Рейтинг
+27.53

böyük musiqiçilər

47 üzv, 128 topik

Sara Qədimova

Sara QədimovaSara Bəbiş qızı Qədimova (31, 05, 1922, Bakı — 12, 05, 2005, Bakı) — Azərbaycanın xalq artisti (1963). 1978-ci ildən Azərbərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Azərbaycanın "Şərəf nişanı", "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.

Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu «Bayatı-Şiraz», "Şur", "Şahnaz", «Qatar», «Mahur-hindi», «Xaric segah» muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
Ardı →

Aylı Sonata | Bethoven məhəbbəti

Bethoven“Aylı sonata” Lüdviq van Bethovenin ən möhtəşəm əsərlərindəndir. Bu — çox maraqlı bir məhəbbət məcarasından yaranmış bir musiqi əsəridir.

Belə ki, bu möhtəşəm musiqi əsərini dahi bəstəkar gənc qız Culyetta Qviççardiyə həsr etmişdir. Bu gənc qız bəstəkarın ürəyini fəth etmiş və sonra isə bəstəkarın ürəyini  “qəddarcasına” qırmışdır. Amma bu möhtəşəm  musiqiyə qulaq asarkən aldığımız zövqə görə, məhz Culyettaya minnətdar olmalıyıq.

 L.V.Bethoven (1770-1827) Almaniyanın Bonn şəhərində anadan olmuşdur. Onun uşaqlıq illəri çox ağır keçmişdir. Atası onun musiqi istedadından insafsızcasına öz məqsədləri üçün istifadə etmişdir. Səhərdən axşamacan klavesin arxasında oturmağa atası onu məcbur edirdi. 

 L.V. Bethoven ilk dəfə 8 yaşında ikən kütləvi konsertlər verərək pul qazanmışdır. Təbii ki, bu pulları atası mənimsəmişdir. 20 yaşında ikən isə o, artıq klavesində və skripkada çox gözəl ifa edirdi. Lüdviq çox istedadlı olması ilə bərabər, çox qapalı, təkliyə meyilli, ünsiyyətsiz idi. Gənc yaşlarında ikən, onun sinif rəhbəri olan Kristian Qotlib Lüdviqdə təbiətə, insanlara sevgi, ətrafdadakılara xoş münasibət hissi oyatmışdır. Məhz o, Lüdviqə qədim dilləri, fəlsəfəni, ədəbiyyatı, tarixi və etikanı öyrətmişdir. Bundan sonra Bethovendə humanistlik, insansevərlik,azadruhluluq yaranmışdır.


Ardı →

Rafiq Babayev

Rafiq BabayevRafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində anadan olmuşdur. 1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini də məhz bu məktəbdə yaradır. 1950-ci ildə həmin məktəbi bitərək, A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilmişdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar. Rafiq bu tamaşanın səhnəyə qoyulması üçün çox böyük işlər görmüşdür.
Ardı →

Piano ilə təkbətək

ŞopenParisdə F.Şopenin adı polyak musiqisinin emblemidir. Baxmayaraq ki, atası Nikolay Şopen milliyyətcə fransız idi, Fridrix canıyla, qanıyla polyak mədəniyyətinin yetirməsi, polyak musiqisinin sütunuydu. Polyak xalqı bütün tarixi, xarakterik cizgiləri, obrazı və köklü sənəti ilə onun musiqisində ehtiva olunurdu. Polyak milli rəqsləri Şopen klaviaturasının təməliydi.    
Bu rəqslər əsasında yaratmışdı eyni janrları — mazurka, polonez, kuyavyak. Vətənpərvərliyin ən ali məqamıdır bu. Polyak sənəti onun ürəyində dövr eləyirdi — öz vəsiyyətilə nəşindən ayrılıb Parisdən Varşavaya gətirilən, bu günəcən Müqəddəs Xaç kilsəsində qorunan çılğın ürəyi.

Şopen geniş kütlənin bəstəkarıdı — hamı anlayır onun lirik-psixoloji ovqatlı nəğmələrini. A.Rubenşteynə görə “fortepianonun canıydı” Şopen — ömrü boyu yalnız piano üçün yazan bu dahi. Elə geniş ifadə vasitələri, elə melodik boyalar tapırdı ki, bu alət həm orkestri, həm zərb alətlərini əvəz edə bilirdi.
Məhdudluq Şopenə yad idi. “Polşa Motsartı” adlandırırdılar Şopeni — tale və sənət oxşarlıqları da buna əsas verirdi: kiçik yaşlarından özünü büruzə verən talant, ata-ana təkidi, tanınmış müəllimlərin qayğısı, balaca ikən keçirilən böyük konsertlər və nəhayət… vaxtsız ölüm!

