Orta əsr Qərbi Avropa sivilizasiyasinda şəhərlərin yeri

  1. Erkən orta əsrlər dövründə natural təsərrüfatın hökmranlığı
  2. Məhsuldar qüvvələrin inkişafı. Sənətin kənd təsərrüfatından ayrılması
  3. Şəhərin kənddən ayrılması.
  4. Şəhərlər — sənət və ticarət mərkəzləri kimi
  5. Feodalizmdə sadə əmtəə təsərrüfatı
  6. Orta əsr şəhərlərinin əhalisi və xarici görünüşü
  7. Sexlər
  8. Qərbi Avropada təcarət və kredit işinin inkişafı

 

Şəhərlər orta əsr cəmiyyətinin iqtisadiyyatına böyük təsir göstərmiş, onun   sosial — iqtisadi və mədəni həyatında mühüm rol oynamışlar. Qərbi Avropanın əksər ölkələrində şəhərlərin meydana gəldiyi XI əsr – erkən orta əsrlərlə (V — XI) inkişaf etmiş orta əsrlər (XI — XV) arasında xronoloji hüduddur.

1. Erkən orta əsrlərin ilk yüzillikləri Qərbi Avropada natural təsərrüfat demək olar ki, tam hökmran idi, əhalinin böyük hissəsini təşkil edən kəndlilər həm də sənətkarlıq məmulatları, əmək aləti, geyim də istehsal edirdilər. Əmək alətinin işçinin özünə məxsus olması, kənd əməyinin sənətlə birləşməsi – natural təsərrüfatın xarakterik cəhətləridir. Məhsul mübadiləsi zəif idi və əməyin coğrafi bölgüsü ilə bağlı idi: təbii şəraitin fərqli olması ayrı-ayrı bölgələrin inkişaf səviyyəsinə təsir göstərirdi. Təsərrüfat üçün ən zəruri mallarla: dəmir, qurğuşun, mis, duzla alver edirdilər. Bundan əlavə, Şərqdən gələn ipək parça, bəzək əşyaları, silahlar və ədviyyat da ticarət obyekti idi. Ticarətdə əsas rolu yadelli tacirlər (yunanlar, ermənilər, yəhudilər, ərəblər) oynayırdı. Satış üçün nəzərdə tutulmuş məhsulların istehsalı demək olar ki, yox idi. Roma şəhərləri tənəzzül etmişdi, iqtisadiyyat aqrarlaşmışdı, barbar ərazilərdə isə şəhərlər yenicə yaranırdı, ticarət isə primitiv idi.

Əlbəttə, orta əsrlərin ilk mərhələsini “şəhərsiz” dövr də adlandırmaq olmaz. Bizansda son quldar polisi və Qərbi Roma şəhərləri hələ qalmışdı (Milan, Florensiya, Neapol, Paris, Lion, Köln, Strasburq, Vyana, London, York). Lakin onlar daha çox inzibati mərkəzlər və ya qala — burqlar idi. Onların böyük olmayan əhalisi kənd əhalisindən az fərqlənirdi, şəhər meydanları otlaqlara çevrilmişdi. Ticarət və sənət şəhərlilər üçün idi və kəndə az təsir göstərirdi. Şəhərlər ən çox romanlaşmış vilayətlərdə: Bizansda Konstantinopol, İtaliyada emporiyalar və nəhayət, ərəb İspaniyasında idi. Hərçənd, orada da son antik şəhərlər V — VII əsrlərdə tənəzzül dövrünü yaşayırdı.

Beləliklə, Avropa miqyasında şəhər quruluşu ümumi və mükəmməl sistem kimi erkən orta əsrlərdə hələ təşəkkül etməmişdi. Qərbi Avropa öz inkşafı ilə Şərqdən və Bizansdan geri qalırdı. Lakin erkən şəhər məskənlərinin mövcud olması feodallaşma prosesində iştirak edirdi və siyasi — inzibati, strateji və kilsə təşkilatının mərkəzi kimi çıxış edirdi.

Şəhər həyatının əsasını iqtisadi funksiya təşkil edirdi. Onun inkişafı əməyin ictimai bölgüsünə əsaslanırdı.

