləri sözü tutdular. Mahnı ərsəyə gəldi. Minlərlə  məktəbliyə, kursanta, əsgərə öyrədildi.  Azərbaycan əsgəri bu mahnıdan güc aldı, bu mahnıya  söykəndi.
Yusifdən yadigar qalan bu nəsihət-şeir özündən sonra onlarla vətənpərvər mahnıların yazılmasına səbəb oldu. Hansı ali, ülvi hisslərlə yazılmışdısa, elə də oxunur. Nə zaman oxunsa gözümüzün qarşısına Yusifin timsalında Qarabağda döyüşən oğullar gəlir:

Şəhid qanı axan torpaq,
Yad ayaqda olmaz tapdaq,
Düşmənlərin qan qusacaq,
İgid əsgər, möhkəm dayan!
 
 
 
Müəllif: Fizzə Bağırova
Mənbə:edebiyyat.az

0 şərh