İncə məxluq, yoxsa «Haydı,vur!»

Dövr, zaman fırlandıqca həyat özünün «diktəsinə» çatır və məqsədinə nail olur. Bəşər tarixinin ilkinindən başlasaq istədiyimiz sayda idman oyunlarına rast gələrik. Bu oyunlar əsrlərin tələbində və yönümündə daha da cilalanmış, təkmilləşmişdir. Və bu günümüzə gəlib çatmışdır. İndi biz XX əsrin nəsli hətta dünyanın idman meydanlarında azarkeşlərini öz ətrafına toplayan neçə-neçə yarışın şahidiyik. Bunlar arasında təbii rəqabət davam eləyir. Lakin bəşər zövqünün «finalına» vəsiqə alan idman növləri bir o qədər də çox deyil: Futbol, basketbol, voleybol, xokkey, güləşmə, boks... Bu oyun növləri həqiqi pərəstişkarlarını qazanmışlar və o maraqdan doğmuşdur ki, əvvəllər kişilər tərəfindən oynalınan bu oyunlar vaxt ötdükcə o qədər kütləviləşmişdir ki, incə xilqətli və zərif vücudlu qızlarımız da kişi oyundaşlarıyla rəqabətə qoşulmuşlar. Və qələbə qazanmışlar. Əlbəttə, futboldan, güləşdən savayı! Görünür, futbolun meydana gəlmə tarixindən üzübəri qızlar da bu oyuna əhəmiyyət verməmişlər, ya da ürəklərindən keçsə də cəsarət göstərməmişlər. Yaşıl meydançanı Göyçay narına bənzədib ikiyə bölsək, onun qıpqırmızı nar dənələriylə - azarkeşlərlə əhatə olunduğuna yalnız heyrətlənərik. Belə azarkeş məhəbbətindən hansı idmançı özünü məhrum eləmək arzusundan yan keçər?! Azarkeş məhəbbəti, alqışı hər bir idmançının qürurudur, emosiyaların təntənəsidir, nəhayət vətəndaşlıq inadıdır. Belə müqəddəs hissləri yaşayan kişi, ömürlərini əbədi bağladıqları məxluqlara yalnız tamaşa etmək arzulamışlar.
Bir qadının söhbətindən: «Mən idmançı olmağı arzulamışam. Məktəbli illərində idmanla münasibətim yaxşıydı. Amma etiraf eləyim ki, arzulamışdım gələcək ərim idmançı, xüsusilə futbolçu olsun. Sonralar idmançı kişilərin taleyinə biganəliyin şahidi olanda bu arzumdan yan keçdim. Futbola, güləşə, samboya, karateyə, boksa qızlarımızın qoşulduğunu görəndə pis qarşıladım. Qızı, qadını tale ayrı biçimdə, görkəmdə yaradıb. Bu zərifliyi, kövrəkliyi, konkret desək, futbola, özü də qadın ayaqlarını zərbə gücünə qurban vermək. Nəsə, pis peşədir.
Zamanın məcrasında gələcək talelərində müstəsna rol oynayacaq qadınlar voleybol, basketbol və s. oyunlara meylli oldular, onlardan dərs aldılar. Yüz il bizdən öncə qadınların necə voleybol oynamaları barədə tarixi-xronikal sənədlər yoxdursa, hər halda müasir voleybolun elementlərini nümayiş etdiriblər...
Mətləbdən uzaq düşməyək və həyəcanımıza bir az cəsarət qataq, qadın zərifliyinə qayıdaq. Bu, qadın üçün də xoşdur. O, meydançada kişilərin diqqətindəndir. Həyat və ailə qayğıları sonradır.
