Rey Çarlz

Ray CharlesÖtən söhbətlərimizin birində tanış olduğumuz Areta Frenklin çıxışlarının birində souldan söz açarkən onu belə qiymətləndirmişdi: "Əgər mahnı mənim yaşadıqlarımdan və yaxud yaşaya biləcəklərimdən danışırsa, deməli yaxşı mahnıdır. Amma mahnı mənə yaddırsa, onda tamamilə gücsüzəm, heç nə edə bilmirəm. Mənim üçün soul doğma musiqidir".

Bu, misilsiz müğənnin şəxsi fəlsəfəsidir, çünki Areta yalnız öz emosiyalarıyla səsləşən mahnılarda məxsusi müvəffəqiyyət qazanıb.

Səciyyəvidir ki, Areta Frenklin yaşının ahıl çağlarında, əvvəlki bəxtəvərliyindən əsər-əlamət qalmayanda başqa dahi müğənninin — Rey Çarlzın qospel üslubuna meyl göstərib. Bunu musiqi tədqiqatçılarının hamısı qeyd edir. Və yalnız bu fakt kifayətdir ki, biz bugünkü söhbətimizi Rey Çarlza həsr edək. 

Düzünü desəm, mənim rok tarixindən bəhs edən silsilədə Rey Çarlz (Ray Charles) haqda danışmaq fikrim yox idi. Çünki onun yaradıcılığı o qədər çoxşaxəli, səhnə ömrü o qədər rəngarəngdir ki, yalnız rok çərçivəsinə sığışdırmaq mümkün deyil. O heç şübhəsiz, qaradərili musiqinin ən nüfuzlu nümayəndəsidir desək, yəqin yanılmarıq.

Qospel, blüz, caz, ritm-ənd-blüz, kantrı… Elə bir musiqi janrı yoxdur ki, Rey Çarlz öz nəhəng istedadını ona tətbiq etməmiş olsun. Və hər dəfə də eyni uğur, eyni pərəstişkar məhəbbəti...

Düzü, ondan söz açmasaq, böyük ədalətsizlik olardı və bəlkə də bu nəhəng musiqiçinin yüzlərlə azərbaycanlı pərəstişkarı bizi qətiyyən bağışlamazdı...

Rey Çarlz Robinson 70 studiya albomunun müəllifidir. 17 dəfə «Qremmi» mükafatına layiq görülüb, Rok-n-Rollun, Cazın, Kantrinin, Blüzun, Corcia ştatının Şöhrət zallarında yeri var, lent yazıları Amerika Konqresinin kitabxanasına yerləşdirilib.

Dünya işığına uşaqlıqdan həsrət qalmış bu müğənninin istedadı qarşısında Pol Makkartni, Elton Con, Stivi Uander, Tom Kruz, Brüs Uillis, Billi Preston, Van Morrison və bir çox başqa məşhurlar baş əyiblər.

2004-cü ildə «Rolling Stone» jurnalı özünün "Ölməzlər" siyahısında Rey Çarlza onuncu yeri verib. O, heç şübhəsiz müasir musiqinin inkişafında müstəsna xidməti olan sənətçilərdəndir. Böyük müğənni Frenk Sinatra Reyi "şou-biznesin yeganə dahisi" adlandırırdı. Müğənni Billi Coel isə belə deyirdi: «Bu sizə dəhşət gələ bilər, amma mən belə hesab edirəm ki, Rey Çarlz Elvis Preslidən də mühüm sima idi. Mən bilmirəm ki, onu rok-n-rollun banilərindən sayırlar, yoxsa yox, amma Rey həqiqətən bir çox yeniliklərdə birinci olub. Mənə ikinci bir sima göstərin ki, bu qədər müxtəlif üslubları bir-birinə qarışdırsın və belə ajiotajla qarşılansın!..»

gənc ReyRey Çarz 1930-cu il, sentyabrın 23-də Corcia ştatının Olbani şəhərciyində dünyaya gəlib. Atası Beyli Robinson, anası Areta Robinson olub. 
Reyin ailəsi çox yoxsul idi. Özünün dediyi kimi, «Hətta başqa qaradərililər arasında belə, biz cəmiyyət pilləkəninin ən aşağı pilləsindəydik. Bizdən aşağıda yalnız torpaq idi».

