Rəşid Behbudov haqqında

Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Lenin, Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalıoğlunun ailəsində dünyaya gəlib.

Musiqiyə ilk addımları...
Onun atası, Məcid Behbud alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası, Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlı olmuşdur. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilini keçmişdir. 

1933-cü ildə Rəşid məktəbi bitirir. Rəşidi Tbilisi parkında olan «Müstaid» yay konsertinə iştirak etməyə dəvət edirlər. O, böyük müvəffəqiyyətlə instrumental ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edir. 

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid, 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Və orada müstəqil tələbə orkestri yaradır. Behbudov solist kimi estrada ansamblında fəaliyyətə başlayır. Onlar Gürcüstanın bir sıra rayonlarında qastrol səfərlərində olurlar.

Əsgər obrazı
Qəflətən Behbudov Yerevan konsert kollektivinin birindən dəvət alır. Behbudov Bakıda qastrol səfərində olarkən quruluşçu rejissorlar onun Üzeyir Hacıbəyovun operettasında ifa etdiyi parçaları dinləyirlər və ona «Arşın mal alan» filmində Əsgər obrazı verilir. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən «Arşın mal alan» filmi 1945-ci ildə efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov «Stalin mükafatı» ilə təltif olunur.

«Arşın mal alan» filmi Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obraz — Əsgər obrazı, müğənninin şirin və könül oxşayan səsi həm Azərbaycan tamaşaçılarını, həm də xarici ölkə tamaşaçılarını valeh etmişdir.



Rəngarəng yaradıcılıq
1946-cı ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. Tofiq Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında Tofiq Quliyevin «Azərbaycan», «Neftçi mahnısı», «Züleyxa-xanım» və b. mahnılar yer alır. R.Behbudovun əlaqələri Fikrət Əmirovla da yaxşılaşır. Maestro bəstəkarın «Gülüş», «Ulduz» romanslarını, «Sevdiyim yardır» və b. mahnılarını ifa edir.

1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına sanballı töhfə vermişdir. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman Balaş rolu Behbudova tapşırılır.

1954-cü ildə Behbudov yenə ekranda göründü, bu dəfə «Doğma Xalqıma» sənədli filmində, hansı ki, Azərbaycan incəsənətinin nailiyyətləri haqqında kinopoema olmuşdur.

1957-ci ilin fevral ayında Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Konsert Ansamblı yaranır. Həmin kollektivlərin fəaliyyəti estrada janrının inkişafına, onun geniş kütlələr arasında şöhrətlənməsinə kömək edir. 1959-cu ildə Rəşid Behbudova SSRİ Xalq artisti adı verilir. 

1961-ci ildə Behbudov Xaçmaz, Kirovabad, Daşkəsən, Əli Bayramlı, Mingəçevir, Ağdaş, Göyçay və Naxçıvanda konsertlər verir. Geniş dinləyici auditoriyasına musiqili tamaşaların yeni təsir vasitələri üçün yaradıcılıq axtarışları aparan R.Behbudov 1965-ci ildə ölkədə ilk mahnı teatrı yaratdı, ömrünün axırınadək həmin teatrda solist və bədii rəhbər oldu. 

70-ci illərdə isə, Rəşid Behbudov yenə ekranlarda «1001-ci qastrol» filmində görünür.* 1980-ci ildə isə, ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.

Verdiyi konsertlər
O dövrdə, «KQB»-nin bütün təzyiqlərinə baxmayaraq, Rəşid Behbudov bütün konsertlərini «Azərbaycan» mahnısı ilə başlayırdı. Azərbaycan sözü onun vizit vərəqəsi idi.

Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.



O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Belçika, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Kosta-Rika, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında planet xalqlarının 50-dən çox dilində səslənmişdir. Daha sonralar Behbudovu qastrol səfərlərinə dəvət edirlər. O, səfərlərində incəsənət ustası xadimi kimi Azərbaycanı təmsil edir. 

1952-ci ildə sovet incəsənət xadimləri Hindistana dəvət alırlar. R.Behbudov Hindistanda Azərbaycan bəstəkarları — Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirovun mahnılarını ifa edir. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında Baliqa-həkim və tanınmış kinoaktyorlar Nərgiz Xumara və Rac Kapur olur. 1957-ci ildə Hindistandan Azərbaycana hind musiqi instrumentləri kolleksiyasını Rəşid Behbudova hədiyyə yollayırlar. R.Behbudov bu ölkəyə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır.