2. X — XI əsrlərə doğru Qərbi Avropanın təsərrüf həyatında mühüm dəyişiliklər baş verir. Məhsuldar qüvvələrin artması erkən orta əsrlərdə sənətkarlıqda daha sürətlə gedirdi. Bu, sənətkarlıq texnikasının tədricən dəyişməsi və inkişafı, onun genişlənməsi, təbəqələşməsi və mükəmməlləşməsində öz əksini tapırdı. Sənətkarlıq fəaliyyəti daha çox ixtisaslaşma tələb edirdi. Eyni zamanda mübadilə sahəsi də genişlənirdi: yarmarkalar yaranır, nizami bazarlar təşəkkül edir, pul zərbi və pul mübadiləsi artırdı.

Elə bir an çatır ki, sənətin kənd təsərrüfatından ayrılması zəruri olur: sənətin müstəqil istehsal sahəsinə çevrilməsi, sənətin və ticarətin xüsusi mərkəzlərdə toplanmasına imkan yaranır.

Sənətin və ticarətin kənd təsərrüfatından ayrılması üçün daha bir şərt kənddə tərəqqi olur. Taxıl və texniki bitki əkinin genişlənməsi, kənd təsərrüfatı ilə sıx bağlı olan şərabçılıq, dəyirman işi kimi sahələrin inkişafı, mal — qara cinslərinin yaxşılaşdırılması və sayının artması baş verirdi. Kənd təsərrüfatının məhsuldarlığının artması imkan verirdi ki, onun məhsullarının bir hissəsini sənətkarlıq məmulatı ilə əvəz etmək mümkün olsun və bu, kəndlini həmin məmulatı istehsal etmək zərurətindən azad edirdi.

Yuxarıda qeyd olunan təsərrüfat dəyişikləri ilə yanaşı, I və II minilliklərin hüdudunda sosial və siyasi şərait də orta əsr şəhərlərinin təşəkkülündə rol oynamışdır. Feodallaşma prosesi başa çatmışdı. Dövlət və kilsə şəhərdə özlərinə dayaq və gəlir mənbəyi görürdülər. Xüsusi hakim təbəqə ayrılır ki, onun zəngin həyata olan tələbatı professional sənətkarların sayının artmasına imkan verirdi. Dövlət gəlirlərinin artması isə bazar əlaqələrini stimullaşdırırdı.

Kənddə əmtəə istehsalının inkişafı üçün şərait məhdud idi, çünki sənətkarlıq məmulatının istehlak bazarı da dar idi. Ona görə də sənətkarlar kənddən qaçırdılar və müstəqil işləmələri üçün şərait olan, onların məhsullunun istehlakı üçün imkan yaradan yerlərdə məskunlaşırdılar.

3. Sənətin kənd təsərrüfatından ayrılması və mübadilənin inkişafı nəticəsində X — XIII əsrlərdə (İtaliyada IX əsrdən) Qərbi Avropada yeni, feodal tipli şəhərlərin artması baş verir. İtaliyada və Cənubi Fransada şəhərlərin daha erkən yaranması və artması həm də Bizans və Şərqlə ticarətin təsiri ilə olmuşdu.

X — XI əsrlərdə Şimali Fransada, Niderlandda, İngiltərə və Almaniyada feodal şəhərləri yaranır. Bir qədər gec, XII — XIII əsrlərdə Reynarxası Almaniyada, Skandinaviya ölkələrində, İrlandiyada, Macarıstanda, yəni feodal münasibətlərinin ləng inkişaf etdiyi ölkələrdə şəhərlər meydana gəlir.

Avropa ərazisində şəhərlərin yayılması da bərabər deyildi. Onlar Şimali və Orta İtaliyada daha çox idi, Flandriya və Reyn boyunca da şəhərlər xeyli miqdarda idi.

Orta esrlerde sheherler

4. Şəhərlərin əsas əhalisi istehsal və mal mübadiləsi sahəsində məşğul idi, yəni alverçilər, sənətkarlar, tacirlər. Bir qrup əhali isə xidmət sahəsində çalışırdı: matroslar, arabaçılar, yükdaşıyanlar, mehmanxana və yeməkxana sahibləri, dəllək və qulluqçular.

Şəhərlilərin ən seçilən hissəsi professional ticarətçilər və onların ali təbəqəsi olan – tacirlər idi. Onlar həm xarici, həm də daxili ticarətlə məşğul olurdular və say və nüfuz etibarilə xüsusi ictimai təbəqəni təşkil edirdilər.

İri şəhərlərdə, xüsusilə siyasi — inzibati mərkəzlərdə adətən feodallar öz əshabələri ilə, kral idarəçiliyinin nümayəndələri, bürokratiya, notarius, həkimlər, məktəb və universitet müəllimləri yaşayırdılar. Bir çox şəhərlərdə əhalinin bir hissəsini ruhanilər təşkil edirdi.

