Şövkət Məmmədova

Şövkət Məmmədova dahi Azərbaycan opera müğənnisidir. Klassik Avropa üslubunda oxuyan və opera partiyaları ifa  edən ilk peşəkar  milli sənətkarımızdır. Görkəmli  musiqi  xadimi,  pedaqoq  və  təşkilatçı  idi. Yüksək səhnə mədəniyyəti vardı. Həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi.

Şövkət Həsən qızı Məmmədova 18  aprel  1887-ci  ildə  Tiflis  şəhərində  doğulub.  Atası  Həsən Məmməd  oğlu  nəslən  Borçalı  qəzasının  Qoşa  kilsə  kəndindən  idi.  Tiflis  şəhərinə  1889-cu  ildə köçmüşdü  və  burada  kiçik  çəkməçi  dükanı  açıb  kustar  istehsalla  məşğul  olurdu.  Ailəsinə  sadiq olduğu  general  Yadigarovgildə  həmyerlisi,  imkanlı  ailədən  olan  Xurşud  xanım  Sultanova  ilə  tanış olmuş və onunla evlənmişdir. Bu izdivacdan Şövkət və Muqbil dünyaya gəlmişlər. Musiqi  istedadı  ona  ana  südüylə  keçmişdir.  Dayısı  və  xalası  qarmon  və  dəf  çalır,  çoxlu Azərbacan xalq mahnıları bilirdilər. Anası Xurşud xanım və qardaşı Muqbil də qarmonda çalırdılar. Balaca  Şövkət,  necə  deyərlər,  gözünü  nəğməylə  açıb  mahnı  ilə  yuxuya  gedirdi  və  buna  görə  də  6 yaşından peşəkar musiqi ilə məşğul olmağa başlayıb. Əvvəlcə  onu  A.Kitesin  Ev  məktəbinə  veriblər.  Bir  il  sonra  Müqəddəs  Nina  məktəbində oxuyub. Həmin  məktəbin  rəhbəri  Peterburqda  musiqi  təhsili  almış  Yelena  Kandelaki  idi  və  bu xanım  Şövkətin   istedadına,   mehribanlığına,   diribaşlığına   heyranlıqla   vurulmuşdu.   O,   pianoçu Levinanın  müşayiəti  ilə  Şövkətlə  özü  məşğul  olurdu.  Qızın  bütün  tapşırıqları  məharətlə  yerinə yetirməsi müəllimlərini heyrətə gətirmişdi. Buna görə də onu 1859-cu ildə təşkil edilən Romanovlar (İmperiya)   Musiqi   Cəmiyyətinin   nəzdindəki   musiqi   məktəbinin   fortepiano   sinifinə   veriblər. Müəlliməsi Tamara İosifona Stepanovna idi. Dayısı Əmir onun üçün fortepiano almışdı ki, evdə də müstəqil məşğul ola bilsin. Qısa müddətdə o, İohan Sebastian Baxın fuqa və prelyüdlərini, Volfqanq Amadey Motsartın və Frans Yozev Haydnın sonatalarını sərbəst çalırdı. On yaşında olanda Şövkət  xanım ilk  dəfə  opera teatrına gedib və  burada italyan  müğənnisi Aida Qonzalın (Cilda) ifasında Cüzeppe Verdinin "Riqoletta" operasına baxıb. Sonra o, üğəninin ifasında  Leo Delibin eyniadlı operasında Lakmenin partiyasını dinləyib.   Bundan sonra evdə "Küçələrə  su  səpmişəm", "Qalanın  dibində", "Ay  bəri  bax"  Azərbaycan  və  Suliko gürcü xalq mahnılarını,  Aleksandr  Rubinişteynin  "Əzra"  romansını  tez-tez  oxuyub.  