Nikkolo Paqanini

Paqaninin atası boş vaxtlarında mandalinada çalmağı sevirdi. Aləti əlinə alan kimi arvadı qulaqlarını tutub evdən qaçardı ki, mandalinanın monoton donquldanmasını eşitməsin. 4 yaşlı Nikkolo atasının səhvlərini tapıb: «Ata, sən bu yerində xaric çalırsan...» deyərək atasına necə çalmağın yolunu həmən göstərə bilmişdi…
Cılız Nikkolanı skripkanı ciyildətməklə əldən salmağında uzaqgörən kişinin məqsədi vardı. Bilirdi ki, böyüyəndə uşağın bir parça çörəyi olacaq. Doğuşdan bir az əvvəl Nikkolanın anasının gözünə mələk görünmüş və doğulacaq oğlunun bütün İtaliyada məşhur olacağını demişdi. Atası skripkanı tutmağı və kamanı simə sürtməyi oğluna göstədikdən sonra hər şeyi Nikkolonun istedadının ixtiyarına buraxdı. Dükana işləməyə gedəndə oğlunu otaqda bağlayıb onu saatlarla susuz və yeməksiz qoyardı. Atası Antonio, adətən, anbardan gələn qamma səslərinə qulaq verərək yuxulayırdı. «Buna bax bir, o yenə də kamanla jonqlyorluq edib, simləri çimdikləyir» deyib hirslənərək açar yerindən içəri baxanda heyrətdən ağzı açıla qalmışdı. İçəridəki qonşuların dediyi kimi əzabkeş, atanın zülmünə dözən uşaq deyildi. Çalanda duyduğu xoşbəxtlik onun cizgilərində yazılmışdı.
Nəhayət, uşaq katalepsiya (bədənin orqanlarının quruması) xəstəliyindən üzülür. Onu ölmüş bilir, hətta tabuta qoyub basdırmağa aparırlar. Ancaq uşaq birdən özünə gəlib ayılır. Başına gələnlərdən nəticə çıxaran ata oğluna müəllim tutmağı qərarlaşdırır. Amma Nikkolonun çalğısını eşidən müəllimlər «mənim sənə öyrədə biləcəyim bir şey yoxdur» deyib çıxıb gedirdilər. Bir dəfə isə varlı genuyalı musiqisevər çox bahalı skripkalarından birini uşağın qabağına qoyub deyir ki, heç vaxt görmədiyi notlardan birini götürüb səhvsiz çalsan, bu aləti sənə verəcəm. Ömründə görmədiyi və eşitmədiyi əsəri üzündən səhvsiz çalandan sonra Nikkolo bu nadir skripkanın sahibi olur.

Bravo! Bravissimo! Bis!

...Zalda səs-küy səngidi, kulis arxasından Paqanininin yöndəmsiz fiquru — həm insan, həm də meymuna bənzər bir məxluq səhnəyə çıxanda hamının qanı damarlarında donurdu. Əynindəki köhnə frakı elə bil başqasının çiyninə biçilmişdi. Uzun əyri ayaqlarını bədənə heç uyğun olmayan çox böyük ayaqqabıları tamamlayırdı. Düzdür, Paqanini özü bu görkəmindən istifadə edib demonik obraz yaratmaqla publikanı qıcıqlandırmağı sevirdi. Uzun qara saçlarının arasından kömür kimi qara gözləri parlayırdı. Onun quşa bənzər profili, ordu batmış sifətindəki qalın bakenbardları, qətran rərgli saçları xanımların oturduğu yan lojadan çox yaxşı görünürdü. «O, sehrbazdı, əlində skripka olan İblisin özüdü. Görən, bu gün nə çalacaq?» deyən pıçıltılar lojada səslənən vaxt maestro qara əqiq rəngli gözlərini parıldadıb «Cadugərlərin rəqsi» deyə elan elədi. Alovlu baxışlarını ilk sıralarda gəzdirib kamanı usta Qvarnerinin şedevri sayılan skripkasına sürtüb inildətdi. Hamı o dövrdə çox məşhur olan melodiyanı o saat tanıdı. Küçələrdə də fitlə oxunan bu parça bir də səslənəndən sonra dəlisov tempdə ikili notlar, trel və stakkotolardan ibarət atəşfəşanlıq dinləyicilərin üstünə töküldü: «Bravissimo! Bis! Əla!» …  O, elə çalırdı, dinləyicilər hardasa ikinci skripkanın gizlədildiyini düşünürdülər.
Sağlığında Paqanininin çox az əsəri çap olunmuşdu. Müəllif qorxurdu ki, çap olunsa, onun ifa sirlərinin çoxusu başqalarına məlum ola bilər.

