Niderland burjua inqilabı

Niderland Şelda Maaş və Reyn çaylarının aşağı axarında yerləşirdi. Mənası çökək ölkə deməkdir. XVI əsrdə Niderlandda 3 milyon adam yaşayırdı, 300 şəhər yardı. Niderland çay yolu ilə Fransa və Almaniya, dəniz vasitəsilə İngiltərə və Skandinaviya ilə ticarət edirdi. Böyük coğrafi kəşflərdən sonra Niderlandın dəniz ticarəti daha da yüksəldi, Antverpen şəhərinin dünya ticarətində rolu artdı. Çünki bu limana yan alan gəmilər, yəni müxtəlif ölkənin tacirləri burada bərabər ticarət etmək hüququna malik idilər. Buna görə də, XVI əsrdə Antverpen Avropa tarixində dünya ticarətinin birinci mərkəzi oldu.

Niderland əhalisi dəniz sahilində və bəzən dənizdə bəndlər çəkir, dənizi qurudur və qurudulmuş ərazilərdə təsərrüfat yaradır, kənd və şəhərlər salırdılar. Niderlandda manufakturalar yaradılmağa başlandı. Manufakturalarda mahud parça, kətan, gəmi ləvazimatı və s. istehsal olunurdu. Niderlandda kapitalist sənayesi inkişaf edir, muzdlu əməkdən istifadə olunurdu. Lakin XVI əsrin ortalarında Niderland feodal İspaniyasının hakimiyyəti altında idi. Niderlandın Amerikada, Cənubi İtaliyada müstəmləkələri var idi. İspaniya kralı Avropada ən güclü ordu və donanmaya malik idi. Niderland İspaniyaya okeanın o tayındakı müstəmləkələrindən 4 dəfə çox gəlir verirdi.
İspaniya kralı Niderland tacirlərinə İspaniyanın Amerikadakı müstəmləkələri ilə ticarəti qadağan etmişdi. Niderlandı Ispaniya kralının canişini və onun yanında yaradılan gizli şura idarə edirdi. Burada bütün hakimiyyət bu şuraya verilmişdi. İspaniya kralı II Filipp Niderlandda inkvizisiya məhkəməsi tətbiq etməyə hazırlaşırdı. Bu isə xalqın narazılığına səbəb oldu.
Niderlandda İspaniyanın feodal zülmü kapitalizmin inkişafını ləngidirdi. Feodal qayda-qanunları, İspaniya zülmü, katolik kilsəsinin zülmü XVI əsrdə Niderlandda gücləndi. İspanlar protestantları təqib edirdilər. Onlara işgəncə verir, tonqalda yandırırdılar. Xalq isə İspaniya kralından narazılıq edir və Kalvinçiliyi müdafiə edirdilər.
1566-cı ilin payızında xalq böyük sənaye şəhərlərində katolik kilsəsinə və ispan zülmünə qarşı kilsə və monastırları talan edir, rahib və keşişləri qovurdular. Beləliklə, Avropada ilk burjua inqilabı Niderlandda başlandı. Niderland zadəganları xalqın bu çıxışından qorxuya düşdülər və onlar ispanlara kömək etdilər.
II Filipp sərkərdə hersoq Albanı seçmə qoşunla Niderlanda göndərdi. Alba Niderlandda sərt tədbirlər gördü. Əhalini qorxutmaq üçün onlara divan tutdu. O, Niderlanda gələn kimi «qiyam işlərinə baxan şura» yaratdı. Bu şuranı xalq «qanlı şura» adlandırdı. Niderlanda 8 min adam bu şuranın qurbanı oldu. Alba hətta varlı tacirləri, əsilzadələri edam etdirir və onların canına qorxu salırdı. Alba bu amansız tədbirlə iki məqsəd güdürdü: 1-ci katolik və ispan zülmünə qarşı çıxanları qorxudurdu; 2-cisi, Niderland zadəganlarını soymaqla İspaniya xəzinəsini doldurmaq istəyirdi.
Niderland kəndliləri, sənətkarları və fəhlələri ispan zülmündən meşələrə qaçıb partizan hərəkatına qoşuldular. Belə partizanlar «meşə gözləri» adlanırdı. Niderland partizanları bu adı daşımaqla fəxr edirdilər. Dənizçilər və balıqçılar dənizdə partizanlıq edir, yüngül qayıqları ilə düşmən gəmilərini batırırdılar. Bunları dəniz gözləri adlandırırdılar.
1572-ci ildə dəniz gözləri Bril limanını tutdular. Bu da üsyanın başlamasına səbəb oldu (1572-ci ildə Varfolomey gecəsi baş vermiş, Rusiyada opriçnina ləğv edilmişdi). Ölkədə ispanlara və onları müdafiə edənlərə divan tuturdular. Kəndlilər feodal mükəlləfiyyətini yerinə yetirmir, kilsə və feodalların torpağı əlindən alındı. Üsyana burjuaziya başçılıq edirdi. Burjuaziya Orleanlı Vilhelmi Şimal vilayətlərinin başçısı təyin etdi. O, isə ispanlara qarşı muzdlu qoşundan istifadə etdi. Beləliklə, hersoq Alba Niderlandda müvəffəqiyyət qazana bilmədi və kraldan əsgərlərə məvacib vermək üçün pul istədi. II Filipp onu geri çağırdı. İspan qoşunu Leyden şəhərini mühasirəyə aldı. Şəhərdə ərzaq qurtardı. Əhali bildirdi: «sağ əlimizlə azadlığımızı qoruyub saxlamaq üçün sol əlimizi yeməyə hazırıq». Lakin dəniz gözlərinin Leydenə daxil olması üçün müdafiəçilər «torpağı itirməkdənsə, onu suda batırmaq daha yaxşıdır» deyib bəndi uçurdular. Su şəhəri basdı. Su ilə birlikdə 100-lərlə dəniz gözlərinin qayığı şəhərə daxil oldu, insanları xilas etdi, ispan əsgərləri qaçdı.
1576-cı ildə ispan əsgərləri Antverpen şəhərini dağıdıb talan etdilər. 8000 şəhərli qırdılar. Antverpendə ispanların vəhşiliyinə qarşı ölkənin cənubunda üsyan baş verdi. Niderland zadəganları qorxuya düşdülər. Üsyanı yatırmaq üçün ispanlara kömək etdilər. 1579-cu ildə bəzi cənub əyalətləri birləşdi və İspaniya kralına tabe oldu. Onu qanuni hökumət kimi tanıdılar. Cənubi Niderland II Filippin hakimiyyəti altında qaldı.

