Xalq mahnısı "Apardı sellər Saranı" haqqında

  • Musiqi
Bu mahnı da nakam sevginin taleyinə bir ağıdır. Ən qədim xalq mahnılarımızdandır və hamının əzbərə bildiyi mahnıdır.
Əfsanələrin birində deyilir ki, Sara adlı qız öz adaxlısı, indiki dillə desək, sevgilisi Xançobanı Arpa çayı kənarında gözləyərkən faciə baş verir: onu sel aparır. Xatırladaq ki, Arpa çayı Naxçıvanın Şərur bölgəsindən axıb keçir. Bu çay boyunca Muğanlı kəndi yerləşir. Kəndin qocalarının dediyinə görə, Arpaçayı hərdən-hərdən elə daşarmış ki, heç kimin gözünün yaşına baxmaz, neçə-neçə adamı qabağına qatıb ilim-ilim itirərmiş. Bu daşqınlar çoxlu insan tələfatına səbəb olubmuş. Bəzi tədqiqatçılar mahnıda adı keçən “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini əsas tutaraq mahnının məhz Muğan düzündən yarandığını söyləsələr də, bu fikirlər həqiqətə söykənmir.
Başqa bir versiya da mövcuddur. O əhvalatda xan çay kənarına gəlmiş qızı qaçırmaq istəyir. Həmin an gözlənilməz bir təbiət hadisəsi baş verir: çay daşır və xanla Saranı da özüylə aparır.
Müxtəlif versiyaların birində deyilir ki, Arpaçayın sahilində Sara adlı qız yaşayımış. O, Xançobanla əhdi-peyman bağlayıbmış. Bu gözəl qız kiminə görə zalım xana yar olmamaq üçün özünü Arpaçayın sularına atıb.
Düzdü, hər xalq mahnısının taleyində olduğu kimi mətn müəllifinin kimliyi bilinməsə də bir ehtimal var. O ehtimala görə, mahnının sözlərini Əbülqasim Nəbati yazıb.
Əbülqasim Nəbatinin “Xançoban” imzasıyla çoxlu qəzəllər yazdığı və dillərdə dolaşdığı söylənilir. Xan Çoban təxəllüsü ilə məşhur olan Həkim Əbülqasım Nəbati 1799-сu ildə Azərbaycanda Qaradağın Uştəbin kəndində anadan olub. Nəbatinin bir divanı da nəşr olunub. Daha dəqiq məlumatda deyilir ki, Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində dünyaya göz açıb. Şairin əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənib. Yeniyetmə çağlarından atasına qoşulan Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda -Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə yaxından maraqlanıb. Nəbati 1873-cü ildə Üştibində dünyadan köçüb və orada kənd qəbiristanlığında dəfn edilib.
 