Hətta  fortepianoda  özü  öz ifasını müşayiət edib. Atası  Həsən  kişi  1910-cu  ildə  qəfildən vəfat edib. Sarsılmış qızcığaz   anasının   və müəlliməsinin  nəvazişli  qayğıları  ilə  musiqi  təhsilindən  ayrılmayıb. Həmin ili Novruz bayramında Tiflisin  Artistlər  cəmiyyətində  (bugünkü  Şota  Rustaveli  adına  Gürcüstan  Dövlət  Akademik  Dram Teatrının binası) qrafinya Vorontsova-Dalikovanın təşkil etdiyi bayram konsert-mərasimində italyan və rus  romansları,  Azərbaycan  xalq  mahnısı oxuyub və böyük  uğur  qazanıb. Elə  bu  il də musiqi məktəbini  bitirib. Nənəsi ilə Bakıya  gələn  Şövkət  xanım  yerli  maarifçi  ziyalıların,  ilk  növbədə Üzeyir bəy  Hacıbəyovun,  Məmmədhənifə  Terequlovun,  Hüseynqulu  Sarabskinin,  Müslüm  bəy Maqomayevin köməkliyi ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili almaq üçün İtaliyanın Milan  şəhərinə  yola  düşüb. Messenat, Bakı  milyonçusu Zeynalabdin  Tağıyev  hər  ay  ona  xüsusi təqaüd  göndərirdi. Arada  bu  təqaüd  gəlmədiyinə  görə  tələbə  qız  maddi  çətinliklərlə  üzləşib  və təhsilini yarımçıq qoymalı olub. Şövkət Məmmədovanın ilk sənət müəlliməsi məşhur opera müğənnisi, uzun illər Milanın "La Skala"  teatrında  işləmiş, əlli  yaşına  çatmasına  baxmayaraq  ifa  və  səhnə  təravətini  itirməyən  Dotti Ambrozio  olub.  O,  gənc  müğənni  ilə  səkkiz  ay  məşğul  olub  və  həmin  vaxtın  tamamında  Şövkət xanım  XVII  və  XVIII  əsr  İtaliya  bəstəkarları  Montverdinin,  kovallenin,  krassiminin,  Perqolezinin mürəkkəb əsərlərini məharətlə ifa edə bilirdi. Belə bir vaxtda Şövkət Məmmədovanın maddi vəsaiti tam tükənib və o, nicat üçün, yenidən təhsilini  davam  etdirmək  naminə  Bakıya  gəlib.  1912-ci  ilin  13  aprelində  Üzeyir  bəyin  rəhbərliyi, həkim  A.Axundovun  qayğısı  ilə  Tağıyev  teatrı  binasında  "Ər  və  arvad"  operettası  oynanılıb  və yığılan  vəsait  bütünlüklə  Şövkət  xanıma  verilib.  Hətta  tamaşadan  sonra  verilən  konsertdə  Şövkət xanım ilk azərbaycanlı qadın müğənni kimi səhnəyə çıxıb (Yakov Lyubarskinin akkomonentliyi ilə). Konsert  Bakı  qoçularını  bərk  qəzəbləndirib  və  mənzilində  yaşadığı  həkim  Axundovun  riski  ilə müğənni gizlin yolla teatrdan çıxarılıb və Biləcəri stansiyasından Tiflisə yola salınıb. Tiflisdə  Şövkət  Məmmədova  musiqi  təhsilini  davam  etdirib.  1915-ci  ildə  müğənninin  əri Yakov İsayeviç Lyubarski Tiflisə gəlib. O, Kiyevdə Politexnik institutunda təhsil almaq üçün yola düşəndə  gələcəyin  qüdrətli  opera  solisti  də  onunla  gedib.  Orada  Şövkət  xanım  böyük  musiqi xadimləri ilə, o cümlədən Reynqold Qlierlə, opera solistləri Flora Paşkseniya Dzejinskaya, Vorents Motvid, gələcəyin  yazıçısı, tələbə Yusif Vəzir  Çəmənzəminli ilə tanış olub.  Kiyev konservatoriyasında A.Şperlinqin vokal sinifində oxuyub. Qlierlə birlikdə verdiyi konsertlərdə həm kiassik  Avropa  operalarından  ariyalar,  həm  də  Azərbaycan  xalq  mahnıları  ifa  edib. 1920-ci  ildə Kiyevdə  tələbələrin  təşkil  etdikləri  Gürcü  dərnəyində  hazırlanan  Valerian  Qunianın  "Qardaş  və bacı"  (Marina),  David  Eristavinin  "Vətən"  operalarında,  Şalva  Dadianinin  "Şeni  çiri  me"  ("Qadan alım")   komediyasında,   Valerian   Qunianın   "Vəkilin   yanında"   (Naznani),   "Vəba   vaxtı"   (Eteri) məzhəkəİərində çıxış edib. 1921-ci   ildə   Şövkət   Məmmədova   Bakıya   gəlib.   