Moris Ravel və Bolero

Debüssinin yaradıcılıq axtarışlarının davamçısı Moris Ravel impressionizm estetikasını özünəməxsus, fərdi tərzdə təcəssüm etmişdir. Musiqidə daim yenilik sorağında olan bəstəkar, eyni zamanda, həm klassisizm cərəyanının prinsiplərinə sadiq qalmış, həm də xalq musiqi qaynaqlarından bəhrələnmişdir. Ənənə ilə novatorluğun bu cür orijinal uzlaşması Ravelin çoxşaxəli irsinin bütün sahələrində - opera və baletlərində, instrumental və vokal musiqisində aşkar sezilir.

Maurice Joseph RavelRavelin bir çox əsərləri - məsələn, fortepiano üçün yazdığı "Suyun oyunu", "Əksolunma", "Gecə kabusları", skripka üçün bəstələdiyi "Qaraçı qız" rapsodiyası bütün dünya ifaçılarının repertuarına möhkəm daxil olmuşdur. Bəstəkarın ən məşhur əsəri, heç şübhəsiz, orkestr üçün yazılmış "Bolero" pyesidir. Eyniadlı ispan xalq rəqsinin ritminə əsaslanan "Bolero" xüsusi daxili ekspressiya və zəngin tembr çalarları ilə seçilir. Məhz bu cəhətlərinə görə əsas mövzunun dəfələrlə müəyyən dəyişikliklərlə təkrar olunması heç də yeknəsəq, darıxdırıcı səslənmir, əksinə, dinləyiciləri əsər boyu intizarda və gərgin vəziyyətdə saxlayır. "İspaniya vaxtı" operası, "İspan rapsodiyası" ilə yanaşı, "Bolero" da Ravel yaradıcılığına xas olan "ispan" xəttinin təzahürüdür. Ravelin ispan musiqisinə bəslədiyi bu maraq bəlkə də bəstəkarın ana tərəfdən ispan mənşəli bask xalqına mənsub olması ilə bağlıdır. Ravel yaradıcılığında, ümumiyyətlə, müxtəlif qədim və müasir rəqslərin oynaq və ifadəli ritmlərindən fəal istifadə olunmuşdur. "Dafnis və Xloya" baleti, fortepiano üçün bəstələdiyi "Nəcib və sentimental valslar", "Övlad və sehrbazlıq" operası, məşhur "Vals" xoreoqrafik poeması gözəl rəqs ritmləri ilə aşılanmışdır. Ravelin əsərlərində caz musiqisinin əlamətləri də müşahidə olunmaqdadır. Həmin meyl bəstəkarın skripka və fortepiano üçün sonatasında, fortepiano və orkestr üçün konsertlərində öz bariz əksini tapır. Ravelin fortepiano və orkestr üçün 1-ci konsertinin bir qeyri-adi xüsusiyyəti var. Birinci Dünya müharibəsində sağ əlini itirmiş Avstriya pianoçusu Paul Vitqenşteynin sifarişi ilə yazılmış bu əsər yalnız sol əl üçün nəzərdə tutulub. Onu da qeyd edək ki, Ravel özü də Birinci Dünya müharibəsində könüllü olaraq sürücü və sanitar kimi iştirak etmişdir. Sonralar bəstəkar "Kuperenin məqbərəsi" adlı fortepiano üçün süita yazmış və onu müharibə zamanı həlak olmuş dostlarının xatirəsinə ithaf etmişdir.
Ravel irsi dünya musiqi mədəniyyətinin xəzinəsini dəyərli töhfələrlə zənginləşdirmiş və müasir musiqinin inkişafında böyük rol oynamışdır.

İndi isə başınızı ağrıtmayır,məşhur Boleroya qulaq asmağa dəvət edirəm.Tam sakitlik içində bu musiqiyə qulaq asaq:

Düzdür,orijinalın yerini heç cür verə bilməz.amma gitarada da gözəl alınır:

Amma bəlkə də Bolero ən yaxşı ifada məhz aşağıdakı şəkildədir. Super;

Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

 

5 şərh

bloqçu
Ravel müsuaiq sahəsində həqiqətən də çox qabiliyyətli olub. O, hətta, notları əlifbadan daha öncə öyrənib.
Deyilənə görə bir dəfə Ravel valideynləri ilə qonaq gedir, hansı ki orda söhbət musiqidən düşür və balaca Ravel böyüklərlə əməlli-başlı bəhsə girir ki, hamının «fa-diez» kimi tanıdığı bu not əslində təmiz «fa»dır.
— Moris, klaviaturaya bax, bu klaviş qaradır, deməli, «fa-diez»dir — deyirdi atası.
— Deməli, onu ağ rəngə boyamaq lazımdır — deyən Moris öz fikrindən dönmürdü ki, bu təmiz «fa»dır.

Sonralar, instrumet yoxlanılan zaman məlum olur ki, royal həqiqətən də yarım ton yüksək qurulub.
ilham
Əsəblərimi yavaş-yavaş sakitləşdirdi.Bolero çox gözəldir.Opera və Balet teatrında tez-tez tamaşası verilir.Ora getmək lazımdır.
Azero
Həqiqətən, əladır. Söz tapa bilmirəm. Səhv etmirəmsə, bir köhnə sovet multfilmində də səslənirdi. Sağ olun…
Amelie
Mən də söz tapa bilmirəm.Çox yaxşı musiqidir. Menim. gitarada oxunan Bolero lap xoşuma gəldi
Gülnar
Bolero möhtəşəmdi. Mən uşaqlıqdan çox sevirəm bu əsəri…