Qadın kapriziylə yazılan «24 kapris»

… O, cavandı və yenidən vurulub. Fantastik oyunbazlığı, ağlasığmaz «kunsştyukları» bu dəfə şahzadə Eliza Baçokkinin -  Napoleonun bacısının ağlını başından aparıb. Eliza fransız imperatorunun ona təzəlikcə bağışladığı Lukka hersoqluğuna bu yaxınlarda köçüb və Parisdə qoyub getdiyi dəbdəbəni burda, yəni İtaliyada da yaşamaq istəyir. Bonapart ailəsinə məxsus işgüzarlıqla Eliza qısa müddətdə saray orkestrini toplaya bildi. Dirijor- kapelmeyster vəzifəsinə isə Paqanini dəvət edildi. Nikkolanın hüdudsuz bacarığına şahid olandan sonra Eliza növbəti konsertdə onların münasibətinə eyham vuran «qəfildən açılacaq kiçik, sehrli mücrü» bəstələməyi xahiş edir. Paqanini gitara və skripka duetini imitasiya edən iki sim – mi və lya simləri üçün yazılmış məşhur «Məhəbbət dueti»ni bəstələyir. Yenilik rəğbətlə qəbul olunsa da, himayədarı artıq xahiş deyil, tələb edirdi ki, növbəti miniatürü Paqanini bir simdə çalmalıdı! Bu ideya Paqanininin çox xoşuna gəldi və bir həftə sonrakı konsertdə sol simi üçün yazılmış «Napoleon» sonatası səsləndi. Şəhzadə Eliza və Paqanininin münasibətlərinin apofeozu az qala bir nəfəsə yazılmış «24 kapris» əsəri oldu. Qadın kapriziylə yazılan bu əsər Paqanininin yaradıcılığının zirvəsi sayılır.


«Dünyanın sensasiyası»na kompromat

Reportyorlar Paqaninini indiki paparatsilərdən betər hərisliklə izləyir və «dünyanın sensasiyası»na kompromat toplayırdılar. O, azartla kart oynamağı və qadınları sevirdi. Bəzi ehtiraslı qadınlar onun çalğısından daha çox iblisanə görkəminə uyaraq maestoronu təqib edirdi. Baronessa Yelena Dobenyok Paqaniniyə olan sevgisindən lap başını itirərək ərini də atmışdı. Adətən, Nikkolo özü qadın ovsunu və cazibəsinin qurbanı olurdu. Artıq yetkin yaşlarında Ancelina Kavana ilə maraqlanmasına az qala öz karyerasını qurban verməli olacaqdı. Qızın atasının yaratdığı skandalın əks-sədası Fransa və Almaniya sərhədlərini də keçmişdi. Qızın azad həyat tərzi sürməsi, seksual münasibətə öz razılığı ilə girməsini sübut ediləndən sonra Paqaninini azad edirlər. Söz-söhbətlərsə yol getdikcə təzə faktlarla zənginləşirdi: guya Paqanini məşuqəsini öldürdüyünə görə türməyə düşüb. Əl-ayağı qandalda olanda da iblisanə çalğısından ayrılmayıb. Çoxsaylı qadınlarından heç kimə əslində ürəkdən bağlanmazdı. Yalnız birinci sevgisi Eleanora de Lyukka yeganə adamdır ki, Paqanini qohumlarıyla bərabər vəsiyyətnaməsində onun adını çəkib.

Qəlbini İblisə satan ifaçı

Paqanininin çalğısı o qədər valeh edirdi ki, maestronun ruhunu İblisə satması barədə şayiələr gəzirdi. Çoxları buna inanırdı, axı insan övladı belə çala bilməzdi! Onun əsərlərinin əksəriyyətini adi skripkaçılar ifa edə bilmir. 20-ci əsrin əvvəllərinə qədər çoxları inanırdı ki, Paqanini barmaqlarını cərrahiyyə yoluyla elastikləşdirib. Adi insan barmaqlarından az qala iki dəfə uzun və elastik barmaqları əslində Marfon sindromu adlanan irsi xəstəliyin fəsadları imiş. Rəngi qaçmış dərisi, oyuğa düşmüş gözləri, çox arıq bədəni və naqolay hərəkətləri və hörümçək ətrafları kimi barmaqları da bu xəstəliyin əlamətləridir. Cərrah əvəzinə xəstəlik özü barmaqları belə vəziyyətə salmışdı.

