Monqol tarixi

Monqolların ərazisi və məşğuliyyəti. Monqollar Kulun — Bugir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinə qədər uzanan ərazidə qədim zamanlardan yaşamışdılar. Monqolların bir hissəsi çöllərdə köçəri maldarlıqla, mal-qarası olmayan tayqada yaşayan başqa bir hissəsi isə meşə monqolları ovçuluqla məşğul olurdu. «Monqolların nəsli haqqında qiymətli rəvayətlər» əsərində monqollar «keçə alaçıqlarda yaşayan» adamlar adlandırılır.

XII əsrdə monqollar arasında qəbilə münasibətləri dağılmağa başladı. Dağılmış qəbilələrin ayrı-ayrı hissələri birləşib ordular yaradırdı. Ordu birləşməsinin başında ən iri maldarlardan seçilmiş hərbi rəislər — bahadır və noyonlar dururdu. Onlar otlaqları ailələr arasında bölürdülər. Daha çox köçərini hakimiyyəti altında birləşdirən noyon və bahadır xan titulu daşıyırdı. Noyonların tayfasına mənsub olan istehsalçılar xaraçular adlanırdı. Onlar noyonlara tabe idilər, onlar üçün kumız (at südündən hazırlanmış sərinləşdirici içki) hazırlayır, sürülərim otarır və s. işlərini görürdülər.

Monqollarda qullar təhkimli rəiyyətə, yəni unaqan — boqola çevrilirdi. İşğal olunmuş ölkələrin bütöv tayfaları da unaqanboqol adlanırdı. Öz məhsullarını və qarət etdiyi sərvəti noyonlarla bölüşdürən imtiyazlı təbəqə tarxanlar adlanırdı.Beləliklə, monqollarda ibtidai icma quruluşu XIII əsrə qədər dağılmış, feodal münasibətləri yaranmağa başlamışdı. Monqollar ibtidai icma quruluşundan feodalizmə keçdilər. Bu, köçəri feodalizm idi. qəbilə münasibətləri köçəri feodalizmdə uzun müddət mövcud olmuşdu.

Monqol dövlətinin yaranması. Monqol dövlətinin yaranması ərəfəsində monqollar və onlara yaxın olan tayfaların birləşməsinin yerləşdiyi mərkəzi ərazi Kerulen və Onon çaylarının vadiləri idi.

Monqol dövlətinin banisi Temuçin (Çingiz) xan (1155-1227) Baykal ətrafında yaşayan kereitlər tayfasının xanı Toğrul (Vanxan) ilə ittifaqa girdi, onunla birlikdə düşmənlərinə qalib gəldilər. Başqa bir monqol bahadırı Samuqa hakimiyyət iddiasında idi. Samuqa kömək üçün Toğrul xana müraciət etdi. Çingiz xan 1203-cü ildə kereitləri darmadağın etdi, Toğrul və Camuqa öldürüldü.

1206-cı ildə monqol əyanlarının Onon çayı sahilində çağırılmış qurultayında (xuralında) Temuçin Çingiz xan adı ilə xaqan (böyük xan) seçildi. Dövlətin paytaxtı Qaraqorum şəhəri idi. İtaət altına alınmış ərazilər verdikləri əsgərlərin sayına görə tümənlərə, minliklərə, yüzlüklərə bölünürdü. Tümən rəisləri, minbaşı və yüzbaşı Çingiz xanın hakimiyyətinə tabe olan bahadırlar idi. Onlar xanın vassalı idilər. Monqol ordusu yüzminlik, onminlik, minlik, yüzlük, onluqdan ibarət hərbi dəstələrə bölünürdü. Monqollar uyğur əlifbasından istifadə edirdilər. Dinləri Şamanizm idi.

