Avropa sivilizasiyası və Xaç yürüşləri

  1. Xaç yürüşlərinin şərtləri və xarakteri. Klermon yığıncağı
  2. İlk xaç yürüşləri. Şərqdə xaçlı dövlətləri
  3. Dördüncü xaç yürüşü
  4. XIII əsrin xaç yürüşləri
  5. Xaç yürüşlərinin nəticələri

 

1. Xaç yürüşlərinin şərtləri və xarakteri. Klermon yığıncağı.

Xaç yürüşləri – Qərbi Avropa ölkələrinin hərbi-müstəmləkə hərəkatı olub dini müharibələr formasında, xristianların müqəddəs yerlərinin kafirlərdən azad edilməsi şüarı altında aparılmışdır. Xaç yürüşlərinin klassik dövrü XI əsrin sonu – XIII əsr sayılır, hərçənd ki, bu yürüşləri bərpa etmək cəhdləri orta əsrlərin sonunadək davam etmiş və bəzi elementləri, məsələn, simvolları və atributikası müasir dövrədək saxlanmaqdadır.

İlk xaç yürüşləri kütləvi xarakteri və korbətiiliyi ilə seçilmişdir. İri senyorlar və cəngavərlərlə yanaşı, bu yürüşlərdə kəndlilər və tacirlərin bir qismi də iştirak etmişdir. Lakin tədricən hərəkatın sosial bazası darlaşaraq sırf cəngavər ekspedisiyalarına çevrilmişdir. XII əsrin sonu – XV əsrin xaç yürüşləri papaların və italyan dövlətlərinin, xüsusilə Venesiyanın dəstəyi ilə, daha çox iri monarxlar tərəfindən təşkil olunurdu.

Xaç yürüşləri termini 1250-ci ildən tez meydana gəlməmişdir və XVII-XVIII əsrlərdən ümumi istifadəyə daxil edilmişdir. İlk xaç yürüşlərinin iştirakçıları əyinlərinə geydikləri əbalara xaç işarəsi vurduqlarından bu yürüşlər belə dalandırılmış, özlərini daha çox piliqrim, yürüşləri isə – ziyarət və ya ekspedisiya adlandırmışlar.

Xaç yürüşlərinin səbəbləri iqtisadi, sosial, xarici siyasi və dini-psixoloji amillər kompleksindən ibarətdir. Qərbi Avropa ölkələrində yüksəlməkdə olan əmtəə-pul münasibətləri cəmiyyətin ənənəvi strukturunu dağıtmağa başlamışdı və bir tərəfdən, feodalların maddi tələbatını, digər tərəfdən, qeyri-sabitliyi artırırdı. Mayorat hüququ cəngavərləri arasında təcavüzkar əhval-pruhiyyəni gücləndirirdi. Torpaq və kəndlilər uğrunda mübarizə isə feodal toqquşmalarını artırırdı.

Tədricən belə bir təsəvvür yaranırdı ki, var – dövlətin əsl mənbəyi Şərqdə yerləşir. İtalyan şəhərlərindən olan tacirlər şərq ölkələrindən və Bizansdan zinət əşyaları, ipək parça, ədviyyat gətirirdi. Xristianlar düşünürdülər ki, şəırqin var – dövlətinə sahib olmaq mümkünsüz deyil, əksinə, savab işdir. Avropada başlamış olan demoqrafik yüksəliş xaç yürüşlərinin həlledici amili olmasa da, bu ekspedisiyalarda geniş xalq kütlələrinin iştirakına imkan yaratdı.

Roma kilsəsi xaç yürüşlərinin hazırlanmasında böyük rol oynadı, bu yürüşlərə şüar verməklə yanaşı, onların psixoloji və hətta maddi əsasını verdi.

Avropada başlamış olan aclıq və kütləvi epidemiyalar, üstəlik sərt qış mövsümləri, xüsusilə 1089 – 1094 – cü illərdə daşqınlar kəndlilərin vəziyyətini dözülməz etmişdi. Bütün Avropada dünyanın sonunun yaxınlaşacağı fikirləri yayılmışdı. Tanrının mərhəmətini qazanmaq üçün “Müqəddəs torpağı” ziyarət etmək çağırışları kütləvi hal almışdı. Ziyarətdən geri dönən zəvvarlar Fələstində xristianların kafirlər – türklər tərəfindən təqib olunması haqqında şayiələr yayırdılar.