Orta əsr Qərbi Avropa şəhərlərini ölçüsü kiçik idi. Adətən onların əhalisi 1 və ya 3-5 min olurdu. Hətta XIV — XV əsrlərdə 20-30 min əhalisi olan şəhərlər iri şəhər sayılırdı. Onlardan yalnız bir neçəsi (Konstantinopol, Paris, Milan, Venesiya, Florensiya, Kordova, Sevilya) 80-100 min əhaliyə malik idi.

Şəhərlər ətraf kəndlərdən öz xarici görünüşünə və əhalisinin sıxlığına görə fərqlənirdi. Adətən şəhərlər iri daş, nadir hallarda taxta hasarlarla, qülləli darvazalarla əhatə olunurdu. Gecə darvazalar bağlanırdı, körpülər qaldırılırdı və qarovul dəstəsi növbə çəkirdi.

Şəhər divarları zaman getdikcə dar olurdu və bütün tikililər bura yerləşmirdi. İlkin şəhər mərkəzini əhatə edən divarların ətrafında tədricən şəhərkənarı qəsəbələr yaranırdı və burada əsasən xırda tacirlər, sənətkarlar yaşayırdılar. Sonralar onlar da hasara alınır. Şəhərdə mərkəzi yer isə bazar meydanı idi, onun yanında şəhər kilsəsi və ratuşa (şəhər şurasının binası) yerləşirdi.

Şəhər divarları onun eninə artmasına imkan vermədiyindən, küçələr çox dar olurdu. Evlər adətən taxtadan olub bir-birinə yapışırdı. Şəhərin işıqlandırılması mümkün deyildi, günəş işığı isə dar, əyri küçələrə demək olar ki, düşmürdü. Kanalizasiya sistemi isə yox idi. Sıxlıq və antisanitariya şəraitində şəhərlərdə tez-tez dağıdıcı epidemiyalar və yanğınlar olurdu.

5. Orta əsr şəhəri feodalın torpağında meydana gəlmişdi və ona görə də ona tabe olmalı idi. Şəhərlilərin əksəriyyətini əvvəllər azad olmayan ministeriallar (yəni senyorun xidmətçiləri), kəndlilər təşkil edirdi. Çox vaxt onlar şəhərin senyorundan şəxsi asılılığa düşürdü. Sonuncunun əlində bütün şəhər hakimiyyəti cəmlənirdi və şəhər bir növ onun kollektiv vassalına çevrilirdi.

Əvvəlki kəndlilər şəhərə özləri ilə icma təşkilatının adət-ənənələrini gətirirdilər və bu, şəhər idarəçiliyinin təşkilinə mühüm təsir göstərmişdir. Zaman keçdikcə isə şəhər idarəçiliyi şəhər həyatının xüsusiyyətlərinə və tələblərinə müvafiq forma alır.    

Feodalların şəhərdən mümkün qədər çox gəlir qazanmaq cəhdi kommuna hərəkatını doğurur: X – XIII əsrlərdə Qərbi Avropada şəhər ilə senyor arasında baş verən mübarizə bu cür adlanır. Əvvəlcə şəhərlilər feodal zülmünün ən ağır formalarından azad olmaq, senyorun mükəlləfiyyətlərinin azadılması və ticarət imtiyazları uğrunda mübarizə aparırdılar. Daha sonra siyasi vəzifələr irəli çıxır: şəhər özünüidarəçiliyinin və hüquqlarının qazanılması. Bu mübarizənin yekunundan asılı olaraq şəhərin senyora münasibətdə müstəqillik dərəcəsi, onun iqtisadi yüksəliş və siyasi quruluşu müəyyən olunurdu. Şəhərlərin mübarizəsi bütövlükdə feodal sisteminə qarşı yox, konkret senyorlara çevrilmişdi və bu quruluş çərçivəsində şəhərlərin mövcudluğu və inkişafı uğrunda idi.

Bəzən şəhərlər pul hesabına feodaldan müəyyən imtiyaz və hüquqlar alırdı; bəzi hallarda bu imtiyazlar, xüsusilə özünüidarəçilik hüququ uzun sürən, bəzən silahlı mübarizə hesabına qazanılırdı. Bu mübarizəyə çox vaxt krallar, imperatorlar, iri feodallar da qarışırdı.

