Orqanizmin təşkili səviyyələri

1. Hüceyrə
Hüceyrə tarixi inkişaf prosesində meydana çıxan, nüvə və sitoplazmadan ibarət, öz-özünü tənzim edən və özü kimi strukturlar yaradan canlı sistemdir.
Hüceyrə çox hüceyrəli orqanizmlərin inkişaf, quruluş, funksional və irsiyyət vahididir. Hüceyrələr ölçü və formalarına görə müxtəlif olur. Hüceyrə fiziki-kimyəvi cəhətcə çox mürəkkəb quruluşda olmaqla zarlar və qranullar sistemindən təşkil olunmuşdur. Hüceyrə ətraf  mühitdən hüceyrə qişası vasitəsilə ayrılmışdır. Zar vasitəsilə hüceyrə onu əhatə edən canlı mühitlə (hüceyrəarası maddə ilə) üzvi əlaqədə olur. Hüceyrə qişası zülallardan, lipidlərdən və şəkərlərdən təşkil olmaqla qatlar şəklində yerləşir.
Sitoplazma hüceyrənin əsas komponentlərindən biri olub, xaricdən hüceyrə qişası ilə, nüvədən isə kariolemm vasitəsilə ayrılmışdır.
Nüvə – tərkib hissəsi olmaqla zülal sintezini təşkil edir. Nüvə əksər hallarda mərkəzdə yerləşir. Nüvə sitoplazmadan nüvə pərdəsi ilə ayrılmışdır. Nüvədə həmçinin xromatin olur. Nüvə şirəsi  maye halında olub müxtəlif miqdarda olur. Nüvəcik hüceyrə bölünməsinin interfaza dövründə müəyyən edilir. Nüvəcikdə RNT-nin 80 %-i sintez olunur.
Hüceyrə özü kimi strukturları bölünmə yolu ilə yaradır. Hüceyrələr mitoz və meyoz  yolu ilə bölünür.
Mitoz bölünmə hüceyrə bölünməsinin əsas formalarından biridir. Mitoz bölünmədə ana hüceyrədə olan irsi amil bərabər miqdarda iki qız hüceyrəsi arasında bölünür. Mitoz bölünmənin dörd mərhələsi vardır: profaza, metafaza, anafaza və telefaza. İki mitoz arasındakı dövr interfaza deyilir.
Meyoz bölünmə cinsi hüceyrələrin yetişmə dövründə baş verən bölünmədir.  Bu əslində iki ardıcıl gedən mitoz bölünmədir. Meyozun birinci bölünməsi və ya deduksiyası bölünmədə xromosomun sayı yarıya qədər azalır. İnsanda somatik hüceyrələrdə 46 xromosom olur. Jinsi hüceyrələrdə isə 23 xromosom olur.
Hər bir hüceyrə öz fəaliyyətini yerinə yetirərək, təbii olaraq qocalır və nəhayət ölür. Qocalan hüceyrələrdə morfoloci, fizioloci, fiziki-kimyəvi və biokimyəvi dəyişikliklər gedir: nüvə kiçilir, sıxlaşır, sitoplazma vakuollaşır, suyun miqdarı azalır, fermentlərin fəallığı azalır və s.

2. Toxumalar

Toxumalar haqqında bəhs edən elm histologiya adlanır. Toxuma – hüceyrələr və onların törəmələri birliyindən təşkil olunmuş, inkişaf, quruluş və funksiya ümumiliyinə malik vahid sistemdir. Toxumalar bütün orqanların quruluş əsasını təşkil edir. Morfoloci, fizioloci xüsusiyyətlərinə görə toxumalar aşağıdakı qruplara bölünür:
1. epitel toxuma

  1. birləşdirici toxuma
  2. əzələ toxuması
  3. sinir toxuması.

Epitel toxuması və ya epiteli – bədənin xarici səthini örtür, boşluqlu orqanların daxili səthini örtür (mədə, bağırsaqlar, sidikçıxarıcı yollar, plevra və s.). Eyni zamanda epitel toxuması vəzilərin struktur əsasını təşkil edir. Buna müvafiq iki epitel toxuma ayırd edirlər: örtük epiteli toxuması və sekretor (vəzi) epitel toxuması.
Epitel toxuması aşağıdakı funksiyaları yerinə yetirir:
1. orqanizmlə ətraf mühit arasında maddələr mübadiləsində iştirak edir;

  1. qoruyucu funksiyanı yerinə yetirir (dəri epiteli);
  2. sekresiya funksiyası (vəzi epiteli);
  3. sorma funksiya (bağırsaq epiteli);
  4. ifrazat funksiyası (böyrək epiteli);
  5. qazlar mübadiləsi (ağciyər epiteli).

