Nina Simon

Əsl adı Yunis Ketlin Veymon olan Nina Simon 1933-cü ilin fevral ayında Trionada (Şimali Karolina) çoxuşaqlı musiqiçilər ailəsində doğulmuşdur. Onun qəlbində musiqiyə məhəbbət hissi aşılayan da öz valideynləri olmuşdu. Dörd yaşında pianinoda çalmağı öyrənmiş Nina yeddi yaşında, artıq, orqan çalırdı. Uşaq yaşlarından yerli kilsəyə gedən, orada Marian Anderseni təqlid edərək psalmalar oxuyan Nina Simon klassik musiqi təhsilini Nyu-Yorkdakı prestijli Juilliard School musiqi məktəbində almışdır. Əla musiqi duyumuna malik olan Nina musiqinin bütün istiqamətləri ilə maraqlanır, lakin caza və blüzə daha çox üstünlük verirdi.

17 yaşında məktəbi bitirdikdən sonra Filadelfiyaya köçüb gedən Nina buradakı Musiqi İnstitutunda təhsilini davam etdirmək ümidində idi, lakin irqi ayrı-seçkilik buna imkan vermədi. O, musiqi dərsləri verməklə çörək pulu qazanır və hərdənbir «Atlantik Siti» caz klubunun səhnəsində pianoçu kimi çıxış edirdi. Bir dəfə tamaşaçılar onun oxumasını tələb etdilər və beləcə, müğənni Nina Simon kəşf olundu. 1959-cu ildə Simon özünün ilk sinqlini — Corc Gerşvinin «Porgy and Bess» operasından "I Love You, Porgy" kompozisiyasını vala yazdırdı və bu val dərhal hitə çevrildi.

Nina Simon «Columbia Pictures» şirkəti ilə kontrakt imzalayandan sonra bir-birinin ardınca bir neçə albom buraxdı. Bu albomlar Nina Simonun istedadını, onun könül duyğularını və musiqiyə sədaqətini tam üzə çıxartdı. Onun "At Town Hall" (1959) və "At Newport" (1960) adlı albomları daha böyük uğur qazandı. Burada Ninanın interpetatorluq və fortepianoda gözəl müşayiətçilik qabiliyyəti də müsbət rol oynamışdı. 1960-1970-ci illər Nina Simonun şöhrət zirvəsində olduğu illər idi.

1963-cü ildə Karneqi Hollda debütündən sonra çox geniş material toplamış Simon 60-cı illərin ortalarında çoxsaylı albomlar yazdırır və öz repertuarını təkcə cazla məhdudlaşmayıb, blüz, folklor mahnıları və varyete mahnıları da oxuyurdu. Kurt Veyl onun repertuarında ilk dəfə məhz həmin dövrdə peyda oldu. Sonradan o, Bicisin və Bob Dilanın mahnılarını da yazdırmışdı. Bu qədər zəngin materialla işləmək bir sıra müğənnilər üçün karyeranın başa çatması demək olardı, lakin Simon ən adi şeyləri də zinətləndirməyi bacarırdı və onun bu bacarığı öz yaradıcılığında əksini tapmışdı.

1970-ci illərin axırları — 1980-ci illərin əvvəllərində Simonun şöhrəti bir qədər zəifləmişdi. O, Avropaya köçüb getdi və bir neçə il Fransada yaşadı. 1957-ci ildə yazdırdığı "My Baby Just Cares For Me" mahnısı onun karyerasını bərpa etdi. Böyük Britaniyada və bütün Avropada bir nömrəli hitə çevrilmiş bu mahnı ilk dəfə işıq üzü görəndən 30 il sonra yenidən buraxıldı və XX əsrin ən populyar melodiyalardan birinə çevrildi, Nina Simon isə dinləyicilərin yeni nəslinin sevimlisi oldu. Nina Simon hələ də konsertlər verir. O, özünün hər bir çıxışında öz imicini, caz və blüz musiqisinin əfsanəvi ifaçısı şöhrətini dönə-dönə təsdiq edirdi. Nina Simon çoxsaylı pərəstişkarlarının yaddaşında elə bu cür də qalacaqdır.



 «Jazz dünyası» jurnalı
 

0 şərh