Kommuna hərəkatı müxtəlif ölkələrdə müxtəlif şəkil alırdı və fərqli nəticələrə gətirib çıxarırdı. Cənubi Fransada şəhərlilər, əsasən qan axıtmadan, artıq IX — XII əsrlərdə müstəqillik qazanır. Tuluza, Marsel, Monpelye kimi Cənubi Fransa və Flandriya qrafları təkcə şəhər senyorları deyil, həm də bütöv vilayətləri hakimləri idi. Onlar yerli şəhərlərin çiçəklənməsində maraqlı idilər, onlara munisipal hüquqlar verir və nisbi müstəqilliklərinə malik olmurdular. Lakin bu qraflar kommunaların tam müstəqilliklərinin əleyhinə idilər. Məsələn, Marsel bir yüzillik ərzində müstəqil aristokratik respublika olmuş, lakin XIII əsrin sonunda 9 aylıq mühasirədən sonra Provans qrafı Anjulu Karl şəhəri aldı, öz canişinini bura təyin etdi və şəhər gəlirlərini mənimsəməyə başladı.

Şimali və Orta İtaliyanın bir çox şəhərləri – Venesiya, Genuya, Florensiya, Bolonya və başqaları XI — XII əsrlərdə şəhər – dövlətlər olur. İtaliyada kommuna hərəkatının ən bariz nümunəsi Milanın mübarizə tarixidir. XI əsrdə qraf hakimiyyəti burada arxiyepiskop hakimiyyəti ilə əvəz olunur. Bütün XI əsr boyu şəhərlilər senyorla mübarizə aparmalı olmuşlar. 50-ci illərdən başlayaraq bu hərəkat yepiskopa qarşı vətəndaş müharibəsinə çevrilir. Nəhayət, XI əsrin sonu şəhər kommuna statusu alır.

Almaniyada XII — XIII əsrlərdə analoji proseslər baş verir. Formal olaraq imperatora tabe olan Lübek, Nürnberq, Frankfurt kimi şəhərlər faktiki müstəqil şəhər – respublikalar idi. Onlar şəhər şurası tərəfindən idarə olunurdu, müharibə elan etmək, sülh və ittifaq bağlamaq, pul zərb etmək və s. hüquqlara malik idi.

Lakin həmişə belə olmurdu. Məsələn, Şimali Fransa şəhəri Lan müstəqillik uğrunda 200 ildən çox mübarizə aparmışdır. Onu senyoru yepiskop Qodri (1106-cı ildən) şəhərdə ağır senyor rejimi yaratmışdı. Lan sakinləri yepiskopdan müəyyən hüquqlar verən xartiya ala bildilər. Lakin yepiskop bir müddət sonra krala rüşvət verib xartiyanın ləğvinə nail oldu. Şəhərlilər üsyan etdi, Qodrini özünü isə öldürdülər. Kral silah gücünə Landa köhnə qaydaları bərpa etdi, lakin 1129-cu ildə şəhərlilər yenidən üsyan etdi. Fasilələrlə mübarizə XIV əsrin I rübünədək davam etdi və nəhayət, 1331-ci ildə kral yerli feodalların köməyi ilə qəti qələbə qazandı.

Ümumiyyətlə, bir çox şəhərlər, hətta ən varlı şəhərlər tam özünüidarəçiliyə nail ola bilməmişdilər. Xüsusilə güclü mərkəzi hakimiyyəti olan ölkələrdə, kral mülklərində şəhərlər bəzi imtiyazlar qazansalar da, idarəçilik orqanları kral məmurunun nəzarəti altında fəaliyyət göstərirdi. Paris, Orlean, Nant, London, Oksford, Kembric kimi şəhərlər bu vəziyyətdə idi.

Şəhər hərəkatının mühüm nəticələrindən biri bu idi ki, şəhərlilərin böyük əksəriyyəti şəxsi asılılıqdan azad olmuşlar. Təsadüfi deyil ki, orta əsrlər Avropasında belə bir misal var idi: “Şəhərin havası adamı azad edir.”

6. Şəhərlərin, sənətkarlıq və tacir korporasiyaların inkişafı, şəhərlilərin senyorlarla mübarizəsi prosesində feodal Avropasında xüsusi orta əsr şəhərli təbəqəsi təşəkkül edir. İqtisadi mənada yeni silk təkcə ticarət – sənətkarlıq fəaliyyəti ilə deyil, mübadilə ilə də bağlı idi. Siyasi – hüquqi mənada bu silkin bütün üzvləri xüsusi imtiyaz və hüquqlara (şəxsi azadlıq, şəhər məhkəməsinə maliklik, şəhər şurasının təşkilində iştirak və s.) malik idi və tamhüquqlu şəhərli statusu daşıyırdı. Adətən şəhərli silki “bürgerlik” anlayışı ilə eyniləşdirilir.