Robinsonlar ailəsi Cənubi Floridanın Qrinvill şəhərinə köçəndə balaca Rey hələ altıaylıq idi. Onun tərbiyəsində atasının heç bir rolu olmayıb, çünki onunla qardaşı Corc hələ lap balaca olanda Beyli ailəsini tərk edərkən oğlanlarını Aretanın və öz anası Meri Cey Robinsonun ümidinə buraxıb gedir.

Reyin beş yaşı olanda özündən bir yaş kiçik qardaşı təsadüfən küçələrindəki su çənində batmağa başlayır. Hadisənin şahidi olan oğlan qardaşını xilas etmək istəsə də, uşaq ağır olduğundan gücü çatmır. Binəva Corc batır, ağır ruhu sarsıntı keçirən Reyin isə gözləri tutulmağa başlayır. Artıq yeddi yaşı tamam olanda Reyin gözləri heç görmürdü.

Özü deyirdi ki, korluğunun səbəbi sona kimi aydınlaşdırılmadı, amma belə bir güman vardı ki, oğlan qlaukomanın ağır formasına mübtəla olmuşdu. O, dünya işığına həsrət qalmasından çox sarsıntı keçirirdi və belə bir şaiyə dolaşır ki, guya 80-ci illərdə Rey Çarlz mətbuata anonim elanlar verərək bir gözünü ona sata bilən donor axtarırmış. Lakin həkimlər bu əməliyyatı çox təhlükəli saydıqlarından Reyin arzusu ürəyində qalır...

Oğlanın musiqi istedadı ilk dəfə üç yaşında bəlli olur. Evləriylə üzbəüzdə yerləşən aptekin sahibi yaxşı piano çalırdı və oğlanın musiqi istedadını ilk olaraq o gördü. 

Rey Florida ştatının Sent-Oqüstin şəhərindəki kar və kor uşaqlar üçün məktəbə gedir. Orda Rey korlar üçün Brayl əlifbasına yiyələnir və bununla yanaşı bir neçə musiqi alətində — piano, orqan, saksofon, trombon, klarnetdə çalmağı da öyrənir. O, məktəbdəki baptist xorunda yaxından iştirak edir və yaşıdları arasında seçilir

Orta məktəbi bitirəndən sonra, Rey caz və kantri üslubunda bir çox musiqi layihələrində iştirak edir. O, dövrünün böyük cazmenləri Kaunt Beysi, Art Teytum və Arti Şounun yaradıcılığını diqqətlə izləyir. Reyin aktiv iştirak etdiyi ilk musiqi qrupu «The Florida Playboys» adlanırdı.

1947-ci ildə on yeddi yaşlı Rey 600 dollar pul toplayaraq Sietl şəhərinə yollanır. Orada gitaraçı Qossadi Makgi ilə bir yerdə «MacSon Trio»(bu qrupa bəzən «Maxim» də deyirdilər) qrupunu yaradır. Artıq az sonra onun ilk lent yazıları da meydana çıxır. Reyin ilk üç mahnısı — «Guitar Blues», «Walkin and Talkin», «Wonderin and Wonderin» «Swingtime Records» leyblı altında bazara çıxır.

1952-ci ildə o, işlədiyi səsyazma şirkətini dəyişir və «Atlantic Records»a keçir. Şirkətin ilk addımı musiqiçinin adını qısaldıb Rey Çarlz etmək olur. Məsələ bundadır ki, o dövrün tanınmış bir boksçusu olub — Ray Robinson. Şirkət də istəmirdi ki, adlardakı bənzərlik tamaşaçıları çaşdırsın.

Atlantikdə gərgin və davamlı iş başlanır. Tanınmış prodüsserlər Əhməd Ertegün və Cerri Vekslerin rəhbərliyi altında Rey Çarlz üçün orijinal üslub axtarışları start götürür. 1953-cü ildə onun populyar sinqlı «Mess Around» işıq üzü görür. Elə həmin il musiqiçi məşhur blüzmen Gitar Slimi pianoda müşayiət edir. Onların yazdırdığı kompozisiya bir milyondan artıq tiraj yığır.

Onun öz qələminə məxsus, böyük uğur qazanan ilk mahnısı isə "İt Should Have Been Mee" olur. Dinləyicilərin böyük diqqətini cəlb edən bu mahnı da milyonluq tirajla çıxır. 1955-ci ildə buraxdığı «I Got a Woman» mahnısı isə artıq çartlarda birincilik qazanır.