Uzeyir   bəy   Hacıbəyov,   Müslüm   bəy Maqomayev,  Zülfüqar  bəy  Hacıbəyov,  Hüseynqulu  Sarabski,  Mirzağa  Əliyev,  Əbdürrəhim  bəy Haqverdiyev,  Hüseyn  Cavid  və  Cəfər  Cabbarlı  ilə  yaradıcılıq  ünsiyyəti  onun  geniş  sənət  yoluna çıxmasına zəmin yaratmışdır. Həmin illərdə Azərbaycan opera truppası Milli Dram Teatrı nəzdində fəaliyyət göstərirdi (1925-ci ilin avqustuna qədər). Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət Opera Teatrosu  adlanan  kollektiv  indiki  Opera  və  Balet  Teatrının  binasında  fəaliyyət  göstərir,  yalnız Avropa və rus operalarını tamaşaya hazırlayırdı. 1925-ci ildə Azərbaycan truppası da bu kollektivə daxil  edildi,  daha  neçə  il  keçəndən  sonra  balet  truppası  təşkil  olundu  və  sənət  ocağı  Azərbaycan Dövlət Opera və Balet Teatrı adlandı.

Şövkət Məmmədova bu teatrın səhnəsində ilk dəfə Cüzeppe Verdinin "Traviata" operasında Violeninanın  partiyasını  oxuyub.  1948-ci  ilə  qədər  müxtəlif  fasilələrlə  teatrın  solisti  olub.  1927-1929-cu illərdə ikinci dəfə İtaliyaya gedib. Burada həm peşəkarlıq ustalığını təkmilləşdirib, həm də Roma,  Venetsiya,  Neapol,  Florensiya,  Piza  şəhərlərinin  musiqi  və  memarlıq  incəsənətini  görüb, sevib,  öyrənib.  Dünyanın  ən  məşhur  kiassik  və  müasir  bəstəkarlarının  əsərlərindən,  milli  xalq mahnılarından ibarət zəngin konsert repertuarı yaradıb. Azərbaycan qadın peşəkar vokal məktəbinin bünövrəsmi qoyub, onu inkişaf etdirib, formalaşdırıb. Bununla  belə,  opera  teatrının  solisti  kimi  keçdiyi  yaradıcılıq  yolu  öz  əzəməti  və  vüsəti, monumental  sənət nailiyyətləri ilə  dünya səviyyəsində tanınıb, sevilib və  şöhrətlənib. Zəmanəsinin canlı  klassiklərinin  incilərindən oxuduğu  əsas  partiyalardakı  ifa mədəniyyəti  günü bu gün də çağdaşlıq  təravətini,  sənət hüsnünü qoruyub saxlayır. Gənclər  ondan  bir  məktəb,  bir  xəzinə  kimi bəhrələnirlər. Təkcə bu rolların siyahısı bir sənətkar ömrünün cahan-şümul təntənəsi üçün yetərincə görünür: Violetta, Cilda ("Traviata" və "Riqoletto", Cüzeppe Verdi), Rozina ("Sevilya bərbəri",  Coakkino Rossini),  Lakme  ("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm nağılları", Jak Offenbax), Qar qız ("Qar qız",  Nikolay Rimski-Korsakov),  Marqarito ("Qugenotlar" Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka),   Nərgiz   ("Nərgiz",   Müslüm   bəy   Maqomayev),   Gülzar ("Şahsənəm", Reynqold Qlier), Gülçöhrə ("Arşın mal alan" Üzeyir bəy Hacıbəyov). Şövkət xanım Məmmədova dahi opera solistliyindən görkəmli vokal ustalığından əlavə, həm də məşhur teatr xadimi idi. