İranın Bob Dylanı

İranın qadağan olunmuş səsi. Söhbət Mohsen Namjoodan gedir. Milyonlarla dinləyicisi var bu musiqiçinin. Bizim ölkədə də bir çoxları tanıyır, sevir, bir çoxları da hələ xəbərsizdir. Xəbərsiz olanlar üçün bəri başdan deyim ki, dinləyin… Mütləq.

İranlı musiqiçi Mohsen Namjoo 1976- cı ildə İranın Xorasan ostanının Türbət Cam şəhristanında sünni- kürd ailədə doğulub. Uşaq yaşlarından atasını itirən Mohsenin ailəsinin maddi vəziyyəti o qədər də yaxşı olmur. Musiqiyə elə uşaqkən marağı onun musiqi təmayüllü internat məktəbinə yatırılması ilə nəticələnir. Burda o, 18 yaşınadək İran klassik musiqi ustadı Nəsrullah Naşəpurdan dərs alır. Musiqi təhsilini Tehran universitetində davam etdirmək istəyir və ailəsinin etirazına baxmayaraq, Tehrana köçür.

1994- cü ildə Tehran universitetində musiqi və teatr təhsili almağa başlayır. İranın ən öndə gedən musiqi müəllimlərindən dərs alan Mohsen klassik İran musiqisi ilə modern qərb musiqisini sintez etdiyinə görə müəllimləri tərəfindən etirazla qarşılanır və bunlar da onun 3-cü il universitetdən qovulmasına gətirib çıxarır. Bu hadisələrə isə sonradan öz müsahibələrində belə şərh verir:
Əvvəllər musiqi sevgim üçün musiqi təhsili almağa qərar vermişdim, sonralar isə musiqiyə olan sevgimə görə təhsilim yarımçıq qaldı”.

Bundan sonra o, musiqi həyatına universitetin təzyiqləri olmadan davam etməyə başlayır. Bir çox film və sənədli filmlərin musiqiləri hazılayır. Tehranda konsertlər verməyə başlayır, artıq tanınmağa başlayır. 2006- cı ildə ölkə xaricinə çıxmağa başlayır, Beynəlxalq Rotterdam Film festifalında “Hotspot Tehran” adlı kompozisiya ilə səhnəyə çıxır. Konsert uğurlu alınır və bundan sonar Hollandiya radiosunda onunla veriliş hazırlanır, konsertdən mahnılar çalınır.



2009- cu ildə “Şəms” mahnısında Quran ayələrindən istifadəsinə görə 5 illik həbsə məhkum olunur. Amma özü xaricdə olduğundan və bir daha ölkəyə qayıtmadığından həbsdə yatmır. Buna baxmayaraq, hələ də İranda albomlarının satılması, çoxaldılması, dinlənməsi qadağandır.
Qeyd: Araşdıranda bəzi mənbələrdə Val Sakhi Mahnısında Quran ayələri olduğu iddia olunur.

İlk rəsmi albomu 2007- ci ildə Toranj adı ilə çıxıb. İndiyədək isə 5 albom çıxarıb.
“İranın Bob Dylan”ı adlandırılan Mohsen klassik İran musiqisinin caz, rok və bluzla sintezi şəklində ifa edir. Mahnılarının sözləri isə klassik ədəbiyyata — Sədiyə, Hafizə, Mövlanaya söykənir və təbii ki, özü də şeirlər yazır. Setar adlı udabənzər İran milli musiqi aləti də onun musiqilərinə bir növ bələdçilik edir. Amma onun səs telləri həm də musiqi alətidir.

Mohsenlə ilk tanışlığım İranlı rejissor Məcid Məcidinin Cənnətin rəngi filmi ilə oldu. Filmin musiqilərini axtaranda onun mahnısı qarşıma çıxdı. İlk dinləyəndə onun dərinliyini qulağım duya bilmədi. Mohseni sevməyim bir az sonralar oldu. Artıq sosial şəbəkələrdə də paylaşılır və sevilirdi Mohsen. Düzdür, hələ də bu musiqi farsa,digəri kürdə və s. aiddir deyə ayrı-seçkilik salanlar, dinləməyənlər var, amma musiqi sərhəd tanımır. Musiqidə milli, dini, irqi ayrı-seçkilik salmaq ən azı günah olar. Musiqi bir dindir və sənin qulağın, ruhun sənə xoş gələnə ibadət edir.

Musiqiçi İtaliya və Hollandiyada yaşayıb, hazırda onun Amerikada yaşadığı bildirilir. İranlı rejissor Torange Abedianla evlidir.

Mohsen müsahibələrində qeyd edib ki, musiqi və şeirlərinin mənbəyi ucsuz-bucaqsız İran mədəniyyəti və tarixidir. "Bu musiqi və sözlər 400 ildir mübarizə aparan müasirlik və ənənənin müharibə bölgəsi İrandan bəhs edir". "Nə vaxt cəmiyyətdəki ziddiyyətlərə gülmək istəsəm, onda bluzun ritmik notlarının İran musiqisi ilə sintezindən istifadə edirəm. Nə vaxt ağlamaq, taleyimi anlatmaq istəsəm, onda İran oxuma tərzi ilə bluza yol alıram və şeirlərdə özümü bir qaçqın kimi tapıram”.



Mohsen, sanki, Tanrının dili ilə oxuyur. Onu dinləyəndə içindəki ən dərin yerə — Allahla olan mərtəbəyə çatırsan. Ağlamaq, bəzən gülümsəmək istəyirsən. Bəzən bütün vücudun titrəyir, bəzənsə içini o qədər isidir ki… Sözlərini anlamadan bir başqa təsiri olur, sözlərini anlayandan sonra isə bir başqa. Bəlkə kimsə düşünə bilər ki, çox şişirdirəm, xeyr, qətiyyən. Hiss etdiklərimin sadəcə mində birini yaza bilirəm. Dinləsəniz, bəlkə haqq verərsiniz...



Bir gün Mohseni canlı dinləmək ümidi ilə…

Şəbnəm Dəniz

Oxşar məqalələr

 

0 şərh