Avropanın bir çox ölkələrində “bürger” sözü əvvəllər bütün şəhər sakinlərinə aid olunurdu (almanca burq – şəhər, fransız variantı bourgeoisie). Lakin öz əmlak və sosial vəziyyətinə görə şəhərli silki bərabər deyildi. Onun tərkibinə patrisiat, varlı tacirlər, sənətkarlar, sıravi zəhmətkeşlər və nəhayət, şəhər plebeyləri daxil idi. Təbəqələşmə gücləndikcə, “bürger” termini öz əvvəlki mənasın itirir. Artıq XII — XIII əsrlərdə bu istilah yalnız bərabərhüquqlu şəhərliləri bildirmək üçün işlədilirdi və onun tərkibinə şəhər özünüidarəçiliyindən uzaqlaşdırılmış aşağı təbəqələr daxil ola bilməzdi. XIV-XV əsrlərdə isə varlı şəhərli təbəqəsi “bürger” adlanır.

Şəhər əhalisi feodal cəmiyyətinin sosial – siyasi həyatında xüsusi yer tuturdu. Çox vaxt o, feodallarla mübarizədə vahid qüvvə kimi çıxış edirdi.

7. Orta əsr şəhərlərinin istehsal əsasını sənətkarlıq və peşə sahələri təşkil edirdi. Kəndli kimi sənətkar da xırda istehsalçı idi, əmək alətlərinə malik olub öz təsərrüfatını müstəqil idarə edirdi.

Dar bazar və xırda istehsal şəraitində sənətkar əməyinin əsas məqsədi gəlir əldə etmək və varlanmaq ola bilməzdi. Lakin kəndlidən fərqli olaraq peşəkar – sənətkar, əvvəla, ilk vaxtlarda əmtəə istehsalçısı idi və əmtəə təsərrüfatı aparırdı. İkincisi, onun istehsal vasitəsi kimi torpağa ehtiyacı yox idi. Ona görə də şəhər sənətkarlığı kənd təsərrüfatına, kənd peşələrinə nisbətən daha sürətlə inkişaf edib təkmilləşmişdir. Əhəmiyyətli cəhət ondadır ki, şəhər sənətkarlığında işçinin şəxsi asılılığı zəruri olmamış və tez yoxa çıxmışdır. Burada başqa asılılıq formaları (sexlər və şəhərlər tərəfindən istehsalın nəzarətə alınması) olmuşdur.

Qərbi Avropanın bir çox orta əsr şəhərlərində sənətkarlıq və digər fəaliyyət növlərinin xarakterik cəhəti korporativ təşkilata malik olmasıdır: hər bir şəhər çərçivəsində müəyyən peşə nümayəndələri xüsusi ittifaqlarda – sex, gildiya, qardaşlıqlarda birləşirdilər. Sənətkarlıq sexləri demək olar ki, şəhərlərin özü ilə eyni vaxtda Fransada, İngiltərədə, Almaniyada yaranır. Hərçənd ki, sexlərin rəsmi formalaşması (krallardan və digər senyorlardan xüsusi fərmanların alınması, sex nizamnamələrinin yazılması) bir qədər gec baş vermişdir.

Sexlər ona görə yaranırdı ki, şəhər sənətkarları müstəqil, xırda və pərakəndə istehsalçı kimi feodallardan öz gəlirlərini qorumaq və digər şəhərlərin sənətkarlarının rəqabətinə qarşı durmaq üçün müəyyən birliyə ehtiyac duyurdular. Sexlərin əsas funksiyası bu və ya digər sənət növü üzərində inhisar yaratmaq idi. Əksər şəhərlərdə sexə mənsub olmaq sənətkarlıqla məşğul olmaq üçün zəruri şərt idi. Sexlərin digər funksiyası istehsal və sənətkarlıq məmulatlarının satışı üzərində nəzarət yaratmaq idi.

Hər bir sex ustası bilavasitə işçilər idi və eyni zamanda istehsal vasitələrinin mülkiyyətçisi kimi çıxış edirdi. Adətən peşələr irsən keçirdi: sex sənətkarına işində onun ailəsi və bir neçə şagird kömək edirdi. Lakin sexin üzvü yalnız usta özü, emalatxananın sahibi olurdu.