Heç kim bilmirdi ki, onun çalğısı əzablarının səsidi

Üzücü Avropa turnesi musiqiçi üçün acınacaqlı bitir: həkimlər onda ağciyər vərəmi tapıblar. İndi o özü də başa düşür ki, balaca soyuqdəymə, emosional natarazlıq onun həftələrlə, bəlkə də, aylarla çalğıdan ayıra bilər. Oğlu Axilla doğulanda maestronun 42 yaşı vardı. Bu uşağın anası «Feniks» teatrının aktrisası Antoniya Byanki idi. Bu əhvalat da böyük səs-küylə bitmişdi və Paqanini bu qadına çox böyük məbləğdə pul ödəmişdi ki, oğluna olan hüququndan imtina edib Axilla ilə onu rahat buraxsın.
Paqanininin ən böyük problemi isə sağlamlığıynan bağlı idi. Onun çalğısını uzun-uzadı tərifləyən vaxtı Paqanini əyilmiş onurğa sümüyünün dəhşətli ağrılarını boğub  bu tərifi dinləməli olurdu. Dəfələrlə xəstə böyrəkləri ona yataqdan qalxmağa imkan verməmişdi. Bəzən böyrəyinin tutmaları səhnədə olarkən başlayardı və heç kim bilməzdi ki, onun çalğısı sehr olduğu qədər ağrı və əzabların də səsidir. Yaşı artdıqca tez-tez ürəkkeçmələri də olurdu. Bəzən boğazından qan fışqırırdı. Onun bir vaxt gözəl sayılan üzü çox tez dərin qırışlarla örtülmüş və 47 yaşında bütün dişlərini itirmişdi. Naqinin «Skripka sağlamlığınıza ziyan gətirmir ki?» sualına
«Artıq yox, çünki o, bütün gücümü əlimdən alıb» deyə cavab vermişdi.
Paqanini Stradivari, Qvarneri, Amati ustalarının məşhur skripkalarından ibarət çox qiymətli kolleksiyanın sahibiydi. Ən sevimli Qvarneri skripkasını isə Genuya şəhərinə bağışlamışdı ki, başqa bir artist onda ifa eləməsin. 19-cu əsrin konsert qonorarları indikiylə müqayisədə çox az olsa da, Paqanini özündən sonra bir neçə milyon frank qoyub gedib.

«Bacarıqlılara həsəd aparır, istedadlılara ziyan vurur, dahilərdənsə qisas alırlar»

Nitsada ölüm ayağında olarkən sonuncu priçastiyadan (xristian dini ayini) imtina etdiyinə görə Nitsa yepiskopu onun şərəfinə messa çalınmasına və qəbiristanlıqda basdırılmasına qadağa qoymuşdu. Maestronun cənazəsi olan tabutu 10 dəfədən artıq basdırıb, sonra isə çıxarıblar. Qoz ağacından düzəldilmiş tabutu gizlincə Genuyaya çatdırmaq istəsələr də, qorxaq şəhər qubernatoru gəmini heç limana yan almağa buraxmır. Həmin gəmi düz 3 ay gözləmə vəziyyətində suda qaldı. Matroslar danışırmış ki, gecələr tabutdan skripka səsləri gəlir. Uzun sürən danışıqlardan sonra tabutu Paqanininin dostu qraf Çassolenin qəsrindəki zirzəmiyə aparmağa icazə ala bilirlər. Amma qrafın qulluqçuları hamı bir nəfər kimi şikayət eləməyə başlayırlar ki, gecələr tabut qəribə işıq saçır. Tabutu bu dəfə Villafrank xəstəxanasının morquna aparırlar. Amma oranın da işçilərinin peşəsi meyitlə əlaqədar olsa da, Paqanininin tabutu onları çox qorxudurdu. Onlar vaxtaşırı ah-uf və skripka səsləri eşitdiklərindən vahimə içindəydilər. Yalnız ölümündən 30 il keçəndən sonra Paqanininin cənazəsi xristiancasına torpağa tapşırıldı. Bu səyahəti azmış kimi 17 ildən sonra tabutu yenə də qazıb çıxarırlar. Ətrafda şayiə gəzirdi ki, yerin altından canlı məxluqlar varmış kimi musiqi səsləri gəlir. Paqanininin nəvəsi skripkaçı Frantişek Ondrjiçekin iştirakıyla tabut açılır. Meyitin bədəni tam çürüsə də başı, xüsusilə də sifəti çox yaxşı qalıbmış. Bu fakt özü yeni şayiələr dalğasının yaranmasına təkan verir. Basdırılandan 4 il sonra da onun tabutunu çıxarıb yeni qəbiristanlığa köçürürlər.

Lətifə:

Konsertə gecikən Paqanini kareta tutub sürətlə getməyi xahiş edir.
— Nə qədər verməli olacam?
— 10 frank
— Zarafat edirsiz?
— Siz bu gün konsertə gəlib sizin bir simdə çalğınızı dinləyənlərin hər birindən 10 frank almayacaqsız?
— Yaxşı, əgər siz məni teatra bir təkərdə çatdırsanız, mən sizə 10 frank verərəm.

Müəllif: Gülnarə Rəfiq
Mənbə: Bizim Yol qəzeti

 

0 şərh