Monqolların qanunlar toplusu «Böyük yaşa» (Qanun) adlanırdı. Bu qanun Çingiz xanın şifahi göstərişləri, əmrləri və s.-dən ibarət idi. Onun ayrı-ayrı hissələri dövrümüzə qədər gəlib çatmışdır. Monqolların hərbi üstünlüyünün səbəbləri:

  • Monqol ordusunda ciddi və amansız intizam var idi. Vuruş meydanından qaçan əsgərin mənsub olduğu bütün dəstə üzvləri öldürülürdü.
  • Monqol ordusunda böyük və çevik süvari dəstələri var idi.
  • Monqollar şəhərlərin tutulmasında divardeşən, daşatan, od yağdıran mancanaq qurğularından geniş istifadə edirdilər.
  • Çingiz xan hücum etdiyi ölkələri müxtəlif yollarla (kəşfiyyat, səfirlər, ticarət və s.) öyrənir, sonra hücum edirdi.
  • Monqolların hücum etdiyi xalqlar ya dövlət yaratmamışdılar, ya da həmin xalqların dövlətlərində feodal dağınıqlığı mövcud idi. Beləliklə, Çingiz xanın hərbi strategiya və taktikasının əsas xüsusiyyətini kəşfiyyat məlumatı, düşmənin qüvvələrini parçalamaq və s. təşkil edirdi.

monqol imperiyasinin xeritesi

Monqolların işğalları. Çingiz xan mərkəzləşmiş dövlət yaratdıqdan sonra qalibiyyətli müharibələrə başladı. Monqollar 1207-1211-ci illərdə Sibir, Şərqi Türküstanı tutdular. 1211-ci ildə monqollar Çinə hücum etdilər və 1215-ci ildə Pekini tutub Şimali Çinin işğalın başa çatdırdılar. Çingiz xan Çinin hərbi və mülki mütəxəssislərindən ordu və dövlət işlərində istifadə etdi.

Çingiz xan Xarəzmşah Əlaəddin Məhəmmədlə diplomatik və ticarət əlaqəsi yaratdı. 1218-ci ildə monqolların ticarət karvanı Otrar şəhərində vali Yinal tərəfindən talan edildi. Tarixə «Otrar faciəsi» kimi daxil olan bu hadisə monqolların Xarəzmşahlar dövlətinə hücum üçün bəhanə oldu. 1219-cu ilin payızında monqollar Otrar şəhərini mühasirəyə aldılar və 6 aydan sonra onu tutdular. 1220-ci ilin yazında isə onlar 12 gün mühasirədən sonra Buxara şəhərini ələ keçirdilər. Mart ayında hərbi rəislərin, ali ruhanilərin xəyanəti nəticəsində Səmərqənd tutuldu. Xarəzmşah Məhəmməd Xəzər dənizindəki adalardan birinə qaçdı və orada öldü. Ondan sonra Cəlaləddin Xarəzmşah elan edildi. Monqollar ölkənin paytaxtı Ürgənci, Mərv şəhərini hakimin, ruhani və feodalların xəyanəti ilə tutdular. Bundan sonra Mərkəzi Asiyanın iqtisadiyyatı, mədəniyyəti uzun sürən durğunluğa məruz qaldı, oradakı irriqasiya sistemi dağıdıldı, əkin sahələri azaldı.

Monqollar Subuday və Cəbənin başçılığı ilə 1220-1222-ci illərdə İran və Cənubi Qafqaza «kəşfiyyat yürüşü» etdilər. Onlar Dərbənddən Şimali Qafqaza, Dəşti-Qıpçağa keçdilər, lakin alan və qıpçaqların birləşmiş qüvvələrinə qalib gələ bilmədilər. Monqollar qıpçaqlarla sülh bağladılar, bundan sonra əvvəl alanları, sonra isə qıpçaqları məğlub etdilər. Qıpçaqlar slavyanlarla birləşməyə məcbur oldular. 1223-cü ildə monqollar qıpçaqları və slavyanları Kalka çayı sahilində vuruşmada məğlub etdilər. Sonra isə Bolqanın orta hissəsində yaşayan bulqarlara məğlub olub vətənlərinə qayıtdılar.