XI əsrin son rübündə xarici siyasi vəziyyət də xaç yürüşləri üçün əlverişli şərait yaradırdı. Yaxın Şərqdə siyasi pərakəndəlik hökm sürürdü, Səlcuq imperiyası xırda sultanlıqlara parçalanmışdı, Fatimilər və Abbasilər arasında gərgin mübarizə gedirdi. Bizansın Cənubi İtaliyadakı və Şimali Yunanıstandakı mülklərinin bir hissəsi Normannların əlinə keçmişdi.

1095 – ci il noyabrın 27 – də Fransanın Klermon şəhərində kilsənin növbəti yığıncağı çağırıldı. Burada Roma papası II Urvan geniş kütlə qarşısında çıxış edərək xristianları kafirlərə qarşı mübarizəyə çağıran məşhur çıxışını etdi. Bu çıxışdan sonra bütün Fransa, Almaniya və Şimali İtaliya torpaqlarında kütləvi şəkildə insanlar dəstələr təşkil edərək “Müqəddəs torpağa” yürüşə hazırlaşmağa başladılar.  

2. İlk xaç yürüşləri. Şərqdə xaçlı dövlətləri.

1096 – cı ilin yazında Şampan, Lotaringiya və Reyn vilayətlərinin minlərlə kəndlisi, xırda cəngavəri və şəhərlisi dəstələrdə birləşərək Şərqə hərəkətə başladılar. Reyn və Dunay boyu Macarıstan və Belqraddan keçərək Konstantinopola yaxınlaşdılar. Yol boyu xaçlılar rastlarına çıxan yəhudiləri talan edir, qətliam törədirdilər. 1096 – cı ilin avqustunda bu dəstələr Konstantinopola daxil oldular. İmperator I Aleksey xaçlılarla danışıqlar apararaq onları Bosfordan keçirərək Kiçik Asiyaya yönəltdi. Lakin Nikeyaya çatmamış kəndli dəstələri Səlcuqlar tərəfindən darmadağın edildi.

1096 – cı ilin avqustunda cəngavərlərin yürüşü başladı. Bu dəstələrin başında hersoq Bulyonlu IV Qotfrid, Tarent knyazı Boemund və Tuluza qrafı IV Raymund dururdu. Cəngavərləri onların vassalları və kəndli kütlələri müşayiət edirdi. Ordunun vahid komandanlığı olmasa da, cəngavərlər daha yaxşı silahlanmışdılar və hərbi vərdişləri var idi. 1097-ci ilin aprel-may aylarında xaçlı dəstələri Kiçik Asiyaya daxil oldular. 1097-ci il iyulun 1-də Dorileya yaxınlığında xaçlılar Konya Səlcuq sultanlığını ağır məğlubiyyətə uğratdılar. Həmin ilin oktyabrında səlcuqlar Suriyaya daxil oldular. 1098-ci ilin fevralında Edessa (Urfa) xaçlılar tərəfindən alındı və burada ilk xaçlı dövləti – Edessa qraflığı yarandı.

Antioxiyanın (Antakyanın) alınması xeyli uzun çəkdi – 7 aydan sonra şəhər alındı və burada növbəti xaçlı dövləti – Antioxiya knyazlığı yarandı (1098-ci il).

Lakin xaçlıların əsas hədəfi Qüds (Yerusəlim) idi və 1099-cu il iyulun 15-də Fatimilərin əlində olan şəhər hücumla alındı. Xaçlılar 3 gün şəhərdə dəhşətli talanlar törətdilər və heç kimə — nə müsəlmanlara, nə yəhudilərə aman vermədilər. Bundan sonra Yerusəlim krallığı meydana gəldi.

ilk xac yurusu

Yerusəlimin alınması Qərbdə böyük sevinclə qarşılandı. Şərqə qeni kütlələrin axını başlandı. 1101-1109-cu illər ərzində Hayfa, Qeysəriyyə, Akra, Trablis (Tripoli), Sayda və Beyrut alındı. 1109-cu ildə Tripoli qraflığı yarandı.

