İspaniya XI-XV əsrlərdə

İspaniya klassik feodalizmə keçid dövründə. Ərəblər VIII əsrdə Pireney yarımadasını tutub Burada Kordova xilafətini yaratdılar. Bu xilafət 300 il mövcud olmuşdu. Kordova xilafətinin müsəlman əhalisi mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət idi. Bu dövrdə ərəblər İspaniyanı Əndəlus adlandırırdılar. Əndəlus İspaniyanın cənubunda tarixi vilayət idi. Burada əkinçilik, sənətkarlıq inkişaf etmişdi. Ərəblər buraya xurma, çəltik, şəkər qamışı, nar, tut və s. gətirmişdilər. Əkinçilikdə süni suvarmadan istifadə edilirdi. Sənətkarlıq və ticarətin inkişafı şəhərlərin yaranması və genişlənməsinə səbəb oldu. Kordova şəhəri həm sənətkarlıq və ticarət . mərkəzi, həm də xilafətin paytaxtı idi. Burada mədəniyyət də inkişaf etmişdi. Kordovada Əmir kitabxanası (400 min kitab var idi) və Universiteti daha çox məşhur idi. Müsəlman memarlığının ən gözəl nümunələri Qranada hakimlərinin Əlhambra sarayı - Qırmızı saray (XIII-XV əsrlər), Seviliyada Əlkəsar saray-qalası (XII əsr) və Kordova məscidi idi.

Müsəlmanlara qarşı səlib yürüşü. Rekonkista

Əndəlusda müsəlman xilafətinin zəifləməsindən istifadə edən xristian kilsəsi rekonkista (Müsəlman əhalisinin zorla Pireney yarımadasından çıxarılması) hərəkatmı genişləndirdi. Kilsə Pireney yarımadasında bütün xristianları ərəblərə qarşı birləşdirə bildi. Rekonkista nəticəsində xristian feodalları yeni torpaq ələ keçirir, kəndlilər torpaq almaqla yanaşı, şəxsən azadlıq əldə edirdilər. Mavrların əlindən alınmış şəhərlərə özünüidarə hüququ verilirdi. Bu hərəkatda Pireneyin yerli xristian əhalisi ilə yanaşı, fransızlar, italyanlar da iştirak edirdilər. Roma papası buradakı müsəlmanlara qarşı səlib müharibəsi elan etmişdi. Rekonkistanın gedişində Pireney yarımadasının simalında Kastiliya və Araqon, Pireney dağlarında Navarra, XIII əsrdə yarımadanın qərbində Portuqaliya krallıqları yarandı.

Rekonkista (Reconquista)

1030-cu ildə Kordova xilafəti bir neçə əmirliklərə parçalandı. Bu parçalanma Rekonkista hərəkatının genişlənməsinə şərait yaratdı. 1085-ci ildə Toledo şəhəri tutuldu və Kastiliya krallığının paytaxtı oldu. Portuqaliya Lissabonu tutub paytaxt etdi. 1212-ci ildə səlibçilərin birləşmiş qüvvələri Las-Navas-deTolosa kəndi yaxınlığında müsəlmanları məğlub etdilər. XIV əsrdə Kastiliya Kordova və Sevilya şəhərlərini ələ keçirdi. Pireney yarımadasında yaranmış krallıqlarda Kortes, yəni İspaniyada qanunverici orqan yarandı. Kortes silki orqan idi.

Pireney yarımadasında xristian dövlətlərinin yaranması.

Pireney yarımadasında müsəlmanların əlində ancaq Qranada əmirliyi qalmışdı. 1479-cu ildə Kastiliya hökmdarı İzabella ilə Araqon hökmdarı Ferdinand evləndi və hər iki krallıq vahid İspaniya dövlətində birləşdi, mərkəzləşmiş dövlət yarandı. Navarra İspaniya və Fransa arasında bölüşdürüldü. İspaniya 1492ci ildə Qranada müsəlman əmirliyini tutdu. Müsəlmanlar və yəhudilər xristian kilsəsi tərəfindən zülm və təhqirlərə məruz qaldılar. Onların bir çoxu Şimali Afrikaya köçdülər.

İspaniyada güclü katolik kilsəsi yaradıldı. Ölkədə güclü inkvizisiya məhkəməsi təşkil edildi. İnkvizisiya məhkəməsinə qəddar Tomas Torkvemada başcılıq edirdi. Ölkədə bidətçilərə qarşı qəddar autodafe (Bidətçilərin tonqalda yandırılması) həyata keçirildi.

0 şərh