Toxumalar və orqanlar sistemi

Eyni mənşəyə, quruluşa və funksiyaya malik olan hüceyrələr yığımına və hüceyrələrarası maddələrə toxuma deyilir.İnsan orqanizmində toxumaların 4 əsas tipi mövcüddür:
1. epitel,
2. birləşdirici
3. əzələ və
4. sinir toxuması.
Epitel toxuması müdafiə, ifrazat və mübadilə reaksiyası daşıyır. Epitel toxumasının növlərinə – çoxqatlı, vəz, kirpikli və s. epitel aiddir.
Birləşdirici toxumalar qrupuna qan, limfa, qığırdaq, sümük, piy toxumaları daxildir. Sümük və qığırdaq toxuması orqanlara möhkəmlir verir, dayaq funksiyası daşıyır.
Əzələ toxuması yığılmaq və boşalmaq qabiliyyətinə malik olub hərəki funksiya daşıyır. Əzələlər – saya və eninəzolaqlı olmaqla iki yerə ayrılır. Skelet əzələlərinin əsasını eninəzolaql və bəzi daxili orqanların əsasını saya əzələ toxuması təşkil edir.
Sinir toxuması – onurğa sütunu və kəllə qutusu boşluğunda yerləşir və onurğa beyninin və baş beynin əsas kütləsini təşkil edir.
Sinir hüceyrəsinə, çıxıntıları ilə birlikdə neyron deyilir. Neyronun cismi və iki cür çıxıntıları olur. Neyronda qısa sıxıntılarının (dendritlərinin) miqdarı çox olur. Neyronun uzun çıxıntısı (akson) bir ədəd olur və uzunluğu bəzən 1-1,5 metrə çatır.
Orqanlar və orqanlar sistemi. Toxumalar orqanları əmələ gətirir, onların yaranmasında bir çox toxuma iştirak edir. Orqanların bəziləri bədən boşluğunda yerləşir və daxili orqanlar adlanır. İnsan orqanizmində sinir, qan-damar, ifrazat, həzm, çoxalma orqanları sistem əmələ gətirir və bu sistemlərin fəaliyyəti bir-biri ilə funksional vəhdətdədir. Orqan və orqanlar sisteminin müvəqqəti birləşməsinə funksional sistem deyilir.

Orqanizmdə funksiyaların tənzimi üsulları. Üzvlər sisteminin və tam orqanizmin işi iki yolla tənzim olunur: humoral tənzim və sinir sistemi vasitəsilə. Humoral (humor – latınca maye deməkdir) tənzim orqanizmin daxili mühit mayesinin tərkibinə daxil olan kimyəvi maddələrin təsiri ilə əlaqədardır.

Daxili sekresiya vəzilərinə isə hipofiz, qalxanabənzər vəzi, çəngələbənzər vəzi, böyrəküstü vəzlər. mədəaltı vəzi, və s. aiddir. Daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr hormon adlanır. Qanla orqanizmin müxtəlif orlanlar sisteminə gətirilən bioloji fəal maddələr olan hormonlar, orqanizmin həyat fəaliyyətinə müəyyən təsir göstərirlər. Hormonlar orqanizmin böyüməsini, inkişafını və maddələr mübadiləsi proseslərini tənzimləyir.

Funksiyaların sinir tənzimi. Baş beyindən və onurğa beynindən çıxan sinirlər orqanizmin bütün üzvlərinin işini əlaqələndirir və onların uzlaşmış fəaliyyətini tənzim edir. İmpulslar sinir membranı vasitəsilə yayılır. Müəyyən sinir lifləri hissi orqanlardan impulsları qəbul edib, onları sinir mərkəzinə nəql edir və impulsları sinir mərkəzlərindən üzvlərə ötürür. Nəticədə yeni impulslar alan üzvlərin fəaliyyəti orqanizmin ümumi vəziyyətinə uyğunlaşdırılır. Beləliklə, orqanizmin fəaliyyəti vəhdət şəklində həyata keçirilir.
Daxili mühitin kimyəvi tərkibi hər hansı səbəbdən dəyişilərsə, sinir və humoral faktorlar işə qarışıb, onu özünün əvvəlki səviyyəsinə qaytarır.

İnsan orqanizmi həmişə təbii amillərin – havanın temperaturunun və rütubətin dəyişilməsinin, günəş şüasının artıb-azalmasının, qar, yağış, tufan, yanğın və zəlzələlərin təsirinə məruz qalır. Əgər göstərilən amillər mövcud yaşayış şəraitini dəyişdirirsə, belə halda orqanizm imkanlarını yeni şəraitə uyğunlaşdırır. Ətraf mühitdə gedən dəyişmələrə uyğun olaraq orqanizm funksional sistemlərinin işini yenidən qurur. Başqa canlılarla müqayisədə insan ətraf mühitin şəraitinə daha tez uyğunlaşır.
İnsan cəmiyyəti özünə lazım olan şəraiti min illər boyu mövcud olduğu vaxtlarda məqsədyönlü şəkildə yaratmışdır. Ona görə də insan yerin bütün coğrafi regionlarında yaşamağa uyğunlaşa bilir. Uzaq şimilda, səhralarda, suyun altında, vadilərdə, yüksək dağ yerlərində, yerin altında və kosmosda. Aya uçan kosmonavtların belə kəskin temperatur şəraitində yaşamaları onların geyimlərinin – xüsusi skafandrların köməkliyi ilə mümkün olur.

İnsanın biososial təbiəti. İnsanın inkişafı və formalaşması iki proqramın təsiri nəticəsində mümkün olur: bioloji və sosial.
Bioloji proqram insan orqanizminin quruluşu və fizioloji funksiyalarını müəyyən edir. O insan cəmiyyətinin uzunmüddətli təkamülü sayəsində formalaşmışdır. Bioloji proqramın daşıyıcısı valideyndən yeni nəslə verilən xromosomlardır.
Sosial (sosialis – latınca ictimai deməkdir) – proqrama insanı əhatə edən xarici mühit və başqa adamların təsiri aiddir. Sosial proqramın məzmunu insan şəxsiyyətinin formalaşmasını təmin etməkdir.


 

0 şərh