Xaçlılar öz dövlətlərində Avropadan gətirdikləri qayaları tətbiq etməyə başladılar və bu da yerli infrastrukturun dağılmasına səbəb oldu. Şərqi Aralıq dənizi ticarət xaçlılara hərbi və maddi yardım etmiş italyan şəhərlərinin əlinə keçdi.

Vassal-len sisteminin hökmranlığı, daxili bazarın olmaması, daimi hərbi təhlükə, kəndlilərin və şəhərlilərin narazılığı xaçlı dövlətlərində mərkəzləşməyə mane olurdu. Bunu yaxşı anlayan xaçlı hakimləri və papalar müdafiə üçün yeni vasitə və qüvvələr axtarırdılar. Onlardan biri də ruhani-cəngavər ordenləri oldu. Onların içərisində ən məşhurları Hospitalyerlər (Malta) Ordeni, Tampliyerlər Ordeni və bir qədər sonra yaranan Tevton Ordeni idi. Adi rahiblərdən fərqli olaraq orden üzvləri din uğrunda silahlı mübarizə aparmalı idilər.

II (1147-1148) və III xaç yürüşləri (1189-1192) gedişində müsəlman hakimləri ilə xaçlılar, həmçinin xaçlıların öz aralarında siyasi, diplomatik və iqtisadi əlaqələr yarandı. 1144-cü ildə xaçlılara ilk ağır zərbə endirildi – Mosul hakimi İmadəddin Zəngi Urfanı aldı və digər xaçlı dövlətləri üçün də təhlükə yaratmağa başladı.

Zəngiləri mübarizəsini Misir hakimi Səlahəddin Əyyubi davam etdirdi. 1187-ci ildə o, Qüdsü geri aldı, bundan əlavə, Tripolidən cənuba (Akra və Beyrut daxil olmaqla) sahilboyu şəhərləri də tutdu.

III xaç yürüşünün təşkilatçılarından olan alman imperatoru I Fridrix Barbarossa Konya sultanı II Qılıc Arslanla ittifaq bağladı. Bizans imperatoru II İsaak isə Əyyubilərlə razılaşma bağladı. 1192-ci ildə ingilis kralı Aslan Ürəkli Riçard Səlahəddinlə sülh bağladı və sülhə görə, Tirdən Yaffayadək şəhərlər xaçlıların əlində qaldı.

3. Dördüncü xaç yürüşü.

XIII əsrin əvvəllərinə doğru xaçlılar anlamağa başlamışdılar ki, onlar üçün ən böyük təhlükə Misirdən gəlir. Ona görə də papa III İnnokentiy Misirə qarşı yürüş təbliğatı aparmağa başladı. 1200-cü ilin yayında Fransada toplaşan xaçlı başçıları Misirə yürüş üçün donanma alınması məqsədilə Venesiyaya müraciət etdilər. 1201-ci ildə Venesiya doju Enriko Dandolo xaçlılarla müqavilə bağladı və razılaşmaya görə, Venesiya xaçlılara 85000 marka müqabilində hərbi yardım edəcəyini öhdəsinə götürürdü. Lakin xaçlıların bu miqdarda maliyyəsi olmadığından Venesiya onlara yeni təklif etdi: Dalmasiyadakı Zadar şəhərini alıb Venesiyaya vermək. 1202-ci ilin noyabrında Zadar alındı və qarət olundu. 1203-cü ilin əvvəllərində isə alman imperatorunun və Bizans şahzadəsi Alekseyin elçisi Zadara gəldi. Hakimiyyətə gəlmək üçün şahzadəxaçlılardan yardım istədi və 1203-cü ilin yayında Konstantinopol xaçlılar tərəfindən mühasirəyə alındı. 13 aprel 1204-cü ildə şəhər alindı və Bizans torpaqlarında Latın imperiyası yaradıldı.

IV xaç yürüşü xaçlı hərəkatında aşlamış olan dərin böhranın təzahürü oldu.