1579-cu ildə Utrext şəhərində Niderlandın 7 şimal əyaləti İspaniyaya qarşı ittifaq bağladı. Bu ittifaqın ümumi hökuməti, xəzinəsi, ordusu var idi. Şimali Niderland İspan kralı II Filippi öz hökuməti kimi tanımaqdan imtina etdi. Niderland burjuaziyası Orleanlı Vilhelmi kral elan etmək istədi. Lakin ispan qatili onu öldürdü. Bu dövlət şimal əyalətlərinin ən böyüyünün adı ilə Hollandiya respublikası və ya Hollandiya adlandı. Niderland burjuaziyası və əyanları «Milli Şura» yaratdı. Ona Orleanlı Vilhelmin oğlu başçılıq edirdi. Hollandiya daha 30 il İspaniyaya qarşı müharibə apardı. 1609-cu ildə Hollandiya ilə İspaniya arasında müqavilə bağlandı. İspaniya Hollandiyanı müstəqil dövlət kimi tanıdı. Bu, Niderland burjua inqilabının sonu hesab olunur.
Beləliklə, Avropada ilk burjua inqilabı qalib gəldi. Şimali Niderland İspan zülmündən qurtardı, İspan ağalığına son qoyuldu. Hollandiya respublika elan edildi. Kapitalizmin inkişafına əlverişli şərait yarandı. Bütün bunlar Niderland burjua inqilabının nəticəsi idi.

0 şərh