Azərbaycan kinosunun «Bəxtiyar»ı
1955-ci ilin ilk günlərindən sənətkar kinostudiyada çəkilməyə başlanılan yeni bir filmdə — «Bəxtiyar» filmində baş qəhrəman rolunda çəkilməyə dəvət olunur. Daha doğrusu, bu musiqili film bütünlüklə Rəşid Behbudovun sənəti üzərində qurulmuş bir filmdir. Filmin bəstəkarı sevimli sənətkarımız Tofiq Quliyev Rəşidin istedadının tam açılması üçün bir-birindən gözəl mahnılar yazır.

Bu mahnılar — «Qızıl üzük», «Zibeydə», "İlk məhəbbət mahnısı", «Sevgi mahnısı», «Dostluq mahnısı» Azərbaycan mahnı janrının ən parlaq nümunələri olaraq bu gün də tamaşaçılar tərəfindən həvəslə qarşılanır. «Bəxtiyar» bədii filmi ənənəvi sxem üzrə yaradılsa da, onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süjet üzərində qurulması, filmə mahnıların bəstəkar Tofiq Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda güclü və təmiz səsə malik müğənninin — R.Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir. Film gənc neftçi, istedadlı müğənni Bəxtiyar Muradovun həyat və yaradıcılıq yolundan bəhs edir. Bəxtiyar obrazını yaratmış R. Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərmişdir. Bəxtiyar rolunu oynayan Rəşid Behbudovun aktyor olmadığını göz önünə alarsaq, onun rolun öhdəsindən gəldiyi qənaətinə gəlmək olar.

Film boyu obrazın replikaları çox olmasa da, aktyor-müğənni bəzi kritik məqamların öhdəsindən gələ bilmişdir. Buna misal olaraq Bəxtiyarın Saşanı vağzalda yola salarkən üzündəki kədər və filmin sonunda Ağabalanın üzünə hirslə baxaraq «Bu nə deməkdir? O nə danışır?» deməsi və Ağabalanın yaxasından tutaraq yerə yıxması səhnələri tamamilə alınan səhnələrdir. Ancaq onu da qeyd etmək lazımdır ki, alınmayan səhnələr də az deyil. Misal olaraq Saşa fit çalandan sonra Bəxtiyarın səhnədən ona acıqlı baxaraq dönüb səhnəni tərk etməsi ən alınmayan səhnələrdən biridir. Amma hər halda müğənninin ecazkar səslə oxuduğu mahnılar və əlbəttə, rolu səsləndirən Əli Zeynalovun məlahətli səsi filmin uğurlu alınmasına və bu gün də maraqla izlənməsinə səbəb olmuşdur.

Ölümündən sonra
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. 
Hal-hazırda qızı Rəşidə Rəşid atasının yolunu davam etdirir.
Ölümündən sonra onun haqqında filmlər çəkilməyə başladı. 2000-ci ildə «Hər şey olduğu kimi» filmi çəkildi. Film dahi müğənni, xalq artisti Rəşid Behbudov haqqında toplanmış xronikal kadrlardan ibarətdir. Tamaşaçı bir daha onun məlahətli səsi ilə ovsunlanır. Filmin ssenari müəllifi: Kamil Şahverdi, Rejissor: Elçin Musaoğludur.

Azərbaycanda ilk çoxseriyalı sənədli film «Lider TV»-nin məhsulu olan «Rəşid ömrü» filmi böyük sənətkarımız Rəşid Behbudova həsr edilib. «Rəşid ömrü» adlı dördseriyalı filmi televiziyanın «Lider Dizayn Xidməti» hazırlayıb. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Fuad Dadaşov, baş operatoru Sahib Səfərov, montajçı Tariyel Seyidovdur.

13 oktyabr 2001-ci ildə, Rəşid Behbudovun xatirə gecəsində Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin Rəşid Behbudovla bağlı söylədiyi xatirələrindən ən maraqlı məqamları:

Heydər Əliyev: «Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, İkinci Dünya müharibəsinin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnıları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir. Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnılarının yaradıcısı olubdur. Deyə bilərəm ki, Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. İkinci beləsi olmayıbdır. Hansı ölkəyə gedirdisə, mütləq səfərindən əvvəl oranın gözəl mahnılarından bir neçəsini o ölkənin xalqının dilində hazırlayırdı, gedib orada oxuyurdu və böyük hörmət qazanırdı.



