Qara Qarayev

Gözü həmişə Bakıda olan bəstəkara  gah Qara Qızıl, cah da Qızıl Qızılov deyərdilər.  
«Məncə Bakı dünyada ən gözəl şəhərdir. Hər gün o, aydın günəşli, yaxud zəif bozumtul-mirvari dumanlı və yağışlı səhərlə oyanarkən oxuyur. O özü bütünlükdə mahnıdır… Belə gözəl şəhəri mənim xalqım əsrlər boyu yaradıb» Qara Qarayev

Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayi kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.  Şərq tərbiyəsi almış Fərəc babanı Qarayev mənəvi-fəlsəfi mövzularda söhbət edən, musiqi və şeri, fars dilini bilən, Nizami Gəncəvini orijinalda oxuyan və muğamat bilicisi kimi xatırlayır. İskəndər babası isə dünya ədəbiyyatının əla bilicisi kimi həm də doğma ədəbiyyata və rus ədəbiyyatına peşəkar səviyyədə bələd olub. Qarayev babasının Şamaxıdakı ev kitabxanasında dünya ədəbiyyatı şedevrləriylə tanış olur.
Yaş yarımlıq olanda nənəsi hiss edir ki, balaca Qara musiqi səslərinə etinasız deyil. Küçədə orkestr müşayiəti altında türk polku keçəndə körpə özündən çıxır. 8-9 yaşında olanda isə saatlarla pianonu döyəcləyib qardaşı Mürsəli inandırmağa çalışırdı ki, oxuduğu kitabların təssüratını musiqiyə köçürür. Qaranın atası Əbülfəz Fərəc oğlu Qarayev Azərbaycanın uşaq xəstəlikləri üzrə ən məşhur mütəxəssislərindən biri idi. Anası Sona xanım fortepianoda çalır, ana dilində şerlər yazırdı. Onun bəzi şerləri Bakı qəzetlərində həm doğma dildə, həm də tərcümədə çap olunub. Abşeron kəndlərində keçirdiyi yay aylarında o, milli qaynaqdan qidalanıb, xalq şənlikləri, mərasim musiqisi, ənənələr onun yaddaşında iz buraxıb. Avropa və Gənubi Amerikaya səfərlər eləmiş  Əjdər dayının arabir bacıoğluna məşhur opera və simfoniyalardan parçaları zümzümə eləməsi, Qaranı teatra getməyə və not toplamağa həvəslənidirməsi də az rol oynamamışdı. Bu musiqi təssüratlarına anasının çaldığı romans, vals, marşlar da əlavə olunsa, gələcək bəstəkarın bütün yaradıcılıq yolunu müəyyənləşdirən istiqamət aydınlaşar: Qərb və Şərq arasında öz yerini tapmaq.
Ümumi inkişafıyçün kiçik Qaranı müsiqiylə məşğul olmağa göndərirlər. Valideynləri musiqi sənətini ciddi peşə saymırdılar, onu həkim kimi görmək istəyirdilər. Neçə illərdən, Qarayev musiqisi tanınandan sonra atası etiraf eləməli olur: «Bəlkə onu rahat buraxaq? Deyəsən Karik özünü tapa bilib». Bu sözləri deyəndə Qara Qarayevin «7 gözəl» baletinin afişaları şəhərin divarlarına yapışdırılmışdı.

Qara Qaryev, yoxsa Qara qızıl

Qara Qarayev,bəstəkarQarayev beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarıdır. Hələ bu yaxınlaracan Qarayev musiqisinin millilikdən uzaq olmasını təkid eləyənlər vardı. Fikrət Əmirovun, yoxsa Qara Qarayevin daha çox milli olması mövzusunda mübahisələrə son qoymaqçün musiqişünaslar Qarayev irsiylə ciddi məşğul olub melodiyası, ritmində milli elementləri tapıb hər şeyi sübuta yetirdilər. Bəstəkar xalq yaradıcılığından sitat gətirməyin əleyhinə çıxaraq onu neftlə müqayisə eləyir: «Varlanmaq ehtirasıyla adamlar üst qatların sərvətini vəhşicəsinə çəkib qurtardılar. Yuxarı qatlar kasıblaşanda nefti mürəkkəb qurğularla çıxarmaq lazım gəldi. Biz xalq musiqisinin üst qatlarını da insafsızcasına istismar etmirikmi? Onun zənginliyi düşündüyümüzdən daha dərindədi və biz ora enməkçün lazımi texniki vasitələrlə silahlanmalıyıq». Qarayea həmin texniki vasitələri vertuozcasına işlətməyi bacaranlardandı. Özbək xalq mahnı və rəqlərinin mahir ifaçısı Tamara xanım görüşlərin birində bəstəkara «Sizin adınız rəngcə o qədər də xoş olmasa da, biz sizi çox sevirik. Ona görə sizi Qızıl Qızılov adlandırmaq lazımdır» deyir. Hərdən biz nefti də «qara qızıl» adlandırırıq.

