Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsi

  • Musiqi

1937-ci il 30 aprel. O gün Azərbaycan mədəniyyət tarixinə düşən günlərdən biri idi. Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin «Koroğlu» operasının premyerası keçirilirdi. Sanki səhnəni, salonu ağuşuna almış musiqi sədaları qəlbləri riqqətə gətirirdi. Tamaşaçılar ovsunlanmışdı. Səhnədə xalqın haqsızlığa qarşı qəhrəmanlıq mübarizəsi canlandırılırdı.

Üzeyir bəy Hacıbəyli yaradıcılığının zirvəsi

Operanın baş qəhrəmanı nərə çəkir, Misri qılıncını havada oynadaraq xalqı soyub talayanlara qarşı döyüşə atılır. Koroğlu el qəhrəmanıdır. O, at belində qəhrəmancasına döyüşür. Tamaşaçı Koroğlunu həm zalım xanlara qarşı mübarizə aparan igid, həm də Nigara məhəbbətini sazı ilə dilə gətirən:

Sevdim səni mən, ey Nigarım,

Rəna gözəlim, şən baharım,

— deyə oxuyan aşıq və aşiq kimi görürlər.

Azərbaycan xalq ədəbiyyatını, musiqisini dərindən bilən, aşıq sənətimizin, muğamlarımızın incəliklərinə bələd olan Üzeyir bəy Hacıbəyli əsəri barədə yazıb: «Koroğlu» operasında, bilavasitə, xalq yaradıcılığından götürülmüş əsl xalq melodiyaları yoxdur. Mən xalqdan hazır nəğmələr almamışam, yalnız xalq yaradıcılığının əsaslarını öyrənmişəm. Operadakı ariya, duet, reçitativ ansamblları Azərbaycan musiqi ladlarında, milli musiqi folkloru əsasında qurmuşam. Koroğlunu aşıqlar tərənnüm etmiş və ona görə də operada üstün gələn stil asıq stilidir".

Koroğlunun sevgilisi Nigar vəfalı, qətiyyətli və qorxmazdır. O, xalqı istismar edən zülmkarlara qarşı mübarizədə Koroğlunun yanındadır. Operanın əsas qəhrəmanı olan xalq da haqsızlığa uğraması, məzlum vəziyyətə düşməsi ilə barışmır, öz etiraz səsini ucaldır...

Üzeyir bəy Hacıbəyli bu əsərədək 6 opera — «Leyli və Məcnun», "Şeyx Sənan", «Rüstəm və Söhrab», "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm", «Harun və Leyla», 3 musiqili komediya — "Ər və arvad", «O olmasın, bu olsun», «Arşın mal alan», xalq calğı alətləri orkestri üçün 2 fantaziya, xalq mahnı işləmələri, mahnılar, kantatalar yazmışdır. Hələ ilk opera və operettalarında Azərbaycan xalq musiqisinin janrlarından — muğam, mahnı, rəqs, aşıq sənətindən bəhrələnmişdir. Həmin əsərlərdə qazandığı təcrübələri, uğurları Üzeyir bəy «Koroğlu» operasında davam və inkişaf etdirib. Bu əsəri yazmaq barədə o, uzun illər düşünüb. «Koroğlu» operasının libretto müəllifi Məmməd Səid Ordubadi xatirələrində yazıb: «Bir gün Üzeyir bəy mənim yanıma gəldi. Nədənsə o, çox tərəddüdlü görünürdü. Nəhayət, qəlbini açıb dedi:

— »Koroğlu" dastanı əsasında bir opera yazmaq xəyalındayam. Sən bilirsən ki, Koroğlunun qəhrəmanlıq siması müxtəlif variantlar içərisində itib getmişdir. Koroğlu kimi səbatlı bir üsyançını Orta əsrlərə məxsus bir çapqın və eşqbaz kimi qələmə verirlər. Buna görə də biz Koroğlu epoxasının siyasi və ictimai mündəricəsini yazdığımız operada aydınlaşdırmalıyıq. Xalqımız Koroğlunun möhkəm bir qəhrəman olduğunu, öz əsrinin məşhur üsyan təşkilatçısı kimi feodallara qarşı mübarizə apardığını səhnədə görməlidir.

Üzeyir bu sözlərdən sonra mənə bir daha müraciət etdi:

— Demək ki, biz bunu qərara alırıq! — dedikdə, mən də əlimdəki çay stəkanını yerə qoyub: — Bəli, qərarlaşdıq, — deyə cavab verdim".

