Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Edit Piaf

Şəhər jarqonunda «Piaf» «sərçəcik» deməkdir. Olmazın məşhurluq, çoxlu pullar qazansa da Edit Piaf hamı üçün Paris ətrafında yeməyə toplaşmış sərçəcik olaraq qalacaq. Nə qədər böyük istedad sahibi olmalısan ki, küçə həyatından başlamış ömründə dəbdəbə və heyranlar izdihamını yaşayandan sonra da uşaqlara və dilənçilərə xas olan kədər və səmimiyyəti özündə saxlayıb və həmişə sevimli qala biləsən.


Ardı →

Maestro Niyazi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında maestro Niyazinin xidmətləri misilsizdir. Bir çox görkəmli bəstəkarlarımızın əsərlərinin gözəl ifası məhz onun adı ilə bağlıdır. Bu yerdə ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: “Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun oluram və başqa bir dirijor arzulamıram”. Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir. Bu böyük sənətkarın yaradıcılığı əsil örnəkdir. Sənətkarın ömür kitabından bəzi səhifələrə nəzər salaq.
Davamı →

Vladimir Vısotski

Vladimir Semyonoviç Vısotski (Владимир Высоцкий) 1938-ci ilin 25 yanvarında Moskvada doğulmuş, 1980-ci ilin 25 iyulunda elə orada dünyasını dəyişmişdir. Aktyor, şair, mahnıların müəllifi və ifaçısı idi. Moskva İnşaat-Mühəndislər İnstitutunda oxumuşdu. Moskva Bədaye Teatrı (MXAT) məktəbini bitirəndən sonra paytaxtın Taqanka teatrında aktyor işləməyə başlayır. Hamlet roluna görə məşhurlaşır. Öz mahnılarının ifası ilə bütün ölkədə tanınır və onun mahnıları yazıflmış maqnitafon lentləri nəinki ən müxtəlif ölkələrə, ittifaqın özündə ən uzaq aullara da gedib çıxır.
Ardı →

Rəşid Behbudov

Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.
Çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə başlayıb: «Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum». Evin hər işinə yarayan, dülgərlik, çilingərlik işindən yaxşı baş çıxaran Rəşidin əla xörək bişirmə qabiliyyəti də varmış: «Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: „Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?“.
R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə „Teo-caz“ adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun səsi sevgiyə, şəfqətə, saflığa çagırır. Çox keçmir ki, Rza Təhmasib onu „Arşın mal alan“ filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman „Azərbaycan kinematoqrafiyasının təntənəsi“ məqaləsində aktyorun oyununu belə qiymətləndirib: „Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir...“
Rəşid Behbudov
Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. „Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim -görüm, düzdür, ya yox“. R.Behbudov söhbətlərinin birində demişdi: „Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl “Arşın mal alan» filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. «Arşın mal alan» Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim «Arşın mal alan» dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl «vizit vərəqəm» idi".
1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. «Arşın mal alan» Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın — Əsgərin könül oxşayan səsi hər tamasaçını valeh etmişdir.
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında «Azərbaycan», «Neftçi», «Züleyxa» və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə «Arşın mal alan» kinokomediyası ilə bitmir. O, həmçinin «Bəxtiyar» filmində, «1001-ci qastrol», «Doğma xalqımıza», «Toyda görüş», «Abşeron ritmləri» film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə «Arşın mal alan» filmi "Örtüksüz məhəbbət" adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. «Bəxtiyar» filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapımazdı.
Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş «Sevil» operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu — dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunmuş, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.
1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa etmişdir. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə «Rəşidiyyə» adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.
Rəşid Behbudov-Azərbaycan estradasının ulduzu


Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında «Uzaq Hindistanda» kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü — «Doğma Xalqıma» sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. O özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu. Onun şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır.

Mənbə: Mədəniyyət qəzeti
Həmçinin bax:Müslüm Maqomayev
Davamı →

Üzeyir bəy Hacıbəyli | Azərbaycan peşəkar musiqisinin banisi

Azərbaycanın musiqi mədəniyyətinin inkişafı daim zənginləşən, cilalanan və irəliyə doğru yönəlmiş prosesdir. Bu inkişafın istiqaməti bir tərəfdən milli ənənələrin özündəki imkanlar və bu imkanların reallaşması, digər tərəfdən zaman-zaman dəyişən, yeniləşən tarixi-mədəni kontekstin diktə etdiyi proseslərin məcmusu ilə şərtlənmişdir. Onun xarakteri və mündəricəsində XX əsrədək şifahi ənənəli aspekt aparıcı rol oynamışdır. Peşəkar klassik milli musiqi irsinin günümüzədək gəlib çatmış incilərinin yaradıcılarını tarix anonimləşdirmiş, onların ifaçılıq fərdiliyinin hüquqlarını ön plana çəkmişdir.