Mütəxəssislərin çoxu Rey Çarlzın məhz bu mahnısını soul üslubunda ilk nümunə sayırlar. O zamanadək Reyin repertuarı qospel və blüz balladalarından ibarət idi. O, «qara» musiqini geniş dinləyici kütləsinə yayan və onu sözün əsl mənasında ümumxalq musiqisinə çevirən ilk müğənnilərdən olub.

Rey Çarlz bütün ömrü boyu irqi ayrı-seçkiliyə qarşı mübarizə aparıb. 1962-ci ildə buraxdığı «Modern Sounds and Country Music» albomundan sonra onu Amerika kantri musiqisinin ən böyük simalarından biri saymağa başladılar. Bu isə qaradərili bir ifaçı üçün misli-bərabəri olmayan nailiyyət idi. Məhz bu uğuru ona imkan verir ki, cəmiyyəti parçalayan irqçiliyə qarşı etiraz səsini daha yüksəklərə çatdırsın. 

1961-ci ildə Rey Çarlz Corcia ştatının Oqast şəhərindəki konsertində oxumaqdan imtina edir, çünki konsert zalında qara və ağların ayrı-ayrı yerlərdə əyləşdirilməsi nəzərdə tutulurdu. Bəzi musiqi tədqiqatçıları səhvən yazırlar ki, həmin hərəkətindən sonra Rey Çarlzın Corciada çıxışları 20 il yasaqlanıb. Amma həqiqət belədir ki, o özü irqçiliyiylə fərqlənən bu ştata düz iyirmi il qədəm basmaqdan imtina edib.

Amerika prezidenti Kennedinin qətlə yetirilməsinin ertəsi günü Rey Çarlzın «Busted» sinqlı yayılır və müğənni bu mahnısıyla Kennedinin irqçilik əleyhinə fəaliyyətinə bir növ yekun vurur. Yazırlar ki, o, keşiş Martin Lüter Kinqin də siyasətini aktiv dəstəkləyir, ona maliyyə yardımı edirmiş.

1965-ci ildə, Bostonda Rey Çarlzı heroin və marixuana saxladığı üçün həbs edirlər. Bəllidir ki, müğənni düz 17 il heroindən asılı vəziyyətdə yaşayıb. Amma narkotiklərlə ilk tanışlığı 16 yaşında olub. Uyuşdurucular uzun illər boyu onun yaradıcılığına öz təsirini göstərib. Müğənni özü deyirdi ki, narkotiklər illər uzunu «belimdə gəzdirdiyim meymun olub mənimçün — nə düşürə bilmişəm, nə də rahatlıq tapa...»

Bostondakı insident onun üçün artıq üçüncü belə hadisə idi. Artıq iki dəfə Reyin otağında narkotik tapmışdılar və bu, ilk dəfə bu 1961-ci ildə baş vermişdi. Amma onda polisin axtarış üçün orderi olmadığından işi başa çatdıra bilməmişdilər.

Rey bu dəfə də canını uzunmüddətli həbsdən qurtara bilir. Los-Ancelesin narkoloji klinikasında müalicədə olunduğu üçün bir il şərti cəza ilə kifayətlənirlər.

Amma bu hadisə onun həyatında dönüş nöqtəsi olur. Rey Çarlz narkotiklərə birdəfəlik əlvida söyləyir. O özü sonralar belə deyirdi: «Bəzən özümü yaman pis hiss edirdim, amma səhnəyə çıxan kimi, qrupumuz çalmağa başlayan kimi, bilmirəm niyə, amma narkotiklər mənim üçün aspirin idi sanki — canın ağrıyır, atırsan və daha ağrı hiss etmirsən».

Rey Çarlzın narkotiklərdən asılı olduğu dövr onun haqqında çəkilən məşhur «Rey» filmində çox geniş təsvir olunub. İbrətamiz filmdir. Oxuculara məsləhət görərdim ki, imkan olan kimi, mütləq tapıb baxsınlar.

Rey Çarlz ömrünün bütün qalan hissəsini narkotiklərlə mübarizəyə həsr etdi. Maraqlıdır ki, narkotikləri tərk etdikdən sonra, onun musiqi üslubu da dəyişdi, meynstrimə yaxınlaşdı. Digər tərəfdən də narkotiklərdən imtina edəndən sonra, Rey Çarzın öz mahnıları daha əvvəlki emosionallığında olmadı, bəlli gündən sonra o daha çox, başqalarının mahnılarını ifa edirdi. Amma bunu o qədər böyük ustalıqla edirdi ki, tamaşaçı rəğbətini heç itirmədi. 