Sex üzvləri maraqlı idilər ki, onun məmulatları maneəsiz istehlak tapsın. Ona görə də sex seçilmiş şəxslərin vasitəsilə istehsalı nizamlayırdı: hər bir ustaya yalnız müəyyən olunmuş növdə və sayda məhsul buraxmağa icazə verilirdi.

Şəhərlərdə sex təşkilatı feodal, korporativ xarakter daşıyırdı. Müəyyən dövrədək o, əmtəə istehsalının inkişafı üçün əlverişli şərait yaradırdı. Sex quruluşu çərçivəsində əməyin sonrakı ictimai bölgüsü mümkün idi (məs., yeni sənət sexlərinin ayrılması, əmtəələrin keyfiyyətinin təkmilləşməsi və s.). Və nəhayət, sex quruluşunda şəhər sənətkarlarının özünüdərki artırdı. Ona görə də XIV əsrin sonunadək Qərbi Avropada sexlər mütərəqqi rol oynamışdır. Sexlər təkcə istehsalı nizamlamırdı, həm də şəhərliləri senyorlara və patrisiata qarşı mübarizədə birləşdirirdi.

Sex sistemi Avropada universal olmamışdır. Bəzi ölkələrdə o, yayılmamışdı. Şimali Avropada, Fransanın cənubunda və bəzi vilayətlərdə sexlərlə yanaşı, azad sənət mövcud idi.

8. Şəhərlərin senyorlarla mübarizəsi şəhər idarəçiliyinin bu və ya digər dərəcədə şəhərlilərin əlinə keçməsi ilə nəticələnir. Lakin bu zaman şəhərlilərin içrisində sosial təbəqələşmə mövcud idi. Ona görə də senyorlarla mübarizənin nəticələrindən yalnız ali şəhərlilər bəhrələnir. Bu ali şəhərli təbəqəsi dar, qapalı qrup – şəhər aristokratiyasını (patrisiatı) təşkil edirdi. Şəhər şurası, mer (burqomistr), məhkəmə kollegiyası (şeffen, eşeven, skabin) yalnız patrisilərdən seçilirdi. Şəhər iadarəçiliyi, məhkəmə və maliyyə, tikinti bu təbəqənin əlində idi.

Lakin sənətkarlıq inkişaf etdikcə, sexlərin mövqeyi möhkəmləndikcə sənətkarlar və xırda tacirlər şəhər hakimiyyəti uğrunda mübarizəyə başlayır. Sənət istehsalının inkişaf etdiyi bəzi şəhərlərdə (Köln, Bazel, Florensiyada) sexlər qələbə qazanır. Geniş həcmli ticarətin tacirlərin aparıcı rol oynadığı Qamburq, Lübek və Hanza ittifaqının digər şəhərlərində şəhər patrisiatı qalib gəlir. Lakin sexlərin qalib gəldiyi şəhərlərdə belə şəhər idarəçiliyi demokratik deyildi, çünki qalib gəlmiş sex başçıları qələbədən sonra patrisiatla birləşərək oliqarxik idarəçilik yaradırdılar (Auqsburq və b.)

9. XIV — XV əsrlərdə sexlərin rolu xeyli dəyişir. Onların mühafizəkarlığı, xırda istehsalı saxlaması, rəqabətdən ehtiyat edib texniki təkamülə mane olması sexləri istehsalın sonrakı artımında ləngedici amilə çevirir. Məhsuldar qüvvələr artdıqca, daxili və xarici bazar genişləndikcə, sex daxilində sənətkarlararası rəqabət də artır. Sex nizamnamələrinə məhəl qoymayan bəzi sənətkarlar istehsalı genişləndirir, ustalar arasında əmlak və sosial bərabərsizlik artırdı. Əvvəlki xırda sənətkarlar içərisindən varlanmış sex aliləri çıxırdı. Nəticədə sexlərin özündə də təbəqələşmə yaranırdı: güclü, varlı (“böyük”) sexlər və kasıb (“kiçik”) sexlər ayrılırdı. Böyük sexlər kiçikləri özlərinə tabe edir və nəticədə kiçik sexlərin üzvləri faktik olaraq muzdlu işçilərə çevrilirdilər. Bu, ilk növbədə Florensiyada, Perucca, London, Paris, Bazel kimi ən iri şəhərlərdə baş verirdi.

XIV — XV əsrlərdə şəhər əhalisinin aşağı təbəqələri şəhər oliqarxiyası və sex alilərinə qarşı üsyanlar qaldırmağa başlayır.

