Qürurum əl vermir

Həyatim boyu etmədiyim bir şeyə görə günahlandırılmışam və bunun əksini sübut etməyə qürurum imkan verməyib.


«Etibarsızsan» dedin, etibar gördüyünü sandıqların kimi süni gülmədim üzünə,
«Yalan söylədin» dedin, yalan demədim, susdum, həqiqəti deyə bilmədim, deyə bilməzdim,
«Soyuqsan» dedin, qəlbimdə əzizlədim, qorudum səni, yaninda olmadım, ola bilmədim, ola bilməzdim, amma yanindakılar kimi şirin sözlər söyləyib də yaltaqlanmadım, səssizcə gülüşündən zövq aldım, səni xoşbəxt görüb sadəcə sevindim.
Sevgimi gözünə soxmadım, qamaşdırmadım gözlərini, sadəcə təbəssümlə ötüb keçdim. Hər şey tək məndən asılı deyil ki. Etibar, yalan, soyuqluq, uzaqlıq, məsafə bunlar menden asılı deyil… menden asılı olanı etdim… bunlara sinə gəldim ...Küsmədim, incimədim bu sözlərə, onların nə günahı...
Məni belə sandın, məni duymadın, duymaq istəmədin, mənsə sadəcə təbəssüm etdim. Sən şıltaq, kədərli, tez küsən, nə deye bilərdim, nə edə bilərdim? 
Məni belə sandın, elə olmadığımı sübut edə bilməzdim, imkanım yoxdu, imkanım səni daim əziz saymaq, uzaqda da olsan səni duymaq, xoşbəxt gözlərinə heyranlıqla baxmaq, onların həmişə belə qalmasını arzulamaqdır.
Indi yanindamı olmaq istərdim? Əsla yox, nə dostun olmaq, nə yaxının olmaq istəyirəm, sənin üçün illərdir «heç kiməm», elə «heç kim» qalsam yaxşıdır, yadlaşmışıq, uzaqlaşmışıq...«Heç kim» olmağa öyrəşmişəm, belə yaxşıdır, belə xeyirlidir, amma etibarsız dediyin mən öz yaddaşıma sadiqəm, buraxdığın izinə sadiqəm...xatirənə, sənli günlərimə. Etibarsız olmaq istəməzdim, belə anılmaq ,yaddaşında belə qalmaq, əlbət ki istəməzdim, lakin başqa seçimim də yoxdu... 
Bunun əksini sənə sübut etməyə, səni axtarmağa, hətta çox vaxt səni xatırlamağa belə qürurum əl vermir... 
Sadəcə sakitcə, uzaqdan uzağa səni xoşbəxt görmək xoşdur. 


04.12.13 Zeynalova V.M

7 şərh

ayxansevda
Dəyərli fikirlərinizi əsirgəməyin,bu cızma-qaraya düşüncələrinizi almaq maraqlı olardı
Ferbara
İstəyimlə gördüyümü ayıra bilmirəm deyirsən.  Könlümün gözü görər səndəki əsli, amma qəsdən sıxar, yoraram. Sən də onlar kimi əsli göstərsəydin… Amma sən laqeyidliyinlə məni qoruyursan.

ayxansevda, sayta yenidən xoş gəldiniz. :)

ayxansevda
sağ olun, həm şərh üçün, həm «xoş gəldin» üçün  :)
azadmamedov90
ALLAH butun insanlari ezabli yollarda dasidiqlari qeder yukleyir…
_BUMERANQ_
Bu yazı mənə Cabir Novruzun şeirindən bu misraları xatırlatdı nədənsə:

«Keçib hər alovdan, keçib hər oddan,
 Böyük əzabımdan şad olacağam.
 Sən mənə həyatda ən doğma adam,
 Mən sənə yaddan da yad olacağam.» 

Ümumilikdə yazı mənə çox səmimi təsir bağışladı. Bəyəndim.

 
gulwan
tanışdı bu hisslər…