Dünyaya açılan qapıdan...

Adətən jurnalistlər böyük sənətkar obrazını incidilən, başa düşülməyən, ya tənha, ölümündən sonra tanınan şəxsiyyət kimi yaratmağı sevirlər. Düzdü, Azərbaycanda Qarayevin adını daşıyan nüfuzlu mədəniyyət ocağı yoxdur, Qarayevin əsərləri bir o qədər də tez-tez səslənmir. «İldırımlı yollarla» baletini görmək bakılı tamaşaçısının çoxdankı arzusudur. Amma o, sağlığında hökümət səviyyəsində bütün mümkün formalarda sayılıb və xalqın sevgisini qazanıb. Qarayev Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti adlarına layiq görülüb. İki dəfə – birincisi Cövdət Hacıyevlə birgə yazdıqları «Vətən» operasına görə, ikincə dəfə «Leyli və Məcnun» stmfonik poemasına görə SSRİ Dövlət Mükafatını, «İldırımlı yollarla» baletinə görə Lenin mükafatını alıb. Konservatoriyanın rektoru (1949-1953-cü illər), Ali Sovetin Deputatı, bəstəkarlıq kafedrasının müdiri, ömrünün sonuna kimi Bəstəkarlar İttifaqının sədri olub.
Onu xalq musiqisisinə etinasızlıqda, musiqi materialının abstraklığında ittiham edirdilər. Qarayevin milli ənənələr ruhunda yazılmış «Leyli və Məcnun»una «formalistik» əsər damğası vurulmuşdu. Bu əsər Bəstəkarlar İttifaqının müzakirələrində tənqid edilmişdi. Həmin müzakirənin sabahısı əsər mükafatlandırılanda tənqid edənlərin əksəriyyəti sehirli çubuqla idarə edilmiş kimi fikrini 180 dərəcə dəyişmişdi.
Bəstəkar yaratdıqlarını və tapdıqlarını anlaya biləcək həmkarlar, həmçinin həmsöhbətlər tapmaq ümidiylə yaradıcılığının son dövrünü Moskvaya bağlayıb. Moskva və Leninqrad teatrlarında tamaşaya qoyulan baletlərini görmək arzusuyla, qabaqcıq teatr, kino rejissyorlarıyla ünsiyyət naminə vətənindən uzaqlarda yaşayıb yaradıb. O vaxt azərbaycanlı bəstəkarçün SSRİ-nin paytaxtı dünyaya açılan az qala yeganə qapı idi.

