Sergey Prokofyev

Dahi rus bəstəkarı, pianoçusu və dirijoru Sergey Prokofyev XX əsr musiqisinin ən görkəmli simalarındandır. Prokofyevin əsərləri son dərəcədə nikbin və işıqlıdır. Ən dramatik mövzularda yazdıqda belə bəstəkar heç zaman kədər və ümidsizlik hisslərinə qapılmır, xoş gələcəyə, insanın mətin iradəsinə, onun dərin idrakına inamını itirmir. Prokofyev sözün əsl mənasında novator sənətkar olmuşdur. Onun melodiya, harmoniya, ritm və orkestr sahəsində apardığı axtarışlar bəzən müasirlə-ini şok vəziyyətinə salsa da, musiqi tarixində əhəmiyyətli rol oynamışdır.
Prokofyevin musiqisi fəal və dinamikdir. «Mən dayanmağı xoşlamıram, daim hərəkətdə olmaq istəyirəm». Bəstəkarın bu sözləri onun həm həyatına, həm də musiqisinə aiddir. Bu cəhət hətta Prokofyevin imzasında da özünü büruzə verir: «SPrkfv» — bəstəkar sanki tələsərək soyadında olan sait hərfləri ixtisar etmişdir. Prokofyevin həyat yolu olduqca maraqlı və mürəkkəbdir. 1918-ci ildə o, Oktyabr inqilabını qəbul etmədiyinə görə Rusiyanı tərk edir və düz on beş il xaricdə yaşayır. Fransa, İspaniya, İngiltərə, ABŞ, Kanada, Yaponiya, Belçika və digər ölkələrdə verdiyi yüzlərlə konsert, bəstələdiyi çoxsaylı əsərlər ona ümumdünya şöhrəti gətirir. Lakin Prokofyev Vətəndən ayrı qala bilmir. 1933-cü ildə Rusiyaya qayıdır və ömrünün ən yetkin illərini, yaradıcılığının ən dolğun dövrünü məhz burada yaşayır.
Lakin qeyd etməliyik ki, kommunizm rejimi Prokofyevin bədii axtarışlarına ciddi maneələr törədir. Belə ki, 1948-ci ildə o, Şostakoviç və digər görkəmli sənətkarlarla bərabər, kommunist partiyası tərəfindən qeyri-xəlqilikdə, melodiyalarının miskinliyində, milli qaynaqlardan uzaq düşməkdə ittiham olunur.Doğrudur, on il sonra bu tənqidləri elə həmin kommunist partiyası rəsmi şəkildə istedadlı sənətkarları təqib kimi qiymətləndirir. Lakin Prokofyevə bu günü görmək nəsib olmur. 1953-cü ildə o, SSRİ-nin rəhbəri İosif Stalinlə bir gündə — martın 5-də dünyasını dəyişir.

Prokofyev musiqisinin janr dairəsi zəngin və rəngarəngdir. O, musiqili teatra, simfoniyaya, fortepiano və xor musiqisinə müraciət etmiş və bütün bu sahələrdə gözəl sənət nümunələri yaratmışdır. Bəstəkarın istinad etdiyi ədəbi mənbələr sırasında nağıllar xüsusi yer tutur. Məsələn, "Üç portağala məhəbbət" operası İtaliya dramaturqu K.Qotsinin nağılı, «Zoluşka» baleti fransız yazıçısı Ş.Peronun eyniadlı nağüı, «Təlxək haqqında nağıl» və «Daş çiçək haqqında hekayət» baletləri isə rus nağılları əsasında yazılmışdır.
Doğma vətəni Rusiyanın tarixi və məişəti, folk-loru və milli özünəməxsusluğu bəstəkarı daim düşündürmüşdür. O, dahi yazıçılardan L.Tolstoyun «Hərb və sülh», F.Dostoyevskinin «Oyunçu» romanlarına müraciət edib eyniadlı operalar yaratmışdır. Görkəmli rus rejissoru S.Eyzenşteynin «Aleksandr Nevski» və "İvan Qroznı" kinofılmlərinə yazdığı musiqi də həmin meylin təzahürüdür. Qeyd etmək lazımdır ki, «Aleksandr Nevski» fıl-minə bəstələnmiş musiqi sonradan dinləyicilərə kantata şəklində də təqdim olunmuşdur. Lakin Prokofyev yalnız rus mənşəli mövzularla kifayətlənməmişdir.
MUSİQİÇİ, ya ŞAHMATÇl?
S.Prokofyevin maraq dairəsi olduqca geniş və rəngarəng imiş. O, qohum və dostları ilə teatr tamaşaları hazırlayıb onlarda iştirak etmiş, gözəl həvəskar fotoqraf, ən başlıcası isə məharətli şahmatçı olmuşdur. Prokofyev hətta şahmat üzrə II dünya çempionu Emmanuil Laskerlə görüş keçirib onunla heç-heçə oynamışdır. Qazandığı bu yüksək uğuru bəstəkar həyatı boyu tez-tez böyük qürur hissi ilə xatırlayırmış.


Dediyimiz kimi, bəstəkar fransız, italyan ədəbi mənbələrinə də müraciət etmişdir. Belə ki, Prokofyevin şah əsərlərindən biri -«Romeo və Cülyetta» baleti dahi U.Şekspirin faciəsi, «Duenya» operası isə ingilis dramaturqu R.Şeridanın pyesi əsasında yaranmışdır. Bütün yaradıcılığı boyu Prokofyev uşaqlar üçün xeyli musiqi əsəri bəstələmişdir.Bunlardan, məsələn, «Petya və canavar» simfonik nağılında bəstəkar balaca musiqisəvərləri müxtəlif musiqi alətləri ilə tanış etməyi qarşısına məqsəd qoymuş və nağılın hər bir qəhrəmanını müəyyən alətin tembri vasitəsilə (Petyanı simlilər, quşu fleyta, ördəyi qoboy, canavarı valtorna) səciyyələndirmişdir. Səs və fortepiano üçün "Çirkin ördək balası" (H.X.An-dersenin nağılı əsasında), «Uşaq musiqisi» fortepiano məcmuəsi də Prokofyevin uşaqlara həsr etdiyi dəyərli sənət nümunələridir. Prokofyev sənəti Azərbaycan musiqisinin inkişafına da mühüm təsir göstərmişdir. Belə ki, Qara Qarayevin, Arif Məlikovun baletləri Prokofyev ənənələrinin yaradıcı surətdə davamıdır (təsadüfı deyil ki, Qarayev "İldırımlı yollarla" baletini Prokofyevin xatirəsinə həsr etmişdir).
  • «Petya və canavar»
  • 1 -ci simfoniya
  • «Zoluşka» baleti: vals
  • «Romeo və Cülyetta» baleti: «Kiçik Cülyetta», «Cəngavərlər rəqsi»
 
Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

1 şərh

təpəgöz
Sergey Prokofyev deyib ki, insan anadan zövqlə doğulmur. Onun zövqünü tərbiyə etmək, ona zövq vərdişləri aşılamaq lazımdır. İnsan hər gün dişlərini fırçalayıb təmizlədiyi kimi, öz zövqünü də artıq «qida qalıqları»ndan təmizləməyi bacarmalıdır.