Yozef Haydn

Joseph HaydnAvstriya bəstəkarı, Vyana klassik məktəbinin nümayəndəsi Frans Yozef Haydn simfoniya və simli kvartet kimi musiqi janrlarının banilərindən biridir. Vaxtilə Pyotr Çaykovski Haydn haqqında deyirdi: “O olmasaydı, nə Mosart, nə də Bethoven olardı”. Haydnın taleyi sənətinin vurğunu olduğu digər böyük bəstəkar İohann Sebastyan Baxın taleyinə bənzəyir.

Yozef Haydn 1732-ci il martın 31-də Avstriyanın Macarıstanla həmsərhəd Rorau kəndində, qraf Qarraxların malikənəsində, kareta ustası Mattias Haydnın ailəsində dünyaya gəlib. Yozef ailənin on yeddinci uşağı olub. Atası musiqini sevir, arfada çalır, anası isə yaxşı oxuyurdu. Ailə çətinliklə dolansa da, altı yaşlı Yozefi məktəbə qoyurlar. Burada o, demək olar, bütün musiqi alətlərində çalmağı öyrənir. İki il sonra isə Yozef Müqəddəs Stefan kilsəsinin kapellasında xorist işləməyə başlayır, lakin “tam peşə yararsızlığına görə” tezliklə xordan qovulur. 

Y.Haydn dolanmaq üçün hər işdən yapışır: not köçürür, nəğmə müəllimi, küçə musiqiçisi, skripkaçalan və orqançalan, akkompaniator işləyir. Vyanada olanda evlərin çardağında, bəzən sadəcə parkda, skamyada gecələyir. 

Amma gələcək bəstəkarın həyat eşqi və nikbinlik kimi gözəl keyfiyyətləri vardı. Ən yoxsul vaxtlarında tez-tez zarafatla deyirmiş: “İstedadlı olsaydım, məni tanıyardılar. Dərd burasıdır ki, mən, görünür, dahiyəm. Dahilərinki də belə gətirib: gərək, səbr edəsən”. 

Varlı əyanlardan birinin yanına işə düzəlmək Haydn üçün səfalətdən qurtulmağın yeganə üsulu idi. Bax kimi onun da köməyinə dostları gəlir. Əvvəlcə qraf Morsinin yanında işə düzəlir və ilk simfoniyasını yazır. Simfoniya böyük uğur qazanır. Gənc bəstəkar knyaz Esterhazinin diqqətini cəlb edir. 1761-ci ildə Y.Haydn knyazın orkestrinin vitse-kapelmeysteri, beş il sonra isə baş kapelmeysteri olur. Haydn otuz il knyaza xidmət edir. Bu müddət ərzində çoxsaylı böyük əsərlər yaradır. Bəstəkarın musiqisi aydın, işiqlı və son dərəcə “canlıdır”. Haydn öz simfoniyalarını sanki rəngkarlıq əsərləri kimi adlandırır: “Axşam”, “Səhər”, “Günorta”, “Ov”, “Ayı”, “Toyuq”, “Kraliça”. O, melodiyasını sanki tamaşaçının gözündə canlandırır: günəş parlayır, dalğalar qumlu sahilə hücum çəkir, çaylar şırıldayır, quşlar cəh-cəh vurur, əyripəncə ayı yanlarını basa-basa yeriyir...

Esterhazinin sarayında çalışdığı az qala otuz illik karyerası ərzində bəstəkar xeyli əsər bəstələyir, onun şöhrəti gündən-günə artır. 1781-ci ildə Vyanada olanda Volfqanq Amadey Mosartla tanış olur və dostlaşır.

1790-cı ildə Esterhazinin ölümündən sonra Haydn artıq dünya şöhrətli bəstəkar idi. Ona krallar, knyazlar və hətta imperatorlar simfoniya, kvartet və oratoriyalar sifariş verirlər. Vyana ətrafındakı kiçik evinə dünyanın hər yerindən onun dühasına böyük ehtiram əlaməti olaraq fəxri diplomlar, medallar, qiymətli hədiyyələr axışır. 

Haydn özündən sonra böyük irs qoyub gedib: təqribən 30 opera, üç oratoriya, o cümlədən məşhur ”Dünyanın yaradılışı”, “İlin fəsilləri” oratoriyaları, 14 messa, 119 simfoniya, bariton üçün 163 pyes, 83 kvartet, 44 sonata və s. və ilaxır. Özü də bunlar onun bizim günlərə gəlib çatan əsərləridir. Axı Haydnın Esterhazinin yanında yaratdığı bütün əsərlər knyazın və onun varislərinin mülkiyyəti hesab olunurdu. Onlar isə böyük bəstəkarın partituralarından ibarət bu sərvəti dünya ilə bölüşməyə tələsmirdilər. 1932-ci ildə — bütün dünya Haydnın iki yüz illik yubileyini qeyd edəndə onun indiyə qədər məlum olmayan 400-dən çox əsəri dərc olundu. “Lya passione” isə yalnız 1959-cu ildə aşkar edildi.



Bəstəkar Napoleon ordusunun Vyanaya hücumundan sonra — 1809-cu il mayın 31-də 77 yaşında vəfat edib. Evinin ətrafına top mərmisi düşəndə xidmətçilərini sakitləşdirərkən dediyi sözlər bəstəkarın son sözlərindən biri olub: “Övladlarım, heç qorxub eləməyin, çünki Haydn varsa, heç bir ziyan ola bilməz”. İki həftə sonra isə Şotland monastırının kilsəsində onun cənazə duası oxunub. Mərasimdə Mosartın Rekviyemi səslənib. 

Bu maraqlıdır: Haydn Londonda konsertlər verəndə tez-tez müşahidə edirdi ki, Britaniya paytaxtının sakinlərinin çoxu incəsənəti sevdikləri üçün yox, məlum olduğu kimi, İngiltərədə çox güclü olan ənənələrə hörmət xətrinə musiqi dinləməyə gəlirlər.

Orkestrə dirijorluq edən Haydn bəzən salona göz gəzdirib, bəzi sıralarda şirin-şirin yatan tamaşaçıları görürdü. Bəstəkar özünəməxsus yumor hissi ilə vəziyyətdən çıxış yolu tapır. O, məxsusi olaraq londonlular üçün simfoniya bəstələyir. Simfoniya rəvan və asta tempdə başlayır, elə bil qəsdən tamaşaçılara lay-lay çalır. Birdən sanki “göy guruldayır, ildırım çaxır”. Zərb alətlərinin qulaqbatırıcı səsi salonu silkələyir. Təbii ki, şirin yuxuda olanlar hövlnak ayılırlar. Sonra həzin musiqi süzülür, ardınca yenə də barabanlar guruldamağa başlayır. Həzin və gurultulu musiqi bir neçə dəfə bir-birini əvəzləyir. Heç kəs yata bilmir. Buna görə də simfoniya “Sürpriz”, yaxud “Zərb alətləri ilə simfoniya” adlandırılır.


azertag.az

0 şərh