Yaradıcılıq sahəsində atəşkəs olmur

Rəsmi statusuyla müdafiə edilən bir şəxs olsa da bəzən sadə insan kimi köməksiz olurdu. Bir vaxt dostluq etdiyi, yaradıcılıq yolunda çətinlikləri bölüşdüyü, professional axtarışda kömək göstərdiyi, biliyini əsirgəmədiyi adamlara münasibətdə… Bir vaxt yanında saydığı (bəzən keçmiş tələbələrindən) əks yaradıcılıq cəbhəsində olur, bəzən kimsə şəxsi münasibətlərini ambisiya müstəvisinə keçirə bilir, öz yaradıcılıq mövqeyini Azərbaycan musiqisinin inkişafında daha önəmli sayırdı. Dəstək gözlədiyi vaxt Qarayevin dodekafoniya (20-ci əsrdə yaranmış musiqi üslubu) yoluna dönməsinə tənqidi ehtiyatla yanaşıblar… Bütün bunları sənətkar xəyanət kimi qəbul edirdi. Bütün bunlar bəzən reaksiyalara, bəzən daimi əsəbi gərginliyə çevrilirdi. Nəticədə 40 yaşın ərəfəsində Qara Qarayevinqazandığı ürək xəstəlikləri – əvvəl stenokardiya, sonra işemiya, sonra infark… Ona görə də saysız –hesabsız ideyalar, üç balet – «3 Leyli», «Qeys və Leyli», «Hamlet» yalnız eskizlərdə, qaralamalarda ilişib qaldı…
Niyazi ilə Qarayevin münasibətləri çox vaxt şekspirsayağı «dram»larla nəticələnirdi. Sözü üzə həmişə şax deyən Niyazi nifrətini, qeyzini gizləmirdi və Qarayevin xanımının rus olmasını da ona bağışlaya bilmirdi: «Onlar ata-bala bir tikə çörəyini azəri, türk qızıyla yemək istəməyiblər» deməkdən çəkinməzdi. Oğlu Fərəc Qarayev doğma dilində danışa bilmir. Bir vaxtlar Qara Qaryev musiqisinin milliliyini çox asanlıqla sübuta yetirən musiqişünaslar  Fərəc Qarayevin musiqisində milliliyə dəxli olan nəsə (tarzən Möhlət Müslümovun ifasında muğam şöbələrini çıxmaq şərtilə) tapa bilmirlər.

«Əvvəl dahilər, sonra böyüklər»

Sağlığında dahi adlandırılmaq tək-tük adamlana nəsib olur. Deyilənə görə Qara Qarayev və Nazim Hikmət mühüm tədbirdə iştirak etməkçün birlikdə konsert salonuna yollanırlar. Qapıda Qarayev şairə «Nazim əfəndi, buyur» deyir. Nazim Hikmət cavabında «Xeyr, öncə siz içəri buyurmalısınız» deyə israr edir. Qarayev Nazim Hikmətə şəxsiyyətini və şairdən 16 yaş kiçik olması nəzərə alaraq ona «Nazim əfəndi, xahiş edirəm, siz böyüksünüz» deyir. Nazim Hikmət isə «Əvvəlcə dahilər, sonra böyüklər» deyərək Qarayevi qucaqlayıb irəli salır.

«Ata işləyir, vəssalam!..»

Ən əvvəl  indiki Səməd Vurğun küçəsindəki iki otaqlı kommunal evin bir otağı kabinetə çevrilir. O biri otaq şkaflar vasitəsilə iki yerə bölünür ki, uşaqlar dərs hazırlaya bilsin. Onlar bilirdi ki, sübh tezdən günorta ikiyəcən, axşam 5-dən gecə yarısınadək kabinetdən gələn musiqi səsləri atalarının gündəlik iş rejimidir. Əsərin təhvil edilmə zamanı yaxınlaşdıqca evdə telefonlar kəsilir, hamı barmağının ucundə gəzirdi: «Ata işləyir, vəssalam!»
«Qoyya» filmi üzərində iş zamanı: Pirşağı...Yaş döşəkağına bürünmüş Qarayev alətin arxasında oturub...  1951-ci il… Kölgədə 40 dərəcə isti… Qarayev «İldırımlı yollarla»nı partiturasını işləyir...  Sutkada 8-10 saat işləyən not köçürən köməkçi Qarayevin ardıyca çatdırmır. Axı o, sutkada 14-16 saat sürətiylə işləyir… Musiqinin doğulma prosesi onunçün intim məsələdi, bura heç kim soxula bilməz...

Gələcək nəsillərə çatacaq son SÖZ...

