Klassik musiqinin qızıl rahibi: Vivaldi

Vivaldi (italyan: Antonio Vivaldi) Barokko dönəminin ən önəmli nümayəndələrindən biridir. Skripka virtuozu, bəstəkar və rahib olduğu bilinir. Əslində bir bərbər olan atasının skripkaya olan marağı Vivaldinin uşaqlıq dövrünə olduqca dərindən təsir göstərmişdir. İlk musiqi təhsilini atasından alan məşhur bəstəkar doğulduğu Venesiyada qısa müddətdə şöhrət tapa bilmişdir.

Keşişlik təhsili alan Vivaldi 25 yaşında rəsmən keşiş olaraq işləməyə başladı. Eyni ildə “Ospedale della Pietà” adlı qızlar yetimxanasında şikəst və yetim qızlara skripka çalmağı öyrədən Vivaldi bu qızların 2 ayda bir konsert verməsinə şərait yaratmışdır. Bu konsertlərin hər biri üçünsə ayrı-ayrı kiçik həcmli kompozisiyalar (concertino) yazan Vivaldinin aktiv zəkası, həqiqətən, təqdirəlayiqdir.

Yaşadığı dönəmdə fransız Barokko musiqisinin və nəfəsli alətlərin üstünlük təşkil etməsinə baxmayaraq, Vivaldi əsərlərinin böyük əksəriyyətində Violonçel Solo infrastrukturundan istifadə etmişdir. Məşhur bəstəkarın təxminən 250 skripka kompozisiyası olduğu bilinir. Bundan əlavə, mandolina, qaboy, alt (viola), fleyta və violonçel də bu kompozisiyalarda var idi.


Vivaldinin “2 mandolina” kompozisiyasından ilhamlanaraq çəkilmiş tablo.

Ümumilikdə, təxminən 500 kiçik konsert və 90 opera yazdığı düşünülən Vivaldinin şöhrəti yaşadığı dövrdə, təəssüflər olsun ki, yerli sərhədləri bu günki qədər aşa bilməmişdi. 1920-ci illərdə klassik Qərb musiqisi üzərində aparılan araşdırmalardan sonra əsərləri üzə çıxmağa başlamışdır.

Vivaldinin Amsterdamda çıxan əsərləri 100 konsert və 40 sonatadan ibarətdir. Bu əsərləri özündən illər sonra yaşayacaq olan Bethovenə (alm. Ludwig van Beethoven) ilham vermişdir. Hətta, bir çox klassik musiqi mütəxəssisi “Pastoral Simfoniya”nın bu ilhamla ortaya çıxdığını düşünür.

Yenilikçi bir stilə sahib olan Vivaldi “harmonik təzadlar”dan da məharətlə istifadə etmişdir. Bu harmonik təzadlar Baxa (alm. Johann Sebastian Bach) da dərindən təsir göstərmişdir. Bax Vivaldinin təxminən 10 kiçik konsertini pianoya uyğunlaşdırmış və Vivaldiyə təriflər yağdırmışdır.

Ölmədən öncə Vivaldidən dinləməli olduğumuz 3 möhtəşəm bəstə:

1. “Dörd fəsil” kompozisiyası (1725)
İtalyancada “Le quattro stagioni” olaraq da bilinən bu əsər Barokko musiqisinin və hətta, klassik musiqisinin ən önəmli əsərlərindən biridir. Hər bölümün adını aldığı fəslin xüsusiyyətlərini daşıdığı bu ecazkar kompozisiya “Harmoniya və kəşf arasındakı yarış” adı ilə yayımlanmışdır. Qışın yüksək pərdədən, payızın isə eynilə öz yağışları kimi fırtınalı tərzdə ifa edilməsi və fəsillərin emosional ağırlıqlarına görə orkestrin ritminin düşməsi və ya yüksəlməsi bu əsəri ölümsüz edən əsas cəhətdir.


2. “Bajazet” operası (1735)
Osmanlı padşahı I Bəyazidin həyatından bəhs edən bir operadır. Vivaldi tərəfindən “Verona karnavalı” üçün bəstələnmişdir. Əsərdə Bəyazidin Teymur tərəfindən əsir alınması və sonrasında baş verən hadisələr təsvir olunub. Teymur Bəyazidin qızı Asteriyaya aşiq olmuşdur. Həm həyəcanın, həm də romantizmin ön planda olduğu bu əsər sözügedən duyğuların təcəssümü əsasında yazılmışdır.


3. La Follia (1705)
Vivaldi yaşadığı dönəmin usta sənətkarlarından olan Arkancelo Korellidən (italyan. Arcangelo Corelli) təsirlənmişdir. Bu tək hərəkətli sonatanın da Korelli tərzinə olan bənzərliyi diqqəti cəlb edir. Vivaldi bu parçada da harmonik təzadları və ritm tezliklərini vurğulamışdır.


Müəllif qeydi:

4. G minor R. 576 kompozisiyası


5. “La Stravaganza” kompozisiyası 


Hazırladı: Fatimə Əliyeva
 

0 şərh