Biz fiziki görkəmdə həmişə qadına xas zəriflik, gözəgəlimlik, yapışqanlıq nə qədər epitet söyləsək də yenə azdır demişik. Kənardan qadın hərəkəti dərhal seçilib, addımı da, yerişi də. Əl verəndə sanki ovçumuzda quş nəfəsi çırpınıb. Gəlin, elə zahiri əlamətləri bütün zamanlar üçün oyunları şahı sayılan futbola, dzüdoya, karateyə, boksa şamil eləyək. Qadın (qız) məşq üçün meydançaya çıxır: Kişinin geyindiyi idman formasında. Və biz tamaşasındayıq. O, qapıya zərbələr vurur, qapıçı oyundaşı pişik (!) cəldliyilə topa tullanır, yaxud oyunçunun ayaqları altına yıxılır, hətta... hətta kobudluq edir. Paralel aydındır. Və belə məşqlər artıq bəhrəsini verir. Gənc qızlar futbolçu maykasında, ayaqlarında butsi yaşıl meydançaya çıxırlar. Əsl qaynar və çılğın yarış: Əsəbi sözlər, kəskin zərbələr - hərəkətlər bunun üçün nə qədər məşq etmişlər, rəqibi aldatmaq fəndi və kobudluq - əlacsızlıq. Bu detalların sayını artırmırıq. Tamaşa edənlər isə demək olar ki, kişilərdir. Gəlin, açıq danışaq. Hər bir kişi yaşından asılı olmadan azarkeşliyi üçün təəssüflənmir, emosiyaları, ovqatı köklənir, yüksək iş potensialına yiyələnir.
Yaşıl meydançada oynayan sanki ağ qağayılardır, topa-yeganə yemə yiyələnmək üçün çığırışırlar, qaçışırlar. Futbolçu-qağayılar. Bu, rəssam üçün əla mövzu ola bilər, di gəl, hər şeyi - zərifliyini, gözəlliyini, yerişini, hətta səsinin tonunu unudanlar qızlardır. Yaxud, dzyo-düzo, güləşmə, karate. Bir anlığa gözlərimiz önündə: tatami üzərində kişisayağı hərəkətlər edən, müxtəlif fəndlərə rəqibini yerə salan qızlar. Onlar hətta özlərini - əsəblərini cilovlamağı bacarmır, qışqırır, Nəhayət, güc-qüvvə qələbə çalır. Etik normaya sığmayan bir vəziyyətə düşür gənc rəfiqəsi - rəqibi. Bəli, tövşüyür, çabalayır, dartınır, qılçaları havada yellənir. Boks necə? Təsvir eləyəkmi? Zərbələrin tutarlığı rəqibi çaşbaş salır, baş ağırlaşır, gözlər qapanır. Budur, canlı mənzərə.
Sabahın nişanlısı, anası. Tərslikdən nişanlısı, gələcək əri zahirən də, daxilən də kobud deyil, onun hərəkətləri nəzakət timsalıdır. Hətta səsi də adidir. Əksinə, nişanlı qız kişisayağı hərəkət eləyir, danışır, bəzən gücünü gizlədə bilmir və s. Bunu xatırlatmırıq: Qızın, qadının zahiri təsiri onun daxiliylə uyardır, bir-birini tamamlayır. Və nə üçün tarixi müşahidənin nəticəsini hansısa prinsipin, mübadilənin, təsirin xatirinə danırıq? Həqiqəti demək nə vaxtdan qəbahət sayılmışdır?
Bəli, psixologiya və estetika elmləri sübut eləmişdir ki, insanın, konkret desək, qadının zahiri görkəmi nə qədər incədirsə, zərifdirsə, onun kişilərə münasibəti də bir o qədər təbiidir, mehribandır. Qadın belə görkəmiylə (öz xislətinə məxsus vərdişiylə) daha çox diqqəti cəlb eləməyə çalışır; burda qəbahət yoxdur. Hər bir qadın özünün gələcək taleyi qayğısına qalmalıdır. Zahiri kobud (bu ifadəm üçün bütün qadınlardan üzr istəyirəm) görünən qadın ətrafına qarşı narahatdır, ona elə gəlir ki, bu zahiri əlamətiylə diqqəti cəlb eləmir. Əlbəttə, bu şəxsi fikirdir. Hər halda bir şəxsin gəldiyi nəticədir. Sonradan aydın olur ki, heç də belə deyilmiş. Məni özümə qarşı çıxdığımı düşünməyin. İqrarımda qalıram. Şübhəli qənaət hər halda bir qadının - fərdi şüurun məhsuludur və həqiqətdir bu.
