Rixard Vaqner - Musiqidə mistik simvolizmin banisi

O haradan bilərdi ki, günlərin birində dünyanı qan çanağına çevirmiş, milyonlarla insanın qatili olan Hitlerin sevimli bəstəkarı olacaq. Haradan bilərdi ki, əsərlərinin ifası və dinlənilməsi bir çox ölkələrdə yasaqlanacaq. Günlərin birində isə adı opera sənətində reformator olaraq əbədiləşəcək.

Leypsiq. 1813-cü ilin 22 mayı. Sadə polis məmuru ailəsində növbəti oğlan usağı, sayca yeddinci, dünyaya gəlir. Yeni doğulmuş körpə Rixard Vaqner idi.  Bir müddətdən sonra atası dünyadan köçür. Anası isə bir ildən sonra aktyor Lüdviq Qeyer ilə ailə həyatı qurur.

Qeyer uşaqları himayəsinə götürür. Onların savadlanması ilə yaxından məşğul olur. Vaqnerə böyük maraqda bulunan atalıq onu daima özüylə teatr salonlarına apararaq uşağın hər hansı bir bacarığa yetəcəyini gözləyirdi. 

Bəlkə də elə teatr onda böyük təəssürat yaratmış miflərə və mistitizmə maraq oyadaraq sonralar sənətinin leytmotivinə çevrilmişdi.  Ailədə digər uşaqlar qabiliyyətli idilər. Təkcə Vaqner sakit və susqun təbiəti ilə çılğınlıq və bacarıq nümayiş etdirmirdi. 

Deyilənə görə Vaqner atalığına çox bənzəyirdi. Hətta şayiələr gəzirdi ki, guya Vaqner elə Lüdviq Qeyerin oğlu idi. Hər halda o, 14 yaşına qədər atalığının familində getmişdi. Atalığı Qeyer digər otaqda can verəndə Vaqner fortopianoda əsər ifa edirdi. Qeyer: “Əzizim, bu uşaqda istedad var, görürəm” — deyərək dünyadan köçür.

Atalığın vəfatından sonra anası Vaqner üçün piano müəllimi tutur. Müəllim uşaqdan qətiyyən razı deyildi. Onu qabiliyyətsiz və bacarıqsız adlandırırdı. Hətta qammaları bilməməkdə onu suçlayırdı. Vaqner isə inadkarlıqla qammaları gördüyünü və onlarla danışdığını söyləyir. Müəllim təəccüb və dəhşət içindədir. Uşağın havalandığını düşünür.

Yaradana və Bethovenə inanıram
Gənc Vaqner Leypsiq teatr lojasında əyləşib Bethovenin əsərlərini dinləyirdi. O, səhnədə baş verənlərə heyran qalmışdı. Bethoven musiqisi onu məftun etmişdi. Vaqner özlüyündə “Mən Yaradana və Bethovenə inanıram. Günlərin birində mən də Bethoven kimi nə isə yaradacağam. Amma daha möhtəşəmini yaradacağam…” — söyləyir.

Şekspiri orijinaldan oxumaq
Şekspir Vaqner üçün düha idi. O, yazıçının ahəngini daha yaxından duymaq, hiss etmək və əsərlərini orijinaldan oxumaq üçün ingilis dilini öyrənir. Sonralar isə öz operalarını Şekspir əsərlərinə kökləyir.

Günlərin birində
17 yaşlı gənc Vaqner öz aləmində opera yazdığını zənn edərək teatra bəstəsini təqdim edir. Orkestr bu cəfəngiyatı çalmaqdan imtina edir. Amma o vaxt teatra təhkim olunmuş kopelmeyster özünü bəstəkar hesab edən gəncə yaxşı qulaqburması vermək üçün Vaqnerin operasını ifa edəcəyini söyləyərək orkestri rəyə gətirir. Məşqlərdə iştirak edən Vaqner operanın olduqca bərbad olduğunu görərək əsərini (“Si bemol major”) dirijordan geri istəyir. O isə razılaşmır. 

