O səni sevən kimi

Anan səndən ötrü nələr eləmir ki, nələrə dözmür ki… Oda-közə vurur özünü, ağrılarını-acılarını ürəyində, qayğılarını çiynində daşıyır. Səni gülərüz, xoş əhvali-ruhiyyədə görəndə dünyanı bağışlayırlar ona, sanki. Narahatlığını simandan, gözlərindən oxuyur, qəlbinə yol tapmağa çalışır, başını köksünə sıxıb tellərini oxşayır: “Nə olub sənə, niyə narahatsan, ömrüm-günüm?” Sənsə bu nəvazişdən kövrəlir, bir az da ərköyünləşirsən. “Kaş ki bir dərdi olmayaydı” deyərək nigarançılığın qoynuna qısılıb səbirsizliklə cavabını gözləyir. Nə olar, çalış, hər gileyi, gördüyün hər hadisəni ona bildirmə. İncitmə ana qəlbini, hər xırda şeyi dilinə gətirmə, hər şeydən ötrü qəlbinə od salma. Axı bu dünya fanidir. Qədrini bil ananın, qoru onu, qorx onu itirməkdən. Ana zirvədir, əvəzsiz, sənə, mənə gərəkli zirvə...

Söhbət düşəndə deyirsən: “Borcunu qaytara biləydim, ana!” Mümkündürmü bu? — Əsla! Ona qarşı sayğılı, xoşrəftar davran, onsuz da çıxa bilməzsən o borcdan. Sev ananı, sev, o səni sevən kimi...

 

0 şərh