Bir qadının rəyindən: Mənim futbolla əlaqədar fikrim yoxdur, maraqlanmıram. Ərim hərdən televizora baxır. Qadın zahiri əlamətinə görə zərif, fiziki görkəmcə incə olmalıdır. Həqiqəti unutmayaq ki, kişiylə qadın görkəmi arasındakı fərq eyniləşərsə... Mənə gülməyin, bu harada oldu qadınlıq? Hələ bir həya-abır pərdəsini yırtıb başlayırlar xalça üzərində güləşməyə. Boks əlcəkləriylə «vuruşmağa»! Belələri gələcək ərini fikirləşirmi?
Bu günlərdə xarici rəngli jurnalların birində verilmiş qadın şəklini mənə göstərdilər. Dəhşətə gəlməmək çətindir. Dünyanın ən musqullu pəhləvanı bu şəklin önündə zəifliyi üçün acıyar. Zahiri zövq, pul xətrinə qadın gözəlliyini futbol topu zərbələrində, güləşmə növlərində... itirmək elmi-texniki tərəqqinin günahıdır!
Futbol oyunu, dzü-do, karate və s. qadının mənəvi aləminə, onun hisslərinə, kövrəkliyinə kölgə salır. Xüsusilə, yeniyetmə və gənc qızlar bu oyundan yalnız bir sərtlik, laqeydlik, təkəbbürlük və s. keyfiyyətlər mənimsəyirlər. Bir misal. Lap kişi futbolçu olsun, rəqibinə kobud olanda hakim cəzalandırır futbolçunu. Hətta rəqibindən zədə alan futbolçu mübahisəyə girişir, nalayiq hərəkətlərindən də çəkinmir. Çünki bunlar əsəblərin son həddə çatması ilə bağlıdır. Eləcə də qadın futbolçular. Getdikcə kütləviləşən və rəsmi mahiyyət kəsb edən qadın futbolunda bu vəziyyəti görmək çətinlik törətməyəcəkdir. Bir məsələyə diqqət edək: İdmançıda sözə qarşı laqeydlik başqa sənət sahiblərindən üstündür, ona görə ki, onun əsəbləri daha dözümlüdür, bir növ kövrək deyil. Hər adi hərəkət, hadisə onun qəlbini ehtizaza gətirmir, adilik məcrası təsiri bağışlayır. Yaxşı, bu hal məqbuldurmu? İnsan sözün zərif mənasını belə «tutmursa», çoxlarının diqqət kəsildiyi bir şeyin yanından laqeyd ötürsə... hansı etik-əxlaq normalarına sahib oluruq?
Məni düzgün anlayın, futbol, yaxud dzüdo, boks, karate, idmanın digər növüylə məşğul olan qızlarımız laqeydlik və kobudluq xofunu sizin boynunuzdan ən paslı dəmir muncuq tək açıb ayaqlarınız altına səpirəm. Minlərlə idmançı qızlarımız sabah əsl Anadır, bundan şərəf zirvəsi tanımıram. Amma bir səsin vahiməsini daima eşitməliyik: Qadın zəriflik mücəssəməsidir, onun zahiriylə oturuşu-duruşu, sözü-söhbəti seçilməlidir, kişilərdə təmizlik rəmzi, qeyrət ovqatı oyatmalıdır.
Müşahidələr göstərir ki, qadın ifrat dərəcədə idmana (əlbəttə ki, karate, boks, futbol) aludə olanda, onda bir növ qaba hərəkətlərə meyllik xüsusiyyəti baş qaldırır. Bir fakt, Respublika Bədən Tərbiyəsi İnstitutunda pedaqogikadan mühazirələr oxuyurdum. İlboyu müşahidə apardığım tələbə qızda kobudluq, yoldaşlarına qarşı laqeydlik halları nəzərimdən yayınmadı. Onunla ikilikdə söhbət apardım. Səmimi şəkildə etiraf elədi ki, (o, avarçəkmək üzrə usta idi) məni qınamayın. O qədər məşq edirəm, yarışlarda o qədər sərtliklə fiziki mənada üzləşirəm, əsəblərimi çox vaxt cilovlaya bilmirəm. Qorxuram bu vərdişdən özümü xilas eləyə bilməyəm. Bir gənc qız kimi hiss eləyirsən ki, seçilirsən. Ona görə də qadınların hətta 3-5 il eyni dərəcədə sərt idman növləriylə məşğul olmasının tərəfdarı deyiləm.