Çingiz xan sağlığında (1225) öz imperiyasını oğlanları arasında bölmüşdü. Onun planına görə, onun ölümündən sonra oğlanlarından biri böyük xan seçilməli və qalan xanlar ona tabe olmalı idilər. 1227-ci ildə Çingiz xan öldü. Onun imperiyası 4 ulusa bölündü.

  1. Monqolustan və Şimali Çinin daxil olduğu ulusu böyük xan Ugedey idarə edirdi.
  2. Mavəraənnəhr və Yeddisudan ibarət 2-ci ulusu Çağatay idarə edirdi.
  3. Üçüncü ulus (Cuci ulusu, Qızıl orda) İrtış çayından Ural dağlarına, buradan Xəzər və Aral dənizlərinə qədər ərazini əhatə edirdi. Onun idarəsi Cuciyə tapşırıldı.
  4. Dördüncü ulus, yəni Mərkəzi Monqolustan Çingiz xanın kiçik oğlu Tuliyə verilmişdi.

Şərqi Avropaya yürüşlər. 1229-cu ildə Monqol feodallarının qurultayı Çingiz xanın üçüncü oğlu Ugedeyi (1229-1241) böyük xan seçdi. O, 1231-ci ildə Şimali Çinə hücum etdi. Sun sülaləsinin köməyi ilə oranı işğal etdi. 1231-1239-cu ildə Cənubi Qafqaz işğal olundu.

1235-ci ildə monqol feodallarının Qaraqorumda keçirilən qurultayı Avropanın cənub-şərqinə hücum edilməsi qərarına gəldi. Bu qərarı həyata keçirəcək orduya Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. O, 1235-ci ildə 140 minlik ordu ilə Volqa Bulqarları üzərinə hücuma keçdi, onları məğlub edəndən sonra 1237-ci ildə Cənub-Şərqi Rus torpaqlarını işğal etdi. 1238-ci il martın 4-də Siti çayı sahilində rus qoşunu məğlub edildi.

1239-cu ildə qıpçaq torpaqları tamamilə işğal olundu. Qıpçaq xanı Kotyan xan qoşunu ilə birlikdə Macarıstana qaçdı. Monqollar 1240-cı ildə Kiyevi tutdular. Qalisiya işğal olundu. Polşa, Macarıstan və Çexiyaya hücum etdilər. Batı xanın ordusunun yorulması, sırasının seyrəlməsi, işğal olunmuş ərazilərdə baş vermiş üsyanlar, rus knyazlarının arxada xəyanəti hücumu davam etdirməyə imkan vermədi. Batı xan Şərqi Avropadan Şərqə yola düşdü.

1241-ci ildə Ugedey öldü. 1246-cı ildə Ugedeyin oğlu Quyuk xan xaqan seçildi. Batı xan bununla razılaşmadı. Quyuk xaqanın qəflətən ölümü qarşıdurmam aradan qaldırdı. Batı xanın köməyi ilə Munke xan (1251-1259) böyük xan seçildi. Beləliklə, XIII əsrin I yarısında Böyük Monqol imperiyası yarandı.

1259-cu ildə Munke öldü və bundan sonra monqol imperiyası parçalanmağa başladı. Qızıl Orda və Hülakilər ulusu mərkəzi hakimiyyətə tabe olmadılar, ayrılıb müstəqil dövlət oldular. Ölkədə mərkəzi hakimiyyətə itaətsizlik meylləri gücləndi. Bu proses Xubilay xanın (1264-1294) hakimiyyəti illərində daha da qüvvətləndi. O, 1264-cü ildə paytaxtı Qaraqorumdan Pekinə köçürdü, Çinin cənub hissəsini işğal etdi. Lakin Yaponiyanı tutmaq təşəbbüsü nəticəsiz qaldı. 1368-ci ildə monqollar Çindən qovuldular, Monqol imperiyası parçalandı, onun ərazisində müstəqil dövlətlər yarandı.

0 şərh