Toxumalar

Toxumalar orqanların quruluş əsasıdır. Toxumalardan bəhs edən elm histologiya adlanır. Mürəkkəb orqanizmlərdə hüceyrə və qeyri-hüceyrəvi strukturlar toxuma adlanan xüsusi sistemlərin tərkibinə daxildir.
Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr qrupuna toxuma deyilir. Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. Toxumalar orqanizmdə müəyyən funksiyanın icrası üçün ixtisaslaşmışdır.
Morfoloji, fizioloji xüsusiyyətlərinə görə toxumalar aşağıdakı qruplara bölünür: 1) epitel toxuması; 2) birləşdirici toxuma; 3) əzələ toxuması; 4) sinir toxuması.

Epitel toxuması

Bu toxuma növündə hüceyrələr sıx yerləşmişdir. Orqanizmlə xarici mühit, habelə orqanlar və onların divarları arasında hüdud təşkil etdiyindən, epitel toxumasına hüdudi və ya örtük toxuması da deyilir. Belə ki, epitel toxuması orqanizmin xarici səthini, seroz boşluqların, boşluqlu orqanların daxili səthini örtür. Eyni zamanda epitel toxuması vəzilərin struktur əsasını təşkil edir ki, bunlara vəzi epiteli də deyilir.
Epitel toxuması daim mexaniki və kimyəvi təsirlərə məruz qaldığından, yüksək regenerasiya qabiliyyətinə malikdir.
Epitel vasitəsilə orqanizmlə mühit arasında mübadilə prosesləri gedir. Mühafizə və sorulma vəzifələrini örtük epiteli, sekresiya vəzifəsini isə vəzi epiteli icra edir.

Birləşdirici toxuma

Ara maddəsinin çox inkişaf etməsilə başqa toxumalardan fərqlənir. Bu toxuma ayrı-ayrı orqanların, həmçinin orqanizmin istinadını təşkil etdiyi və orqanlar arasında qalan sahələri tutduğu üçün daxili mühit toxuması da adlanır. Bu toxuma bədəndə başlıca olaraq trofik, qoruyucu və mexaniki vəzifə daşıyır. Trofik (qidalandırıcı) vəzifəni boş birləşdirici toxuma daşıyır, qoruyucu vəzifə daşıyan toxumalara isə sıx birləşdirici toxuma qığırdaq və sümük toxuması aiddir.
Tor birləşdirici toxuma, başlıca olaraq qanyaradıcı orqanlarda — sümük iliyində, dalaqda, limfa düyünlərində, qaraciyərdə və bir çox selikli qişalarda, xüsusən həzm kanalında olur.
Tor birləşdirici toxuma bədəndə qanyaradıcı və faqositoz vəzifə daşıyır.
Qan tünd qırmızı rəngli maye halında boş birləşdirici toxuma olub, formalı elementlərdən və ara maddədən, plazmadan ibarətdir. Formalı elementlər eritrositlər, leykositlər, trombositlərdir. Limfa şəffaf rəngsiz maye olub, formalı elementi başlıca olaraq limfositlərdir.