   Fevralın 22-i məşhur bəstəkarın doğum günüdür. 1810-cu ildə Varşava yaxınlığındakı Jelyazova Volya qəsəbəsində doğulub. Beş yaşındaykən pianoda kiçik pyesləri sərbəst çalırdı. On doqquz yaşında ali musiqi məktəbini bitirərkən artıq tanınmış bəstəkar idi. Tez-tez Vyanada konsertlərdə olurdu, amma valideynlərinin və dostlarının ayrılığına tab gətirə bilmirdi — Varşava özünə çəkirdi onu. Bir müddət Parisdə yaşamalı olan Şopen vətəndən gələn inqilab havasını duyur, lakin yaxınları onun geri qayıtmasını məsləhət görmürdü.

Üsyanın amansızcasına yatırılması isə bəstəkarı sarsıdır, qəlbində təlatüm yaradır. Bu dövrdə bəstələdiyi “İnqilabi etüd” (12 №li) dalğalı dənizdə qopan tufanı, qaranlıqla işığın mübarizəsindəki kontrastı xatırladır, vətəncanlı bəstəkarın qüssəsini, daxili əzablarını təzahür edir. Hər gün izləyirdi hadisələrin gedişini. Hiddətlənirdi, vətəninə çox acıyırdı. Ömrünün qalan hissəsi ata vətəni Parisdə keçir.
Dünya ədəbi dühalarının bir çoxu ilə ünsiyyət yaradır. Məşhurluq onu maddi durumunun yaxşılaşmasına əsla təsir göstərmir. Macar bəstəkarı F.Listin vasitəsilə yazıçı J.Sandla tanış olur və bu tanışlıq evlənmə ilə nəticələnir. Lakin bu səadət uzun sürmür. Ayrılıq öz sözünü deyir, xəstəlik onu üstələyir. Qırx doqquz yaş bəstəkar ömrünün sonuncu akkordları kimi səslənir.


   Vəsiyyətinə görə Motsartın ”Rekviyem”i səsləndi dəfn günü, öz yaratdıqlarından arqanda mi minor və si minor prelüdləri, orkestrin ifasında isə si bemol minor sonatasından “Matəm marşı”çalındı.

   Azərbaycan pianoçularına Şopen musiqisinin sadə dili, romantik əhval-ruhiyyəsi olduqca doğmadır. Mazurkaların zəngin ritmi, ehtirasla səslənən vurğuları, polonezlərin döyüşvari təntənəsi, zəfər müjdəsini andıran təqtləri, valsların bəzən lirik, bəzən coşqun melodiyası, noktürnlərin gecə laylası tək həzin axıcılığı, etüdlərin romantik fəndli çılğın texnikası bizə milli musiqimiz qədər doğmadır. Şopenəcən prelüd çoxhissəli əsərlərin girişi kimi bəstələnirdi — müstəqil yazılma və yaşama hüququna görə isə bu janr məhz Şopenə borcludur. İyirmi dörd prelüd — silsiləvi yenilik nümunələri. Bu gün üç əsrin kandarında anırıq Şopeni — əslində heç zaman unudulmayacaq dühanı.
 Samirə Səma
Davamı →

Andrea Boçelli

Andrea BocelliHəyatın tamaşa, insanların aktyor olduğu iddia olunan böyük dünyamızda sevilmək nifrət sahibi olmaq qədər asan deyil.
Ancaq gözəl və məlahətli səs, yaraşıqlı xarici görkəm, üstəlik italiyalı olmaq və opera ifa etmək uğurun və sevginin bütün qapılarını açır insanın üzünə…
Lakin haqqında yazdığım növbəti məşhur bu uğuru və sevgini yalnız hiss edə bilir, görmür…
Əvəzedilməz Andrea Boçelli...

İtaliyalı opera və populyar musiqi ifaçısı Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib. Andreanın şərab istehsalçısı olan atası oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur, burada Andrea fortepiano, fleyta və saksafonda çalmağı öyrənir.
Uşaqlıqdan Andreanın gözlərində problem vardı və hələ altı aylığında onun gözündə artıq bir neçə əməliyyat olunmuşdu, lakin bunların heç bir faydası olmur və 12 yaşında baş verən bədbəxt hadisədən sonra o, ümumiyyətlə, kor olur.