Beş pərdəlik «Koroğlu» operasının libretto müəllifləri Heydər İsmayılov və Məmməd Səid Ordubadidir. Librettonun yazılmasında Üzeyir bəy də fəal iştirak edib. Üzeyir bəy Hacıbəyli «Koroğlu» operasını yazmağa 1932-ci ildə başlayıb. Müəllif «Koroğlu» operası haqqında" məqaləsində bu əsəri yazmamışdan 20 il əvvəl xalq musiqisinin əsaslarını və köklərini öyrənməyə başladığını diqqətə çatdırıb: «Bu sahədə hazırladığım bir çox məruzələr ətrafında musiqi həvəskarlarının mübahisə və müzakirələrini izləyirdim. Bu yol ilə el musiqisini nə qədər dərindən öyrəndiyimi sınayırdım, digər tərəfdən, bəstəkara məxsus sənətkarlıq texnikasındakı hiss etdiyim nöqsanların ləğvinə çalışırdım. Opera yazmaq sənətinin hər bir cəhətini ətraflı öyrənirdim. Bütün bunların yekununda 1932-ci ildə „Koroğlu“ operasını yazmaq üçün özümdə hazırlıq hiss edərək cəsarətlə işə başladım. Burada qarşımda duran əsas məqsəd yazacağım operanın Azərbaycan xalqının, eyni zamanda bütün digər xalqların asanlıqla dərk edə biləcəyi bir əsər alınması idi. Başqa operalarda olduğu kimi, „Koroğlu“da da opera elementlərinin — ariyaların, duetlərin, trioların və başqa leytmotivlərin olması tələb olunurdu. Bu qaydalar formasını da Azərbaycan muğamları üzərində qurmaq lazım gəlirdi».

Öz fəaliyyətinə, yaradıcılığına hər zaman tələbkarlıqla yanaşan Üzeyir bəy yeni opera üzərində də böyük səylə, əzmlə çalışıb. Əfrasiyab Bədəlbəyli xatirələrində yazıb: "Ü.Hacıbəyov əsər üzərində dörd il çalışmışdır. Lakin əsərin bəzi musiqi parçalarının melodikasının müəllifin zehnində çox-çox əvvəllərdən nəqş bağladığı da məlumdur. Böyük bəstəkar əsərinin hər səhifəsini, hər parçasını dönə-dönə cilalayır, lazım gəldiyi halda tamamilə yenidən bəstələyirdi. Burada həm mətn, həm də musiqi büsbütün yeni şəkildə, yeni biçimdə yaradılırdı".

Üzeyir bəy Hacıbəyli «Koroğlu» operasını 1936-cı ildə yazıb qurtarıb. Növbəti əsərin tamaşaya qoyulmasına gəlib. Görkəmli müğənni Bülbülün yazdığına görə, o vaxtadək baş rolun ifaçısı bəlli imiş. Bülbülün xatirələrindən: «Koroğlu» operası barəsində uzunmüddətli söhbətimizin sonunda Üzeyir bəy zarafatcasına dedi:

— Yaxşı, indi mən elə bir opera yazacam ki, o, hamını yerindəcə donduracaq.

Mən isə ona belə cavab verdim:

— Mənsə, Koroğlu partiyasını elə ifa edəcəm ki, onu bir daha heç kim o cür oxumayacaq".

Hər iki sənətkarın söylədikləri həqiqətə çevrilib. Nə «Koroğlu» kimi opera yazılıb, nə də onun baş qəhrəmanını Bülbül kimi ifa edən olub...

«Koroğlu» operasının rejissoru İsmayıl Hidayətzadə olub. Dirijor pultu arxasına isə Üzeyir bəy özü keçib. Tamaşanın tərtibatçı-rəssamı R.Mustafayev idi. Rəqslərə Q.Almaszadə quruluş verib. Koroğlunu Bülbül, Nigarı Gülarə İsgəndərova ifa ediblər. Digər rolları — M.Bağırov (Həsən xan), Ə.Zülalov (Ehsan paşa), B.Mustafayev (İbrahim xan), K.İsgəndərov (təlxək) və başqaları oynayıblar.

Mütəxəssislər Üzeyir bəy Hacıbəylinin milli musiqi ənənələri əsasında yaratdığı «Koroğlu» operasını böyük bir mədəni hadisə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm mərhələ hesab edirlər. «Koroğlu» dünya klassik operaları sırasında diqqətəlayiq yer tutur.

O gün Azərbaycan mədəniyyət tarixində unudulmaz olub. «Koroğlu» operasının ilk tamaşası bayram əhvali-ruhiyyəsi yaradıb. Onun uğurları bundan sonra da çox olub. 1938 və 1959-cu illərdə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, 1975-ci ildə isə «Zaqafqaziya musiqi baharı» festivalında opera böyük uğur qazanıb. Üzeyir bəy Hacıbəyli 1941-ci ildə «Koroğlu» operasına görə Stalin mükafatına layiq görülüb.

«Koroğlu» Aşqabad (1939, türkmən dilində), İrəvan (1942, erməni dilində) və Daşkənddə (1950, özbək dilində) tamaşaya qoyulub. Opera Azərbaycan Opera və Balet Teatrının Təbriz, Tibilisi, Kiyev (indiki Sankt-Peternurq), Peterburq və başqa şəhərlərə qastrol tamaşaları zamanı göstərilib.

«Koroğlu» operası yazılmağa başlanmasından 90 il, tamaşaya qoyulmasından 85 il ötsə də, hər dövrdə müasirdir. Operanın hər notu xalqı oyanışa, ədalətsizliklə barışmazlığa, haqsızlığa boyun əyməməyə səsləyir.

 

 

Müəllif: Zöhrə FƏRƏCOVA,

Mənbə: Azərbaycan qəzeti

 

0 şərh