Mənim böyük qardaşım, rəhmətlik akademik Həsən Əliyevlə bir neçə dəfə söhbətdə onun dediyi sözlər mənim yadımdan heç vaxt çıxmır. O deyirdi ki, biz yüz ildir dünyaya neft veririk, amma biz bununla özümüzü dünyaya tanıda bilmədik. Ancaq bir nəfər, bir insan, — Rəşid Behbudov öz mahnıları ilə, yəni Azərbaycan mahnıları və musiqisi ilə Azərbaycanı bütün dünyaya tanıtdı. Mənim onunla şəxsi dostluq münasibətim vardı. Hələ Azərbaycanın rəhbəri olmazdan xeyli əvvəl onunla şəxsi münasibətim, dostluğum vardı. Bu dostluqda məni ona bağlayan onun gözəl sənəti idi. O isə nədənsə, mənə də müəyyən qədər, hansı səbəblərə görəsə çox hörmət edən bir insan idi. Hələ o vaxt ki, mən respublikanın rəhbərliyində deyildim. Xatirimdədir, bir dəfə, — indi „Şəhriyar“ klubu adlanır, orada — xaricdən gəlmiş hansısa məşhur müğənninin konserti vardı, mən konsertə getmişdim. Orada kiçik bir loja var, onda mən artıq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Bir yerdə dinlədik. Sonra oradan çıxdıq, piyada gedirdik. Rəşid, bilirsiniz, dənizkənarı evdə yaşayırdı, mən isə, yəqin bilirsiniz, harada yaşamışam. Azərbaycan prospekti ilə Bülbül prospektinin kəsişdiyi yerdə, tində bir ev var, orada yaşayırdım, üçotaqlı mənzilimiz vardı.

Oradan keçirdik, dedim, Rəşid, gedək bir çay içək. Dedi ki, çox məmnuniyyətlə. Bizim evə qalxdıq, oturduq, çay içdik, söhbət etdik. Mənim həyat yoldaşım mərhum Zərifə xanım bizə xidmət etdi. Mən Rəşidə bir neçə mahnı haqqında öz fikrimi dedim. Nədənsə, birdən mən ondan soruşdum ki, sən nə üçün Rauf Hacıyevin „Azərbaycan“ mahnısını indiyədək oxumursan? O dedi ki, nədənsə heç düşünməmişəm. Dedim, o mahnını sən bilirsən? Dedi ki, əlbəttə, bilirəm. Zərifə xanım oturdu, pianoda onu çaldı. Rəşid başladı bu mahnını bir balaca oxumağa. Bundan 10-15 gün keçəndən sonra o, mənə telefon etdi və dedi ki, bu mahnı artıq hazırdır».

...«1970-ci ildə, — mən bir il idi ki, Azərbaycana rəhbər seçilmişdim, — biz böyük bir nümayəndə heyəti ilə Qazaxıstana getdik. O vaxt Qazaxıstanın 50 illik yubileyi qeyd olunurdu. SSRİ-nin rəhbəri Brejnev oraya gəldi. Ona görə də bütün müttəfiq respublikaların birinci şəxsləri ora gəlmişdi. Bu, Azərbaycanın rəhbəri kimi başqa yerə mənim ilk səfərim idi. Mən nümayəndə heyətinə Rəşid Behbudovu da saldım. O vaxt o, həm müğənni idi, həm də SSRİ Ali Sovetinin deputatı idi, tanınmış bir adam idi. Mən nümayəndə heyətinin tərkibinə onu salaraq, birincisi, ona öz dostluq münasibətimi göstərdim, ikincisi də, dedim ki, elə bu, bizim nümayəndə heyətini daha da bəzəyəcəkdir. Çünki onu bizdən daha çox, yaxşı tanıyırlar. Oraya getdik. Harada bir yerdə olurduqsa, hamı „Rəşid Behbudov, Rəşid Behbudov, Rəşid Behbudov“ — deyirdi. Onda mən gördüm ki, kiçikdən böyüyə qədər hamı ona nə qədər məhəbbət bəsləyir. 

»Şərq«in araşdırma qrupu
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
 

0 şərh