Böhranın dərk olunması xaçlı yürüşlərinin yeni formalarının axtarışına səbəb oldu. XIII əsrin əvvəllərində cəngavər yürüşləri ideyası yenidən dirçəldi. Misirə qarşı Macar kralı II Endre, Avstriya hersoqu və Kipr kralının birgə təşkil etdikləri V xaç yürüşü (1217-1221) Damyetta qalasının alınması ilə nəticələndi. Lakin xaçlılar arasında təfriqələr şəhərin tezliklə onların əlindən çıxması ilə nəticələndi. VI xaç yürüşü (1228-1229) alman imperatoru və Siciliya kralı II Fridrix Ştaufenin başçılığı ilə təşkil olunmuşdu. Papa ilə münaqişədə olan imperator Misir sultanı ilə danışıqlara başladı və döyüşsüz Yerusəlimi ala bildi. Lakin 1244-cü ildə şəhər yenidən müsəlmanlara qayıtdı.

VII xaç yürüşü (1248-1254) fransız kralı IX Lüdovik tərəfindən hazırlanmışdı və hətta bu yürüşdə monqol-tatarlardan kömək alınması da nəzərdə tutulmuşdu. Xaçlılar yenə Damyettanı və Mənsur qalasını ala bildilər. Lakin 1250-ci ildə Qahirəyə çatmamış, misirlilər tərəfindən əsir götürüldülər. 1270-ci ildə yenə həmin kral tərəfindən təşkil olunmuş VIII xaç yürüşü də heç bir nəticə vermədi. Tunisə gələn xaçlıların arasında epidemiya yayıldı və kral özü də onun qurbanı oldu.

Bütün bu cəhdlərdən sonra xaçlı dövlətlərinin taleyi artıq sual altına düşdü. Hərbi Avropa dövlətlərindən heç bir yardım almayan bu dövlətlər bir-birinin ardınca süqut etdilər. 1268-ci ildə Antioxiya, 1289-cu ildə Tripoli, 1291-ci ildə isə Akra müsəlmanlar tərəfindən geri alındı və bununla da Şərqə xaç yürüşləri başa çatdı.

4. Xaç yürüşlərinin nəticələri.

Xaç yürüşləri qarşısına qoyduğu məqsədə nail ola bilmədi. bu yürüşlər böyük insan və maddi itkilərə səbəb oldu, üstəlik mədəni mərkəzlərin, kitabxanaların, abidələrin dağıdılması ilə müşayiət olundu.

Amma eyni zamanda Avropa ilə Şərq arasında antik dövrdən bəri ilk dəfə geniş əlaqələr üçün yeni imkanlar da açdı: Avropa çox zəngin olan Şərq mədəniyyəti ilə tanış oldu, bu iki sivilizasiya arasında siyasi, diplomatik və ticarət əlaqələri yarandı və iknişaf etdi. Şərqi Aralıq dənizi bölgəsində ticarət imtiyazları qazanan italyan respublikaları uzun müddətə bu bölgədə inhisar hüquqlar qazandılar. Avropa şəhərlərində əmtəə-pul münasibətləri inkişaf etdi, şəhər həyatı dirçəldi. Avropaya Şərqdən bir çox yeni bitki növləri – ərik, qarpız, limon və s., həmçinin ədviyyat gətirildi. Şərqin məişəti avropalıların da gündəlik həyatına təsir etmiş oldu. Avropa antiklikdən bu yana itirmiş olduğu elmi yenidən müsəlmanların vasitəsilə geri qazana bildi.

Xaç yürüşləri Avropada sosial ziddiyyətləri daha da dərinləşdirdi. Fransada və İngiltərədə mərkəzləşmə siyasətinə təkan verən amillərdən biri oldu.

Bu yürüşlər nəticəsində müsəlman hakimlərin və Bizansın Aralıq dənizi bölgəsində mövqeyi zəiflədi və Venesiyanın qüdrəti artdı.

Eyni zamanda xaç yürüşləri Şərqlə Qərb arasında ziddiyyətləri daha da dərinləşdirdi. Qərb dünyası Rekonkista siyasəti adı alıtnda Pireneylərdə, daha sonra isə antiosman cəbhəsi ideyası ilə Osmanlı mülklərində xaç yürüşlərini davam etdirdilər.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

0 şərh