Müdrik insan kimi Qarayev seçdiyi yol uğrunda kompromisə gedə bilirdi. O vaxtlar Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin binasında 6-cı mərtəbədə mədəniyyət şöbəsi yerləşirdi. Növbəti dəfə ora yolu düşəndə «6-cı mərtəbəylə çarpışmaya gedirəm» deyərdi. Kimisə hücumlardan qorumalı, kiməsə yol açmalı olurdu. Qara Qarayev həmişə ürəyi istədiyi musiqini yazıb, onun başının üstündəki müdirlər onu anlasa da, anlamasa da: «Mən Baxın, yaxud Bramsın özü olsam belə heç nə dəyişməzdi. Amma Deputat, və Laureat kimi məni eşidib sözümə fikir verirlər».
Böhran dövrü kimi qəbul edilən illərdə Qarayev yaradıcılıq anlamına yeni gözlə baxmalı, nəyi necə yazmalıdan daha vacib yeni, tamam yeni bir şey yaratmağın zülmünü yaşayırdı. Əlbəttə, kəmiyyət baxımından geriləsə də nəticədə 3-cü simfoniya və skripka konserti yaranır. Bu nəinki Qaryev, hətta bütün Azərbaycan musiqisiyçün yeni üfüqlərin açılması demək idi.  Bir növ vaxtı qabaqlamış qiyamçının gələcək nəsillərə deyəcəyi son sözü...

İnsan ölümüylə də qalibdir...

Azərbaycançün Qarayev təkmillik, kamillik rəmzidir. Yüksək intellekt, ensiklopedik biliklər sahibi, nəinki klassik və milli musiqinin, həm də yeni cərəyanların (caz, estrada, müasir yazı üsulları) bilicisidir: «Mən musiqidə özümü qəddarcasına sındırmışam. İndi elə zamandı ki, öz-özünü dəf eləməyi bacarmalısan, yoxsa özünüplagiat, durğunluq qaçılmazdır». Qarayev qəhrəmanları Don Kixotun həyatıyla, Leyli və Məcnunun sevgisiylə, Sari və Lenninin ölümüylə də yaşayıb: «Uçurumun kənarında insanın həyat eşqi var gücüylə mübarizəyə qalxır. İnsan hər şeyə qalibdi. Hətta ölmüylə də qalibdi».
Texniki elmlər doktoru, professor Məmmədkərim Quliyev 1982-ci il mayın 16-da vəfat etmiş Qarayevin Moskvadakı dəfnini belə təsvir edir: «Axşam həmyerlimiz Səid Əsgərov zəng vurdu və Qarayevin vəfat etdiyini bildirdi. Səhərisi gün professor Məcid Hüseynzadə isə birlikdə Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonuna yollandıq. Səhnəyə yaxın yerdə Qarayevin cənazəsi qoyulmuşdu. Salonda çoxlu əsgər vardı. Çox məyus oldum. Qarayev adamsız kimi görünürdü. Kövrəldim. Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantların əksəriyyəti böyük bəstəkarın ölümündən xəbərsiz idi. Belə acınacaqlı vəziyyət Azərbaycanın Moskvada yerləşən əlaqədar təşkilatlarının fəaliyyətsizliyi ucbatından yaranmışdı».  Matəm mərasimindən sonra cənazəni Bakıya gətirirlər.
Qarayev gedəndə ürəyini Bakıda qoyub getmişdi: «Ürəyimdə elə bir həmişə, çox vaxt qəmli səslənən bir sim var, çünki o yerlərdən uzaqdayam. Bu, qəlbin dərinliklərində gizlənmiş, sanki duvaq altında olan bir nostaljidir. O heç vaxt bitmir, amma yük də deyil, insanı əzmir. Bunu müəyyən müddət, bəlkə də həyatımın iri bir parçasını yaşayandan sonra hiss edirəm».

Dediklərindən:
… Xalq musiqisinə sırf qoruyuculuq baxımından yanaşma inkişafa maneçilik törədir, onu bir növ muzey eksponatına çevirir.
… Bizim xalq musiqimizin yırtıcı istismarı bununla sonuclanır ki, eyni intonasiya və ifadələrdən ibarət dar çevrə bir əsərdən başqasına keçərək dəyişmədən, yaradıcı işlədilmədən sonsuz sayda təkrarlanır, çeynənir, simasızlaşır və ucuz basmaqəlibə çevrilir.
...Bax və Çaykovskini sevə-sevə xudbin və əclaf olmaq mümkün deyil. Mosart və Qlinkanı anlayan insan heç vaxt əxlaqsız və çirkin əməl eləməz...

Müəllif; Gülnarə Rəfiq Mənbə; Bizim Yol qəzeti

0 şərh