Orqanlar sistemi

Başqa canlılardan fərqli olaraq, insan orqanizmi mürəkkəb quruluşa malikdir. Onu təşkil edən orqan və toxumalar bu və ya digər funksiyaları icra edir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) — bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsidir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir. Hər bir orqanda qan damarları və sinirlər vardır.
Quruluşuna, vəzifəsinə və inkişafına görə bir-birinə oxşar orqanların məcmusuna orqanlar sistemi deyilir. Ümumi funksiyanı birgə yerinə yetirən müxtəlif quruluşa və inkişafa malik ayrı-ayrı orqanların və ya orqanlar sisteminin məcmusu aparat adlanır.
İnsan orqanizmi aşağıdakı sistem və aparatlardan ibarətdir: istinad-hərəkət aparatı, qan sistemi, ürək-damar sistemi, tənəffüs sistemi, həzm sistemi, sidik-cinsiyyət sistemi, daxili sekresiya vəziləri (endokrin sistemi), duyğu orqanları sistemi, sinir sistemi.
İstinad-hərəkət aparatı skeletdən və əzələlərdən ibarət olub, orqanizmin dayağını və hərəkətini təmin edir.
Qan sisteminə qan və qanyaradıcı orqanlar aiddir.
Ürək-damar sistemi ürəkdən və qan damarlarından təşkil olunmuşdur. Orqanizmin bütün toxuma və hüceyrələrini oksigen və qanla təmin edir.  Ürək-qan-damar sistemi

Tənəffüs sistemi burun boşluğundan, qırtlaq, traxeya, bronxlar, ağciyərlərdən təşkil olunub. Qanı oksigenlə təchiz edir.
Həzm sistemi ağız boşluğundan, udlaq, qida borusu, mədə, bağırsaqlar, qaraciyər, mədəaltı vəzidən ibarətdir. Qidanın qəbul edilməsini, mənimsənilməsini və zərərli maddələrin xaric edilməsini təmin edir.
İfrazat sistemi böyrəklər, sidik axarları, sidik kisəsi, sidik kanalından ibarət olub, orqanizmdə maddələr mübadiləsi nəticəsində əmələ gələn zərərli maddələri xaric edir.
Kişilərin daxili cinsiyyət orqanlarına xayalar, prostat vəzi və s., xarici cinsiyyət orqanlarına kişi cinsiyyət üzvü, qadınlarda daxili cinsiyyət orqanlarına yumurtalıqlar, uşaqlıq və s., xarici cinsiyyət orqanlarına cinsiyyət dodaqları, klitor və s. aiddir. Cinsiyyət orqanları nəsiltörətmə funksiyası daşıyır.
Daxili sekresiya vəzilərinə hipofiz, epifiz, timus, qalxanabənzər vəzi, böyrəküstü, cinsiyyət vəziləri və s. aiddir. Orqanizmin böyüməsinə və inkişafına, orqanların işinə təsir edir.
Duyğu orqanlarına göz, qulaq, qoxu, dad orqanları, dəri aiddir.
Dəri və selikli qişalar orqanizmi xarici təsirlərdən qoruyur.
Sinir sistemi baş beynindən, onurğa beynindən və sinirlərdən təşkil olunmuşdur. Orqanizmin fəaliyyətini tənzimləyir.
Bu sistemlər birləşib, bütöv orqanizmi əmələ gətirmişdir. Orqan və orqanlar sistemi arasındakı sıx qarşılıqlı rabitəni isə sinir sistemi yaratmışdır. Onların ahəngdar işləməsini sinir-humoral sistem tənzim edir. Orqanizm xarici mühitlə də əlaqəni sinir sistemi vasitəsilə həyata keçirir və onun köməyilə mühit şəraitinə uyğunlaşır.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

loading...

1 şərh

pascal
Sadə, anlaşılacaq dildə anatomiya dərsi. :) +