Beləliklə, Qərbi Avropanın orta əsr şəhərlərində baş vermiş sosial mübarizədə 3 mühüm mərhələni ayırmaq olar: 1) Əvvəlcə şəhərlilərin əsas kütləsi şəhərlərin senyordan azad olması uğrunda mübarizə aparır. 2) Daha sonra sexlər şəhər patrisiatı ilə mübarizəyə başlayır. 3) Şəhərlilərin aşağı təbəqəsi varlı tacirlərə, ustalara və şəhər oliqarxiyasına qarşı çıxır.

10. Qərbi Avropada şəhərlərin artması XI — XV əsrlərdə daxili və xarici ticarətin inkişafına imkan verir. Şəhərlər, o cümlədən kiçik şəhərlər ilk növbədə daxili bazarı formalaşdırır, burada isə kəndlə mübadilə mövcud idi.

Lakin inkişaf etmiş feodalizm dövründə həcminə görə olmasa da, ən azı satılan məhsulun dəyərinə görə, cəmiyyətdəki nüfuzuna görə daha çox uzaq, tranzit ticarət böyük rol oynayırdı. XI — XV əsrlərdə Avropada bu cür bölgələrarası ticarət əsasən iki ticarət “çarpazı”nda cəmlənmişdi. Onlarda biri Aralıq dənizi idi – o, İspaniya, Cənubu və Mərkəzi Fransa, İtaliyanı öz aralarında, həmçinin Bizansla və Şərq ölkələri ilə əlaqələndirirdi. XII — XIII əsrlərdən başlayaraq, xüsusilə xaç yürüşləri ilə əlaqədar, bu bölgədə üstünlük bizanslılardan və ərəblərdən Genuya, Venesiya, Marsel və Barselonaya keçir. Burada ticarətin əsas obyektləri Şərqdən gətirilən ədviyyat, bəzək əşyaları, ipək və s. idi. Qərbdən Şərqə isə mahud, silah aparılırdı. Ticarətdə qullar da mühüm obyekt idi.

Avropa ticarətinin digər rayonu Baltik və Şimal dənizləri idi. Burada şimal-qərbi rus torpaqları (Novqorod, Pskov), Polşa, Şərqi Baltika (Riqa, Revel (Tallin)), Şimali Almaniya, Skandinaviya ölkələri, Flandriya, Şimali Fransa və İngiltərə iştirak edirdi. Bu bölgədə əsas geniş istehlakı olan mallarla – balıq, duz, xəz, mahud, kətan, mum, qətranla alver edilirdi.

Beynəlxalq ticarətin hər iki bölgəsi arasında əlaqələr isə Alp keçidlərindən Reynə və Avropanın Atlantik sahili boyu ərazilərə gedən marşrutlarla həyata keçirilirdi. Ticarətdə, xüsusilə beynəlxalq ticarətdə Fransa, İtaliya, Almaniya və İngiltərinin yarmarkaları da mühüm rol oynayırdı. Burada rəvac malların: parça, dəri, xəz, metal və metal məmulatlarının topdansatış satışı gedirdi. İlboyu fəaliyyət göstərən Şampan yarmarkalarında Avropanın əksər ölkələrinin tacirləri iştirak edirdi. Venesiyalılar və genuyalılar bura bahalı Şərq malları, flamand tacirləri – mahud, almanlar – kətan parça, çex tacirləri – dəri və metal məmulatları gətirirdilər. XIV — XV əsrlərsə isə Avropanın yarmarka ticarətinin mühüm mərkəzi Brügge (Flandriya) olur.

O zamankı ticarəti həmçinin şişirtmək olmazdı: əmək məhsuldalığı aşağı idi, natural təsərrüfat kənd təsərrüfatında hakim idi, feodal pərakəndəliyi hökm sürürdü. Bir torpaqdan digərinə, bir senyorun mülkündən o birinə keçərkən tacirlərdən özbaşına rüsum və gömrüklər alınırdı. Tacir karvanlarına tez-tez quldur basqınları olurdu.

Bununla yanaşı, əmtəə-pul münasibətlərinin tədricən artması kapitalın ayrı-ayrı şəhərlilərin, ilk növbədə tacirlərin və sələmçilərin əlində cəmlənməsinə imkan yaradırdı. Pul vəsaitinin yığılması həmçinin pul mübadiləsini genişləndirirdi: orta əsrlərdə pul sistemlərinin və pul vahidlərinin çox olması şəraitində pul mübadiləsi əməliyyatlarına böyük ehtiyac var idi.