O vaxt qızlar futbol oynamırdılar, güləşmirdilər də. Yoxsa tələbə qızın konkret fikrini öyrənmək maraqlı olardı. Estetika insanın mənəvi və fiziki keyfiyyətlərinin harmoniyasına əsaslanan bir elmdir. Estetika deyəndə münasibətlərin gözəlliyini, təbiiliyini də başa düşürük. Səsin ahənginə, sözün estetik çalarına diqqət kəsilirik. Bir gənc qadın vücudunun təbiiliyinə heyranlığımızı gizlətmirik. Qəribədir, on illərlə biz açıq və səmimi polemikaya girməmişik, öz sözümüzü deyməmişik. Axı söz, fikir heç bir mənəvi-sosial prosesləri saxta siyasətə, boş ətalətə çəkmirsə nə üçün çox şeyi ürəyimizdə dəfn etməliyik? Qadını istər-istəməz təşviq və təbliğ yolu ilə yaşıl futbol meydançalarına, tatami üzərinə, hətta rinqə çağırırıqsa və buna cavan qızlarımız bağlanırlarsa... onlarda zəriflik axtarmaq əbəs deyilmi? Bir gənc qız bütün fiziki ehtirası ilə rəqibini, bəlkə də özündən xeyli zərif bir qızı müxtəlif sərt fəndlərə salır və qadın vücudundan qopan əsəbi və gərgin qüvvə ilə... məğlubiyyətə uğradırsa...
Qızların futbola, boksa, güləşin başqa növlərinə son illər ciddi meyl etmələrində əlbəttə, ilkin tutacaq sosial mahiyyətlə bağlıdır. Biz, yəni azarkeşlər bundan pis əhval keçirmirik. Bəlkə də fəxri kürsüyə qalxanda içərimizdə qürur hissi oyanır. Bu, zahiri və ötəri hissdir, hardasa tarixi fakt üçündür. Lakin qızlar sağlam olduqca fiziki gərginliyə qarşı müsbət reaksiyaya və s. vərdişlərə yiyələnirlər. Bəs, bu müsbət keyfiyyətlərin əvəzində qazandıqları mənfi emosiyalar... necə? Tariximizdə at belində vuruşan, kişilərlə üzbəüz gələn qadınlarımızı örnək kimi gətirməyə də ehtiyac yoxdur. Kim atçapan qızlara irad tutur? Yaxud, kim gimnastika və buz üstə rəqsə etiraz edir? Və digər buna bənzər oyunlara?!
Müasir inkişaf təəssüf ki, qızların mənəvi və emosional tərbiyəsinə zərif vərdişlər qazanmasına sosial tələblər gözüylə yanaşır. Bundan xarici təsirlərə uymaq, kor-koranə qəbul eləmək psixologiyası da yox deyil. Yuxarıda dediyim kimi, bəs onların sonrakı taleyi necə olacaq? Məşhur idmançıların unudulduğu, kimsəsiz varlığa çevrildiyi haqqında mötəbər qəzet-jurnallarda oxuyuruq, gözlərimizlə görürük. Qızlarımız gözəllik və zərifliyini idmançı ömründə itirəndə necə? Sonra gec olmazmı?


Mənbə Allahverdi Eminov Şərq ailəsinin sirləri kitabından

5 şərh

fidan
Qızın sərt idmanla məşğul olması xoşagələn olmasa da,pis hal da deyil. Görünür xoşuna gəlir ki yaxud lazımdır ki məşğul olur. Qız tanıyıram ki, oğlanların ona təcavüzünün qarşısını almaq üçün karateyə gedir.Başına gəlməyən başmaqçı olmaz deyiblər.görünür müəllifin xəbəri yoxdur bəzi şeylərdən.Amma çox gözəl dildə yazılmış yazıdır.