XX əsrdə bu inkişaf artıq yaradıcı şəxsiyyətin — bəstəkarın iradəsi, təxəyyülü və enerjisi ilə istiqamətləndirilməyə başlayır. Beləliklə, hər iki ənənənin paralel və çarpazlaşan hərəkəti Azərbaycan musiqi mədəniyyətinin XX əsrdəki səciyyəviliyini yaradır. Tarixin bu mərhələsində gedən proseslərin təsir və dəyər miqyasının həm lokal, həm də qlobal müstəvidə güclü əks-səda oyatmasının nə əlavə isbata, nə də müzakirəyə ehtiyacı yoxdur.
Davamı →

Emin Sabitoğlu-kinonun ruhunu duyan bəstəkar

Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Moskva Dövlət Konservatoriyasında Yuri Şaporinin bəstəkarlıq sinfində oxuyub (1956-1961). 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.
Musiqinin bir çox janrında dəyərli əsərlərin müəllifi kimi tanınan Emin Sabitoğlunun kinoda səslənən mahnıları və musiqiləri bu gün də dillər əzbəridir, müğənnilərin fərdi repertuarında geniş yer tutur. O, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın filmdəki musiqilərin müəllifidir. Emin Sabitoğlunun istər teatr tamaşalarına (“Hicran”, ”Xoşbəxtlər” və s.), istərsə də filmlərə yazdığı musiqiləri bədii əsərlərin təcəssümü olan zamanın ruhunu bizə çox dəqiqliklə hiss etdirə bilir, hadisələrin məğzini açır.
Davamı →

Şövkət Məmmədova

Şövkət Məmmədova dahi Azərbaycan opera müğənnisidir. Klassik Avropa üslubunda oxuyan və opera partiyaları ifa  edən ilk peşəkar  milli sənətkarımızdır. Görkəmli  musiqi  xadimi,  pedaqoq  və  təşkilatçı  idi. Yüksək səhnə mədəniyyəti vardı. Həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi.



Ardı →

Müslüm Maqomayev

O, 1942–ci il avqustun 17–də pioner və oktyabryatlar dövründə, fəhlə uşağının ən nüfuzlu institutlarda təhsil aldığı bir zamanda anadan olmuşdu. Baxmayaraq ki, bu -bütöv dünya bildiyimiz, kommunizm riyası altında yaşadığımız, ümidsiz, sabahsız SSRİ dövrü idi…
Bakıda anadan olan Müslümə Azərbaycan musiqisinin tanınmış simalarından olan babası Müslim Maqomayevin adını vermişdilər.
Babasının və həyat yoldaşı Bəydigülün iki övladı dünyaya gəlmişdi. Kiçik oğul, yəni Müslümün atası — Məhəmməd Maqomayev tanrıdan vergili insan idi, baxmayaraq ki, musiqi təhsili almamışdı, royalda çalırdı və həm də oxuyurdu, onun çox ürəyəyatımlı və xoşagələn səsi vardı. İstedadlı teatr rəssamına atasından mətanət və kişilik əzmi miras qalmışdı. Məhz belə insan sevdiyi hər şeyi atıb vətəni qorumağa gedə bilərdi. Atasının ölüm xəbərinin Müslümdən uzun illər gizlətmişdilər, 10 yaşına çatanda ona həqiqəti deməyə məcbur oldular.
Davamı →

Üzeyir Hacıbəyli

Əslən Şuşadan olan Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Ailədə üç qardaş, iki bacı olublar. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarını yoluxmaq üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir.Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Davamı →

Motsart və Salyeri

Salyeri musiqi yanğısını ona, musiqi kimi gözəl məşuqənin ağuşunda dincəlmək dahiliyini bu sərsəm və ədəbsiz «uşaqcığaz»a verən Allaha asi idi
Bu qeyri-adi istedadın, ilahidən verilmiş musiqi duyumunun sirrini, onlarla irili-xırdalı əsərləri başa düşmək üçün mütləq bu möcüzənin əks tərəfinə — adi bəşər övladına məxsus keyfiyyətlərə diqqət kəsilməlisən. Öz-özünə süzülüb gələn ilahi musiqi DAHİsini anlamaq üçün gərəkdir ki, yuxusuz gecələr hesabına əsərlər yaradan zəhmətkeş bir ADİNİ də xatırlayasan. Onları birgə öyrənməlisən ki, illərdən bəri yazıçıların və şairlərin, bəstəkarların və rejissorların yaradıcılıq mövzusuna çevrilmiş həmin dastanın mahiyyətinə vara biləsən. Bu dastanın adı — Motsart və Salyeri dastanıdır…
Davamı →