Ancaq yaşanan faciə Andreanın gələcəkdə uğur qazanmasına mane olmayacaqdı… Bəzi “ağızdan göyçəklər” Boçellinin musiqidəki uğurlarını onun fiziki qüsuru ilə bağlayırlar. Necə də yanılırlar, çox yanılırlar… Bunu Boçellini çox yox, bir dəfə dinləməklə anlamaq olar…
Ardı →

Eroica | Lüdviq van Bethoven

BethovenBethovenin ömrünün son illəri idi. Qulaqları ağır eşitməyə başlamışdı. Hər kəsin Bethovenin bu halına yazığı gəlirdi. Karlıq onu cəmiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda yaradıcılığına da ağır zərbə vururdu.

Bəstələdiyi əsərləri eşitməmək Bethoveni dəli etmişdi. Hətta bir neçə dəfə həyatına qəsd etməyi belə düşündü. Amma hələ tez idi. Bəstələmək məcburiyyətində olduğu əsərləri var idi.

O talehi ilə mübarizə apararkən Avropa böyük bir müharibə ilə imtahan olunurdu.
Bethoven insanlığın qəhrəmanı, səltənətin düşməni olaraq gördüyü Napaleon Bonaparta heyran idi. Bəstələdiyi 3-cü Simfoniyanı ona həsr etməyə qərar verir. Tam əsəri Parisə göndərməyə hazırlaşarkən, Napaleonun «fədəkar qəhrəman»lıqdan çıxıb imperator taxtına oturduğunu eşidir və çox əsəbiləşir.


Ardı →

Cövdət Hacıyev

Covdət HacıyevBöyük bəstəkar, görkəmli ictimai musiqi xadimi, Respublikanın xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» ordenli, professor Cövdət Hacıyevin (18 iyun 1917 — 18 yanvar 2002) milli simfonizmin təşəkkül tapmasında və inkişaf etdirilməsində xüsusi rolu olmuşdur.

Əhməd Cövdət İsmayıl oğlu Hacıyev 1917-ci il iyunun 18-də Nuxa (indiki Şəki) şəhərində anadan olub. 1924-cü ildə o, Bakıya gələrək Musiqi Texnikumunda skripka aləti üzrə ilk musiqi təhsili almışdır.

1935-1938-ci illərdə C.Hacıyev Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək dahi bəstəkarımız Ü.Hacıbəyovdan və professor Rudolfdan dərslər almış, 1938-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsinə daxil olmuşdur.

Burada o, görkəmli rus musiqiçiləri — A.Aleksandrov və S.Vasilenkodan bəstəkarlığın və instrumentovkanın sirrlərini öyrənmiş, 1947-ci ildə professor D.D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir.
Ardı →

Səid Rüstəmov

Səid RustəmovAzərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov (12 may 1907 — 10 iyun 1983) Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.

Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.
Ardı →

Kurt Cobain’in intihar məktubu

Kurt CobainMusiqiçi və bəstəkar, alternativ rok qrupu «Nirvana»nın vokalisti və gitaristi Kurt Cobain’in intihar məktubu:

Hələ uşaqkən şikayətləri olan, tükənmiş, təcrübədən keçmiş bir axmağın ağzından danışıram. Bu bayağı, sadə və başadüşülən bir məktub olmalıdır.

Cəmiyyətimizin sərbəstliyi və rahatlığı ilə əlaqəli, punk rokun 101 dərslərindən aldığı nəsihətlərin nə qədər doğru olduğunu sübut etdim. Çox uzun illər oxuyub yazmaqla birlikdə dinləməkdən də, yaratmaqdan da olduğu kimi həyəcan yaşamadım. Bunları kəlmələrlə başa sala bilmədiyim üçün özümdə günah hiss edirəm.

Məsələn, səhnə arxasındaykən sönən işıqların, tamaşaçıların çılğın təzahürü qarşısında, məni heyran etdiyi və qısqandığım Freddy Mercuryə olduğu kimi təsir edə bilmədim.
Ardı →

Vasif Adıgözəlov

Vasif AdıgozəlovGörkəmli bəstəkar, pedaqoq, ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, «Şöhrət» və «İstiqlal» ordenli, professor Vasif Adıgözəlovun (28 iyul 1935 — 15 sentyabr 2006)  yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Çexoslovakiya, Meksika, Kosto-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

 Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakı şəhərində, görkəmli xanəndə, Azərbaycan muğamlarının mahir bilicisi və təfsirçisi Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini o, Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Bülbül adına orta-ixtisas musiqi məktəbində fortepiano və uşaq yaradıcılığı siniflərində almışdır.
Ardı →