Pulların mübadiləsi üçün xüsusi sərraf peşəsi meydana gəlir. Sərraflar təkcə pul dəyişməsi ilə yox, həmçinin böyük pul kütləsinin köçürülməsi ilə də məşğul olurdular. Maliyyə əməliyyatları da bu yolla yaranır. Puldəyişmə və kredit əməliyyatları bank sistemini meydana gətirir. İlk belə bank idarəsi Şimali İtaliya şəhərlərində — Lombardiya vilayətində yaranır. Ona görə də orta əsrlərdə “lombardlı” sözü bankir və sələmçi sözünün sinoniminə çevrilir və sonralar “lombard” termini də meydana gəlir.

Ticarət sənətkarlıqla birgə orta əsr şəhərlərinin iqtisadi əsasını təşkil edirdi. Onların əksər sakinləri üçün ticarət əsas məşğuliyyət sahəsi idi. Peşəkar tacirlər arasında xırda piştaxta sahibləri və vasitəçiləri də olurdu və onlar sənətkarlarla yaxın idilər. Elita isə uzaq tranzit ticarətlə məşğul olan varlı tacirlərdən ibarət idi. Onların ayrı-ayrı şəhərlərdə idarələri və agentləri olurdu. Çox vaxt bu tacirlər həm də bankir və iri sələmçi idilər.

İnkişaf etmiş orta əsrlərdə tacir birlikləri – gildiyalar yaranır və geniş yayılır. Sənətkar sexləri kimi, onlar da tacirləri peşə yönümü üzrə birləşdirirdi. Ticarət gildiyaları öz üzvlərinə ticarətdə inhisar və imtiyazlı şərait və hüquq müdafiəsi, qarşılıqlı yardım təmin edirdi. Orta əsrlərdə kompanyonaj, kommenda kimi pay birlikləri də inkişaf edir. Artıq XIII əsrdə ticarət konsulu təsisatı meydana çıxır: bu və ya digər şəhərin tacirinin maraqlarını və şəxsiyyətini müdafiə etmək üçün başqa ölkələrdə və şəhərlərdə konsullar fəaliyyət göstərirdi. XV əsrin sonunda birja yaranır və burada kommersiya sazişləri bağlanır.

XIV əsrin sonu — XV əsrdə daxili və xarici ticarətin inkişafındakı nailiyyətlər ali tacir təbəqəsinin əlində ticarət kapitalının iri həcmdə cəmlənməsinə gətirib çıxarır. Ticarət kapitalı kapitalın ən qədim forması olub mübadilə sahəsində fəaliyyət göstərir. Feodalizmdə əmtəə istehsalının müəyyən inkişaf mərhələsində inkişaf kapitalı tədricən istehsal sahəsinə nüfuz edir. Bu, ilk növbədə onda təzahür edir ki, tacir topdansatış xammal alıb onu sənətkara satır və sənətkardan hazır məhsul alıb satırdı. Az təminatlı sənətkar tacirdən asılı vəziyyətə düşürdü. O, xammal və istehlak bazarından ayrı düşərək tacir üçün içləməyə məcbur olurdu, faktiki isə muzdlu fəhləyə çevrilirdi.

Ticarət – sələmçi kapitalının istehsala nüfuzu kapialist manufakturasının yaranmasının mühüm şərti olur. Şəhərlərdə erkən kapitalist istehsalının digər mənbəyi usta köməkçilərinin və şagirdlərinin daimi muzdlu fəhlələrə çevrilməsi idi.

Əlbəttə, bu proseslər adda-budda və daha çox iri ticarət mərkəzlərində baş verirdi. Kapitalın istehsala nüfuz etməsi isə hələ kapitalist ukladının təşəkkülü demək deyildi. Səciyyəvidir ki, Qərbi Avropanın hətta ən iri şəhərlərində də ticarətdən və sələmçilikdən yığılmış kapitalın böyük bir hissəsi sənaye istehsalının genişləndirilməsinə deyil, torpaq və titul alınmasına sərf olunurdu.

Eyni zamanda qeyd etməliyik ki, şəhərlər və şəhərlilər orta əsr ticarətində və sənətində, dənizçilikdə, yeni tipli müxtəlif əlaqələrin yaranmasında aparıcı mövqe tuturdular. X — XV əsrlərdə orta əsr mədəniyyətini və elminin inkişafında da şəhərlərin və şəhərli zümrələrinin böyük rolu olmuşdu.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh