Zarafat

zarafatBəzən düşünülməmiş, əndazəsiz bir zarafat qarşı tərəfin psixoloji durumuna və hətta səhhətinə olduqca ağır təsir göstərə bilər. Zarafat məqsədi ilə söylənilmiş yalanlar neçə insanın həyatına ağır zərbə vurub, heç bu haqda düşünmüsünüzmü?

Hər şey öz ölçüsündə, çərçivəsində olanda gözəldir. Zarafat məsələsində biz bu ölçünü daha çox nəzərə almalıyıq. Unutmayaq ki, zarafat sözü zəriflik, incə davranış mənasındadır. Təəssüflər olsun ki, biz çox zaman bu həqiqəti unudaraq ən qaba, ən kobud şəkildə zarafat edirik. Əslində bu davranışın adı zarafat deyil, elə mahiyyətindən də göründüyü kimi qabalıqdır, sərtlikdir.
Zarafatla da olsa, yalan söyləmək olmaz. Bütün davranışlarımız qarşı tərəfin könlünü almaq, ona xoş duyğular bəxş etmək üçün olmalıdır. 

By gün 1 Apreldir. Çoxları bu günü səbirsizliklə gözləyir ki, kimisə aldatsın. Əslində bu gün aldatma günü deyil, təbəssüm, gülüş günüdür.

Yəqin ki, Nizami Gəncəvinin o məşhur hekayəsini xatırlayırsınız:

Çoban kənd camaatı ilə zarafat eləmək istəyir. Uca bir təpənin başına çıxıb: “Ay camaat, tez yetişin, canavar qoyunları qırdı”, — deyib çığırır. Camaat da çobanın səsini eşidən kimi əlinə keçəni götürüb qaranəfəs ona tərəf qaçırlar. Gəlib görürlər ki, qurd nə gəzir, qoyunlar bir tərəfdə şirin-şirin otlayır, çoban da onların bu halına baxıb gülür. Aradan bir qədər keçəndən sonra çoban eyni zarafatı bir də təkrarlayır və camaata gülür. Amma bir gün, həqiqətən də, sürüyə canavar daraşır və çoban nə qədər fəryad eləsə də, kənddən onun köməyinə gələn olmur.

Düşünürsən: təqsir kimdədir? — Əlbəttə, yalançıda. Ona görə də böyüklərimiz yalanı zarafatla qarışdırmamağı, ümumiyyətlə, dilə gətirməməyi tövsiyə edirlər.

Bəzən zarafat eləmək uşaqların da könlündən keçir. Olsun, kim deyir ki, zarafat pisdir? Amma çərçivəni, ölçüləri gərək aşmayasan. Unutmayaq ki, zarafatda əsas məqsəd qarşı tərəfin könlünü almaq və xoş bir atmosfer formalaşdırmaqdır.

 

0 şərh