Deyilənə görə operanı dinləmək üçün tamaşaya kifayət qədər insan toplaşmışdı. Öncə hamı sakit halda operanı dinləyir. Sonra ard-arda səslənən qonq səsləri insanlara qıcıq verir. Zalda replikaların, gülüşmələrin sayı artmağa başlayır. Bu uğursuzluq zamanı Vaqner huşunu itirərək yerə yıxılır. Operanın ardından yazılan tənqidi resenziyalar gənc bəstəkarı daha da məhv edirdi. Hətta deyilənə görə Venada olan zamanlarda “Toy” adlı operasını qələmə almış, ilk uğursuzluğunun yaratdığı zədədən ayılmayan Vaqner hazır parteturanı yandıraraq məhv etmişdi.

Uğursuzluğunun yeganə müsbət cəhəti Vaqnerin nəhayət, qərara gələrək Leypsiq Universitetinə sənədlərini verməsi olur. Hamı kimi adi tələbə olan bəstəkar universitetdə oxuduğu dönəmlərdə musiqiyə əvvəlkindən daha çox önəm verməyə başlayır, musiqi onu öz cazibəsinə salmaqda davam edir.

1833-cü ildə Vaqner Vyursburq teatrına ayda 10 quldinq müqabilində işə düzəlir. Burada o, ilk dəfə Tereza adlı bir xanıma aşiq olur. Bu məhəbbət onu yeni əsərlər yazmağa ruhlandırır. Bəstəkar “Pəri” adlı operasını tamamlayır. Amma onu səhnələşdirmək nəsibi olmur. Adı çəkilən opera bəstəkarın ölümündən sonra səhnəyə qoyulmuşdu. 

1834-cü ildə Vaqnerə Lauxştatda kopelmeyster vəzifəsi təklif olunur. “Mən mənzil üçün təyin olunmuş yerə getdikdə mənzil sahibləri mənə söylədilər ki, əgər məhz bu evi kirayə götürərəmsə, o zaman şəhərin ən gözəl xanımı ilə qonşu olmaq şərəfinə nail olaram. Mən bu xanımı görəndə anladım ki, bu şəhərdə hələ çox qalacağam”. Vaqner gündəliyində belə yazır. Bu xanım Minne Planer idi. 

Minne ilə məhəbbətindən “Məhəbbət qadağası” adlı opera yaranır. Şekspir əsərləri əsasında yazılmış bu operaya Vaqner özü dirijorluq edirdi. Gözlənilən nəticə alınmır. Yenə də uğursuzluq… Aktyor obrazın sözlərini unudur. İfaçılar nə çaldığını bilmir. Tamaşaçılar səhnədə nələrin cərəyan etdiyini müəyyənləşdirə bilməyib salonu tərk edirlər və.s. Bu dəfə Vaqner huşunu itirib yerə yıxılmır. Çünki xoşbəxt idi. İki illik sevgi macərasından sonra nəhayət, Minne bəstəkarın evlilik təklifini razılıqla qarşılamışdı.

1837-ci ildə bəstəkar eyni vəzifə təklifini Riqa teatrından da alır və düşünmədən oraya yollanır. Minne ilə evlilikdən sonra teatr bağlanır. Xanım Planer bu izdivacın uğursuz olduğunu söyləyirdi. Evliliyin onu müflis etdiyi qənaətinə gəlir. Vaqner sevimli xanımını razı salmaqdan və onun maddi tələbatını ödəməkdən ötrü borc götürür. Sonra isə tutulmaq təhlükəsini hiss edərək həyat yoldaşı ilə birgə şəhərdən qaçmaq qərarına gəlir.

1839-cu ildə Parisə pənah gətirən Vaqner uğur səhifələrini yazmağı düşünürdü. Paris teatrı onun bəstələrini ağır və maraqsız hesab edirdi. Onların fikrincə bu tip operalar qulağa yad gəlir və tamaşaçıda pis əhval-ruhiyyə yaradır. Çünki fransızlara əyləndirici musiqilər lazım idi. Düşündürücü və ağır operalar ilə repertuarı yükləmək onların fikrincə doğru deyildi. “Kolumb” uvertürası da uğursuzluqla üzləşir. Üvertüra fit sədaları ilə qarşılanır. Konsertdən sonra Vaqner özünə və həyat yoldaşına bıçaq xəsarəti yetirir. Xoşbəxtlikdən hər ikisi də sağ qalır. 

Sonradan Drezden teatrı onun operasını səhnələşdirməyə razı olur. Nəhayət, uğur qazanılır. Tamaşaçılar Vaqneri ayaq üstündə alqışlayırlar. Bundan sonra uğur uğur ardından gəlir. Amma bəstəkar bu qədər müvəffəqiyyət dairəsində müflis həyatını davam etdirirdi. Çünki qazancı qəpik-quruşdan başqa bir şey deyildi. O səbəbdən də o, ard-arda borca girərək kriditorların həbs hədəsi ilə üz-üzə qalır. 