Epitel toxuması daim mexaniki və kimyəvi təsirlərə məruz qaldığından yüksək regenerasiya qabiliyyətinə malikdir. Bu toxuma hüceyrələrin çoxluğu və ara maddəsinin az olması ilə xarakterizə olunur. Hüceyrələr qatının sayından asılı olaraq və ayrı-ayrı hüceyrələrin formasına görə çoxqatlı – gərniləşmi və gərniləşməmiş, keçici və təkqatlı epitelə bölünür. Çoxqatlı qərniləşmiş epiteli toxuması dərinin üst səthində olur. Çoxqatlı gərniləşməmiş epiteli toxuması gözün buynuz qatında, ağız boşluğunun daxili səthində və qida borusunda rast gəlinir.
Keçici epiteli toxuması xarici forması tez-tez dəyişən orqanlarda olur. Ən çox ifrazat sistemi orqanlarındadır.
Təkqatlı epiteli toxuması hüceyrələrin formasından asılı olaraq kubşəkilli (böyrək kanalcıqlarının bəzilərində, vəzilərin çıxarıcı kanallarlında, ağciyərlərin qısa tənəffüs yollarında rast gəlinir), silindrşəkilli (mədədə, bağırsaqda, öd kisəsi divarında, qaraciyər və mədəaltı vəzin axarlarında və s.) və yastı (mezoteli) epiteli (plevrada, ürəkyanı kisədə, qarın boşluğunun divarında) formasında olur.
Birləşdirici toxuma – ara maddənin çoxluğu və hüceyrənin az olması ilə xarakterizə olunur. Birləşdirici toxuma quruluş xüsusiyyətlərinə görə çox müxtəlifdir. Buna səbəb ara maddənin müxtəlif quruluşda olmasıdır. Bu toxuma ayrı-ayrı orqanların, həmçinin orqanizmin istinadını təşkil etdiyi və orqanlar arasında qalan sahələri tutduğu üçün daxili mühit toxuması da adlanır. Bu toxuma bədəndə başlıca olaraq trofik, qoruyucu və mexaniki vəzifə daşıyır. Trofik (qidalandırıcı) vəzifəni boş birləşdirici toxuma – qan və limfa daşıyır, qoruyucu vəzifə daşıyan toxumalara isə bərk birləşdirici toxuma – qığırdaq və sümük toxuması aiddir.
Əzələ toxuması. Bu toxuma spesifik differensiasiyaya uğramış və yığılma qabiliyyətinə malik xüsusi toxumadır. Bu toxumadan fəal hərəkət orqanları olan əzələlər təşkil olunmuşdur. Əzələ toxuması üç növ olur:
1. saya əzələ toxuması,
2. eninəzolaqlı əzələ toxuması
3. ürək əzələ toxuması aiddir.
Saya əzələ toxuması iyəbənzər formalı hüceyrələrdən təşkil olunmuşdur. Saya əzələ toxumasının nüvəsi çöpə oxşayır. İnsanlarda daxili orqan, qan və limfa damarlarının,vəzi axacaqlarının divarlarında, dəridə və s. yerləşir. Saya əzələnin  təqəllüsü insanın iradəsinə tabe deyildir, və o uzun müddət yığılmış vəziyyətdə qala bilər. Bu əzələnin yığılmasına az enerci sərf olunur və gec yorulur. Saya əzələ toxuması insanlarda eninəzolaqlı əzələ toxumasına nisbətən xeyli azdır.
Eninəzolaqlı əzələ toxuması iradi əzələ toxumasıdır. Bunlara skelet əzələləri, dil, udlaq, qırtlaq, çanaq, diafraqma əzələləri, həmçinin anus, sidik kanalı ətrafdakı xarici büzücü əzələlər aiddir.
Ürək əzələsi də quruluşca eninəzolaqlı əzələ toxumasına oxşayır. Lakin bəzi morfoloci-fizioloci xüsusiyyətləri ilə eninəzolaqlı skelet əzələsindən fərqlənir. Ürək əzələsinin yığılması qeyri iradidir. Skelet əzələlərində əzələ lifləri bir-birinə paralel yerləşdiyi halda, ürək əzələsində tor əmələ gətirir.
Sinir toxuması orqanizmin ən yüksək inkişaf dərəcəsinə çatmış toxuması olub, yüksək oyanıcılığa, oyanmanı sinir impulsuna çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa toxumalardan fərqlənir. Sinir toxuması sinir sisteminin struktur əsasını təşkil edir.
Sinir toxuması sinir hüceyrələrindən və qliya adlanan elementlərdən ibarətdir. Sinir hüceyrələri toxumanın spesifik funksiyaların icra edir, neyroqliya isə onlarla sıx rabitədə olub, istinad, trofik, mühafizə və ayırıcı fəaliyyət göstərir.
Sinir hüceyrəsi çıxıntılarla birlikdə neyron adlanır. Neyron sinir toxumasının əsas struktur və funksional vahidi olmaqla cisimdən və çıxıntılardan ibarətdir. Hüceyrə çıxıntıları iki cür olur: neyrit və ya akson və dendritlər. Neyrit uzun çıxıntı olub, sinir impulslarını cisimdən işci orqanlara və ya digər neyronlara aparır. Dendritlər isə nisbətən qısa çıxıntılar olub, impulsu periferiyadan mərkəzə – sinir hüceyrə cisminə daşıyır. Hər bir yetişmiş sinir hüceyrəsinin bir neyriti, bir neçə dendriti olur.
Neyronlar funksional cəhətdən 3 qrupa bölünür:
1. hissi neyronlar (afferent, affektor, reseptor) reseptorlar vasitəsilə qəbul olunmuş qıcıqları sinir impulsu şəklində mərkəzi sinir sisteminə doğru aparır.
2. ara (assosiativ) neyronlar müxtəlif neyronlar arasında rabitələr yaradır.
3. hərəki (efferent-effektor, motor) neyronlar mərkəzi sinir sistemindən oyanmanı işçi orqanlara ötürür.