Şairin «Məcnun», «Məcnunşah», «Xançobanı» kimi çoxsaylı təxəllüslərlə əsərlər qələmə aldığı bilinir. Nəbati həm klassik üslubda, həm də aşıq şeirində orijinal, özünəməxsus əsərlər meydana gətirib. Onun yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrları görmək mümkündür. 400 beytə yaxın şeiri ilk dəfə 1845-ci ildə Təbrizdə çap olunub. Bir neçə il sonra 7500 misradan ibarət «Nəbati» divanı işıq üzü görüb. Bu divanındakı şeirlərin yarısı Azərbaycan türkcəsində, yarısı farscadır. Ancaq Nəbatinin heca vəznində, xalq şeri üslubunda yazdığı qoşmaların, gəraylıların çoxu bu divana daxil edilməyib. Bu əsərlər isə Nəbati yaradıcılığının ən gözəl örnəklərindəndir.
Ehtimallara görə, XVIII əsrdə «Xançobanı» adlı bir şair də yaşamış və onun adıyla bağlı «Xançobanı» dastanı yaranıb. Xançobanın xanın çobanı olduğu üçün məhz belə adlandırıldığı fikri də geniş yayılıb. Deyilənlərə inansaq, Xançoban obrazı tarixən burda məskunlaşan eyniadlı tayfa adı ilə bağlıdır. Mahnıda yer alan “Gedin, deyin, Xançobana, gəlməsin bu il Muğana” misrası ona deməyə icazə verir ki, Arpaçayın sahilində yerləşən Muğanlı, Muğancıq kəndləri Xançoban tayfasının qışlağı olub. Sara da məhz bu tayfadandır. Mahnı mətnində məhz o fikir çatdırılır ki, artıq Xançoban tayfası Muğana gəlməsin, çünki Muğan qana batıb.
Nəbatinin həyatı bu dastanla səsləşir. Üstəlik Nəbati qoşmalarının əsas mövzusu məhəbbətdir. Lirika onun şeirlərinin hamısı üçün səciyyəvidir. Nəbati aydın cinas qafiyələrdən ibarət təcnislər də yazıb: «Gözlər nə gözlər», «O üz bu üzə» və s. Nəbati qoşmaları öz lakonikliyi ilə seçilir. Şair keçirdiyi mənəvi böhranları «Ləngəm», «Nədir» rədifli qəzəllərində təsvir edib. Onun məhəbbət mövzulu qəzəlləri də var. Bu kimi faktlar “Apardı sellər Saranı” mahnısının sözlərinin də Nəbatiyə aid olduğunu sübut edir.
Bir iddiaya görə, “Sarı gəlin”lə “Apardı sellər Saranı” mahnıları bir-biri ilə əlaqəlidir. “Sarı” sözünün “Sara” ilə oxşar olduğu və ona işarə vurulduğu söylənilir. Düzü, bu sübut olunmayıb və sadəcə bir ehtimal kimi diqqəti çəkir.
Ötən əsrin 80-ci illərində AMEA-nın Folklor institutunda mahnının tarixçəsini araşdırmaq məqsədilə geniş ekspedisiya qrupu yaradılır. Bu axtarışlarda Naxçıvan Muxtar Respublikasının bütün bölgələrində, xüsusən də Şərur rayonunda mahnının 15 bəndə yaxın mətni toplanır. Nəticədə mahnının süjetli bir mahnı olduğu və mətndə adı keçən Sara yaxud Sarahın haqqında yayılmış əfsanə onun el mahnısı kimi qeydə alınmasını şərtləndirib.
Mahnı ortaya çıxanda ilk dəfə el aşıqlarının ifasında dinlənilib. İlk ifaçıları isə elə Şərur-Dərələyəz aşıqları olub. Mahnının Şərurlu el aşığı Aşıq Cəlilin ifasında səslənməsi də tədqiqatlardan məlum olur. Aşıqların repertuarında isə “Xançobanı” havası adı ilə gəraylı üstündə oxunub.
Qarabağda bir el aşığından “Apardı sellər Saranı” mahnısını eşidən Xan Şuşinski xatirələrində deyir: “Çox xoşuma gəldi sözləri. Müəllifini soruşdum. Aşıq dedi, bu xanəndələr üçün deyil, aşıq mahnısıdır. Dedim belə oxumazlar, mahnının qol-qanadını sındırıb oxuyursan. Mahnını nota yazdım, ilk dəfə elə oradaca oxudum”.
Beləliklə, Xan Şuşinski tərəfindən nota köçürülən mahnı artıq yeni mərhələyə adlamış olur. Nota yazılmış mahnını musiqi məktəblərinın dərs proqramına salır, şagirdlərə oxudurlar.
“Apardı sellər saranı” mahnısını bir çox məşhur xanəndələr ifa edib: Könül Xasıyeva, Səxavət Məmmədov, Alim Qasımov, Qədir Rüstəmov, Arif Babayev, Mütəllim Mütəllimov, Teymur Mustafayev, Elnarə Abdullayeva, İlkin Əhmədov, Firuz Səxavət...
 
“Apardı sellər Saranı” adlı televiziya tamaşası da çəkilib. Rejissor Bəhram Osmanov tərəfindən — 1996-cı ildə. Azərbaycan televiziyasında istehsal edilən tamaşanın baş rol ifaçısı Məleykə Əsədova olub.
Mahnı hətta yazılı ədəbiyyata da təsir edib. İstər nəsrdə, istər poeziyada mahnının motivləri görünməkdədir. Fərman Kərimzadə, Şahlar Həsənoğlu, İlyas Əfəndiyev, Mədinə Gülgün, Xəlil Rza Ulutürk, Məmməd Araz, Adil Babayev, Kəmalə Ağayeva və digər şair və yazıçıların yaradıcılığında mahnının izlərini görmək mümkündür. Fərman Kərimzadə “Təbriz namusu” kitabında mahnının XIII-XIV əsrdə mövcud olan Elxanilər hakimiyyəti dövründə yarandığını bildirir.
Mahnıda adı keçən Xançoban surətinin Saranın atası olduğunu, Elxanilərin sonuncu hökmdarı Əbu Səidin sarayında əmirlər əmiri kimi yaşadığını, lakin Əbu Səidin Xançobanın qızları Bağda xatun və Saranı hərəminə qatmaq istədiyi tarixi hadisələrin fonunda verilir. Əsərdə Xançobanın hər il Naxçıvana, Arpaçay sahillərində yerləşən Muğan kəndinə gəldiyini, lakin Əbu Səidlə qızlarının namusunu qorumaq üçün mübarizə apardığını, zalım Əbu Səidin Xançoban və oğlanlarını xaincəsinə qətlə yetirdiyi yazılır.
Qızı Sara isə bu zülmdən qurtarmaq üçün əri Qara bəylə birlikdə Arpaçay sahilindəki “Qız qalası«na sığınır. Lakin Əbu Səidin qoşunları burda da onları tapır və Saranı Əbu Səidin sarayına aparmaq istəyirlər. Sara isə düşmən əlinə keçməmək üçün özünü Arpaçaya atır. “Təbriz namusu” əsərinin sonunda Saranın suya atıldığının şahidi olan, bu kəndlərdə yaşayan yanıqlı səsli bir cavan xanəndənin — onun şair Nəbatinin şagirdi olduğu bildirilir — “Apardı sellər Saranı” mahnısını oxuduğu yazılır. Mahnıda yer alan “Gedin deyin Xançobana, bu il gəlməsin Muğana” fikrini də Fəman Kərimzadə tarixdə var olan Silduz sülaləsinin böyük sərkərdəsi Xançobanla bağlı olduğunu ifadə edir.
 
 
 
 
Mənbə: kulis.az

0 şərh