70-ci illərdən sonra onun yaradıcılığı artıq birmənalı qəbul olunmurdu. Bəzi mahnıları ajiotajla qarşılansa da, bəziləri diqqətdən kənarda qalırdı. Həmin dövrdə o vaxtının çoxunu konsert fəaliyyətinə sərf edirdi, studiya albomlarında isə keçici materiallar həddindən ziyadə çox olurdu. Onun musiqisi getdikcə kantriyə meyllənir, souldan uzaqlaşırdı.

Həmin dövr üçün Rey Çarlzın yaradıcılığında xarakterik cəhət ifa etdiyi mahnılarda elektron musiqi alətlərinin daha geniş tətbiqi oldu. Müğənni çox vaxt əsl alətləri elektron alətlərlə əvəz edərək qeyri-adi səs tembrlərindən istifadə edirdi. Elə həmin dövrdə Reyin özünəməxsus ifa tərzi — sintezatorda elektrogitaranı təqlid edən uzun solo partiyaları da tam formalaşdı, imicinin bir parçasına çevrildi.

80-ci illərin axırı Rey Çarlzın yaradıcılığına gənc auditoriyanın marağını artıran bir sıra yeniliklərlə yadda qaldı. 1984-cü ildə onun duetlərdən ibarət «Friendship» albomu işıq üzü gördü. Bu albomda müğənni kantri musiqisinin ən ünlü simalarıyla — Toni Bennet, Billi Coellə duetlər ifa edirdi.Rey ailəsi ilə birlikdə

1985-ci ildə Rey Çarlz prezident Reyqanın inauqurasiya mərasimində musiqiçilər adından çıxış etdi. Sonradan Reyin reputasiyasına kölgə salan bir epizod məhz həmin çıxışla əlaqədardır. Bəllidir ki, Rey Çarlz bütün ömrü boyu əsl demokrat olub, Reyqan isə respublikaçılar partiyasının lideri idi. Rey bu çıxışı həmin zamanlar üçün misli görünməmiş bir qonorarın — 100 min dolların müqabilində etmişdi. Onun bu faktı şərh edən agenti Co Adams isə mətbuata açıqlamasında belə demişdi: «Bu boyda pula biz hətta „Ku-Kluks-Klan“ın yığıncağında da çıxış edərdik». 

Həm çıxışın özü, həm də agentin açıqlaması o dövrdə cəmiyyətdə böyük əks-səda doğurdu. Məsələ bundadır ki, “Ku-Kluks-Klan” Amerikada qatı irqçiliyi ilə seçilən gizli ekstremist təşkilatdır və qaradərililərin hamısı ona nifrət bəsləyir. 
Bu hadisədən sonra Rey Çarlz təbii ki, hörmətdən düşdü, onun uzun illər boyu əziyyət çəkərək qazandığı demokrat imicinə əməlli-başlı xələl gəldi. Amma bu insident həm də unudulmaqda olan Reyə ikinci maraq dalğası yaratdı. Və onun populyarlığından istifadə edən prodüsserləri «My World» adlı yeni albomunu satışa çıxardılar. Pop, soul, hip-hop elementlərini özündə ehtiva edən bu albom böyük şöhrət qazandı, amma Reyin gənc auditoriyaya tərəf sonuncu əzəmətli sıçrayışı oldu.

Yaradıcılığının qürub çağında Rey Çarlz Rusiyaya da iki səfər etdi — 1994 və 2000-ci illərdə. Hər iki qastrol səfəri böyük uğuruyla yaddaşlara yazıldı.
1996-cı ildə Atlantada Olimpiya oyunlarının açılışında müğənni özünün klassik «Georgia On My Mind» mahnısını ifa etdi. Orijinalda Hog Karmaykl tərəfindən bəstələnmiş bu mahnı Corcia adlı bir qıza həsr olunmuşdu. Amma bir zamanlar Rey Çarlzın uğurlu ifasından sonra mahnını 1979-cu ilin 24 aprelində Corcia ştatının himni kimi qəbul etdilər və müğənni onu ştatın qanunverici məclisinin binasında oxudu.

1996-cı ildə Rey Çarlz həm də Klintonun inauqurasiyasında çıxış etdi. Bundan bir il qabaq isə Bill Klinton müğənniyə Milli incəsənət medalını təqdim etmişdi.