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakıda Mirzə Fətəli Axundzadə adına Türk Dövlət Teatr Məktəbi açılıb. Özü 1923 - 1925-ci illərdə məktəbin direktoru işləyib. Azərbaycanın, həmçinin Özbəkistanın, Türkmənistanın və Dağıstanın ən məşhur səhnə ustaları məhz bu məktəbin yetirmələri olublar. İyirminci illərin əvvəllərində Şövkət xanım Bakıda ilk not nəşriyyatını təsis etmişdir. 1939 - 1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü ilə Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan baleti "Qız qalası"nın ilk tamaşası 18 aprel 1940-cı ildə bayram təntənəsi ilə keçmişdir. Vaxtilə Azərbaycanda müxtəlif teatr cəmiyyəti və ittifaqı fəaliyyət göstərmişdir. 1945-ci ildə bu qurumlar Azərbaycan Teatr Cəmiyyəti adı ilə yenidən təsis edilmiş və onun ilk sədri Şövkət xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə qədər ehtiraslı enerji ilə çalışmışdır. Hazırda həmin cəmiyyət Azərbaycan Teatr Xadimləri İttifaqı adlanır. 1945-ci ildə Teatr Cəmiyyətinə sədr seçilən Şövkət Məmmədova Üzeyir bəy Hacıbəyovun rektor olduğu Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlayıb. Vokal Kafedrasının müdiri (1946 - 1947) və dekanı (1946 - 1950) olub. Vokal təhsil sisteminin dünya sənət ölçüləri səviyyəsində qurulmasında böyük işlər görüb və 2 iyul 1949-cu ildə professor elmi rütbəsinə yiyələnib. SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və Müslüm Maqomayevin yetişib formalaşmasında Şövkət xanımın müstəsna rolu var. Birincidən başlayaraq dörd çağırış Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilib. Ən müxtəlif Beynəlxalq festivallarda və müsabiqələrdə münsiflər heyətinin üzvü seçilib. Konservatoriyada işinin çoxluğu və vaxtının azlığı ilə bağlı Şövkət xanım 1948-ci ildə opera teatrının solistliyindən çıxıb. O, özünün qu nəğməsi üçün Cüzeppe Verdinin "Traviata" operasını seçmişdi. Teatra gəlişi və vidası Violettanın partiyası olan sənətkar böyük Konsetrlərdə müğənni kimi nümunəvi çıxışlar etmişdi. 1938-ci ilin aprelində Moskvada Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadası keçirilib. Orada Üzeyir bəy Hacıbəyovun "Koroğlu", Müslüm bəy Maqomayevin "Nərgiz" və Reynqold Qlierin "Şahsənəm" operaları və Üzeyir bəyin "Arşın mal alan" operettası göstərilib. Şövkət xanım Şahsənəmin və Nərgizin partiyalarını misilsiz füsunkarlıqla ifa edib. Dekadanın böyük nailiyyətlərinə və musiqi yaradıcılığı fəaliyyətlərinə görə 17 aprel 1938-ci ildə Şövkət xanım Məmmədova SSRİ xalq artisti fəxri adı ilə təltif olunub. Şövkət Məmmədova Tiflisin, Odessanın, Moskvanın, Kiyevin, Peterburqun, Daşkəndin, Parisin, Təbrizin ən böyük opera teatrlarında və nəhəng Konsert salonlarında Kamera-vokal nümunələri ifa etmiş, opera qəhrəmanlarının partiyalarını oxumuşdur. Azərbaycan və Dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınmış və vala yazılmışdır. Şövkət xanım Məmmədova 8 iyun 1981-ci ildə Bakida vəfat edib və Fəxri xiyabanda dəfn olunub. Adına Bakıda Opera studiyası və küçə var.

0 şərh