IDEAL
Məncə insanın özünü müdafiyə etməyi bacarması çox yaxşı haldı. Düzdü çox vaxt idmanın qadını sərtləşdirdiyini düşünürlər mənsə əksinə deyərdim. Sadəcə idmançı olmağı istəyənlər müəyyən sərt xarakterə malik olur. Yoxsa şəxsi təcrübəmdən deyirəm ki, belə xarakterə malik olmayan birinin peşəkar idmanda nailiyyət əldə etməsi imkansızdı. Çünki peşakar idmançı olmaq üçün gərək hərbçi kimi bir çox fiziki əzab-əziyyətə qatlaşasan. Məsələn, yadıma gəlir futbola gedirdim və müəllim 2 və ya 4 kilometr qaçırdırdı. Bir dəfədə olsun tam məsafə qaçdığımı xatırlamıram. O məsafəni məhs o qızlar qaçırdı ki, müəyyən idmançı keyfiyyətlərinə malik idilər. Mən isə bu keyfiyyətlərə malik olmadığım üçün bir dəfədə olsun özümə əziyyət verib, qaçmağı bacarmırdım. Voleybola getdiyim zamanda da eyni tənbəllik təkrarlanırdı. Yəni demək istədiyim budu ki, idman insanı sərtləşdirmir. Sadəcə idmanı seçənlər və onun əziyyətinə qatlaşmağı bacaranlar sərt olur. Bunuda qəbul edirəm ki, idmançıda əsəb bəzən pozulur. Bunun səbəbi isə özünə verdiyi fiziki yüklənmənin nəticəsidir. Məsələn ac qalanda da insanın əsəbləri yerində olmur. Çünki bədən narahatdı. İdmançı bədənini bəzi çətin fiziki məşqlərə tab gətirməyə məcbur etməsi nəticəsində, beyinə bədəndən narazılıq impulsları gedir və nəticədə beyin istədiyi rahatlığı əldə edə bilmədiyi üçün əsəb gərginliyi meydana gəlir. Əsasəndə yarış vaxtlarında məşqçı daha çox məşq etməyə məcbur edəndə əsəb pozuntusu pataloji vəziyyət alır. Onuda deyim ki, kobud davranış xüsusiyətləri adətən rəqib ilə birbaşa təmasda olan idman nölərində baş verir. Məsələn furbol, karate, boks, basketbol və s. Ancaq valeybol, tenis və s. kimi növlərlə məşğul olan qızlarda hər hansı bir kobudluq hiss olunmur. Çünki rəqiblə birbaşa təmasda olmadıqları üçün belə xüsusiyyətlər meydana gəlmir (təbii ki, fərdə görə istisnalar var)
bankir
Hər şeyi məncə şəkillər deyir.Birinci şəkil ilə sonuncu gimnastı müqayisə edin. Qadında gərək zəriflik olsun. Televizorda taekvondo,karate,basketbol ilə məşğul olan qadınlar haqda xəbər veriləndə kanalı çevirirəm.
Dior
Elə idman növləri var ki,qadını fiziki cəhətdən kobudlaşdırır.
IDEAL
Mən fiziki kobudlaşdırma halını təkcə ağır atletikada görürəm. Başqa idman növlərində heç bir günah yoxdu. Məsələn basketbolçu qıza Allah o boyda boy verib. Istər basketbol oynasın istər oynamasın görünüşdə nə dəyişəcək ki? Məsələn boyu uca qızlar bu idmanda uğur qazanma şansı əldə edirlər sadəcə burada idmanın nə günahı var ki? Onları bu hala idman gətirmir ki? Şəkillər sadəcə qaçan vəziyyətdə olduğu üçün belə görsənir. Əslində yüngül atletləri həyatda görəndə tam standarta uyğun bir bədən quruluşuna malik oluqlarına şübhə belə etmirsən. Yəni qadın idmançılar heçdə belə kobud görsənmirlər. Mən deyərdim ki, idman qadını fiziki cəhətdən gözəlləşdirir kobudlaşdırmır. Ağır atletikadan başqa istənilən idman növündəki yarışlara gedin baxın.(ağır atletika nəinki qadını hətda kişinidə fiziki baxımdan kobudlaşdırır). Əsasəndə bədii gimnasikaya getsəz lap əla olar. Ancaq başqa növlərədə gedə bilərsiz heç fərq etməz. Mən məsələn ən çox valeybol olanda baxmağa gedirəm. Demək olar bütün ölkələrin ən məhşur qadın valeybolçularını yaxından görmüşəm. Hansınınsa fiziki cəhətdən kobud görsəndiyini xatırlamıram.