2000-ci ildə Rey Çarlz yenidən caza müraciət edərək məşhur cazmen Stiv Tarra həsr etdiyi "İn the Spur of the Moment" kompozisiyasını ortaya qoydu. 2002-ci ildə isə Fransadakı konyak bayramında çıxış elədi. Həmin çıxış onunla yadda qaldı ki, fanatlarından biri səhnəyə cumub Reyin bir məşhur kompozisiyasını oxumağa başladı. Təhlükəsizlik xidməti həmin musiqisevəri səhnədən çıxarmaq istəsə də, müğənni buna imkan verməyərək mahnının musiqisini çalmağa başladı və öz fanatını sonadək müşayiət etdi.
Rey səhnədə

2003-cü ilin may ayında Rey Çarlz özünün 1000-ci konsertini Los-Anceles şəhərində verdi. Onun tamaşaçılar arasında sonuncu çıxışı isə 2004-cü ilin 30 aprelində oldu.

Rey Çarlz dünyasını 73 yaşında ikən, yaşadığı Beverli-Hillzdə dəyişdi. Son illər çanağında keçirdiyi əməliyyatın fəsadları ona çox əzab versə də, ölümünün səbəbi çox güman ki, qara ciyər xərçəngi idi — bu xəstəliyin ilk əlamətlərini onda hələ 2002-ci ildə aşkarlamışdılar.

Onun bioqrafı Devid Ritsin xatirələrində deyilir ki, son aylar Rey demək olar ki, yeriyə, danışa bilmirmiş, amma hər gün özünün şəxsi studiyasına gələrək, işini səliqəylə görürmüş.

Bir dəfə Rey Çarlz jurnalistlərə müsahibəsində demişdi: «Mən əbədi yaşamayacağam. Bunu anlamaq üçün ağlım bəs edir. Məsələ bunda deyil ki, ömrüm nə qədər uzun olacaq. Məsələ ancaq ondadır ki, mənim həyatım nə dərəcədə gözəl keçəcək».

Onu Kaliforniyanın İnqlvud şəhərinin parkındakı qəbiristanda dəfn etdilər. Ölümündən iki ay sonra isə sonuncu albomu çıxdı. Albomda Reyin başqa musiqiçilərlə birgə ifa etdiyi mahnılar yer alırdı. Onların arasında Bi Bi Kinq, Van Morrison, Ceyms Teylor, Maykl MacDonald, Elton Con, Bonni Rayt, Nora Cons və Conni Matis də vardı. Bu albom səkkiz dənə «Qremmi» mükafatına layiq görüldü. Onlardan beşi bilavasitə Rey Çarlzın özünə verılmişdi.

Onun kilsədə keçirilən dəfn mərasiminə Stivi Uander, Bi Bi Kinq, Villi Nelson gəlmişdilər. Messadan sonra Reyin tabutunu açdılar ki, minlərlə pərəstişkarı müğənninin «Over Rainbow» mahnısının sədaları altında onunla vidalaşa bilsin...
2004-cü ilin payızında isə Los-Ancelesdəki 20 min tamaşaçı yeri olan zalda Rey Çarlzın xatirəsinə konsert keçirildi. Tamaşaçılar onu ayaq üstə sürəkli alqışlarla yad etdilər.
Ray Charlesin məzarı

Rey Çarlz iki dəfə rəsmən evli olub və doqquz qadından dünyaya gəlmiş on iki uşağın atasıdır. Onun Eylin Uilyamsla ilk nikahı cəmi bir il sürüb. Della Beatris Hovard Robinsonla ikinci nigahından üç övladı olub. Bu nigah 1977-ci ilədək — düz iyirmi iki il sürüb. Ölümü ərəfəsində Reyin yaxınlıq etdiyi qadın isə Norma Pinella adlı birisi idi.

Mükafatlarından birinin təqdimat mərasimində Rey Çarlz bir dəfə demişdi: «Musiqi yer üzündə lap çoxdan var və məndən sonra da olacaq. Mən sadəcə olaraq, yaxşı bir iş görməyə, musiqidə öz izimi qoymağa çalışmışam». 

Bu gün isə biz belə deyə bilərik ki, Rey Çarlz istəklərinin hamısına nail olan sənətçilərdəndir və onun bütün ömrü bu yolda səfərə çıxanlar üçün bir örnək olmağa layiqdir.
 

0 şərh