Minnenin pul düşkünlüyü, borca görə üstünə getdiyi dostunun yalançı vədləri Vaqneri özündən çıxarırdı. O, hər iki yahudiyə nifrət edirdi. Bəlkə də antisemit çıxışları da elə bundan qaynaqlanırdı.

Vaqnerin həyatında ən uğurlu tanışlıq X. fon Byulov ilə olur. Doğrudur, Bavariyada olduğu zamanlarda Kozima və Vaqner arasında olan münasibətlər böyük səs-küyə səbəb olmuşdu. Əslində Vaqner uşaq kimi Kozimaya vurulmuşdu. 50 yaşlı bəstəkar onsuz özünü təsəvvür etmirdi. Byulov bundan xəbər tutsa da, Vaqnerə qarşı münasibətini dəyişmir və maraqlısı odur ki, o, Vaqnerin növbəti operalarına dirijorluq etməkdə davam edir. Bir neçə müddətdən sonra Kozimanın İzolda adlı qızı dünyaya gəlir. O, Vaqnerin qızı idi. Bu ərəfələrdə isə “Tristan və İzolda” operası yaradıcılıq üfüqlərini aşmaqda davam edirdi. Opera məhəbbət və ölümün vəhdətindən, Vaqnerin fəlsəfi fikirlərinin toplusundan ibarət idi. Ümumiyyətlə, operanın tarixçəsi haqqında mistik əsəvvürlər mövcud idi. Deyilənə görə Tristan obrazını oynayan aktyor ard-arda operanın məşqlərini edərkən səsindən məhrum olaraq havalanır. 



Vaqner və Kozima ətrafında dolaşan nalayiq fikirlər nəhayət, cənab Byulovun Kozimadan rəsmi boşanması üçün lüzum yaradır. Yalnız bundan sonra dolaşan söz-söhbət səngiyir. 1870-ci ildə onlar nikahlarını rəsmiləşdirirlər. Bu vaxt Kozima və Vaqnerin iki övladı var idi. Vaqnerin ən böyük arzusu Beyreytdə teatr tikmək idi. O, arzusuna çatır. Lyudviq II Bavarski isə ömrünün sonuna qədər bəstəkarın həyatında onun bütün maddi ehtiyaclarını ödəyən birisi olur. Sənətə vurğun hökmdar Vaqner sənətinin pərəstişkarı idi. Noyşvanştayn qəsri də Vaqnerin şərəfinə hökmdar tərəfindən ucaldılmışdı. 

Vaqner Hitlerin də sevimli bəstəkarı idi. Faşist Almaniyası öz qanlı aksiyalarını, edamlarını Vaqner musiqisinin sədaları altında gerçəkləşdirirdi. Cəllad fobiyası xalqın yaddaşında elə silinməz iz salmışdı ki, Vaqner uzun illər hamının yaddaşında sevilməyən, qara qüvvəli bəstəkar kimi əbədiləşmişdi. İsraildə XX əsrə qədər Vaqner musiqisi yasaqlanmışdı. Bəstəkar şarlatan obrazına bürünmüşdü.

Vaqner opera sənətinin novatoru idi. O, istədiyinə nail olur. Bəli, musiqilərinə valeh olduğu Bethoven və Motsartdan fərqli bir sənət əsərləri bəstələyərək yeni üslub yaradır. Dünya opera tarixində operanın Vaqnerdən öncə və Vaqnerdən sonra üslubu mövcuddur. Vaqner ona bələd bütün mifik, utopik, mistik təfəkkürünü ortaya qoyaraq opera üzərində böyük sənətkar imzasını atır. Və özündən sonra qeyri-adi irs yadigar qoyur. 

Soyuq fevral günlərinin birində iş otağında not dəftərinə yeni notlar yazan bəstəkarı bütün ailə masa ətrafında gözləyirdi. Təamlar boşqablara qoyulmuşdu. Vaqner isə nədənsə nahara gecikir. Bəstəkar demək olar ki, həyat yoldaşı Kozimanın əllərində dünyadan gedir. Son sözləri isə “Mənim saatım” kəlməsi olur.

Hazırladı: Günel EYVAZLI

0 şərh