3. Orqanlar

Orqan – orqanizmin təbii aləti olmaqla müəyyən formaya, quruluşa, funksiyaya, vəziyyətə və inkişafa malik olub tamdır. Orqan orqanizmdən xaricdə yaşaya bilməz. Hər bir orqan bir sıra toxumalardan təşkil olunmuşdur. Orqanın forma və quruluş ilə funksiyası arasında vəhdət vardır. Bunlar bir-birini şərtləndirir. Orqanlar müxtəlifdir, belə ki, bir qismi maddələr mübadiləsində iştirak edir; həzm sistemi orqanları qida maddələrinin parçalanmasını və orqanizm tərəfindən mənimsənilməsini təmin edir; tənəffüs sistemi və sidik sistemi orqanları mübadilənin son məhsullarını orqanizmdən xaric edir və s.

4. Orqanlar sistemi

Bir sıra funksiyaların icra olunması üçün bir orqanın fəaliyyəti kifayət deyildir. Bunun üçün bir çox orqanların iştirakı tələb olunur. Nəticədə, orqanlar kompleksi – sistemlər meydana çıxır.
Orqanlar sistemi – eyni quruluşu, inkişafı və funksiyası olan orqanlar kompleksidir. Bu, orqanların funksional birliyidir. Quruluş və inkişafı müxtəlif olub, lakin eyni funksiya daşıyan orqanlar məcmusu apparat adlanır.
İnsan orqanizmində aşağıdakı orqanlar sistemləri ayırd edilir:
1. həzm sistemi- qidanın həzmini və mənimsəməsini yerinə yetirən orqanları birləşdirir;
2. tənəffüs sistemi – qan və onu əhətə edən mühit arasında baş verən qazlar mübadiləsi gedən tənəfüs orqanları aiddir
3. ürək –damar sistemi – qan dövranını təşkil edən ürəyi və damarları birləşdirir
4. ifrazat sistemi – orqanizmdən metabolizm məhsullarının çıxarılmasını təmin edir
5. sinir sistemi – bütün orqan və sistemləri vahid bir orqanizmə birləşdirir və idarə edir
6. duyğu orqanları sistemi – xarici və daxili mühitdən qıcıqları qəbul edir
7. endokrin sistem – orqanizmdə gedən bütün prosesləri hormonlar vasitəsilə idarə edir.

5. Orqanizm

İnsan anatomiyasının öyrəndiyi obyekt insan orqanizmidir. Orqanizm zülalların ali birliyi olub, ətraf mühitlə maddələr mübadiləsi etmək,özünə oxşar törəmələr yaratmaq, böyümə və çoxalma qabiliyyətinə malikdir. Orqanizm tarixi inkişaf nəticəsində formalaşmış, inkişaf etmişdir, həyat boyu dəyişmiş, xüsusi quruluşa və inkişafı malik olan tamdır. Orqanizm yalnız onu əhatə edən mühitlə rabitədə yaşayır. Xarici mühitlə vəhdətdə olub, onunla birlikdə tamdır.
Orqanizmi təşkil edən orqanlar bir-birilə əlaqədə olub vəhdət təşkil edir. Əgər bir orqanda dəyişiklik baş verərsə, bu orqanizmin ümumi fəaliyyətinə təsir göstərir. Orqanizmin tərkib hissələri olan hüceyrələr, toxumalar, orqanların vahid kütlə halında olması və bir-birilə qarşılıqlı əlaqəsi orqanizmdə əmələ gələn mayenin və sinir sisteminin iştirakı və rabitəsi ilə yerinə yetirilir. Beləliklə, orqanizmin tamlığı sinir-humoral tənzimlə təmin olunur. 

 

0 şərh