Əzələ toxuması

Bu toxuma spesifik diferensiasiyaya uğramış və yığılma qabiliyyətinə malik xüsusi toxumadır. Bu toxumadan fəal hərəkət orqanları olan əzələlər təşkil olunmuşdur.
Əzələ toxuması üç növdür: saya, eninəzolaqlı və ürək əzələ toxuması.
Saya əzələnin yığılması iradəyə tabe deyildir və o, uzun müddət yığılmış vəziyyətdə qala bilər. Bu əzələnin yığılmasına az enerji sərf olunur və gec yorulur. Saya əzələ toxuması insanlarda eninəzolaqlı əzələ toxumasına nisbətən xeyli azdır. Əsasən daxili orqanların, qan və limfa damarlarının, vəzi axacaqlarının divarında, dəridə və s. yerlərdə təsadüf olunur. Borulu orqanların və damarların divarında saya əzələ toxuması xüsusi qatlar təşkil edir. Saya əzələ toxuması yaxşı regenerasiya qabiliyyətinə malikdir. Saya əzələ hüceyrələri həm mitoz, həm də amitoz bölünmə yolu ilə çoxalır, artır.
Eninəzolaqlı əzələ toxuması iradi əzələ toxumasıdır. Bunlara skelet əzələləri, dil, udlaq, qırtlaq, çanaq diafraqması əzələləri, həmçinin anus, sidik kanalı ətrafındakı xarici büzücü əzələlər aiddir.
Ürək əzələsi də quruluşca eninəzolaqlı əzələ toxumasına oxşayır. Lakin bəzi morfoloji-fizioloji xüsusiyyətləri ilə eninəzolaqlı skelet əzələsindən fərqlənir. Skelet əzələsi iradi olduğu halda, ürək əzələsi qeyri-iradidir. Skelet əzələlərində əzələ lifləri bir-birinə paralel yerləşdiyi halda, ürək əzələsində tor əmələ gətirir.
Eninəzolaqlı əzələ toxuması yüksək regenerasiya qabiliyyətinə malik olur. Lakin bu proses bir sıra amillərdən asılı olaraq gedir.

Sinir toxuması

Sinir toxuması orqanizmin ən yüksək inkişaf dərəcəsinə çatmış toxuması olub, yüksək oyanıcılığa, oyanmanı sinir impulsuna çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa toxumalardan fərqlənir. Sinir toxuması sinir sisteminin struktur əsasını təşkil edir. Sinir sistemi bütün orqan və toxumaların fəaliyyətini tənzim edir, onları vahid sistemdə birləşdirib, aralarında əlaqə yaratmaqla orqanizmin tamlığını təmin edir, orqanizmi əhatə olunduğu mühitlə rabitələndirir və onu xarici mühitin daim dəyişən şəraitinə uyğunlaşdırır.
Sinir toxuması sinir hüceyrələrindən və qliya adlanan elementlərdən ibarətdir. Sinir hüceyrələri toxumanın spesifik funksiyalarını icra edir, neyroqliya isə onlarla sıx rabitədə olub, istinad, trofik, mühafizə və ayırıcı fəaliyyət göstərir.
Sinir hüceyrələri çıxıntılı olub, çıxıntıları ilə birlikdə neyron adlanır. Neyron sinir toxumasının əsas struktur və funksional vahidi olmaqla cisimdən və çıxıntılardan ibarətdir. Hüceyrə çıxıntıları iki cür olur: neyrit və ya akson və dentritlər. Neyrit uzun çıxıntı olub, sinir impulsunu cisimdən işçi orqanlara və ya digər neyronlara aparır. Dentritlər isə nisbətən qısa çıxıntılar olub, impulsu periferiyadan perikariona doğru aparır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti, bir neçə dentriti olur. Dentritlər, bir qayda olaraq, ağac kimi şaxələnir.
Neyronlar funksional cəhətdən hissi, ara və hərəki olmaqla 3 qrupa bölünür. Hissi neyronlar (afferent, affektor, reseptor) reseptorlar vasitəsilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır. Ara (assosiativ) neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır. Hərəki (efferent-effektor, motor) neyronlar mərkəzi sinir sistemindən oyanmanı işçi orqanlara ötürür.
Sinir toxumasının regenerasiyasından danışarkən qeyd etmək lazımdır ki, bu yalnız neyronun çıxıntılarında müşahidə edilir. Belə ki, neyronun çıxıntısı zədələnərsə, onun həmin nahiyədən aşağıda qalan hissəsi degenerasiyaya uğrayaraq dağılır. Müəyyən vaxtdan sonra isə çıxıntının qalan hissəsi uzanaraq dağılmış hissəni bərpa edir. Həmin proses periferik sinirlərdə müşahidə olunur.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

loading...

0 şərh